Menu
Geri İrəli

“Sumqayıt 1988: cinayət və cəza” kitabının təqdimatı keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Fevral 2014 • Baxış sayı: 288 dəfə • Şərh yoxdur

akademyaAzərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Azərbaycan Respublikası Baş Prokurorluğunun təşkilatçılığı ilə hazırlanmış “Sumqayıt 1988: Cinayət və cəza” kitabının təqdimatı keçirilib. Lent.az-ın məlumatına görə, Azərbaycan Baş Prokurorluğu və Xarici İşlər Nazirliyi ilə birgə təşkil olunmuş tədbiri giriş nitqi ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə ilk növbədə Sumqayıt hadisələrinin gerçək mahiyyətinin üzə çıxarılmasının və dünya ictimaiyyətinə təqdim olunmasının ümummilli dövlət maraqlarının strateji əhəmiyyətindən danışıb. Akademik qeyd etmişdir ki, 26 il bundan əvvəl baş verən bu hadisənin əsasında erməni millətçilərinin saxta torpaq iddiaları ilə SSRİ rəhbərliyinin imperiya maraqlarının bir nöqtədə kəsişməsi dayanır. Bu niyyəti həyata keçirmək üçün Azərbaycan xalqını vəhşi, qaniçən, qeyri-tolerant obrazda dünya ictimaiyyətinə təqdim etmək istəyən erməni millətçiləri hətta öz soydaşlarını belə güdaza verməkdən çəkinməyiblər. Bu hadisələrdə Azərbaycan xalqının mövqeyini xüsusi hazırlanmış xüsusi qrupların təsiri altına düşən bir neçə emosional gəncin hərəkətində deyil, erməni qonşularını, yoldaşlarını erməni millətçilərinin terrorundan xilas edib evində, ailəsində sığınacaq verən azərbaycanlıların davranışında axtarmalıdırlar.
Akademik xüsusi vurğulamışdır ki, dünyanın diqqətinin Qarabağ həqiqətləri və Xocalı soyqırımına yönəldiyi bir vaxtda xalqımıza qarşı əks-təbliğat vasitəsi kimi istifadə olunan Sumqayıt hadisələrinin gerçək üzünün beynəlxalq ictimaiyyətə çatdırılması hüquq mühafizə orqanları işçiləri ilə yanaşı, alimlərin, tarixçilərin, hüquqşünasların da üzərinə böyük məsuliyyət qoyur. Bu baxımdan tədqiqatçı jurnalist-alimlər Ramazan Məmmədov və Eyruz Məmmədov tərəfindən yazılan və üç dildə işıq üzü görən “Sumqayıt 1988: cinayət və cəza” adlı kitab xüsusi əhəmiyyətə malikdir.
Sonra Baş prokurorun birinci müavini Rüstəm Usubovun kitab haqqında məruzəsi dinlənilib. Qeyd edilib ki, kitabın hazırlanmasında əsas məqsəd Sumqayıt hadisələri haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır. Kitabda əsasən 1988-ci ilin fevralında baş vermiş Sumqayıt hadisələrinə gətirib çıxaran səbəblər, onu törədənlər, təşviq edən qruplar haqqında materiallar yerləşdirilməklə yanaşı, kitabın müəllifləri hadisələri sifariş verən və təşkil edən qüvvələrin izlərinin respublikanın hüdudlarından kənara çıxdığını göstərməyə çalışıblar.
Daha sonra akademik İsa Həbibbəyli, kitabın həmmüəllifləri Ramazan Məmmədov, Eyruz Məmmədov, AMEA-nın müxbir üzvü Kamal Abdulla, professor Gövhər Baxşəliyeva, AMEA-nın müxbir üzvü Rafael Hüseynov və başqaları çıxış edərək kitabın ərsəyə gəlməsinin mühüm, əhəmiyyətli və eyni zamanda, gərgin bir fəaliyyətin məntiqi nəticəsi olduğunu vurğulayıblar.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın