Menu
Geri İrəli

Sumqayıt: 2020 – Şəhərimizi nə gözləyir? – TƏHLİL

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Noyabr 2015 • Baxış sayı: 1,158 dəfə • Şərh yoxdur

parkHər bir ölkənin olduğu kimi onun ayrı-ayrı hissələrinin, şəhər, rayon və kəndlərinin də inkişaf proqramı, uzunmüddətli strateji planı olur. Ölkənin makroiqtisadi göstəriciləri, infrastrukturunun vəziyyəti, biznes mühiti, sosial durumu, əhalinin yaşayış səviyyəsi paytaxtdakı göstəricilərlə məhdudlaşmır, regionların nəticələri ölkə üçün çıxarılan orta rəqəmi müəyyən edir.

Regionların içərisində isə bəziləri lokomativ rolunda çıxış edir. Bu mənada biz  Sumqayıtı ölkə sənayesinin lokomativi adlandıra bilərik.

Yəqin sumqayıtlılar üçün maraqlıdır, şəhərimiz necə dəyişəcək, burada hansı yeniliklər olacaq?

Bir vaxtlar Sumqayıt ölkənin hər bir nöqtəsindən işçi qüvvəsini ğzünə cəlb edən böyük bir klastrı xatırladırdı, sonra SSRİ-nin süqutu, köhnə iqtisadi əlaqələrin və sistemin sıradan çıxması, böhran və sənaye infrastrukturunun köhnəlməsi Sumqayıtı Bakıdan asılı vəziyyətə saldı. Ancaq su gələn arxa yenə gəlir – budur, tarix təkrarlanır: Sumqayıt yenidən nəhəng kimya-sənaye klastrına çevrilməyə doğru gedir. Fərq isə ondadır ki, hədəf müasir tələblərə uyğunlaşdırılıb: bu dəfə bu şəhər dünyanın ən çirkli şəhərlərinin sırasına düşmək yox (ABŞ “Blacksmith” institunun hesabatından söhbət gedir – red.), dünyanın ən müasir sənaye şəhərlərindən birinə çevrilməlidir. Artıq şəhər “qazovkalar” şəhəri olmayacaq. Şəhərdə son bir neçə ildə yaradılan və yaxın illər ərzində qurulacaq istehsal müəssiələri tam olaraq müasir tələblərə, ekoloji standartlara cavab verir. Şəhərin özünün də quruculuğu yeni xarakter daşıyır: hər şey sumqayıtlıların rahatlığı və daha yaxşı şərtlər altında yaşamasına hesablanıb.

Dövlətin Sumqayıtla bağlı strateji hədəfi necədir?

ilham aliyevBu barədə danışarkən prezident İlham Əliyevin oktaybr ayında Sumqayıtda sənaye müəssisələrinin açılışı zamanı kimyaçılarla söhbətinin bir sıra məqamlarını nəzərdən keçirmək yerinə düşür. Dövlət başçısı həmin vaxt əslində strateji inkişaf proqramını sumqayıtlıların özləri ilə müzakirə edirdi.

Məsələn, Prezident deyir: “Bu gün Sumqayıt Azərbaycanın böyük sənaye mərkəzinə çevrilibdir. Bu gün Sumqayıtda yeni müəssisələr, güclü sənaye potensialı yaradılır, iş yerləri açılır. Bu gün bir yeni zavodun açılışında, bir böyük zavodun təməlqoyma mərasimində iştirak etmişəm. Hər iki zavod Azərbaycanın sənaye potensialının inkişafı üçün çox böyük əhəmiyyətə malikdir.

“SOCAR Polymer” zavoduna 750 milyon dollar sərmayə qoyulacaqdır və bu sərmayə öz növbəsində, yeni iş yerlərinin açılmasına, yeni sənaye sahələrinin yaradılmasına gətirib çıxaracaqdır. Bu, çox böyük investisiya layihəsidir və əminəm ki, vaxtında icra ediləcək. Beləliklə, Azərbaycanda çox güclü sənaye potensialının inkişaf etdirilməsində növbəti önəmli addım atılacaqdır.

Eyni zamanda, bu gün hidrotexniki avadanlıqlar zavodunun açılışını qeyd etdik. Bütün bu işlər Sumqayıt Kimya Sənaye Parkında görülür. Bir neçə il bundan əvvəl mənim Sərəncamımla Sumqayıtda Kimya Sənaye Parkının yaradılması haqqında işlər görülməyə başlanmışdır. Bu gün artıq biz bu işlərin birinci nəticələrini görürük. Əminəm ki, Sumqayıt Kimya Sənaye Parkı bir neçə ildən sonra tam gücü ilə işləyəcək.

Parkın ərazisi tamamilə təmizlənib. Parkda artıq ilk müəssisələr yaradılır. Növbəti illərdə həm daxili, həm xarici investisiyalar hesabına milyardlarla dollar həcmində sərmayələr qoyulacaq. Artıq 1 milyard dollardan çox məbləğin qoyuluşu nəzərdə tutulur və bu da ölkəmizin ümumi inkişafını göstərir. Çünki həm xarici, həm yerli investorlar ölkəmizin gələcəyinə inanırlar. İnanırlar ki, Azərbaycan bundan sonra da inkişaf yolu ilə gedəcək”.

Çıxışın mətnində aşağıdakı məqamlar xüsusilə diqqət çəkir:

  • Sumqayıtda yeni səanye sahələri yaranacaq
  • Bu sənaye sahələri ölkənin sənaye potensialının inkişaf etdirilməsində növbəti önəmli addım olacaq
  • Yeni iş yerləri açılacaq
  • Bir neçə il sonra Sumqayıt Kimya Sənaye Parkı nəhəng klastr kimi işləyəcək
  • Bu Parka yerli və xarici iş adamlarının investisiyaları cəlb olunacaq.
  • Ölkənin xammal ixrac etmə siyasətindən hazır məhsul idxal etmə siyasətinə keçidində Sumqayıt da yaxından iştirak edəcək

“Kimya sənayesi, müasir texnologiyalar, qeyri-neft sektorunun inkişafı ölkə iqtisadiyyatını irəliyə aparacaq əsas amillərdir. Ölkə iqtisadiyyatı isə ilk növbədə, sənaye istehsalından asılıdır və şadam ki, bu gün Azərbaycanda yaradılan müasir müəssisələr ən yüksək standartlara cavab verir” deyən ölkə başçısı qeyd edir ki, burada işlərin böyük hissəsi dövlətin və Dövlət Neft Şirkətinin vəsaitləri hesabına görülür ki, sənaye potensialımız inkişaf etsin. Özəl qurumlar da gəlib burada iş görəcəklər, bu imkanlardan istifadə edib öz fəaliyyətlərini genişləndirəcəklər, daha çox vəsait əldə edəcəklər və həmin vəsaiti Azərbaycana daha çox investisiya şəklində yatıracaqlar.

 37783Prezidentin iştirakı ilə təməl daşı qoyulan “SOCAR Polymer” müəssisəsi nəinki Azərbaycanda, regionda ən böyük investisiya layihələrindən biridir.

Ancaq Sumqayıtın inkişafı təkcə sənaye müəssisələrinin qurulması ilə şərtlənmir. Prezidentin bu kontekstdə söylədikləri çoxspektrli inkişafın tələb edilməsidir. Sitat: “Kimya sənayesi yeni dövrə qədəm qoyubdur. Sumqayıt nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye şəhəridir. Bu gün Sumqayıtın potensialı artır, işsizlik aradan qaldırılır, şəhərin abadlaşdırılması üçün, sosial sahədə əlavə tədbirlər görülür. Mən dəfələrlə demişəm, insanları narahat edən bütün məsələlər aradan qaldırılmalıdır. Sumqayıtda dəfələrlə olmuşam və istəyirəm ki, burada heç bir problem olmasın. Nə sosial sahədə, nə infrastruktur, nə idarəetmə sahələrində heç bir problem olmasın, insanlar rahat, rifah, əmin-amanlıq içində yaşasınlar”.

Əlavə edək ki, Prezident İlham Əliyevin 2010-cu ildə imzaladığı “Neft-kimya sənayesində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi haqqında” Sərəncamına əsasən “Azərikimya” Dövlət Şirkəti SOCAR-ın tabeliyinə verildikdən, “Azərikimya” İstehsalat Birliyi yaradıldıqdan sonra əsas hədəflərdən biri də bu sahədə fəaliyyətin gücləndirilməsi, neft-qaz emalı və neft-kimya sənayesinin səmərəliliyinin yüksəldilməsi, məhsulların rəqabət qabiliyyətinin artırılması oldu.

2010-cu ildən başlayaraq “Azərikimya” İB-də zəhərli və zərərli, müasir standartlara cavab verməyən, iqtisadi cəhətdən qeyri-səmərəli və əsasən, ətraf mühitin ekologiyasına mənfi təsir göstərən istehsalatlar sökülərək yenidən qurulub. Çirklənmiş ərazilərdən külli miqdarda zəhərli maddə və kimyəvi tullantı utilləşdirilib. Təmizlənmiş ərazilərdə müasir tipli, ekoloji normalara uyğun yeni istehsal sahələrinin tikintisi aparılır.

 * * *

Sumqayıtda yaxın illər ərzində 45 müəssisənin yaradılacağı barədə bu günlərdə edilən açıqlama da diqqət çəkir.

“Gələcəkdə “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin tərkibində 40-45 müəssisənin fəaliyyətə başlaması, həmçinin 2020-ci ilədək Azərbaycanda kimya sənayesinin modelləşdirilməsinin həyata keçirilməsi nəzərdə tutulur”.

AMEA Kimya Elmləri Bölməsinin akademik-katibi, Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyev verdiyi açıqlamada “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin inkişafında kimyaçıların rolunu artırmaqdan, eləcə də müəssisənin perspektiv fəaliyyətindən bəhs edib.

“Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin Prezident İlham Əliyevin 12 dekabr 2011-ci il tarixli Sərəncamı ilə yaradıldığını vurğulayan akademik Dilqəm Tağıyev sənaye parkının Azərbaycanda neft-kimya, qeyri-neft sektorunun inkişafında, kimya sənayesinin yaradılması və modelləşdirilməsində aparıcı rol oynadığını nəzərə çatdırıb.

Akademik dünyada iqtisadiyyatın inkişafında mühüm rol oynayan sənaye və texnoloji parklardan danışaraq AMEA-nın nəzdində Təcrübə Sənaye Zavodunun gələcəkdə məhz texnoparka çevrilməsi üçün akademik Akif Əlizadə ilə birgə təkliflər verdiklərini söyləyib: “Son 1-2 ildir ki, orada əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib, artıq zavodun 16 adda məhsulu var və yeni axtarışlar istiqamətində işlər davam edir. Qarşıda duran əsas hədəflərdən biri də Təcrübə Sənaye Zavodunun sənaye parkı kimi, elmi yönümlü park kimi, daha sonra texnoloji park kimi formalaşdırılması və bu işdə kimyaçılar tərəfindən maksimum yardım göstərilməsidir”.

Dərhal xatırladaq ki, bu günlərdə AMEA-nın yubiley tədbirində Prezident İlham Əliyev alimlərini, elm adamlarını ölkə iqtisadiyyatının modernləşdirilməsi, innovativ yeniliklrin tətbiqində daha yaxından iştiraka səsləmişdi.

* * *

ZAKIR ERECOV bulvarBəli, Sumqayıt yenidən qurulur və bu yenidənqurma yeni xarakter daşıyır. Sentyabr ayında Sumqayıt şəhər icra hakimiyyətinin başçısı vəzifəsinə dövlət başçısının sərəncamı ilə Zakir Fərəcov təyin edildi. Heç bir kadr islahatı təsadüfü olmadığı kimi bu seçim də ciddi arqumentasiyaya əsaslanırdı.

Yeni təyinatda başçının sumqayıtlı olması, daha öncələr uzun zaman bu şəhərdə çalışması, şəhərin problemlərini bilməsi şübhəsiz ki, nəzərə alınmışdı.

Sumqayıt Şəhər İcra Hakimiyyətində 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş yığıncaqdakı çıxışı ilə Z.Fərəcov şəhərin inkişaf modelinə, planlaşdırılan işlərə, gözləntilərə aydınlıq gətirdi.

Z.Fərəcov qeyd edib ki, Sumqayıt Texnologiya Parkında altı zavodun tikintisi başa çatmaq üzrədir. Sumqayıt Kimya Sənaye Parkında isə iki zavodun tikinti işlərinə başlanıb. Burada respublikamızda ilk propilen zavodu tikiləcək ki, onun da illik istehsal gücü 180 min ton olacaq. Zavod 2017-ci ildə işə düşəcək. 2018-ci ildə isə polietilen zavodunun inşası başa çatdırılmalıdır. Bu zavodların tikintisinə 700 milyon manat investisiya qoyulacaq. Həmçinin Azərsun-Sumqayıt Sənaye Parkında tara fabrikinin və azot gübrəsi istehsal edəcək karbamid zavodunun tikinti işləri aparılır.

Sumqayıtda abadlıq işləri bu gün daha sürətlə və yeni məzmunda davam edir. Şəhərin 1, 3, 6, 9, 17 və 18-ci mikrorayonlarında, 47, 48-ci məhəllələrində daxili yolların, bağlar massivinə gedən yolun asfalt örtüyü təmir olunub. Heydər Əliyev, Azərbaycan prospektləri və 20 Yanvar küçəsi boyunca yaşayış binalarının fasadları aqlay üzlük daşlarla üzlənir. Şəhərin əsas girişində – Sülh küçəsinin başlanğıcında yolun genişləndirilməsinə, Çerkassı küçəsinin təmirinə və dənizkənarı ərazidə yenidənqurma işlərinə, Heydər Əliyev Mərkəzinin yeni binasının inşasına başlanılıb.

Həmçinin şəhərdə 38 uşaq bağçasının dam örtüyünün və istilik sisteminin əsaslı təmir olunması, 17 və 18-ci mikrorayonlarda yaşayış binalarının dam örtüyünün dəyişdirilməsi, zirzəmilərdə əsaslı təmir işləri aparılır. Şəhərdə Məhkəmə Kompleksinin və şəhər prokurorluğunun yeni binasının tikintisi davam etdirilir.

İcra başçısı YAP Gənclər birliyinin üzvü olan gənclərlə görüşü zamanı da sumqayıtlılar üçün sevindirici olacaq açıqlamalar vermişdi: “Sumqayıtda vəzifələrdə sumqayıtlılar çalışmalıdır. Bu mənada xüsusilə gənclərə, bacarıqlı gənclərə üstünlük veriləcək”.

Beləliklə, şəhərimizdə ən qısa zamanda yeni istehsal, xüsusilə sənaye sahələrinin yaradılacağına, abadlıq işlərinin arzuolunan nəticələrinə, yeni iş yerlərinin yaradılacağına, müxtəlif infrastruktur layihələrinin sakinlərin yaşayış şəraitini, asudə vaxtlarının səmərəli, maraqlı keçirməsinə şərait yaradacağına şahidlik edəcəyik.

 Vüsal Məmmədov

“168 saat” qəzetinin baş redaktoru

Facebook Şərhləndirmə:

Şərhinizi yazın