Menu
Geri İrəli

Sumqayıt 9-cu mikrorayondan bölünəcək

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Sentyabr 2013 • Baxış sayı: 180 dəfə • Şərh yoxdur
Share Button

Sumqayıt şəhəri 2 rayona bölünəcək. Rayonlardan biri Tağıyev qəsəbəsindən Sumqayıtın 9-cu mikrorayonunadək olan ərazini əhatə edəcək. Digər rayonun sərhədlərinin isə 9-cu mikrorayondan Abşeron rayonunun Saray qəsəbəsinədək olan ərazini əhatə etməsi nəzərdə tutulub.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdiri Seyfəddin Rəhimovun ANS PRESS-ə verdiyi məlumata görə, bölünmə əhalinin sayının çox olması ilə əlaqədardır. “Hələ sovet dövründə Sumqayıtda 230 min əhali yaşayırdısa, hazırda əhalinin sayı bir neçə dəfə artıb. Şəhər böyüdüyündən, genişləndiyindən, əhalisi artdığından onun rayonlara ayrılması zərurəti yaranıb. Bu, Sumqayıtın inkişafında, şəhərin idarəçiliyində müsbət addım hesab oluna bilər”.

S. Rəhimovun sözlərinə görə, hər rayon öz işini görəcək. Şəhərdə açılan ASAN xidmət hər iki rayona aid olacaq. Yenidən bütün şəhərin əhalisi siyahıya alınacaq. Seyfəddin Rəhimovun sözlərinə görə, bu heç bir çətinlik törətməyəcək. Bölgünün həyata keçirilməsinə gəlincə isə, bunlar prezident seçkilərindən sonra baş verəcək.
Hazırda Sumqayıtın iki qəsəbəsi var – Tağıyev və Corat qəsəbəsi. Eyni zamanda yerli kvartallar var. Şəhərin bölünməsindən sonra isə yeni rayon icra hakimiyyətləri və bələdiyyələri yaradılacaq.

Bu barədə Sumqayıtın Baş Planının müzakirəsi zamanı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da bildirib. O, Sumqayıtın Abşeron rayonunun bəzi əraziləri hesabına genişləndiriləcəyini açıqlayıb. Çox güman ki, həmin ərazi Ceyranbatan qəsəbəsinə gedən yolun sağını əhatə edəcək. İcra başçısının sözlərinə görə, artıq Abşerondakı həmkarı Zakir Fərəcovdan razılıq alınıb və yalnız hökumətin müsbət qərarı qalıb. O, Baş Planın müzakirəsi zamanı yeni tikintilər üçün məhz həmin ərazilərin ayrılmasını məqsədəuyğun sayıb. E.Əzizov bildirib ki, planı hazırlayanların tikinti üçün təklif etdiyi digər ərazidə villalar, geniş mənzillər tikildiyindən, həmin evlərdə yaşayanların köçürülməsi həm iqtisadi, həm də şəhərin görkəmi baxımından münasib sayıla bilməz.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın