Menu
Geri İrəli

Sumqayıt Azərbaycanın ən varlı bölgəsidir? – ARAŞDIRMA

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Dekabr 2013 • Baxış sayı: 169 dəfə • Şərh yoxdur

Bakı Azərbaycanın ən böyük şəhəri olmaqla yanaşı, həm də ölkənin iqtisadi mərkəzi hesab edilir. Reytinqinə görə, ölkənin digər rayon və şəhərləri Bakıdan xeyli geridə qalır. Belə ki, bölgələrdə işsizlikdən əziyyət çəkən insanların ən çox üz tutduğu məkanda məhz paytaxtdır desək yəqin ki yanılmarıq. Lakin son illər aparılan məqsədyönlü siyasət nəticəsində regionlara ayrılan dotasiyalar bölgələrin inkişafı üçün əlverişli zəmin yaradıb.

Rəsmi şəkildə regionların iqtisadi reytinqi aparılmasa da, ekspertlərin fikrincə, Bakıdan sonra Şəmkir, Tovuz, Gəncə, Lənkəran ölkənin ən zəngin rayonları sırasındadır.

Səbəb kimi, adıçəkilən rayonlarda yaşayan əhalinin əksəriyyətinin ailə üzvləri və yaxınlarının Rusiyada işləməsi göstərilir. Belə ki, həmin rayon sakihlərinin var-dövləti Rusiyadan və digər xarici ölkələrdən gələn qazanc hesabına ölçülür.

Şəmkir, Quba, Tovuz daha çox Rusiya ilə bağlılığı ilə seçilir.

Rəsmi statistikada isə zəngin regionlar sırasında bu rayonların adları hallanmır. Dövlətin apardığı reytin sorğusunda əmanətlərin həcminə görə, Aran iqtisadi rayonu öndə gedir. Bu bölgələrin maliyyə müəssisələrinin hesablarında 84 milyon AZN-dan çox vəsait toplanıb. İqtisadi cəhətdən ən geridə qalmış bölgə Kəlbəcər-Laçındır. Bu iqtisadi rayonun büdcəsi cəmi 4,64 milyon manat təşkil edir.

Maraqlıdır ki, bəs ölkənin digər rayonlarında situasiya necədir? Azərbaycanın ən kasıb və ən varlı rayonları hansılardır?

AzVision.az məsələ ilə bağlı kiçik araşdırma aparıb.

“Büdcədən dotasiya almayan rayonlar daha varlıdırlar”

Hansı rayonun zəngin və kasıb olması üzrə konkret bölgü aparılmadığından mütəxəssislər suala birmənalı cavab verməkdə çətinlik çəkirlər. İqtisadçı-deputat Vahid Əhmədov hesab edir ki, dövlət büdcəsindən dotasiya almayan rayonları zəngin hesab etmək olar:

“Hansı rayonun varlı, hansının kasıb olması ilə bağlı müqayisə aparmaq çətindir, çünki sosial-iqtisadi göstəricilər var. Həmin göstəricilərə baxanda bir, gözəyarı baxanda isə tamamilə başqa bir fikrə gəlmək olur. Azərbaycanda belə bir müqayisəni aparmaq o qədər də asan deyil”.

Deputatın sözlərinə görə, Abşeron, Bakı, Sumqayıt, Mingəçevir, İmişli zəngin bölgələr sırasına daxildir.

“Biz 2014-cü ilin dövlət büdcəsini təsdiq etdik. Şahidi olduq ki, Abşeron, Bakı, Sumqayıt, Mingəçevir, İmişli daha öndə gedir. Bu rayonlar büdcədən dotasiya almırlar, öz büdcələri vasitəsilə özlərini təmin edə bilirlər. Dövlət büdcəsini müzakirə edəndə bildirdik ki, əsas odur ki, rayonlar özləri özlərini təmin etsinlər, dövlət büdcəsindən dotasiya almasınlar. Bu rayonların içərisində Abşeronu xüsusi qeyd etmək istəyirəm. Abşeron doğurdan da varlı rayondur. Abşeronun torpaqları çox böyükdür, bu torpaqlarda müəyyən işlər görülür.

Şəmkirin, Tovuzun varlı olması barədə heç bir söz deyə bilmərəm. Mən Şəmkirə, Tovuza gedib gəlirəm, demək olmaz ki, orada əhali yaxşı yaşayır, Xaçmazda pis. Elə bir dillema yoxdur. Çünki ola bilər ki, əhalinin müəyyən hissəsi yaxşı yaşayır, müəyyən hissəsi pis yaşayır”-deyə iqtisadçı-deputat vurğulayıb.

Rayonların zənginliyi nə ilə əsaslanır? 

V. Əhmədovun sözlərinə görə, hansı rayon ki, dövlət büdcəsindən dotasiya almır, bu rayonun zənginliyindən xəbər verir:

“Abşeron, Bakı, Sumqayıt, Mingəçevir, İmişli öz daxili hesablarına ehtiyaclarını ödəyirlər. Bu rayonlar 2 ildir ki, dövlət büdcəsindən dotasiya almırlar. Vaxt var idi ki, yalnız Bakı şəhəri büdcədən dotasiya almırdı. İndi isə onların sayı artıb”.

“ İqtisadiyyatı güclü, torpağı münbit, olan rayonlar daha varlıdır”

İqtisadçı Qadir İbrahimli rayonların zəngin olma səbəblərini belə izah edib: “Sovet dövründə ölkənin cənub zonası ən varlı regionlardan sayılırdı. Ağdam, Gəncə,Şəki zonaları da varlı hesab olunurdu. Rayonların zənginliyinə səbəb olan bir neçə faktor var. Birinci iqtisadi faktorlar var ki, həmin regionun iqtisadiyyatı bu varlanmaya gətirib çıxarırdı. Bildiyiniz kimi, cənub bölgəsində uzun müddət meyvə, tərəvəz istehsal olunurdu və bu məhsullar birbaşa olaraq, Rusiya bazarlarına çıxarılırdı. Nəticədə, böyük gəlir əldə olunurdu. Ikinci, həmin bölgələrdə torpaq münbitliyi kifayət qədər rol oynayır.

Diqqət yetirsəniz, Azərbaycanın Aran bölgəsində torpaq çox da münbit olmadığına görə, həmin rayonlar varlı regionlara aid edilmir. Üçüncü tarixi faktordur. Lənkəran ta qədimdən cənub bölgəsinin ən varlı sayılan zonası olub, çünki Lənkəran tarixən ticarət mərkəzi olub. Eyni zamanda Gəncə də. Həmin regionlarda əhalinin say faktoru da böyük rol oynayır. Lənkəran, Gədəbəy, Şəmkirdə əhalinin sayı 200-300 min arasında dəyişir. Bu cür faktorlar təbii ki, iqtisadi biznes fəaliyyətinə təsir edir”.

İqtisadçının sözlərinə görə, xaricdən gələn maliyyə hesabına region varlana bilməz.

“Tutaq ki, Şəmkirin sakinləri Rusiyada işləyir. Rusiyanın hesabına Şəmkir varlı regiona çevrilib yanaşması qətiyyən düz deyil. Kənardan gələn maliyyə mənbələri həmin regionu varlı regiona çevirə bilməz. Burada daxili qaynaqlar olmalıdır. Hazırda Azərbaycan iqtisadiyyatında paytaxt varlılıq səviyyəsinə görə bütün regionları üstələyir. Cənub və Qərb bölgəsi də ölkənin varlı regionları sayıla bilər . Hesab edirəm ki, Qərb zonasında Gəncə, Şəmkir, Cənub bölgəsində isə Lənkəran, eyni zamanda Şəkini varlı rayonlar saymaq olar. Burada əhalinin məşğulluq səviyyəsi, biznesin və sənayenin inkişafı digər rayonlarla müqayisədə daha yüksəkdir”.-deyə ekspert vurğulayıb.

Nihadə Eyyubova

Facebook Şərhləndirmə:

Şərhinizi yazın