Menu
Geri İrəli

Sumqayıt-Bakı marşurutu- HEKAYƏ

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Oktyabr 2012 • Baxış sayı: 220 dəfə • Şərh yoxdur

Danışanın üzünü görə bilmirəmsə, neynək, görə bilmirəm… Hərdən adam taleyindəki naqolay maneələrlə belə asanca barışıb, marağını ürəyinin altına yığışdırır. Mən avtobusun arxadan qənşərə ikinci sol sırasında, pəncərə tərəfdə oturmuşdum, söhbət eləyənlərsə lap dalda, sağ küncə qısılmışdılar. Bəlkə heç qısılmamışdılar, mən onları görmürdüm, çünki geriyə baxmadan söhbəti dinləyirdim. Böyrümdəki nəhəng gövdəli bir kişi nəzərlərini xətkeş dəqiqliyilə düz qabağa, avtobusun faralarından gecənin qaranlığına fışqıran işığa zilləmişdi. Bəlkə bir balaca, bəlkə möhkəmcə vurmuşdu.

 

QURBAN

Biz Sumqayıtdan Saray qəsəbəsini keçməklə Bakıya gəlirdik. Axşam saat 10-u yengicə ötmüşdü.

Söhbət yadımızdan çıxmasın, burda balaca bir izahat verim. Mənim böyük qardaşım neçə ildi Sumqayıtda, “Şərq bazarı”nın yaxınlığında yaşayır; bəzən iki həftədən bir, bəzən hər həftənin bazar günləri günortadan sonra onlara gedirəm. O, ailənin böyük oğlu, kənddən paytaxta sarı gəlmiş ilk ailə üzvüdü; buna görə qardaş-bacıda, qohum-əqrəbada onun evinə gediş-gəliş instinkti yaranıb. Bu instinkt məni də tez-tez Sumqayıta dartır. Hər dəfə axşam saat 10 ərəfəsində eyni nigarançılığın ritmik diktəsilə ayağa qalxıram: “Geciksəm, “14 nömrə” tapılmayacaq”. Ancaq 14 nömrəli Bakı-Saray-Sumqayıt avtobusu nadir hallarda, möhkəm yağış-zad yağanda yoxa çıxır, onda avtovağzala yollanıram.

Avtobus tərpənəndə sərnişin azıdı, sürücü hər kölgənin, hər qaraltının yanında əyləci basırdı; içəridəki beş-altı adam da sürücüylə həmrəy intizarla qaraltıların Bakıya gedib-getməyəcəyinin ağrısını çəkirdi. Bir azdan hər şeyi unutdum, ya içimdəki mahnıya qulaq asırdım, ya da hansısa bioqrafik hekayəti özüm-özümə nağıl eləyirdim – yaxşı yadımda deyil. Arxa oturacaqdakı adam, məncə, avtobus Saraydan çıxa-çıxda söhbətə başladı; içimdəki mahnı kəsildi, hekayət bitdi.

Sürücü yola innən belə sərnişin çıxacağından ümidini üzmüşdü, amma yenə tələsmirdi.

-Qardaş, indi məndən xoşbəxt adam yoxdu. Bilirəm, sənin vəziyyətin xarabdı, söhbət mənim qulağıma da gəlib çatır; nə təhər çatır, necə çatdırırlar, ta sənnik deyil. Mənə qalanda, Allah şükür, dəyirmanım işləyib dənimi üyüdür; yəni çörəkpulum çıxır, 5-10 qəpik artığım da qalır. Düzdü, hərdən ombamdakı namərd güllə ağrı da verir, di gəl, vecimə deyil. Hirslənəndə, əsəbiləşəndə arvada qapaz vururdum, o da getdi Şərifalı kişinin yanına. Dilindən düşmürdü rəhmətlik dədəsi. Deyirdim, a-az, a başı küllü, müharibədə adam ölər, dana…

Deyəsən, yanındakı kişi zəifcə səslə ona başsağlığı verdi.

-Hə, sənin də ölənlərinə rəhmət… Bura bax, bu yaxınlarda şəhərdəki evi satacam, təzəsini alacam. Onda sənə də 5-6 min dollar verərəm, atarsan cibinə xərclik, sonra sənin də imkanın olanda qaytararsan. Heç qaytarmazsan, qaytarmazsan… Əəə, ölməmişik, Allaha şükür, axsamağıma baxma, güllə ombama yox, bir az yuxarı dəysəydi, yəni ürəyimi, ciyərimi, alnımı aparsaydı, indi mən də Şahvələd əmimin, Sərhəd əmimin, Qulam əmioğlunun, Şəhla balamın, Həsrət dayıdostumun, Gülsüm nənəmin, Sənubər cijimin, dədəmin, qardaşımın yanındaydım. Heylə döyülmü? İndi maşallah, uşaqları böyüdürəm, o kiçiyi litseyə qoyacam, litseyə. İmkanın var, sən də litseyə qoy uşaqları, oxumağın yolu-yolağası belədi.

Kişi elə bil, hamının fikrini öyrənməkçün sözünə fasilə verdi. Avtobusda çox adam yox idi, sürücü radionun söndürmüşdü.

-Əşi, uşaqlar oxumasalar da olar, qoy tamarzı qalmasınlar. Evində işlədiyim xozeyin deyir ki… Hə, çox yaxşı adamdı, ço-o-ox, deyir, ə, sən axsaya-axsaya bu binanı necə tikəcəksən, deyirəm, darıxma, ay müəllim, sən böyük adamsan, amma hər böyük işin bir balaca bicliyi olur, onu hər adam bilmir. Deyirəm, ay müəllim, başına dönüm, əməlli pul ver, tək bizdə yox, dünyanın hər yerində torpağın qiyməti qalxır, torpağın qiyməti eninə-uzununa qalxır, gərək sən də onu hündürlüyünə qiymət kəsəsən. Səninçün, maşallah, saray ucaldırıq, bütün qohum-əqrəbam, çolma-cocuq sənin evində işləyir. Qardaş, hərdən, bilirsən, ürəyimi nə yandırır?.. Deyirəm, ə, deyirəm, ə… – Kişi üçüncü dəfə təkrar elədi – Deyirəm, ə, kaş dədəm sağ olaydı, eləcə ona bu sarayları, villaları göstərəydim, eləcə göstərəydim, o da gendə durub baxaydı. Sonra da səhər avtobusuyla yola salaydım çıxıb gedəydi kəndə. Şəhərə doyunca tamaşa eləmiş adamın kəndə gedişi bir ayrı şeydi…

-Hə, qardaş, mən ölüm, sən balalarının canı, fikir eləmə. Ə, darıxma, başına dönüm, qurban olum, sənə özüm, bax, bu qardaşın kömək duracaq. İndi yəqin fikirləşirsən, Dursun nə təhər işinin yönünü tapdı? A qardaş, mən tikinti nədi, burda öyrəndim, dana. İndi, budey, şəhərin ən yaxşı yerində evim-eşiyim, bilsən, kimlərlə qonşuyam. Sağ nazir, sol rəis, aşağı-yuxarı idarə müdiri, artist, müğənni… Bütün xanəndələr dostumdu. Arif Babayevdən Ağaxan Abdullayevə kimi. Hələ Canəli Əkbərovu, Alim Qasımovu, Xan Şuşinskini, Səxavət Məmmədovu, Yaqub Məmmədovu, Yaqub Zurufçunu, ta nə bilim kimi-kimi demirəm… Xan əmi o gün balkona çıxıb deyir, ə, Dursun, ə, sən nə yaxşı oğlansanmış, deyir, mən ölüm, əynindəki kostyumu haradan almısan, nə qəşəngdi, maşallah. Mən də səhər-səhər geyinmişəm qət-təzə kostyumu, bunu yox a, bunu yasa-zada geyirəm… Hə, qardaş, bax, mənim bu cür adamlarla kəlmə kəsməyim, onların qonşuluğunda yaşamağım xoşbəxtlikdi, qaqa!

Danışanın yanındakı, deyəsən, nəsə soruşdu, kiminsə adını çəkdi. Avtobus qəfil dönüş elədiyindən sözlər havaya dağıldı.

-Teymuru soruşursansa, öldü getdi… Yaraları axır apardı onu. Qaqa, bircə bu ölülər olmaya, ta ölü əlindən tərpənə bilmirəm. Gecə-gündüz məndən əl çəkmirlər. Hər cümə axşamı yasdayam. Mağara girirəm, ürəyimə bir fikir gəlir, zülmət kimi qapqara bir fikir. Elə bilirəm, bu dəqiqə ölən çıxacaq qənşərimə, hal-əhval tutacağıq, söhbətləşəcəyik. Elə danışmaq istəyirəm!.. Nə yaxşı, rastıma sən çıxdın. Teymurun ölməyini bu həftə eşitdim, cümə axşamına gələ bilmədim, Məzəmin yasına gedəsiydim. Ta dedim, bazar gününü ötürə bilmərəm, ordan da qardaşımgilə toxundum. Bu qardaşımı, Sumqayıtda olanı yaman çox istəyirəm axı, onu tez-tez görməyəndə ürəyim axır. Onu görəndə elə bilirəm, kəndimizə tamaşa elədim. Beş-altı ayın söhbətidi, şəhərdə sənnən yaxşı olmasın bir dostumla rastlaşdıq, yaxşı yeyib-içdik. Eləcə “28 May”ın yaxınlığında, orda tində bir kafe var, özü də ofisiantı yaman qılıqlı oğlandı. Hə, dostumla oturduq, yaxşıca yedik-içdik, ayrıldıq. Kefim sazdı, amma nədənsə ürəyim qaşınır, ağlamaq tutur məni. Başımda leysan buludu var. Nəisə, bir taksiyə əl elədim, oturdum arxa oturacağa, dedim sür. Sürücü azacıq qabağa sürdü, yavaşıtdı, dedi, hara gedirik, əmoğlu. Dedim, sür, sür! Lap ağlım başımdan çıxmışdı. Yenə beş-altı metr qabağa getdik, maşını əylədi, üzünü arxaya tutdu, dedi, başına dönüm, sən yeyib-içmisən, mənim balalarım da, özüm də acından mələşirik, yazığam məni öldürmə. De, görüm hara sürüm, hara gedirsən? “Hara gedirsən” soruşanda yenə ağlım-huşum uçdu başımdan. Şuşaya sür, Şuşaya, qışqırdım, pulunu verəcəm! Məndən kiçik olardı zalımın oğlu, sonradan işıqda diqqət elədim, rəhmətlik Dayandura oxşayırdı, üzünü çöndərib başını astaca qoydu sükanın üstünə, səsi çıxmadı. Dedim, yəqin öldü! Qapını açdım, düşdüm yerə. Düşdüm yerə, buna yanaşanda gördüm, bunun üzü-gözü qannan-yaşnan doludu, bax, bu gecə haqqı! Qanın haradan çıxdığını bilmədim, ancaq qəflətən huşum üstümə qayıtdı, ayıldım. O yana otur, ə, dedim, o yana, bu tərəkə maşını özüm sürəcəm. Ay səni, Malıbəyli balası. Di, getdik “Şuşa”ya. Restoran “Şuşa”ya, “Şuşa” restoranına! Ə, qaqa, burda nə qədər köhnə tanışa rast gəldim; inişil rəhmətə getmiş Maqsud xaloğlu da ordaydı, ondan sonra ölən Cümşüd əminəvəsi də. Səfiyyə bacı qab yuyurdu boşqabın gülünü oxşaya-oxşaya… Sürəyya vəzəri-kişiniş doğrayırdı. Bah, bir də baxdım, Güloğlan da burda qab yığışdırır, dedim, ə Güloğlan, xoş gördük. Bəs elə bilirdim, itkin düşmüsən müharibədə?! Güllə ombamdan dəyəndə niyə məni dalına almadın, hıy? Cılız-cıqqaz Qəşəm olmasaydı ermənilər məni əsir götürüb, başıma min oyun açıb axırda da “Qırmızı Xaç”la arvadıma məktub yazdıracaqdılar…

Kişinin səsi kəsildi. Qarşıdan gələn, böyürdən keçən maşınların işığı avtobusun yarımqaranlıq salonuna zəif, titrək kölgə salırdı.

-Bəs Güloğlan nə dedi?

Bilmədim bu səs haradan gəldi; salonun lampaları güclə közərirdi. Ancaq qadın səsiydi – daha bunu bilməmək olmazdı.

-Zarafata saldı, dedi, ə, Dursun, əsgər də ombasından yaralanar?..

Mənə elə gəldi, bu zarafata hamı gülüşəcək, amma yox. Gülüşə elə bil sükut mane oldu. Yanımdakı nəhəng gövdəyə göz yetirdim, onun baxışları sürücünün nəzərlərinə paralel düz irəli baxırdı. Xırdalan yoxuşunun sağ üzündəki qəbiristanlığın iri heykəlləri ağarırdı. Yolun qırağında iki nəfər əl elədi. Üz-gözü tüklü, köhnə geyimli kişilərdən biri yaşlı, o biri nisbətən cavanıdı. Bir-birinə bənzəyirdilər, bu oxşarlıq nədəydi, bunu tapmaq qeyri-mümkünüdü. Ahıl kişi plaşının papağını da yarıyadək başına keçirmişdi.

-Lap Şahverdi dayıma oxşayır – arxadakı kişinin səsini bu dəfə avtobusda eşitməyən qalmadı. – Yəqin ölülərdəndi. Deyirlər, bunlar da gecələr şəhərdə gəzişirlər, səhər o başdan qəbiristanlığa qayıdırlar. Sübh danı atanda bunlarda yoxlanışdı, hamı yerində olmalıdı.

Səs kəsildi, sükut əmələ gəldi, di gəl bu, bayaqkı qədər gərgin, qatı sükut deyildi.

Qəbiristanlıqda avtobusa minənlər Biləcəri yoxuşunda, şam-küknar meşəliyinin qırağında düşüb getdilər.

Daha heç kəs danışmırdı.

Avtobus Şamaxı yolundakı dayanacağa çatdı, yenə dinən olmadı.

“20 Yanvar” metrosunun yan-yörəsi seyrəkliyidi. Sürücü sakit-səssiz qapını açdı, düşən-düşən yol pulunu güzgünün altına atırdı. Mən pulu atmazdan öncə geri, arxa oturacağa boylandım – ora artıq boşalmışdı. Ayağım səkinin plitələrinə toxunanda arxadan sürücünün səsi eşidildi:

-Gəlin düşün, bura sonuncu dayanacaqdı.

-Mən Pirşağıya, sanatoriyaya getməliyəm, qaçqınlar qalan sanatoriyaya, sür ora – bu, həmin səsidi…

Qurban, 2007-ci il 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın