Menu
Geri İrəli

Sumqayıt Bələdiyyəsi gənclərinin Şamaxıda “Yay məktəbi”

Müəllif: Sumqayitxeber.com • Tarix: 6 Avqust 2015 • Baxış sayı: 333 dəfə • Şərh yoxdur

1438861729_4

Sumqayıt Bələdiyyəsinin bir qrup gənc əməkdaşı şəhərin müxtəlif müəssisə və təşkilatlarında çalışan gənclərlə birgə Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkil etdiyi “Yay məktəbi” proqramı çərçivəsində Azərbaycanın qədim paytaxtı Şamaxı şəhərinə səfər ediblər. Sumqayıtlı gənclər Şamaxıda ilk növbədə Ulu öndərin abidəsini zyarət edərək, onun unudulmaz xatirəsinə dərin ehtiramlarını bildiriblər, sonra müasir memarlıq görkəmi və zəngin ekspozisiyaları böyük maraq doğuran Heydər Əliyev Mərkəzində olublar. Dahi rəhbərin həyatının müxtəlif anlarını, doğma Vətənin azadlığı və müstəqilliyi uğrunda yorulmaz, mübariz fəaliyyətini, ölkəmizi ağır siyasi-iqtisadi böhran və sınaqlardan uğurla çıxardaraq, onun sürətli inkişaf yolunu təmin etməsini əks etdirən sənəd və foto-eksponatlarla tanış olan gənclər Mərkəzdən zəngin təəssüratla ayrılıblar.

Şamaxının Tarix-diyarşünaslıq muzeyində Azərbaycan ədəbiyyatına Əfzələddin Xaqani, İmadəddin Nəsimi, Seyid Əzim Şirvani, Abbas Səhhət, Məhəmməd Hadi kimi böyük, dahi şairlər vermiş qədim diyarın keçmiş tarixi və mədəniyyəti ilə yaxından tanış olub, bütün ömrü boyu doğma xalqının ictimai-siyasi, milli-mənəvi problemlərini böyük ürək ağrısı ilə qələmə alan, türk dünyasının ilk böyük satirik şairi Mirzə Ələkbər Sabirin ev-muzeyini ziyarət ediblər.

Şamaxının digər görməli yerləri ilə, həmçinin şəhər ətrafındakı “Fortuna” istirahət mərkəzi, maraqlı viktorina və oyunlarla, xüsusilə də Sumqayıt Bələdiyyəsi gənclərinin fəallığı ilə yadda qalmış gəzintilər hər bir səfər iştirakçısında xoş təəssürat doğurub.

Sumqayıtlı gənclər “Yay məktəbi” gəzintisini xoş duyğularla başa vuraraq, mənalı istirahətdən sonra doğma şəhərə yeni enerji ilə, daha fəallıqla yaratmaq, qurmaq həvəsilə qayıdıblar.

Orxan MƏMMƏDZADƏ.

Fotolar Amil Əhmədovundur.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın