Menu
Geri İrəli

Sumqayıt Bələdiyyəsi hesabat verdi

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Fevral 2014 • Baxış sayı: 605 dəfə • Şərh yoxdur

FILE043Sumqayıt Bələdiyyəsinin şəhərin Tarixi muzeyində təşkil etdiyi ümumşəhər toplantısı başlanmazdan əvvəl tədbir iştirakçıları və qonaqlar muzeylə, onun Ulu öndər Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin Sumqayıta səfərlərini əks edirən ekspozisiyaları ilə tanış olmuşlar. Muzeyin direktoru, respublikanin Əməkdar Mədəniyyət işçisi Olya İslamova ölkə rəhbərinin Sumqayıta və onun əmək adamlarına göstərdiyi diqqət və qayğıdan, regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramları çərçivəsində Sumqayıtda son 10 il ərzində uğurla həyata keçirilən layihələrdən, şəhərdə aparılan iri miqyaslı yenidənqurma və abadlıq işlərindən söhbət açmışdır.

Sonra muzeyin akt zalında Sumqayıt Bələdiyyəsi özünün 2013-cü ildə fəaliyyətinin nəticələri ilə bağlı keçirilən ümumşəhər toplantısında Bələdiyyə fəalları, məhəllə komitələrinin, ictimai və qeyri–hökumət təşkilatlarının nümayəndələri, şəhər sakinləri qarşısında geniş hesabat vermişdir.

Sumqayıt Bələdiyyəsinin sədri professor Əbülfəz Babayev şəhərin yerli özünüidarəetmə orqanının ötənilki fəaliyyəti barədə toplantı iştirakçıları qarşısında çıxış edərək qeyd etmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin bilavasitə rəhbərliyi ilə respublikamızın bütün regionlarında olduğu kimi, Sumqayıtda da böyük abadlıq-quruculuq işləri aparılır.  Sumqayıt şəhər İcra Hakimiyyəti bu istiqamətdə görülən tədbirlərin daha səmərəli olması, şəhərin memarlıq görkəminin müasir tələblər və standartlar səviyyəsinə çatdırılması üçün bütün potensial imkanları və resursları səfərbər etmişdir.  Sumqayıt Bələdiyyəsi  də bu yeniləşmə prosesinə qoşularaq, səlahiyyətləri çərçivəsində şəhərin  sosial-iqtisadi inkişafına öz töhfələrini verir.

 Son bir ildə şəhərin sosial-mədəni, ictimai həyatında iştirakını daha məzmunlu etməyə çalışan və genişləndirən Sumqayıt Bələdiyyəsi öz fəaliyyətini Sumqayıt şəhər İcra Hakimiyyətinin şəhərin sosial–iqtisadi inkişaf proqramı, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosasiyasının tövsiyələri, həmçinin yerli sosial müdafiə, sosial və iqtisadi inkişaf, ekoloji və xarici əlaqələr proqramları çərçivəsində həyata keçirmişdir.

Tədbirdə diqqətə çatdırılmışdır ki, hesabat dövründə Bələdiyyənin iclaslarında 657 məsələ müzakirə edilmiş və onların əksəriyyətinin həllinə nail olunmuşdur. Bələdiyyə qərarlarının icrası Bələdiyyə aparatının həftəlik 131 müşavirəsində daim təhlil edilərək, nəzarətdə saxlanılmışdır. İl ərzində Sumqayıt Bələdiyyəsinə 1519 xidməti məktub və 2387 ərizə daxil olmuş, müxtəlif müraciətlərlə bağlı Bələdiyyə rəhbərliyi və icra aparatı tərəfindən 2124 nəfər vətəndaş qəbul edilmişdir.

Toplantıda belə bir maraqlı fakt da səsləndirildi ki, şəhər ərazisində Sumqayıt Bələdiyyəsinin bütün mikrorayon və məhəllələri əhatə edən 127 məhəllə komitəsi fəaliyyət göstərir ki, onlardan da 28-i öz funksiyalarını bilavasitə mənzil-istismar sahələri olmayan ərazilərdə yerinə yetirir və vətəndaşların yerli problemlərlə bağlı müraciətlərinin həlli sahəsində müvafiq iş aparırlar. 2013-cü ildə Sumqayıt Bələdiyyəsinin məhəllə komitələri əhalini narahat edən məsələlərlə bağlı müvafiq ərazilərdə 196 layihə həyata keçirmişlər.

Sakinlərlə gündəlik təmasda və ünsiyyətdə olan, bu səbəbdən də qarşıya çıxan problemlərin həllində daha çox çeviklik nümayiş etdirən, öz fəaliyyətlərini bilavasitə şəhər sakinlərinin müraciət və təklifləri əsasında qurub-tənzimləməklə böyük əhəmiyyət kəsb edən, işlək-funksional xarakterli məhəllə komitələri Sumqayıt Bələdiyyəsinin fəaliyətinin ən aktual məsələlər ətrafında və daha səmərəli təşkilində də mühüm rola malikdirlər.

Sumqayıtın müasir sosial-mədəni və ictimai tələblərə cavab verən, sakinlərin arzu və təkliflərinin reallaşdığı bir şəhərə çevrilməsi üçün şəhər İcra Hakimiyyətinin apardığı yeni quruculuq siyasətini əsas tutan Sumqayıt Bələdiyyəsi və onun məhəllə komitələri tərəfindən bu siyasətin tərkib hissəsi və davamı kimi  hesabat dövründə şəhərin yerli problemlərinin həlli məqsədilə mikrorayon və məhəllələrdə 10-a yaxın iri həcimli layihə reallaşdırılmışdır. Ötən dövrdə “Bələdiyyə Parkı”nda geniş abadlıq-yaşıllaşdırma işləri aparılmış, şəhərin bağlar ərazisində 6 avtobus marşrutu üzrə yollar təmir edilmiş, 42-ci məhəllədəki “xeyir-şər” evi yenidən qurulmuş, S.Vurğun küçəsinin müəyyən hissələrinin səkiləri və daş örtüyü yenilənmişdir.

Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinin “Valensiya Bəyannaməsi”nin qərarına uyğun olaraq  Avropa ölkələrində, o cümlədən  Azərbaycanda  2007-ci ildən  başlayaraq ənənəvi şəkildə təşkil edilərək,  “vətəndaş-bələdiyyə”, “bələdiyyə-vətəndaş” əlaqələrinin genişləndirilməsinə təkan verən, 25 noyabr–1 dekabr 2013-cü ildə keçirilən “Yerli Demokratiya həftəsi” günlərində Sumqayıt Bələdiyyəsi tərəfindən ümumilikdə 3 min nəfərə yaxın vətəndaşın iştirakı ilə şəhərin məhəllə və mikrorayonlarında bir-çox tədbirlər təşkil olunmuş və “həftə” ərzində Bələdiyyə rəhbərliyi tərəfindən 210 nəfər vətəndaş qəbul edilmişdir. Həmin müddətdə vətəndaşlardan 42 müraciət daxil olmuş və onlara operativ olaraq baxılmışdır. Xüsusilə mühümdür ki, yerli özünüidarəetmə qurumu olan Bələdiyyənin işində əhalinin bilavasitə iştirakının təmininə və genişləndirilməsinə imkan verən, onun fəaliyyətində aşkarlığın, şəffaflığın artırılmasına, demokratik prinsiplərin inkişaf etdirilməsinə səbəb olan “demokratiya həftəsi” zamanı şəhərin mikrorayon və məhəllə sakinlərinin bilavasitə iştirakı ilə həyət və meydançalarda geniş abadlıq-təmizlik işləri aparılmışdır.

Bələdiyyə Sumqayıt məktəblilərinin yay tətili dövründə onların asudə vaxtlarının səmərəli təşkilinə də xüsusi diqqət yetirərək, məktəbli gənclər arasında idmanın, xüsusilə də onun ən maraqlı və populyar növü olan futbolun təbliğinə və inkişafına, son illərdə yalnız neft diyarı yox, həm də idman ölkəsi kimi tanınan respublikamız üçün gənc futbolçuların yetişdirilməsinə də mühüm əhəmiyyət verir. Təsadüfi deyil ki, şəhərdə hər il məhəllə komitələrinin 11-12 yaşlı uşaqlardan ibarət komandaları arasında ənənəvi şəkildə keçirilən “Sumqayıt Bələdiyyəsi kuboku” uğrunda futbol yarışlarının nəticəsi olaraq 12 nəfər ümidverici gənc futbolçu ölkə çempionatı komandalarının ehtiyat oyunçular sırasına qəbul olunmuşlar və indi onlar peşəkar idmanda ilk uğurlu addımlarını atmaqdadırlar.

Toplantıda hesabat məruzəsi ətrafında çıxış edən Sumqayıt Bələdiyyəsinin Köhnə və Təzə koteclər üzrə 1 saylı məhəllə  komitəsinin  sədri Şıxbaba Rzayev cəmi 9 min nəfər əhalisi olan 13-cü məhəllədə Bələdiyyənin dəstəyi ilə məsciddə namaz otağının tikilməsinə, su probleminin həll edilməsinə və s. görə sakinlər adından şəhər rəhbərliyinə minnətdarlıq ifadə etmişdir. O, çıxışının sonunda Azərbaycan Mənzil Məcəlləsinə uyğun olaraq, məhəllə komitəsinin ərazisində mənzil mülkiyyətçilərinin birliyinin yaradılmasını təklif etmişdir.

30-cu məhəllə üzrə 1 saylı məhəllə komitəsinin sədri İndira Şəmsivari Ulu öndər Heydər Əliyevin Sumqayıta göstərdiyi diqqət və qayğının ölkə rəhbəri İlham Əliyev tərəfindən bir estafet olaraq uğurla davam etdirilməsindən danışaraq, Bələdiyyə üzvlərinin 30 faizə qədərini qadınların təşkil etdiyini diqqətə çatdırmış, cəmiyyətimizdə hər zaman kiçik dövlət sayılan ailəyə yüksək dəyər verilməsini əsas tutaraq, onun özülünün möhkəmləndirilməsində Bələdiyyə məhəllə komitələrinin iştirakını təmin etmək məqsədilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Bələdiyyə baxçalarının yaradılmasının vacibliyini vurğulamışdır.

Kimyaçılar qəsəbəsi və Maralgöl üzrə 1 saylı məhəllə komitəsinin yüksək fəallığı və təşəbbüskarlığı ilə seçilən sədri Solmaz Zeynəddinova “Mentor” proqramı çərçivəsində Bələdiyyənin ailə planlaşdırılmasında, sağlamlıq proqramlarının reallaşdırılmasında iştirakının, uşaqların erkən intellektual inkişafı üçün icma baxçalarının yaradılmasının mühüm olmasından, məhəllə komitəsinin layihə və təşəbbüsləri sayəsində Fövqəladə Hallar Nazirliyinin dəstəyi ilə ərazidəki yaşayış binasının dam örtüyünün bütünlükə təzələnməsindən və s. söz açmışdır.

Müzakirələri davam etdirən 4-cü məhəllə üzrə 1 saylı məhəllə komitəsinin sədri Şahlar Vəliyev məhəllə komitəsinin bazası əsasında mənzil fondunun idarə edilməsi sahəsində yeni iş üslubunun tətbiq edilməsi təklifi ilə çıxış etmişdir.

Şair-pedaqoq Asif Asiman söz alaraq, yaşadığı 42-ci məhəllənin “xeyir-şər” evinin yenidən qurulması və yağışlı-qarlı günlərdə gediş-gəlişin çətinliklər törətdiyi küçə və həyətlərin abadlaşdırılmasına görə şəhər İcra hakimiyyətinə və Sumqayıt Bələdiyyəsinə sakinlər adından dərin minnətdarlıq bildirmişdir.

16-cı mikrorayon üzrə 1 saylı məhəllə komitəsinin sədri Hüseyn İmanov və digərləri çıxış edərək, şəhər İcra hakimiyyətinin və Bələdiyyənin ayrı-ayrı məhəllə və mikrorayonlarda apardığı abadlıq işlərindən məmnunluqlarını ifadə edərək şəhər rəhbərliyinə minnətdarlıq bildirmiş, Sumqayıt Bələdiyyəsinin ötənilki fəaliyyətini müsbət qiymətləndirmişlər.

Toplantının sonunda Azərbaycan Respublikası Milli Məclisinin Regional Məsələlər Komitəsinin sədri Arif Rəhimzadə, respublika Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinin rəisi Mehdi Səlimzadə çıxış etmiş və son illərdə Sumqayıt şəhər İcra hakimiyyəti tərəfindən aparılan abadlıq-quruculuq işlərini yüksək qiymətləndirmiş, Sumqayıt Bələdiyyəsinin illik fəaliyyətini  müsbət dəyərləndirmişlər.

Toplantının işində Bələdiyyə məhəllə komitələrinin, ictimai və qeyri–hökumət təşkilatlarının 170 nəfərdən çox üzvü və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

 Rəhman ORXAN.

FILE094 FILE089 FILE082

 

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın