Menu
Geri İrəli

Sumqayıt Bələdiyyəsi müharibə veteranlarını 9 may günü münasibətilə təbrik etdi

Müəllif: sumqayitxeber.com • Tarix: 8 May 2014 • Baxış sayı: 697 dəfə • Şərh yoxdur

20140508_101037Sumqayıt Bələdiyyəsi öz ənənəsinə sadiq qalaraq, bu gün II Dünya müharibəsinin iştirakçısı olmuş sumqayıtlı veteranları qəbul edərək, onları 9 may – Qələbə günü münasibətilə təbrik etmişdir.

Bələdiyyənin sədri professor Əbülfəz Babayev 1941-1945-ci illərdə ağır və məşəqqətli döyüş yolu keçərək, faşizm üzərində qələbə uğrunda igidlik və şücaət göstərmiş veteranları salamlayaraq, onların Vətən qarşısında xidmətlərini yüksək qiymətləndirmiş, müharibə veteranlarının xalqımızın fəxri, gənclərimiz üçün bir örnək olduğunu bildirmişdir. Qeyd edilmişdir ki, azərbaycanlı döyüşçülər yalnız keçmiş SSRİ-ni yox, həm də neft Bakısını, Azərbaycanı düşməndən qorumuş, Hitlerin işğalçılıq planlarına ağır zərbə vurmuşlar.

Görüş zamanı minnətdarlıq hissi ilə qeyd olundu ki, Ulu öndər Heydər Əliyev II Dünya müharibəsində misilsiz şücaətlər göstərərək, xalqımızın adına ucalıq, böyük şərəf gətirmiş igid Azərbaycan oğullarının – iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayorul Həzi Aslanovun, cəsur təyyarəçi, Sovet İttifaqı Qəhrəmanı Hüseynbala Əliyevin, İtaliya partizan hərəkatının əfsanəvi qəhrəmanı Mehdi Hüseynzadənin, Fransanın Milli Qəhrəmanı Məmmədiyyə Cəbrayılovun və minlərlə digər müharibə veteranlarının döyüş xidmətlərini yüksək dəyərləndirmiş, xatirələrini əziz tutmuş, onlara və ailələrinə daim diqqət və qayğı göstərmişdir. Bu gün həmin ənənə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən də uğurla davam etdirilir, hər il müharibə iştirakçılarına və əlillərinə, onların ailələrinə birdəfəlik mükafatlar verilir, sosial problem və qayğıları diqqət mərkəzində saxlanılılr.

Görüşdə Sumqayıt şəhər Veteranlar  Şurasının sədri Leyla Qasımzadə, müharibə veteranları Məhəmməd Əliyev, Həmid Həmidov, Nurməmməd Məmmədov, Vasili Frolov, İsiqulu Ağayev, Vəli İsgəndərov və başqaları qanlı-qadalı 1941-45-ci illərdən söhbət açmış, ölkə başçısı tərəfindən onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmiş, Ali Baş komandanımız İlham Əliyevin rəhbərliyi ilə Qarabağ torpaqlarının da düşməndən azad olunacağına əminliklərini ifadə etmişlər.

Görüşün sonunda müharibə veteranları ilə birgə xatirə şəkilləri çəkilmişdir.

Daha sonra Bələdiyyə əməkdaşları yataq xəstəsi olan müharibə veteranları ilə onların evində görüşərək, maddi yardım göstərmiş, tezliklə sağalmağı arzu etmişlər.

 Orxan MƏMMƏDZADƏ.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın