Menu
Geri İrəli

Sumqayıt Bələdiyyəsi Ramazan bayramı münasibətilə bayram süfrəsi təşkil etdi

Müəllif: sumqayitxeber.com • Tarix: 30 İyul 2014 • Baxış sayı: 198 dəfə • Şərh yoxdur

Ramazan_bayrami_200712Bütün dünya müsəlmanları üçün əziz və müqəddəs olan Ramazan bayramını Sumqayıt Bələdiyyəsi  bütün respublikada, o cümlədən Sumqayıtda şəhər İcra hakimiyyəti tərəfindən keçirilən vahid iftar məclislərinə müvafiq olaraq şəhər sakinləri ilə birgə qeyd etmişdir. Ulu Tanrı qarşısında öz islami borcunu bir ay ərzində yerinə yetirərək, oruc tutub, namaz qılaraq, Allaha ibadət edən və müsəlmanlığı uca tutan şəhər sakinləri iyulun 26-da Bələdiyyənin dəvəti ilə “Qold Palaze” restoranında təşkil edilmiş bayram süfrəsi arxasında görüşmüşlər.

1000 nəfərə yaxın qonağın, o cümlədən imkansız və şəhid ailələrindən olanların, əlillərin, tənha, kimsəsiz qocaların iştirak etdiyi tədbirdə ilk öncə şəhərin axundu Hacı Rauf Sərdarov mübarək Ramazan ayı və Allahın adına oruc tutmağın məziyyətləri barədə söhbət açaraq, məclisə toplaşanlar adından Ulu Tanrının adına dualar səsləndirmiş, xalqımızın xoşbəxt gələcəyi və Qarabağımızın azadlığı, Azərbaycanın bütövlüyü ilə bağlı milyonlarla həmvətənimizin arzu və diləklərinin yerinə yetməsini arzulamışdır.

 Sumqayıt Bələdiyyəsinin sədri professor Əbülfəz Babayev məclisə toplaşanların simasında bütün sumqayıtlıları müqəddəs bayram münasibətilə təbrik etmiş, onların hər birinə Allahın sadiq və xoşbəxt bəndələri olmağı arzulamış, ailələrinə xoş günlər, uzun ömür diləmiş, ölkə Prezidenti İlham Əliyevin uğurlu, balanslaşdırılmış daxili və xarici siyasəti sayəsində Azərbaycanın son illərdə hər bir həmvətənimizə qürur verən böyük nailiyyətlərindən, dünyanın sürətlə inkişaf edən dövlətlərindən birinə çevrilməsindən  söhbət açmışdır.

Məclis iştirakçıları Ramazan bayramının ölkəmizdə bu cür geniş və mütəşəkkil keçirilməsinə, milli və dini, müsəlman adət-ənənələrinə xüsusi diqqət və sadə adamlara qayğı göstərildiyinə görə ölkə başçısına, həmçinin Sumqayıt şəhər İcra hakimiyyətinə və Bələdiyyə rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.

Məclis Quran ayələrinin oxunuşu və məclis iştirakçılarının duaları ilə başa çatmışdır.

 Orxan MƏMMƏDZADƏ.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın