Menu
Geri İrəli

Sumqayıt Bələdiyyəsində məktəblilərin respublika fənn olimpiadasının qalibləriylə görüş keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 28 May 2015 • Baxış sayı: 407 dəfə • Şərh yoxdur
Share Button

Sumqayıt Bələdiyyəsində məktəblilərin respublika fənn olimpiadasının qalibləriylə görüş - FOTOLAR

Bugünlərdə respublikamızda məktəblilər arasında müxtəlif fənnlər üzrə keçirilmiş olimpiadanın final turunda Sumqayıtın bir çox təhsil müəssisələrinin şagirdləri yüksək bilik və istedad nümayiış etdirərək, olimpiadanın qalibləri sırasında yer tutmuşlar. Ali məktəblərə qəbul zamanı və müxtəlif bilik yarışlarında ənənəvi olaraq daim yüksək nəticələrə nail olan sumqayıtlı məktəblilər bu dəfə doğma şəhərə 14 medalla qayıtmışlar.

Qalib məktəblilərlə Sumqayıt Bələdiyyəsində görüş keçirilmişdir. Bələdiyyənin sədri, texnika elmləri doktoru, professor Əbülfəz Babayev istedadlı şagirdlərlə görüşdən sevinc və fərəh duyduğunu gizlətməyərək, onları mehribanlıqla qarşılayaraq ürəkdən təbrik etmişdir. Görüşdə minnətdarlıqla bildirilmişdir ki, Ulu öndər, xalqımızın dahi oğlu Heydər Əliyev böyük bir müdriklik və uzaqgörənliklə daim gənc nəslin elmi biliklərə yiyələnməsinə, yüksək təhsil almalarına xüsusi diqqət yetirirdi. Diqqətəlayiq haldır ki, Ulu öndərin xeyirxah əməllərini bir estafet kimi davam etdirərək, onun müdrik ideyalarını, istək və arzularını uğurla həyata keçirən ölkə Prezidenti İlham Əliyev son illərdə Azərbaycan məktəblilərinin müxtəlif elmlərə daha səylə, dərindən yiyələnmələri üçün təhsil sistemində yeniliklərin tətbiqinə geniş yer vermiş, respublikamızın bütün şəhər və hətta ucqar kənd məktəblərinin günün tələbləri səviyyəsində yenidən qurulması, onların fənn kabinetlərinin müvafiq əyani vəsaitlər və kompüter sistemi ilə təchiz olunması üçün mühüm dövlət proqramlarının qəbul edilməsinə və onların reallaşmasına nail olmuşdur.

Bütün bunları olimpiada qaliblərinə konkret faktlarla, geniş şəkildə xatırladan professor Ə.Babayev onu da diqqətə çatdırmışdır ki, xalqımızın dünya şöhrətli görkəmli elm xadimləri – akademiklər Yusif Məmmədəliyev, Mustafa Topçubaşov, Murtuza Nağıyev, Azad Mirzəcanzadə, Xudu Məmmədov, Tofiq İsmayılov, Kosmik uçuşlar üzrə SSRİ Dövət Komissiyasının keçmiş sədri, general-leytenat, Lenin mükafatı laureatı, texnika elmləri doktoru Kərim Kərimiov, Sibir neftinin əfsanəvi fatehi Fərman Salmanov, Azərbaycanda dünyaya gələrək, hazırda Amerikada yaşayıb-çalışan dahi alim, Nobel mükafatı laureatı Lütfi Zadə beynəlxalq aləmdə Azərbaycana böyük hörmət-nüfuzu, şöhrəti öz qiymətli elmi nailiyyətləri, kəşfləri ilə gətirmişlər.

Bələdiyyə sədri dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Qüvvət elmdədir, başqa cür heç kəs, başqa birisinə güc gələ bilməz” misralarını da məktəblilərin diqqətinə çatdırmış, Azərbaycanın daha böyük və uğurlu gələcəyi naminə elmi biliklərə səylə, yorulmadan yiyələnməyi tövsiyə etmiş, beynəlxalq bilik yarışlarına çıxaraq, ölkəmizi layiqincə təmsil etməyi arzulamış, qaliblərin hər birinə xüsusi xatirə hədiyyələri, həmcinin gələcək kimyaçılara özünün müəllifi olduğu, neft-kimya sahəsində elmi araşdırmaları ilə bağlı kitabını təqdim etmişdir. Respublika olimpiadasında ən yüksək nəticəyə – 1 qızıl, 4 gümüş və 2 bürünc medala nail olmuş istedadlı şagirdlər yetişdirdiyinə görə Sumqayıt Təbiət elmləri təmayüllü Gimnaziyanın, həmçinin digər 7 medalçının təhsil aldıqları şəhər 1, 5, 28 və 31 N-li məktəblərin, “İstedad” liseyinin, Texniki və təbiət elmləri üzrə liseyin rəhbərlərinə şəhər rəhbərliyi adından təşəkkür edilmişdir.

Görüşdə Sumqayıt Təbiət elmləri təmayüllü Gimnaziyanın direktoru Nizami Əhmədov, həmin gimnaziyanın şagirdləri – respublika olimpiadasının qızıl medalına layiq görülmüş Eldar Əfəndiyev, bürünc medal qazanmış Pəri Məhərrəmova və digərləri çıxış edərək, Azərbaycanda təhsilə gostərilən diqqətə, yetişməkdə olan nəslə göstərilən hərtərəfli qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə etmişlər.

Görüşün sonunda Sumqayıt Bələdiyyəsi kollektivinin və təhsil sistemində çalışan gənc Bələdiyyə üzvlərinin qalib şagirdlərlə birgə xatirə şəkilləri çəkilmişdir.

Orxan MƏMMƏDZADƏ.

Fotolar Amil Əhmədovundur.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın