Menu
Geri İrəli

Sumqayıt Bələdiyyəsinin sədri İtaliyada işgüzar səfərdə olub

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Fevral 2015 • Baxış sayı: 801 dəfə • Şərh yoxdur

 Sumqayıt Bələdiyyəsinin sədri Əbülfəz Babayev İtaliyanın Sumqayıtla qardaşlaşmş Bari şəhərində işgüzar səfərdə olmuşdur

 IMG_03

Sumqayıt Bələdiyyəsinin sədri professor Əbülfəz Babayev Sumqayıt və İtaliyanın Bari şəhərləri arasında 10 il əvvəl təməli qoyulmuş əməkdaşlıq əlaqələrinin inkişafı ilə bağlı müzakirələr aparmaq məqsədilə bugünlərdə Bari şəhərində işgüzar səfərdə olmuşdur.

Tərkibində ölkəmizin İtaliyadakı Fövqəladə və Səlahiyyətli səfiri Vaqif Sadıqovun da olduğu Azərbaycanın nümayəndə heyəti ilk öncə Bari şəhərinin vitse-meri Vinçenço Brandi ilə görüşmüşdür. Görüş zamanı İtaliya və Azərbaycan arasında əlaqələrin bütün sahələr üzrə inkişaf etdiyi, ötən il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliyaya rəsmi səfəri çərçivəsində iki ölkə arasında strateji əməkdaşlığa dair bəyannamənin qəbul olunduğu, ölkələrimiz arasında iqtisadi əlaqələrin ildən-ilə genişləndiyi, ticarət dövriyyəsinin isə 8 mlrd. avrodan da çox olduğu məmnunluqla qeyd edilmişdir.

Qarşılıqlı əməkdaşlığın praktiki səviyyədə təmin edilməsinin əsas məqsəd olduğu səfər zamanı keçirilən görüşlərdə Sumqayıt Bələdiyyəsinin rəhbəri 350 min nəfərdən artıq əhalisi olan Sumqayıt və onun iqtisadi potensialı haqqında, ötən 10 il ərzində sumqayıtlıların orta aylıq əmək haqqının 6,1 dəfə, investisiya qoyuluşunun 4,1 dəfə və şəhər büdcəsinin 5,9 dəfə artdığı barədə geniş məlumat vermiş, Sumqayıtın dünyanın 15-dən artıq şəhəri ilə mədəni, iqtisadi, siyasi və humanitar sahələrdə  qardaşlıq əlaqələrinin olduğunu, o cümlədən Almaniyanın Lüdviqshafen şəhəri ilə bu əlaqələrin 35 ildən artıq çox səmərəli şəkildə davam etdiyini diqqətə çatdırmışdır.

Sumqayıtlı qonaq  Bari şəhəri ilə də qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinin hər iki tərəf üçün xüsusi əhəmiyyətini qeyd edərək, bildirmişdir ki, cənubi Qafqazın ikinci ən böyük sənaye mərkəzi olan Sumqayıtın güclü iqtisadi potensialının və çoxsahəli istehsal müəssisələrinin olması həm Bari şəhərinin, həm də onun yaxın ərazilərinin iş adamları üçün geniş biznes imkanları aça bilər. Sumqayıtın Texnologiya Parkının ən yüksək texnologiyalar əsasında  yaradıldığı və orada 14 zavodun fəaliyyət göstərdiyi, daha 8 yeni müəssisənin isə yaxın vaxtlarda işə başlayacağı barədə məlumat Bari meriyasında xüsusi marağa səbəb oldu. Yeni yaradılmaqda olan, Sumqayıtda kiçik və orta sahibkarlığın sürətli inkişafını təmin edəcək Sumqayıt Kimya Sənaye Parkı barədə məlumat da gələcək əməkdaşlığın necə perspektivli olacağını diqqətə çatdırdı.

Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsinin inkişaf etməsi, bu sahədə dövlətimizin regionda aparıcı yer tutması, ölkənin artıq 2 süni peykinin orbitə buraxılması xəbəri Barinin rəhbərlərində Azərbaycana və Sumqayıta olan marağı daha da artırdı.

Professor Ə.Babayev həmçinin mədəniyyət, turizm və gənclər siyasəti sahəsində də iki şəhərin əməkdaşlıq potensialının olduğunu vurğulayaraq, Bari və Sumqayıt şəhərlərində hər iki ölkənin qarşılıqlı şəkildə “Mədəniyyət günləri”nin keçirilməsinin,  tələbələr üçün konfrans və simpoziumların təşkil edilməsinin, tələbə mübadiləsinin də mühüm fayda verə biləcəyini söylədi.

Sonda Bari səhəri meriyasının rəhbərliyi Sumqayıtın rəhbərliyi adından gənclik şəhərində hər il keçirilən “Səhər  günü” bayram tədbirlərində iştirak etmək və “Bakı-2015” birinci Avropa Oyunlarını izləmək üçün Azərbaycana dəvət edildi.

Vitse-mer V.Brandi Sumqayıt Bələdiyyəsi sədrinin Bariyə səfərindən məmnun olduğunu bildirərək, əlaqələrin daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsi üçün yeni təkliflər hazırlamalı olduqlarını bildirdi. O, həmçinin universitetlər arasında və İKT sahəsində əlaqələrin əhəmiyyətini vurğulayaraq, “Fiera di Levante” sərgisi çərçivəsində də əməkdaşlığın faydalı ola biləcəyini söylədi.

Sonra Azərbaycan nümayəndə heyəti Bari şəhərinin Ticarət Palatasının prezidenti Alessandro Ambrozi və iş adamları ilə görüşmüşdür.  Görüş zamanı Azərbaycanın məhsul ixracının 23%-nin İtaliyanın payına düşdüyü barədə məlumat verilmiş, İtaliyanın onlarla şirkətinin Azərbaycanda daimi əsasda fəaliyyət göstərdiyi,  aparıcı iri italiyan şirkətlərinin əksəriyyətinin Azərbaycanda da təmsil olunduğu diqqətə çatdırılmışdır.

Professor Əbülfəz Babayev İtaliyanın iş adamlarına bir daha Sumqayıtın sənayesi, o cümlədən ARDNŞ-in “Azərikimya” İstehsalat Birliyi, “Azərboru” və “Azkompozit” zavodları, “Tekstilsənaye”, həmçinin yeni müəssisələr – Sumqayıt Texnologiyalar Parkı, Kimya Sənaye Parkı, alternativ enerji mənbələrindən istifadə üçün nəzərdə tutulan günəş batareyaları istehsal edən “Azgüntex” zavodu və digər müəssisələr haqqında geniş məlumat vermişdir.

Görüş zamanı Azərbaycan üçün prioritet istiqamətlər kimi infrastruktur, nəqliyyat, tikinti, kənd təsərrüfatı və yeyinti, ətraf mühitin qorunması, turizm, İKT sahələrinin olduğu qeyd edilmiş, kiçik və orta sahibkarlıq subyektləri arasında əlaqələrin qurulmasına Azərbaycanın marağı olduğu bildirilmişdir.

İş adamlarında maraq doğuran suallara aydınlıq gətirildikdən sonra İtaliyanın iş adamları potensial əməkdaşlıq imkanları ilə bilavasitə yerində tanış olmaq üçün şəhər rəhbərliyi adından Sumqayıta dəvət  olunmuşlar.

 Rəhman ORXAN.

 IMG_04 IMG_05

Facebook Şərhləndirmə:

Şərhinizi yazın