Menu
Geri İrəli

Sumqayıt Bələdiyyəsinin sədri Portuqaliyada keçirilən beynəlxalq tədbirdə

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Fevral 2015 • Baxış sayı: 583 dəfə • Şərh yoxdur
 1424253520_belediyyeBugünlərdə Sumqayıt Bələdiyyəsinin sədri professor Əbülfəz Babayev Azərbaycan nümayəndə heyətinin tərkibində Avropa Şurası Yerli və Hakimiyyətlər Konqresinin Monitorinq Komitəsinin Portuqaliyanın Matosinhos şəhərində keçirilən növbəti  toplantısında iştirak etmişdir.

Tədbirdə Konqresin baş katibi Andreas Kifer  və Monitorinq Komitəsinin rəhbəri Filip Rekevur komitənin son dövrdəki fəaliyyəti barədə Konqres iştirakçılarına  geniş məlumat vermişlər. Sonra üzv ölkələr tərəfindən Avropada yerli və regional demokratiyaya dair “Yerli özünüidarə haqqında Avropa Xartiyası”nın prinsiplərinə əməl olunması ilə bağlı aparılan monitorinqlərin nəticələri müzakirə olunmuşdur.

Konqresin baş katibi Andreas Kifer bir sıra ölkələrdə əvvəlki illərdə aparılmış monitorinqlər əsasında yerli və regional demokratiyanın vəziyyəti ilə bağlı çıxışında Avropa Şurası tərəfindən Azərbaycan üçün 2014-2016-cı illər üzrə qəbul olunmuş fəaliyyət planı barədə məlumat vermiş və ölkəmizdə yerli özünüidarə sahəsində də səmərəli əməkdaşlıq göstərildiyi məmnunluqla qeyd edilmişdir. Əsasən Ukraynadakı son vəziyyətə diqqət yönəldən Komitə üzvləri Rusiyanın münaqişə ilə bağlı mövqeyinə və atdığı addımlara da  münasibət bildirmişlər.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Anar İbrahimov ölkəmizdə 2014-cü ilin dekabr ayının 14-də keçirilmiş növbəti bələdiyyə seçkiləri ilə bağlı məlumat vermişdir. Qeyd olunmuşdur ki, seçkilər azad, demokratik, ədalətli, şəffaf və ictimai-siyasi sabitlik şəraitində başa çatmışdır. Seçkilər nəticəsində 1599 bələdiyyə üzrə 14963 bələdiyyə üzvü seçildiyi, seçkilərdə 30-a qədər partiyanın nümayəndələrinin iştirak etdiyi, bələdiyyə üzvləri sırasında qadınların və gənclərin sayının xeyli artdığı qeyd edilmişdir. Çıxış zamanı Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistan tərəfindən torpaqlarımızın 20 faizinin zəbt olunması nəticəsində hazırda işğal altında olan ərazilərimizdə yerli özünüidarəetməyə seçkilərin keçirməsinin mümkünsüzlüyü, Azərbaycanın qaçqın və məcburi köçkünə çevrilmiş bir milyondan artıq vətəndaşının özünüidarəetmədə iştirak hüququndan məhrum olduğu da tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.

Çıxışlardan sonra Ə.Babayev Azərbaycan üzrə məruzəçi C.Vininlə ğörüşərək, ölkəmizdə keçirilən bələdiyyə seçkiləri ilə bağlı işçi qaydada bir daha müzakirələr aparmış, həmin seçkilərin məntəqələrin 25 faizində quraşdırılmış kameralar və internet vasitəsilə dünyanın bütün ölkələrində izlənilməsi imkanının yaradıldığını diqqətə çatdırmışdır.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Konqresdə iştirak edən İtaliya nümayəndə heyəti ilə görüş keçirmiş, qarşlıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparmışdır. Konqresin mart ayında keçiriləcək növbəti sessiyasında hər iki ölkənin nümayəndələrinin tam heyətdə görüşməsi qərara alınmışdır.

 

Rəhman ORXAN

Facebook Şərhləndirmə:

Şərhinizi yazın