Menu
Geri İrəli

SUMQAYIT – bugünümüzün qürur və yüksəliş ünvanı

Müəllif: sumqayitxeber.com • Tarix: 23 İyul 2016 • Baxış sayı: 1,179 dəfə • Şərh yoxdur

zakir fereceov4343Mənim doğma şəhərim – Sumqayıt! Özümü sənin bir zərrən sayıram! Hər bir uğuruna  balan kimi, ciyərparan kimi sevinirəm! Hər küçənə, hər tininə bələdəm, gözübağlı gəzsəm də, azmaram. Hətta dünyaya gəldiyim doğum evinin palatasını belə pəncərəsindən tanıyıram (4-5 yaşım olanda anam göstərib). İndi də köhnə “Pekarnı”nın yanından ötəndə əlli-əlli beş il əvvəlkitək burnuma çörək ətri dəyir. “İnşaatçı” stadionunun həndəvərində ötən uşaqlıq illərimi, evimizin yaxınlığındakı köhnə bazarın gur çağlarını yaxşı xatırlayıram. Birinci sinifdə oxuyarkən indiki “Bələdiyyə parkı”na ekskursiyaya getməyimiz də yadımdadır, sanki quşların cəh-cəh vurduğu qalın bir ormana varmışdıq…

Gənclər bu şəhəri Xəzərin qumsal sahillərinə ürəklərində gətiriblər. Sonra Sumqayıtı ev-ev, küçə-küçə, məhəllə-məhəllə tikiblər. Arzular şəhəri 1949-cu ildən həqiqət, hünər, tale şəhərinə çevrilib. Sumqayıtı ucaldanlar onunla bərabər ucalıb, ev-eşik, ailə-uşaq sahibi olublar. Özləri qocalsalar da, Sumqayıtı həmişəcavan şəhər kimi tanıdıblar. Çünki bu şəhərin ruhu cavandır, xarakterinə tükənməz şövq, coşqu, qaynarlıq, canlanma xasdır.

Şairlərdən kimsə Sumqayıtı “zülmətlərə işıq saçan şəhər” adlandırıb. 1941-ci ildə burada ilk İES-in açılışı olub və turbin qurğusunun işə salınması ilə Dəhnə düzü nura qərq olub. Stansiyanın nur çeşməsi Sumqayıta yeni həyat verib. İlbəil işıqları çoxalan şəhər beləcə zülmətlərə işıq saçıb.

Amma onu da deyim ki, dünənə qədər bu şəhərdə axşamdan-səhərə zülmətə qərq olan böyük və baxımsız bir guşə qalırdı. On illər boyunca Sumqayıt böyüyüb inkişaf etsə də, o məkanın qaranlığını aydınlatmaq kimsənin yadına düşmürdü. Söhbət hazırda sürətlə müasir park-bulvar kompleksi tikilən dənizkənarı ərazidən gedir. Yaxşı ki, özü də bu şəhərin yetirməsi olan Zakir Fərəcov ötən il Sumqayıta icra başçısı təyin edildi və dərhal bir sıra mühüm tədbirlərlə bərabər, məhz Xəzərin ləpədöyəni sayılan ərazinin abadlaşdırılmasına start verildi. Elə buradaca əlavə edim ki, hələ dənizkənarı park-bulvarda işlər tamamlanmasa da, sakinlər hər axşam dəstə-dəstə oraya gedib sərinləməkdən və görülən möhtəşəm işlərdən zövq almaqdan özlərini saxlaya bilmirlər. Yerə döşənən mozaik plitələrlə, hörülən naxışlı barılarla bir göyərən yaşıllıqlar, boy göstərən güllü-çiçəkli istirahət guşələri göz-könül sevindirir. Artıq neçə aydır ki, “salxım-salxım” işıqlar bulvarın üzünə günəş çəkir, hüsnünə yaraşıq verir…

zakir ferecov455Sumqayıtda ilin ilk yarısının yekunlarına həsr olunan toplantıya bu düşüncələrlə qatılmışdım. Orada eşitdiklərim də sanki duyğularıma qol-qanad verir, fikrimi doğma şəhərimin daha gözəl günlərinə pərvazlandırırdı.

Reallıq isə budur ki, nikbinlik üçün əsaslar yetərincədir. İlin əvvəlindən Sumqayıt şəhərinin iqtisadiyyatı inkişaf edib, aparıcı sahələrdə  irəliləyiş təmin olunub, qarşıya qoyulmuş vəzifələr əsasən yerinə yetirilib. Yeni, müasir istehsal sahələrinin yaradılması, şəhərin yüksək səviyyədə abadlaşdırılması, insanların rifah halının daha da yaxşılaşdırılmasına yönəldilmiş layihələr fərəh doğurur.

Şəhər üzrə ümumi daxili məhsul istehsalı və xidmətlərin həcmi 560 milyon manat və ya 151,4 faiz təşkil edib, ötən ilin müvafiq dövrü ilə müqayisədə 140 milyon manat və ya 51,4 faiz çox məhsul istehsal olunub və xidmət göstərilib. İlin əvvəlindən şəhər üzrə bütün maliyyə mənbələri hesabına ayrı-ayrı sahələrin inkişafına 66 milyon manat vəsait yönəldilib. Şəhər üzrə orta aylıq əməkhaqqı 450 manat olmaqla 112,6 faiz təşkil edib. 3987 yeni iş yeri açılıb və bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur.

Regional inkişaf Dövlət Proqramında Sumqayıt şəhəri üzrə nəzərdə tutulan 16 bənddən ibarət tədbirlərin mərhələ-mərhələ həyata keçirilməsi sayəsində bir çox infrastruktur layihələrinin icrası davam etdirilir.

“AzərSun” Sumqayıt Sənaye Parkında “Tara” fabrikinin, azot gübrəsi istehsal edəcək “Karbamid” zavodunun, “Kimya-Sənaye” Parkında polietilen və polipropilen zavodları tikilir, Günəş Batareyası Stansiyasında işlər gedir.  Şəhər ərazisində yeni yaradılmaqda olan müəssisələr də var. Bunlar maşın yağları, plastik materiallar, trikotaj məhsulları istehsalı sahələri, həmçinin yeyinti, parfümeriya və formoseptika üçün qablar istehsalı ilə bağlı müasir şüşə zavodudur. Bu müəssisələrin fəaliyyətə başlaması ilə 1000-dən çox şəhər sakininin daimi işlə təmin edilməsinə şərait yaradılacaq.

Şəhərdə sahibkarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi, iş adamlarının investisiya layihələrinin güzəştli qaydada kreditləşdirilməsi imkanı xeyli genişləndirilib. Qarşıda ixracyönümlü istehsalın da yaradılması vəzifəsi durur.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Sumqayıta göstərdiyi diqqətin   nəticəsində son vaxtlar aparılan abadlıq və quruculuq işlərinin həcminin genişləndirilməsi şəhərə olan marağı artırıb. İndi Sumqayıtda mövcud torpaqlardan daha səmərəli istifadə edilməsi üçün ciddi tədbirlər görülür.

renglenen_binaŞəhərdə abadlıq, quruculuq, yaşıllaşdırma sahəsində ardıcıl olaraq genişmiqyaslı işlər görülür. Yol-nəqliyyat infrastrukturunun yeniləşdirilməsi istiqamətində kompleks tədbirlər davam etdirilir: şəhərin girişində – Sülh küçəsində 4 kilometr məsafədə yolun hər iki tərəfə genişləndirilməsi, yağış sularının qəbuledici xətlərinin, su-kanalizasiya, kommunikasiya xətlərinin çəkilməsi və ərazinin yaşıllaşdırılması üçün lazımi işlər görülüb. Yolun hər iki tərəfində minlərlə dekorativ ağac, güllər və kollar əkilib, böyük ərazidə çəmənliklər salınıb, dekorativ hasar çəkilişi üzrə işlər aparılır, müasir dekorativ dirəklərdən istifadə etməklə işiqlandırma sistemi yenidən qurulub, 7575 poqonmetr qranit səki daşları, 30 min kvadratmetr asfalt döşənib və burada aparılan işlər səylə davam etdirilir.

Şəhərin 6-cı mikrorayonunda məhəllədaxili yollar tam asfaltlanıb, 9-cu mikrorayonda bu işlər başa çatmaq üzrədir, 10-cu, 13-cü mikrorayonlarda və “Qızılqum” yaşayış sahəsindəki ərazilərin asfaltlanması işləri davam etdirilir. İlin əvvəlindən məhəllədaxili ərazilərə 100 min kvadratmetrdən çox asfalt salınıb. Küçə işıqlandırılması ilə əlaqədar  4 məhəllə və 10 mikrorayonda işlər sona yetib, 1- ci mikrorayonda  isə icra olunur. Heydər Əliyev parkında aparılan yenidənqurma işləri genişlənib. Bir vaxtlar sumqayıtlıların  sevimli məkanı olmuş Nizami kinoteatrının qarşısındakı ərazidə qanunsuz tikililər sökülüb, yerində gözəl xiyaban yaradılıb.

Şəhərin əsas giriş yollarından biri olan Novxanı-Sumqayıt yolunda, Sahil küçəsində yenidənqurma işləri davam etdirilib, ərazidəki qanunsuz tikillər, hasarlar sökülüb, yol müasir standartlara uyğun olaraq genişləndirilib, sakinlərin rahat hərəkəti üçün piyada yolu, səkilər salınıb, istirahət guşələri yaradılıb, dekorativ ağaclar və gül kolları əkilib. Zəruri suvarma  xətti çəkilib. Yol boyu müasir işıqlandırma sistemi yaradılıb. Koroğlu, Çerkassı küçələrində, Nəsimi adına parkda abadlıq işləri aparılır.

bulvar (2)Dənizkənarı Park Bulvar kompleksində əraziyə 2 milyon kubmetr (60 min maşın) torpaq daşınıb, 3700 poqonmetr uzunluğunda istinad divarı tikilib və üçdəiki hissəsi üzlənib. Orada böyük kanalizasiya xətti, ərazinin və yolların yağış sularının axıdılması üçün xətlər çəkilib. 4200 kilometr uzunluğunda yolun özülü tikilib, hazırlıq qatı vurulub və səki daşları qoyulub. İki ədəd 1000 kilovatlıq yarımstansiya tikintisi və kabelləşmə işləri aparılır. Fontanlar, işıqlandırma və avtomat suvarma sistemləri quraşdırılır. 100 min kvadratmetr sahəyə tamet döşənib, 350 min kvadratmetr əraziyə 100 min ağac və kol, 500 mindən çox gül əkilib, qazon salınıb. Piyada və velosiped yollarının üçdəiki hissəsi çəkilib. Kompleksdə yaradılan  Bayraq Meydanında və 1-ci dambada  işlər yekunlaşır, 2-cidə isə davam edir. Ərazidə sosial obyektlərin də tikintisi aparılır.

“Heydər  Əliyev Mərkəzi”nin, yeni şahmat və musiqi məktəblərinin tikinti işləri yekunlaşır, Sumqayıt  Dövlət  Dram Teatrının əsaslı təmiri başa çatıb. Məhkəmə Kompleksinin, Şəhər Prokurorluğunun, Milli Bankın ehtiyat  fondu binalarının  inşası, 7 saylı tam orta və general Məhəmməd Əsədov adına orta ümumtəhsil internat məktəbləri, 6 və 66 saylı uşaq bağçaları əsaslı təmir olunur, 6-cı mikrorayonda özəl uşaq bağçası tikilir.

Heydər Əliyev və Azərbaycan küçələrində 16 yaşayış binasının fasadlarında “aqlay” daşı ilə üzləmə işləri, 43 yaşayış binasının fasadının rənglənməsi işləri başa çatdırılıb, 38 binada isə işlər davam etdirilir. S.Vurğun küçəsi boyunca, 5-ci və 6-cı mikrorayonlarda, Z.Hacıyev küçəsində yaşayış binalarının balkon və fasadları yenidən qurulmaqla təmir olunub. Şəhər ərazisində 50 mindən çox ağac, 100 mindən çox  kol, 1 milyondan artıq gül əkilib, 63 min kvadratmetr yeni qazon salınıb, 110 min kvadratmetr əraziyə ot-çim döşənib, 10 min quru ağac kəsilib, 20 minə qədər ağac budanıb.

binalar fasad (4)Prezident İlham Əliyev Sumqayıt və sumqayıtlılara problemlərinin həllində daim dəstək olub. Buna görə sakinlər hədsiz minnətdardırlar. Şəhərdə 300 binanın dam örtüyünün təmir olunmasına vəsait ayrılması üçün sərəncam imzalamışdır. Şəhərdə 11 mikrorayon və 10 məhəllə ərazisində 200 binanın dam örtüyündə işlər başa  çatdırılır və növbəti 100   binanın dam örtüklərinin təmiri işlərinə başlanacaq.

Ölkə rəhbərinin sərəncamı ilə Sumqayıtda çoxmərtəbəli binaların lift təsərrüfatının yenilənməsi məqsədilə vəsait ayrılması növbəti dəfə dövlət başçısının sumqayıtlılara böyük  qayğısından xəbər verir. Ayrılmış vəsait hesabına 200 lift yenisi ilə əvəz olunub və bu sahədə yaxın illər üçün əhalinin problemləri tam həll olunacaq.

Bu günlərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini, tanınmış şahmatçı Aynur Sofiyeva Sumqayıtda keçirilən maarifləndirici tədbirdə iştirak edib. O, şəhərlə bağlı təəssüratlarını bölüşüb: “Sumqayıta daxil olanda və yenilikləri görəndə çox sevindim. Azərbaycanda gündən-günə inkişaf prosesi gedir. Güclü inkişafın təməlində güclü dövlət və güclü rəhbər amili durur. Prezidentimizin xüsusi qayğısı yerlərdə, xüsusən də Sumqayıt şəhərində hiss olunur. Mən gördüm ki, bu tapşırıqların lazımi səviyyədə və uğurla yerinə yetirilməsi Sumqayıtın son zamanlar inkişafı ilə nəticələnib. Həyata keçirilən işlər artıq göz qabağındadır.  Sumqayıtda da yüksək səviyyədə şahmat məktəbinin tikilməsi inkişafa gətirib çıxaracaq. Uşaqların, asudə vaxtının səmərəli təşkili onların inkişafı baxımından çox önəmlidir”.

Sumqayıtlıları sevindirən daha bir xəbər:  icra başçısı Zakir Fərəcov şəhər çimərliklərində əhalinin yay istirahətinin təşkili ilə bağlı sərəncam imzalayıb. Sərəncamda qeyd olunub ki, çimərlik ərazilərinə və sahilyanı zonalara giriş pulsuzdur. Aidiyyəti qurumlara tapşırılıb ki, əhalinin dəniz sahilində maneəsiz istirahətinin təmin edilməsi üçün firma və şirkətlər tərəfindən xidmət haqlarından başqa hər hansı rüsumun alınması yolverilməzdir…

Bəli, Sumqayıt onu qurub-yaradanların özləri üçün ucaltdıqları möhtəşəm bir abidədir. Yeni rəhbərliyin həyata keçirdiyi tədbirlərdən məmnun qalan sakinlərin daimi qürur ünvanı, bu yerlərdən əskik olmayan xəzrinin, gilavarın anbaan sehirləndiyi gözəl bir məkandır. Bu şəhərin gözəlliyi ilə dünyaya meydan oxuyacağı vaxta çox qalmayıb.

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”

Facebook Şərhləndirmə:

Şərhinizi yazın