Menu
Geri İrəli

Sumqayıt davamlı müasirləşmə və tərəqqi yolunda

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Oktyabr 2016 • Baxış sayı: 609 dəfə • Şərh yoxdur

Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı şəhərin tarixi şöhrətini özünə qaytarır

 011Tarixi təcrübə sübut edir ki, hər bir dövlətin milli müstəqilliyə qovuşması üçün əlverişli siyasi mühitin və milli iradənin olması vacib şərtlərdir. Lakin güclü və vətənpərvər liderə malik olmayan xalqın yaranmış real şansdan yetərincə yararlanması, milli iradəsini toparlayaraq müstəqillik, azadlıq ideallarına qovuşması da mümkün deyildir. Belə situasiyalarda önə çıxan böyük şəxsiyyətlər xalqlarının daim arzusunda olduğu azadlıq, müstəqillik və milli dövlətçilik kimi ali idealların gerçəkləşməsində müstəsna rol oynayır, bununla da əbədiyaşarlıq zirvəsinə yüksəlirlər.

Bu həqiqət dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünü qeyd etməyə hazırlaşan Azərbaycan Respublikasının yaxın tarixi keçmişinə nəzərən bir daha təsdiqini tapır. Tarixi şansdan səmərəli şəkildə yararlanaraq dövlət müstəqilliyini bərpa edən respublikamızın konstitusion müstəvidə ilk addımı 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbulu olmuşdur. Həmin Konstitusiya Aktı respublikamızı rəsmi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin varisi və müstəqil respublika elan etmişdir. Konstitusiya Aktının 12-ci maddəsində Azərbaycan xalqının müstəqil, dünyəvi, demokratik, hüquqi və unitar dövlət yaratma yolunu tutması fikri əksini tapmışdı. Lakin 1991-1993-cü illərdə bir tərəfdən ictimai-siyasi sabitliyin, qanunçuluğun kövrək xarakter daşıması, xalqla hakimiyyət arasında mənəvi-siyasi böhranın dərinləşməsi, digər tərəfdən iqtisadi tənəzzülün dərinləşməsi bu məqsədlərin praktik surətdə gerçəkləşməsinə imkan verməmişdi.
Müstəqilliyini elan etmiş Azərbaycanın ilk iki ildə üzləşdiyi fəlakət və sarsıntılar, sosial-iqtisadi böhran, xaos və anarxiya mühiti təsdiqlədi ki, müstəqilliyin qorunub saxlanılması onun qazanılmasından qat-qat çətindir. Əslində, 1991-1993-cü illərdə xalqımız ədalətli və sivil dövlətdə yaşamaq arzusunu tam mənada gerçəkləşdirə bilməmişdi. Həmin illərdə Azərbaycanda hakimiyyətdə xalqın etimad göstərdiyi siyasi qüvvənin olmaması dövlət idarəçiliyi mexanizmlərinin formalaşmasında ciddi maneəyə çevrilməklə yanaşı, daxili böhranın, vətəndaş itaətsizliyinin, xaos və anarxiyanın yaranmasına rəvac vermiş, qanunçuluğun və hüquq qaydalarının təminatı, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun, ən nəhayət, ictimai asayişin qorunması sahəsində əsaslı problemlər yaratmışdı.
Bu günlərdə Sumqayıt şəhərinə səfər edən Azərbaycan Prezidenti cənab İlham Əliyev şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündə həmin dövrü ətraflı təhlil edərək demişdir: “Bizim xoşbəxtliyimiz isə ondan ibarətdir ki, 1993-cü ildə xalqın tələbi ilə Heydər Əliyev hakimiyyətə gəldi və ondan sonrakı müstəqillik dövrü sabitlik, tərəqqi və inkişaf dövrüdür. O ağır illərdə Azərbaycanda aparılan islahatlar, təhlükəsizliyin təmin edilməsi, neft kontraktının imzalanması, dövlətçiliyin möhkəmləndirilməsi, yeni Konstitusiyanın qəbulu ölkəmizin gələcək inkişafını müəyyən etmişdir. O vaxt ölkəmizin gələcək inkişafı ilə bağlı strateji seçim edilmişdir ki, Azərbaycan dövləti müstəqil həyatını qoruyacaq, ölkədə azərbaycançılıq məfkurəsi təmin ediləcək, Azərbaycan öz beynəlxalq əlaqələrini qarşılıqlı hörmət əsasında quracaq, dərin iqtisadi-sosial islahatlar həyata keçiriləcək və Azərbaycan xarici investorlar üçün açıq qapılar siyasəti aparacaq. Bu strateji seçim özünü doğrultdu”.
Cəmi bir neçə gündən sonra dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünü təntənəli şəkildə qeyd etməyə hazırlaşan Azərbaycanın timsalında lider amilinin həlledici rolu tam təsdiqini tapır. Bəli, məhz ulu öndərin müəyyənləşdirdiyi uzaqgörən inkişaf strategiyası ötən illərdə Azərbaycanın sabit və dayanıqlı inkişafında öz sözünü demişdir. Azərbaycanın 25 illik müstəqillik yolunda nail olduğu inanılmaz iqtisadi nailiyyətlərin milli inkişaf modeli ilə bağlılığı da aksiom kimi qəbul edilən həqiqətdir. Məhz bu model Azərbaycanın qısa müddətdə tənəzzüldən qurtularaq sabit tərəqqi əldə etməsinə, iqtisadiyyatın bütün sahələrində əsaslı islahatlar aparılmasına, xalqın təbii sərvətləri üzərində sahiblik hüququnun təmin olunmasına imkan yaratmışdır.
Son 2 ildə qloballaşmanın inkişafındakı ziddiyyətli meyillərlə bağlı olaraq dünya bazarında neftin qiymətinin iki dəfəyədək aşağı düşməsinin doğurduğu iqtisadi və psixoloji çətinliklərə baxmayaraq, Azərbaycanın iqtisadi müvazinətini əzmlə qoruyub saxlaması, hökumətin sosial öhdəliklərinin uğurla reallaşdırılması, təxirəsalınmaz, zəruri layihələrin icrasında çətinliklərin yaranmaması “inkişafın Azərbaycan modeli”nin uğurlarını bir daha təsdiqləyir.
Sürətli intibah yolunda olan, qarşıya qoyduğu hədəflərə inamla yetişən, bütün sahələrdə yeniləşən respublikamız beynəlxalq aləmdə mövqelərini ildən-ilə möhkəmləndirir, ümumregion əhəmiyyətli qlobal layihələri daxili imkanları hesabına gerçəkləşdirir. Ötən əsrin 90-cı illərində daha çox qlobal enerji layihələri ilə beynəlxalq ictimaiyyətin diqqətini çəkən respublikamız xüsusilə son 13 ildə iqtisadi modernləşmə, demokratikləşmə, insan hüquqlarının təminatı, sivilizasiyalararası dialoq və multikulturalizm sahəsində mühüm uğurlara imza atmışdır. Müstəqillik tariximizin ən mühüm uğuru isə respublikamızın heç bir dövlət və beynəlxalq təşkilatdan asılı olmadan müstəqil siyasət yeritməsi, milli maraq və mənafeyini qətiyyətlə müdafiə etməsidir. Bu siyasəti cəmiyyətdə mütləq çoxluq dəstəkləyir və alternativ görmür.
Sentyabrın 26-da Konstitusiyaya əlavə və dəyişikliklərə münasibəti öyrənən ümumxalq səsverməsi Heydər Əliyev siyasi kursuna yüksək ictimai etimadı bir daha nümayiş etdirmişdir. Təkcə onu demək kifayətdir ki, Konstitusiyaya ediləcək əlavə və dəyişikliklərin üçdə ikisi sırf insan hüquq və azadlıqları ilə bağlıdır. İnkişaf edən, qüdrətlənən Azərbaycan dövləti Konstitusiyaya əlavə və dəyişikliklərlə hər bir vətəndaşın hüquqlarının daha etibarlı qorunması ilə bağlı üzərinə əlavə öhdəliklər götürmüşdür. İnsan ləyaqətinə hörmət; insanların etibarlı məhkəmə müdafiəsi; hüquq və azadlıqlardan sui-istifadənin yolverilməzliyi; xüsusi mülkiyyətin sosial öhdəliklərə səbəb olması; dövlətin sahibkarlıq sahəsində yalnız tənzimləyici rol oynaması; şəxsi toxunulmazlıq hüququnun daha etibarlı müdafiəsi; vitse-prezidentlik institutunun yaradılması və digər aktual hüquqi məsələlər Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər sırasında yer almışdır.
Bütün bu dəyişikliklər mahiyyətcə postneft dövründə ölkəmizin davamlı və sabit inkişafını təmin etmək, siyasi və hüquqi idarəçilik mexanizmlərini müasir dünyanın aktual çağırışlarına uyğunlaşdırmaq, iqtisadi islahatları sürətləndirmək məqsədi daşıyır. Ümumilikdə, bu gün möhtərəm Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası, xalqın və dövlətin mənafeyi naminə nümayiş etdirdiyi siyasi iradə və qətiyyət dəyişikliklərin əsl mahiyyətini obyektiv qiymətləndirməyə əsas verir.
İqtisadiyyatın aynası, davamlı inkişafın barometri sayılan büdcənin real göstəriciləri istənilən dövlətdə təkcə vətəndaşların yaşayış səviyyəsini deyil, ümumən hökumətin fəaliyyətinin səmərəliliyini, faydalı iş əmsalını dəyərləndirməyə imkan verir. 2017-ci ilin dövlət büdcəsi layihəsinin təhlili yeni mərhələdə ölkənin qarşısına qoyduğu strateji hədəflərin inamla reallaşdırılacağını göstərir. Büdcə layihəsi indiyədək regional inkişaf sahəsində həyata keçirilən tədbirlərin də səmərəli nəticələrindən xəbər verir. Maliyyə Nazirliyindən verilən məlumata görə, 2017-ci ildə yerli xərcləri tənzimləmək üçün dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılan maliyyə yardımının (dotasiyanın) yerli xərclərin tərkibində xüsusi çəkisi 10,6 faiz təşkil edəcək və bu da əvvəlki illə müqayisədə 743,5 mln. manat və ya 42,7 faiz azdır. Sevindirici məqam bundan ibarətdir ki, yerli gəlirləri daxili imkanları hesabına təmin edəcək rayon və şəhərlərin sayı bu il 33-ə çatdırılmışdır. Mingəçevir, Naftalan, Sumqayıt və Şirvan şəhərləri, Abşeron, İmişli rayonları ilə yanaşı, Gəncə, Lənkəran, Şəki, Yevlax şəhərləri, Ağcabədi, Astara, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, Xaçmaz, İsmayıllı, Kürdəmir, Qazax, Qəbələ, Quba, Qubadlı, Qusar, Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan, Siyəzən, Şabran və Şamaxı rayonları 2017-ci ildən xərclərini öz gəlirləri hesabına təmin edəcəklər.

“Azərbaycanın ən böyük sənaye mərkəzlərindən olan Sumqayıt şəhəri də dinamik inkişaf edir, müasirləşir.”

Xüsusi vurğulamaq istərdim ki, regional inkişaf tədbirlərinin nəticəsi olaraq bu gün Azərbaycanın ən böyük sənaye mərkəzlərindən olan Sumqayıt şəhəri də dinamik inkişaf edir, müasirləşir. Cənab İlham Əliyevin ötən 13 ildə 16 dəfə Sumqayıtda olması, şəhərin problemləri, qayğıları, nailiyyətləri ilə yaxından maraqlanması, istehsal və sənaye potensialının inkişaf etdirilməsi ilə bağlı dəyərli tövsiyələrini verməsi də şəhərə yüksək diqqətin bariz təzahürüdür. Xatırlatmaq lazımdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin 24 aprel 2009-cu il tarixli sərəncamı ilə Sumqayıt şəhərinin 60 illik yubileyi dövlət səviyyəsində geniş qeyd edilmişdir. Belə bir sərəncamın imzalanması Sumqayıta göstərilən yüksək diqqət və qayğının tərkib hissəsi olmaqla, şəhər sakinləri tərəfindən də razılıqla qarşılanmışdır.

HAŞİYƏ: İqtisadçı alim kimi hələ 90-cı illərdə Sumqayıt şəhərinin inkişaf perspektivini 3 mühüm parametr üzrə dəyərləndirmişdim: 1) yaşayış məntəqəsi; 2) ərazi-təsərrüfat kompleksi; 3) ictimai iqlim zonası kimi.
Sumqayıt şəhərinin son illərdə keçdiyi dinamik inkişaf yolu bu təsnifatın reallığa adekvatlığını bir daha təsdiqləmişdir. Bu gün Sumqayıt şəhəri böyük yaşayış məntəqəsi olmaqla yanaşı, nəhəng sənaye və ərazi-təsərrüfat kompleksinə çevrilmişdir.
Xatırlatmaq lazımdır ki, təməli 1949-cu il noyabrın 22-də qoyulan Sumqayıt şəhərinin respublikanın ən iri sənaye mərkəzlərindən birinə çevrilməsi, burada çoxlu sayda zavod və fabriklərin, emal müəssisələrinin tikilib istifadəyə verilməsi, şəhər infrastrukturunun formalaşdırılması məhz ulu öndər Heydər Əliyevin Sovet Azərbaycanına rəhbərliyi illərinə təsadüf edir. 1970-1980-ci illərdə şəhərdə ağır sənaye ilə yanaşı, yüngül sənaye və maşınqayırma müəssisələri, çoxsaylı sosial obyektlər fəaliyyətə başlamış, Azərbaycanın müxtəlif bölgələrindən gəlmiş insanlar işlə təmin olunmuşlar. Ümummilli lider Heydər Əliyev “Kiçik Azərbaycan” adlandırdığı Sumqayıta müntəzəm olaraq baş çəkmiş, şəhər sakinlərinin qayğıları, problemləri ilə maraqlanmış, yeni müəssisələrin açılış mərasimlərində iştirak etmişdir. Bu görüşlərin hər biri Sumqayıtda yeni infrastruktur layihələrinin həyata keçirilməsində, tikinti-quruculuq işlərinin sürətlənməsində mühüm rol oynamışdır.
Xüsusi vurğulamaq istərdim ki, ötən əsrin 90-cı illərində SSRİ-nin məlum səbəblər üzündən dağılması, tarixi təsərrüfat və ticarət əlaqələrinin qırılması Sumqayıtın onsuz da köhnələrək ömrünü başa vurmaqda olan çoxsaylı istehsal müəssisələrini böhranlı vəziyyətə salmış, onların böyük əksəriyyəti fəaliyyətini dayandırmaq məcburiyyətində qalmışdılar.
Ümumilikdə 1990-1993-cü illərdə acınacaqlı iqtisadi və siyasi vəziyyətdə olan vətənimiz Azərbaycanın, o cümlədən Sumqayıt şəhərinin üzləşdiyi böhranlı vəziyyətdən çıxması ulu öndər Heydər Əliyevin tarixi xidmətlərinin nəticəsidir. Məhz ümummilli liderin müdrik və uzaqgörən iqtisadi inkişaf modelinin nəticəsi olaraq Sumqayıt şəhəri sovetlər birliyinin dağılması zəminində bərqərar olmuş yeni ictimai-iqtisadi münasibətlər sisteminin diktə etdiyi bazar reallıqlarına adaptasiya olunmuşdur.

“Azərbaycan Prezidenti cənab İlham Əliyev şəhərin respublikanın iqtisadi və ictimai-mənəvi həyatındakı rolunu yüksək dəyərləndirir.”

Bu da təsadüfi deyildir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev şəhərin respublikanın iqtisadi və ictimai-mənəvi həyatındakı rolunu yüksək dəyərləndirir, onun paytaxtla bərabər səviyyədə inkişafı üçün bütün zəruri tədbirləri həyata keçirir. Son illər respublikanın və paytaxtın bütün guşələrində müşahidə edilən abadlıq, tərəqqi və yüksəliş tarixən gənclər şəhəri kimi tanınmış Sumqayıt şəhərində də özünü qabarıq göstərir. Mövcud potensialın səmərəli realizə edilməsi, şəhərin malik olduğu əmək ehtiyatlarının və digər resursların konkret məqsədlərə yönəldilməsi, ən başlıcası, Azərbaycan Prezidentinin imzaladığı dövlət proqramlarından, fərman və sərəncamlarından irəli gələn vəzifələrin böyük əzm və bacarıqla həyata keçirilməsi Sumqayıt şəhərinin son illərdəki möhtəşəm uğurlarını şərtləndirən əsas məqamlar sırasındadır. Xüsusilə şəhərin yeni rəhbərliyinin qısa zaman çərçivəsində əldə etdiyi uğurlar, inkişafın əsasını müəyyən edən idarəetmənin elmi əsaslarla düzgün təşkilatlanması, istər funksional, istərsə də situasiyaların səmərəli idarə olunması baxımından düzgün istiqamətləndirilməklə qarşıya qoyulan vəzifələrin səmərəli nəticəsini təmin etmişdir.

Şəhər üzrə son illərdə əldə olunmuş nailiyyətlər həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinə görə miqyaslı, konkret və ünvanlıdır. Sumqayıt Şəhər İcra Hakimiyyətinin yeni rəhbərliyi üzərinə düşən məsuliyyəti düzgün qiymətləndirməklə, fəaliyyətini dövlət başçısının yeritdiyi çevik və səmərəli inkişaf strategiyasının mahiyyətinə uyğun qurmağa, idarəetmədə mütərəqqi prinsipləri tətbiq etməyə, qarşıda duran vəzifələri dəqiq müəyyənləşdirərək vaxtında və düzgün icrasına nail olmağa çalışır. Əsas diqqət əhalini narahat edən xarakterli kommunal problemlərin həllinə, genişmiqyaslı abadlıq-quruculuq və yaşıllaşdırma işlərinin aparılmasına, infrastrukturun yeniləşdirilməsinə, yolların təmirinə, məktəblərin, bağçaların, səhiyyə və mədəniyyət ocaqlarının təmiri və yenidən qurulmasına diqqət artırılmışdır.
Azərbaycan Prezidenti cənab İlham Əliyev şəhərə son səfəri zamanı yeni inşa edilmiş Heydər Əliyev Mərkəzində Sumqayıt ictimaiyyətinin nümayəndələri ilə görüşündə demişdir: “Şəhərin abadlaşdırılması işi böyük zövqlə və böyük məhəbbətlə aparılır. Küçələr salınır, Sumqayıta giriş küçəsində abadlıq işləri aparılır, yaşıllıq zolaqları yaradılır, ağaclar əkilir. Yəni bunu ancaq öz şəhərini, öz xalqını sevən insanlar edə bilər… Mən çox şadam ki, bizim siyasətimizdə qarşıya qoyulan vəzifələr uğurla icra edilir. Bizim problemlərimizdən biri də ondan ibarətdir ki, qarşıya qoyulan vəzifələr bəzi hallarda icra edilmir, yaxud da ki, səhlənkarlıq edilir, yarımçıq icra olunur. Mən dövlət işində işləyənləri məcbur edirəm ki, bu işləri görsünlər. Ancaq Sumqayıtda siz özünüz təşəbbüslər göstərirsiniz. Özünüz istəyirsiniz ki, Sumqayıt daha da gözəl şəhərə çevrilsin, daha da abadlaşsın”.
Dövlət başçısının qeyd etdiyi kimi, icrasına başlanılmış layihələrin yüksək dinamizmlə, vaxtlı-vaxtında reallaşdırılması nəticəsində Sumqayıt şəhəri bu gün böyük tikinti meydanını xatırladır. Son illər təkcə paytaxt üçün deyil, ümumən respublika əhəmiyyətli bir sıra qlobal layihələrin gerçəkləşdirilməsi məhz bu şəhərlə xeyli dərəcədə bağlıdır. İndi Bakı ilə yarışa girən Sumqayıtın inkişaf göstəricilərinin paytaxtla uyğunlaşdırılması dövlət başçısının qarşıda müəyyənləşdirdiyi mühüm vəzifələrdən biridir. Başqa sözlə, Azərbaycanın əsas sənaye mərkəzinə çevrilən Sumqayıtın qısa zaman kəsiyində həm də geniş abadlıq-quruculuq məkanına çevrilməsinin ən ümdə səbəbi şəhərə Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət və qayğının göstərilməsidir və xüsusi qiymətləndirmək istəyirəm ki, cənab Prezidentin düzgün seçimidir. O, Sumqayıtın və sumqayıtlıların təəssübkeşini şəhərə rəhbər təyin etməkdə çox düzgün seçim edib. Nəticə göz qabağındadır.
Qeyd etdiyimiz kimi, Sumqayıta 16 dəfə səfər edən dövlət başçısı onun strateji inkişaf planı ilə bağlı fikirlərini açıqlamış, şəhərin paytaxt standartlarına uyğunlaşdırılmasını mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Ölkə Prezidentinin bu və digər səfərlər zamanı Sumqayıt sakinləri ilə keçirdiyi görüşlər, şəhər infrastrukturunun və sənayesinin yeniləşməsi vacibliyi ilə bağlı söylədiyi dəyərli fikirlər haqlı olaraq belə qənaət yaratmışdır ki, bundan sonrakı mərhələdə Sumqayıtın inkişafı məqsədilə atılan addımlar daha sistemli, ünvanlı, ardıcıl xarakter daşıyacaqdır.
İlk baxışdan aydın görünür ki, şəhərin yeni rəhbərliyinin ölkə başçısının müəyyənləşdirdiyi vəzifələrin həlli ilə bağlı müasir, mükəmməl, ünvanlı və sistemli səciyyə daşıyan inkişaf konsepsiyası mövcuddur. Modern iş üslubu, şəhərin bütün potensialının inkişaf məqsədinə səfərbər olunması, yenidənqurma işlərinin dünyanın ən müasir şəhərlərinin yetkin təcrübəsinin nəzərə alınmaqla həyata keçirilməsi bu əzəmətli işlərin səmərəli reallaşmasını təmin edən möhtəşəm sədaqətli komandanın formalaşması qısa müddətdə Sumqayıtın simasının əsaslı şəkildə dəyişməsinə səbəb olmuşdur.
Bu layihələrin kor-koranə deyil, sistemli şəkildə, vahid plan, xüsusi arxitektura elementləri əsasında aparılması şəhərin inkişafında yeni keyfiyyət mərhələsinin əsasını qoymuşdur. Bakı-Quba magistral yolundan Sumqayıt istiqamətinə gələn hər kəs bu şəhərdə baş verən dəyişiklikləri heyrətlə qarşılayır: şəhərin əsas giriş yolu olan Sülh küçəsi 4,2 kilometr məsafədə hər iki tərəfə genişləndirilmiş, nəqliyyatın rahat hərəkətinə tam şərait yaradılmışdır. Yolun hər iki tərəfində ümumi uzunluğu 7 kilometr olan yağış sularının qəbuledicisi, su, kanalizasiya, kommunikasiya xətləri, küvetlər çəkilmiş, 100 min kvadratmetr sahəyə yaşıl örtük salınıb və təkcə bu ərazidə 120 mindən çox ağac və dekorativ kollar əkilmişdir.
Ölkə başçısı ilə keçirilən görüşdə şəhər rəhbərliyinin də bildirdiyi kimi, qısa müddətdə Sumqayıtın ikinci giriş yolu hesab olunan Sahil küçəsi də yenidən qurulmuş, dəniz kənarı ilə Novxanı istiqamətində 7,5 kilometr uzunluğunda yol əsaslı təmir olunmuşdur. Yolun eni genişləndirilərək 13 metrə çatdırılmış, 112 min kvadratmetr sahəyə asfalt döşənmişdir. Yol boyu 5 kilometr uzunluğunda istinad divarları çəkilmiş, hasarlar aqlay daşı ilə üzlənmiş, yolkənarı obyektlər təmir olunmuşdur. Yolun Corat qəsəbəsindən keçən hissəsində sakinlərin istirahəti üçün parklar salınıb, işıqlandırma sistemi quraşdırılmışdır.
Azərbaycan Prezidenti İlham Əliyevin son səfər zamanı açılışında iştirak etdiyi qlobal layihələrdən biri də dənizkənarı bulvar və şəhər çimərliyi olmuşdur. Xatırlatmaq lazımdır ki, ölkə başçısı hələ 2011-ci ilin iyun ayında Sumqayıt şəhərinə səfəri zamanı dəniz kənarında müasir bulvar kompleksinin yaradılması ilə bağlı qarşıya vəzifə qoymuşdu. Bu tapşırıq şəhərin hazırkı rəhbərliyi tərəfindən ən qısa müddətdə icra edilmişdir. Ölkə rəhbəri cənab İlham Əliyev çıxışında bu faktı xüsusi qeyd etmişdir: “Bu bulvarın yaradılmasında şəhər rəhbərliyinin xüsusi rolu, Sumqayıt sakinlərinin də böyük rolu olmuşdur. Mən çox istəyirdim ki, Sumqayıtda Bakı bulvarına bənzər bir bulvar olsun. Bu gün biz buna nail olduq. Sumqayıt bulvarı cəmi bir il ərzində, bəlkə də ondan da az bir vaxtda yaradılıb. Məsafəsi dörd kilometrdən çox olan bu bulvar göz oxşayır. Burada həm plyaj, həm də bulvar hissələri var, yol çəkilib və bütün infrastruktur, istirahət zonaları yaradılıb. Əminəm ki, bulvar Sumqayıt sakinlərini və şəhərin qonaqlarını sevindirəcək”.
Ümumilikdə son illər sosial infrastrukturun müasirləşdirilməsi, əhaliyə yüksək keyfiyyətli xidmətlərin göstərilməsi, bu zaman ən qabaqcıl təcrübənin nəzərə alınması, insanların istirahəti üçün yüksək şəraitin yaradılması şəhər rəhbərliyinin yenilikçi iş üslubunun əyani göstəricisi kimi diqqəti çəkir. Bu kontekstdə Sumqayıtda insan amilini əsas tutan bir sıra qlobal layihələrin uğurla reallaşdırıldığını da xüsusi qeyd etmək lazımdır. Abadlıq-quruculuq tədbirləri çərçivəsində son bir ildə şəhər ərazisindəki əksər park və meydanların yenidən qurulması əhalinin asudə vaxtının səmərəli təşkili baxımından mühüm əhəmiyyətə malikdir. Şəhərdə ekoloji mühitin sağlamlaşdırılması məqsədilə 250 mindən çox ağac, 2 milyona yaxın gül əkilmiş, küçə və prospektlər boyunca yolların kənarlarına, eləcə də park və xiyabanlara 400 min kvadratmetrdən çox sahədə yaşıllıq zolağı salınmışdır.
Ulu öndərin adını daşıyan parkda da yenidənqurma işləri aparılmış, burada ümumi sahəsi 5 min kvadratmetr olan 4 mərtəbəli Heydər Əliyev Mərkəzi inşa edilmişdir. Parkın ərazisində müasir memarlıq üslubunda şahmat məktəbi və incəsənət məktəbi inşa edilmiş, habelə Sumqayıt Dövlət Dram Teatrı əsaslı təmir olunaraq müasir avadanlıqlarla təchiz edilmişdir.
Bağça və məktəblər əsaslı təmir edilmiş, yeni istilik sistemləri ilə təmin olunmuşdur. 320-dən çox yaşayış binasında dam örtükləri yenidən qurulmuş, 200-dən artıq çoxmənzilli yaşayış binasının liftləri dəyişdirilib yenisi ilə əvəz olunmuşdur. Şəhərin daxili yol infrastrukturu yenilənmiş və inkişaf etdirilmişdir. 77 binanın fasadı yenidən qurulmuş və 21 bina ağ lay daşlarla üzlənmişdir. Şəhərin yaşayış məntəqəsi kimi inkişafı möhtərəm Prezidentin tapşırıqları üzrə davam etməkdədir.
Şəhərin ərazi təsərrüfat kompleksi kimi inkişaf etdirilməsi istiqamətində də mühüm işlər görülür. Ümumiyyətlə, Sumqayıtda inkişaf prosesi çoxcəhətli xarakterə malikdir: sənaye, digər profilli istehsal müəssisələri, sosial həyat, infrastruktur və digər sahələrdə sürətli tərəqqi paralel şəkildə özünü göstərərək bir-birini tamamlayır. Ölkə Prezidentinin Sumqayıtın sənaye potensialının möhkəmləndirilməsi, burada sahibkarlığın inkişafı, yeni iş yerlərinin açılması vacibliyi ilə bağlı söylədiyi fikirlər də şəhərin iş adamları tərəfindən böyük rəğbətlə qarşılanmışdır.
Şəhərdə sənayenin qeyri-neft sektorunun inkişaf istiqamətlərinin genişləndirilməsi, rəqabətədavamlı sənaye məhsullarının istehsalının dəstəklənməsi və ixracyönümlü istehsal sahələrinin yaradılmasının təşviqi qarşıya qoyulan əsas məqsədlərdəndir. Bununla əlaqədar ixrac potensialının artırılmasında və cəmiyyətin sosial problemlərinin həllində sahibkarlıq institutunun rolunun gücləndirilməsi, iş adamlarının fəaliyyətinin sahə, regional və texnoloji baxımdan strukturunun optimallaşdırılması üçün konkret tədbirlər həyata keçirilir. Nəticə etibarilə Sumqayıtda müxtəlif təyinatlı məhsulların istehsalı ilə məşğul olan müəssisələrin maddi-texniki bazası davamlı olaraq möhkəmləndirilir, müasir tələblərə uyğunlaşdırılır, yeniləri inşa edilir. Son 5 ildə Prezident cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə burada Cənubi Qafqazda analoqu olmayan Sumqayıt Texnologiyalar Parkı, Sumqayıt Kimya Parkı və digər müəssisələr yaradılmışdır. Bütün bunlar həm də çoxlu sayda yeni iş yerlərinin açılmasına, əhalinin sosial rifahının yaxşılaşmasına səbəb olmuşdur.
Görülən işlər nəticəsində Azərbaycanın bu sənaye şəhərinin tarixi şöhrəti özünə qaytarılır, Sumqayıt Cənubi Qafqazın sənaye mərkəzi kimi özünü təsdiq edir. Düşünürəm ki, bu diqqət və qayğının nəticəsi olaraq şəhərin iri müəssisələrindən sayılan Sumqayıt Şüşə Zavodunun da əsaslı yenidənqurulması yaxın gələcəkdə reallaşacaqdır.
Sumqayıt bir ərazi təsərrüfat kompleksi kimi də yenidən formalaşır və inkişaf edir. Şəhərin əlverişli sağlam ictimai iqlim zonası kimi inkişafı burada ictimai münasibətlərin vətəndaş cəmiyyəti quruculuğu prinsiplərinə uyğun formalaşmasından keçir. Şəhər rəhbərliyi Yeni Azərbaycan Partiyasının yerli təşkilatı, demokratik təsisatlar, ictimai birliklər, Şəhər Ağsaqqallar Şurası, dini qurumlar, gənclər təşkilatları, yerli və xarici sahibkarlar, bələdiyyələr və mərkəzi icra hakimiyyəti orqanlarının yerli nümayəndəlikləri ilə birgə bu münasibətləri sağlam qarşılıqlı əməkdaşlıq çərçivəsində formalaşdırır, qarşıda duran vəzifələrin səmərəli həllinə yönləndirilməsinə nail olur. Bu isə şəhərdə ictimai münasibətlərin düzgün formalaşdırılması və ictimai iqlimin sağlam, işgüzar, əlverişli şəraitdə inkişafını təmin edir.
Bəli, dövlət başçısının son səfəri bir daha təsdiqlədi ki, Azərbaycanın dinamik və modern inkişafının əsas ünvanlarından birinə çevrilən Sumqayıt sürətli intibahının yeni mərhələsini yaşayır. Şəhərə son səfəri zamanı “Mən on altıncı dəfədir ki, Sumqayıta gəlirəm və bundan sonra da gələcəyəm. Sumqayıtın inkişafı daim diqqət mərkəzində olacaq. Bu gün isə sumqayıtlıları, şəhər rəhbərliyini əldə edilmiş bütün uğurlar münasibətilə bir daha təbrik etmək istəyirəm” – deyən Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu fikirləri şəhər sakinləri tərəfindən böyük sevinc və minnətdarlıq duyğuları ilə qarşılanmışdır.
Sumqayıtlılar son referendumda konstitusion dəyişiklikləri dəstəkləməklə, sabaha böyük ümid və inamla yanaşdıqlarını nümayiş etdirdilər. Bu, təkcə bir şəhərin deyil, bütövlükdə Azərbaycanın uğurlu gələcəyinə göstərilən səmimi inamdır. Hamı ürəkdən inanır ki, ölkə başçısının rəhbərliyi altında qarşıdakı illərdə respublikamızın hər bir şəhəri, rayonu, kəndi daha sürətlə inkişaf edəcək, müstəqil Azərbaycan inkişaf etmiş ölkələr sırasında öz layiqli yerini daha da yüksəldəcəkdir.

Qüdrət KƏRİMOV,
iqtisad elmləri doktoru

Facebook Şərhləndirmə:

Şərhinizi yazın