Menu
Geri İrəli

Sumqayıt Dövlət Universitetində Milli Qurtuluş Günü qeyd edildi

Müəllif: sumqayitxeber.com • Tarix: 12 İyun 2012 • Baxış sayı: 300 dəfə • Şərh yoxdur

Milli Qurtuluş günü Sumqayıt Dövlət Universitetində də qeyd edildi. Bu münasibətlə universitetdə Sumqayıt Şəhər Icra Hakimiyyəti ilə birlikdə tədbir keçirildi. Öncə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin universitetin foyesində qoyulmuş büstü önünə al qızılgüllər düzərək, dahi liderin xatirəsinə dərin ehtiramlarını bildirdilər.

 

Tədbiri açıq elan edən SDU-nun rektoru, professor Nadir Qəhrəmanov ulu öndər Heydər Əliyevin 34 illik rəhbərliyi dövründə Azərbaycanın əsaslı inkişaf yoluna çıxdığını, müstəqil dövlətimizin qazandığı nailiyyətlərin məhz dahi liderin strategiyasının nəticəsi olduğunu vurğuladı.

 

Rektor qeyd etdi ki, dünya şöhrətli siyasi xadim Heydər Əliyev ən çətin və keşməkeşli anlarda həmişə öz xalqına dayaq olmuşdur. O, XX əsrin sonunda da müstəqilliyini bərpa edən Azərbaycanın banisi və xilaskarı oldu. Onun gərgin və yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan dünyada özünəməxsus yeri olan dövlətlərdən birinə çevrildi.

“Biz bu gün böyük fəxrlə söyləyə bilərik ki, Heydər Əliyev ideyalarını ölkə prezidenti cənab İlham Əliyev strateji xətlə inkişaf etdirir” deyən rektor Azərbaycanın beynəlxalq əlaqələrindən söhbət açaraq  bildirdi ki, Azərbaycan bütün ölkələrlə sıx əlaqələr qurmuş, dostluq, mehribanlıq münasibətlər yaratmışdır. Keçən ilin oktyabr ayının 24-də Azərbaycan ilk dəfə olaraq Birləşmiş Millətlər Təşkilatının strateji qurumu olan Təhlükəsizlik Şurasına dünyanın 155 dövlətinin dəstəyi ilə qeyri-daimi üzvü seçilməsi müstəqilliyimizin 20 ili ərzində qazandığımız olduqca böyük tarixi nailiyyətdir. May ayının 4-də BMT-nin Təhlükəsizlik Şurasının «Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə yaratdığı təhdidlər» mövzusuna həsr edilmiş iclasa Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrlik etməsi isə bizim üçün qürurvericidir.

 

Professor Nadir Qəhrəmanov may ayında baş tutan «Avrovizyon» mahnı müsabiqəsinin yüksək səviyyədə təşkil olunması və bu tədbirin ölkəmizi və xalqımızı, onun dəyərlərini dünyaya çatdırmaq baxımından əhəmiyyətindən bəhs etdi. “Təbii ki, Azərbaycanın bu uğuruna kölgə salanlar da az olmayıb. Son dövrlər İran-İslam Respublikasının Azərbaycana qarşı yürütdüyü siyasət pislənərək öz layiqli cavabını almışdır” – deyə rektor əlavə etdi.

 

Tədbirdə Ulu öndər Heydər Əliyevin bütün sahələrə xüsusilə elm və təhsilə göstərdiyi qayğıdan söhbət açıldı. Bildirildi ki, millətin işıqlı gələcəyinin elmdən, təhsildən başladığını vurğulayan ümummilli lider Heydər Əliyev hər zaman bu sahəyə xüsusi diqqətlə yanaşmışdır.

 

Yeri gəlmişkən bu yaxın günlərdə SDU-nun 50 illik yubileyi qeyd olunacaq. Elə Sumqayıt Dövlət Universiteti də Heydər Əliyevin mütərəqqi və məqsədyönlü fəaliyyəti sahəsində müasir Azərbaycan təhsilinə verdiyi töhfələrdəndir.

Qurtuluş gününə həsr olunmuş tədbirdə Tarix fakültəsinin dekanı, professor Adil Baxşəliyev, Ümumi tarix kafedrasının müdiri, professor Şirxan Səlimov, filologiya fakültəsinin I kurs tələbəsi İsaməddin Qəmbərov, həmin fakültənin I kurs tələbəsi Aidə Babayeva və digər natiqlər çıxış edərək müstəqil Azərbaycanın yaradıcısı, və qurucusu Heydər Əliyevin bütün sahələrindəki fəailiyyətindən danışdılar, onun irsinin daim yaşayacağını bildirdilər.

 

Sonda Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə universitet kollektivi adından müraciət qəbul edildi.

 

 Sumqayıt Dövlət Universitetinin Mətbuat Xidməti

Facebook Şərhləndirmə:

Şərhinizi yazın