Menu
Geri İrəli

SDU-da Xocalı faciəsi anıldı

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Fevral 2013 • Baxış sayı: 379 dəfə • Şərh yoxdur

Sumqayıt Dövlət Universitetində (SDU) Xocalı faciəsinin 21-ci ildönümü ilə bağlı anım tədbiri keçirildi.

Tədbirdə çıxış edən universitetin rektoru, professor Nadir Qəhrəmanov bildirdi ki, 1992-ci il fevralın 25-dən 26-a keçən gecə erməni daşnaqları 366-cı alayın köməyi ilə xocalıları amansızcasına qırdı, əsrin ən böyük soyqırımını törətdi. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-ı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü. Rektor vurğuladı ki, ovaxtkı hakimiyyətin başı siyasi oyunlara qarışdığından uzun müddət faciəyə siyasi qiymət verilmədi, yalnız dahi siyasətçi, ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıtmasından sonra hadisə siyasi-hüquqi qiymətini aldı.

Sumqayıt hadisələri barədə də danışan professor N.Qəhrəmanov vurğuladı ki, bu hadisələr də ermənilərin siyasi oyunun bir parçası idi.

Bu yaxınlarda Rusiya mətbuatında dərc olunan Əkrəm Əylislinin “Daş yuxular” romanına münasibət bildirən rektor müəllifin Azərbaycan xalqına böhtan atdığını, Azərbaycan tarixini saxtalaşdıraraq təqdim etdiyini dilə gətirdi.

Daha sonra çıxış edən SDU-nun Ümumi Tarix kafedrasının müdiri, professor Şirxan Səlimov Xocalı faciəsi ilə bağlı məlumat verərək bu hadisənin uzun müddət öncədən planlaşdırıldığını qeyd etdi, o vaxtkı siyasi ziddiyyətlərdən bəhs etdi.

Rus dili kafedrasının müdiri, professor Ramazan Məmmədov isə Sumqayıt hadisələri barədə danışdı, bu hadisələrin ermənilər və ruslar tərəfindən məqsədli şəkildə təşkil və icra olunduğunu diqqətə çatdırdı.

Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının müdiri, dosent Yusif Aslanlı yazıçı Əkrəm Əylislinin “Daş yuxular” əsəri barədə danışdı, əsər müəllifinin Azərbaycan tarixinə və xalqına zidd faktlarla çıxış etdiyini, uydurma faktlarla dünyaya özünü məzlum, əzilmiş kimi təqdim edən ermənilərə tutalqa verdiyini qeyd etdi.

Şair Əvəz Mahmud Lalədağ da ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş vəhşiliklərdən, qırğınlardan bəhs etdi, Əkrəm Əylisli kimilərinin xalqımıza böhtan ataraq xəyanət etdiyini diqqət çatdırdı.

Universitetin tələbəsi Tünzalə Məşədiyeva da xalqımızın üzləşdiyi faciələrdən danışdı, gənclərimizin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətdə əlindən gələni etməli olduğunu qeyd etdi.

Sumqayıt Dövlət Universitetinin Mətbuat Xidməti

Facebook Şərhləndirmə:

Şərhinizi yazın