Menu
Geri İrəli

Sumqayıt Dövlət Universitetində əmək yarmarkası keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 23 May 2014 • Baxış sayı: 796 dəfə • Şərh yoxdur

sdu-yarmarkaMayın 23-də Sumqayıt Dövlət Universitetində (SDU) “Karyerada ilk addım” devizi altında növbəti əmək yarmarkası keçirilmişdir.
Tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin təşkilatçılığı reallaşmışdır.
AzərTAc xəbər verir ki, SDU-nun rektoru Elxan Hüseynov belə bir tədbirin təşkilinə, yuxarı kurslarda təhsil alan, xüsusən ali təhsil ocaqlarını bitirərək əmək fəaliyyətinə başlamaq ərəfəsində olan məzunlarla işəgötürənlər arasında ilkin əlaqələrin qurulmasına, onlarda müasir əmək bazarı barədə dolğun məlumat yaratdıqlarına görə minnətdarlığını bildirmişdir.
Tələbə və məzunların əmək bazarına inteqrasiyası məqsədilə həyata keçirilən fəal məşğulluq tədbirində 3 dövlət, 26 qeyri-dövlət sektoruna aid, ümumilikdə 29 müəssisə iştirak etmişdir. Onların sırasında Sumqayıt Texnologiyalar Parkı, “Gilan Tekstil Park”, “Bismak” Qida-Sənaye Kompleksi, “BASF” kimya şirkəti, “İntertextile” ASC, “Azersun Holdinq”in Azərbaycan kağız və karton istehsalı kombinatı, “Mətanət-A” şirkəti, “Azbentonit” MMC və digər iri şirkətlər də yarmarka iştirakçılarına vakant iş yerlərini təqdim etmişlər.
Tədbir zamanı tələbə və məzunlara universitetdə tədris edilən ixtisaslara uyğun 192 boş iş yeri təklif olunmuşdur. Onlardan 79-u sənaye, 54-ü xidmət, 23-ü tədris, qalanları isə digər sahələrə aiddir. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT-nin İnkişaf Proqramının birgə layihəsi çərçivəsində gənclərdə əmək bazarına daxil olmaq və karyera qurmaq bacarığı formalaşdıran “SYSLAB” Sumqayıt Mərkəzi də tədbirdə iştirak etmişdir.
Tədbirdə boş iş yerlərinə göndərişlər verilməklə yanaşı, peşə hazırlığına cəlb olunmaq istəyənlərin qeydiyyatı aparılmış, yay tətili zamanı müvəqqəti və mövsümi xarakterli işlərdə çalışmaq istəyən tələbələr üçün də əmək birjasının fəaliyyəti təşkil olunmuşdur.
Dövlət Məşğulluq Xidmətinin rəisi Anar Bədəlbəyli jurnalistlərə müsahibəsində bildirmişdir ki, ötən ilə nisbətən vakant yerlərin sayında artım vardır. Müxtəlif peşələrə, iaşə obyektlərinə işçi qruplarına ehtiyac duyulduğu üçün məşğulluq idarəsi bununla bağlı xüsusi kurslar da təşkil etmişdir. O bildirmişdir ki, gənclər iqtisadi yönümlü ixtisaslara daha çox meyil göstərirlər. Bu da ölkəmizdə aparılan iqtisadi siyasətin dinamik inkişafından xəbər verir.
Xidmət rəisinin sözlərinə görə, aprel-may aylarında respublikamızın bir sıra təhsil müəssisələrində silsilə tədbirlər keçirilmiş və ümumilikdə 511 nəfər boş iş yerinə göndəriş verilmiş, 113 nəfər peşə hazırlığına cəlb edilmələri üçün qeydiyyata alınmış, işəgötürənlər tərəfindən gələcəkdə kadr seçiminin aparılması üçün 1842 nəfər tələbə və məzundan CV-lər qəbul edilmişdir. Gənclərin əmək bazarına çıxışının dəstəklənməsinə və səmərəli məşğulluğunun təminatına xidmət edən fəal məşğulluq tədbirləri davam etdiriləcəkdir.
Fəal məşğulluq tədbiri zamanı yerli sənaye və istehlak məhsullarının sərgisi də təşkil edilmişdir. Həmçinin şirkətlər tələbə və məzunlar üçün müxtəlif tipli mükafatlandırma və tanıtım aksiyaları təşkil etmişlər.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın