Menu
Geri İrəli

Sumqayıt Dövlət Universitetində respublika elmi–nəzəri konfransı keçirilir

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Sentyabr 2014 • Baxış sayı: 510 dəfə • Şərh yoxdur

sduSentyabrın 24-də Sumqayıt Dövlət Universitetində (SDU) “Əsrin müqaviləsi” Heydər Əliyevin yeni neft strategiyasıdır” mövzusunda ikigünlük respublika elmi–nəzəri konfransı öz işinə başlayıb.
“Əsrin müqaviləsi”nin imzalanmasının 20 illiyinə həsr olunan konfransda respublikanın 9 ali məktəbinin, Türkiyənin Ağrı Universitetinin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyinin əməkdaşları iştirak edirlər.
AzərTAc xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları xalqımızın ümummilli lideri Heydər Əliyevin SDU-nun foyesindəki büstü önünə gül-çiçək dəstələri qoyaraq, xatirəsini ehtiramla anıblar.
Plenar iclası giriş sözü ilə açan universitetin rektoru Elxan Hüseynov bildirib ki, ulu öndər Heydər Əliyevin misilsiz fədakarlığı, gərgin zəhməti, diplomatik səyləri nəticəsində 1994-cü il sentyabrın 20-də Bakıda xarici ölkə şirkətləri ilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adını almış neft kontraktları bağlanıb. Dənizin dərinliyində yerləşən “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsini və hasilatın pay bölgüsünü əhatə edən “Əsrin müqaviləsi”ndə 8 ölkədən 13 şirkət iştirak edib. Qeyd olunub ki, bu müqavilə sonradan 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 26 sazişin imzalanmasına yol açıb. “Əsrin müqaviləsi” ilə əsası qoyulan milli neft strategiyası dünya dövlətləri ilə Azərbaycan arasında yeni münasibətlərin yaranmasına səbəb olub və ölkəmizin tarixinə neft strategiyasını müəyyən edən ilk iri iqtisadi sənəd kimi düşüb.
Konfransın plenar iclasında çıxış edən “Azərikimya” İstehsalat Birliyi Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev bildirib ki, müstəqilliyimizin ilk illəri ölkəmiz üçün ağır keçirdi. İqtisadi, siyasi, hərbi böhran Azərbaycanı çox ağır vəziyyətə salmışdı. Məhz belə bir ağır şəraitdə “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycan qarşısında yeni imkanlar açdı, ölkəmiz özünü dünyaya təqdim etdi. İlk dəfə olaraq dünyada böyük transmilli konsorsium yaradıldı və bu müqavilə ilə Xəzərin neft ehtiyatları ilk dəfə olaraq Qara və Aralıq dənizləri ilə beynəlxalq bazarlara nəql olundu.
Digər çıxış edənlər də ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə imzalanan bu müqavilənin xalqımızın öz sərvətləri üzərində sahiblik hüququnu bir daha təsdiq etdiyini, eyni zamanda, Azərbaycan iqtisadiyyatının dünya bazarlarına açıq olmasının əyani təcəssümünə çevrildiyini diqqətə çatdırıblar. Qeyd olunub ki, “Əsrin müqaviləsi” Azərbaycanın bir dövlət kimi tanınmasına, dünya iqtisadi sisteminə qoşulmasına və beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsinə zəmin yaradıb.
Ümumilikdə konfransa 2 bölmə üzrə 102 tezis təqdim olunub. Təqdimatlar “Azərbaycan dövlətçiliyi”, “Əsrin müqaviləsi” və “Azərbaycanda elmi-texniki tərəqqi” bölmələrində dinləniləcək.
Sentyabrın 25-də konfrans işini davam etdirəcək.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın