Menu
Geri İrəli

Sumqayıt gənclərinin yay məktəbi başlayıb

Müəllif: sumqayitxeber.com • Tarix: 17 İyul 2013 • Baxış sayı: 192 dəfə • Şərh yoxdur

Sumqayıtda yaşayan və fəaliyyət göstərən istedadlı, yaradıcı və ictimai fəal gənclər üçün “Vətənimizi gəzək, öyrənək, sevək!” devizi altında yay məktəbi təşkil edilib. Tədbir “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində həyata keçirilir. Gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi, onların asudə vaxtlarının səmərəli təşkili, bu qəbildən olan gənclər arasında ünsiyyətin, qarşılıqlı təcrübə və məlumat mübadiləsinin yaradılması məqsədilə keçirilən builki ilk tədbir Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Qusar rayonunda baş tutub. Yay məktəbinə ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsinin 44-cü ildönümü günündə Sumqayıt şəhərindəki Heydər Əliyev Mərkəzindən start verilib. Sonra iştirakçılar Qusar şəhərinə gələrək, ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Onlar 1918-ci il mart soyqırımı qurbanlarının xatirəsinə “Qanlı dərə” adlı yerdə ucaldılmış kompleksə də baş çəkiblər. Burada Sumqayıt və Qusar gənclərinin iştirak etdikləri mitinqdə çıxış edən Qusar Rayon İcra Hakimiyyəti başçısının müavini Elman Mustafayev və Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənov erməni millətçiləri tərəfindən 1918-ci ildə qəzanın 162 kəndinin dağıdıldığını, bunlardan 27-nin əhalisi ilə birlikdə yandırıldığını, 16 min nəfərdən çox azərbaycanlının qətlə yetirildiyini, həmin il mayın 18-də Quba qəzasının Digah kəndinin “Qanlı dərə” adlanan ərazisində Amazaspın quldur dəstələrinin darmadağın edildiyini qeyd ediblər. Eyni zamanda çıxışlarda son illər ölkəmizin iqtisadi potensialının daha da güclənməsi nəticəsində mümkün olmuş yay məktəbinin təşkilinin mühüm əhəmiyyəti nəzərə çatdırılıb. Proqram çərçivəsində gənclər “Şahdağ” Qış-Yay Turizm Kompleksi ilə də tanış olublar. Qeyd edək ki, iyul-avqust ayları ərzində davam edəcək yay məktəbində ümumilikdə 500 nəfər olmaqla şəhərdəki müəssisə və idarələrdə, gənclər təşkilatları və qurumlarında çalışan fəal və yaradıcı gənclərin iştirakı planlaşdırılır. Nicat Xıdırlı, Sumqayıt

Facebook Şərhləndirmə:

Şərhinizi yazın