Menu
Geri İrəli

Sumqayıt: Görənlər zövq alır gözəlliyindən

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Oktyabr 2016 • Baxış sayı: 458 dəfə • Şərh yoxdur

Sumqayıt Bakıdan sonra Azərbaycanın ikinci şəhəridir. Sumqayıtın inkişafına daim böyük diqqət göstərilib. Əminəm ki, Sumqayıtın bugünkü vəziyyəti, bugünkü görkəmi həm şəhər sakinlərini, həm də bütün Azərbaycan xalqını sevindirir. Son illər ərzində Sumqayıtda çox böyük işlər görülüb. Bu gün iştirak etdiyim açılışlar onu əyani şəkildə göstərir. Cəmi 8-9 ay ərzində belə möhtəşəm Heydər Əliyev Mərkəzi yaradılıb. Bu gün Şahmat Məktəbinin, Uşaq İncəsənət Məktəbinin açılışını qeyd etdik. Gözəl, əzəmətli binalardır və bu binalarda uşaqlar oxuyur, dərs alır. Sumqayıt bulvarı isə hesab edirəm ki, bir möcüzədir.

                                                                                                        İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


03Yaranmasından cəmi 67 il ötən Sumqayıt hazırda inkişafının pik dövrünü yaşayır. Vaxtilə Sumqayıtdan keçmiş SSRİ-nin 700 şəhərinə sənaye məhsulları göndərilib. Ötən əsrin 90-cı illərində ictimai-iqtisadi formasiya dəyişdikdən sonra həmin əlaqələr qırılıb. Hazırda şəhərin əvvəlki şöhrətinin qaytarılması və sakinlərin sosial problemlərinin həlli diqqət mərkəzindədir. Artıq Sumqayıt Cənubi Qafqazın 2-ci böyük sənaye şəhəri sayılır. Sumqayıta Prezident İlham Əliyev tərəfindən müstəsna qayğı göstərilir.

Bu il sentyabrın 27-də dövlət başçısı Sumqayıta növbəti səfəri zamanı şəhərdə baş verən yeniliklərlə tanış olub. Dövlətimizin başçısının görülən işləri bəyənib təqdir etməsi sumqayıtlıları hədsiz dərəcədə fərəhləndirib, onları doğma şəhəri daha da gözəlləşdirməyə ruhlandırıb.

Əldə olunan nailiyyətlər sumqayıtlıların həm də bir növ hesabatı idi. İdarəetmə sahəsində böyük təcrübəsi olan Zakir Fərəcovun şəhər rəhbərliyinə təyinatından ötən bir ildə burada bütün sahələrdə böyük canlanma yaranıb. Sumqayıtın yeni, ümumi inkişaf konsepsiyası həyata keçirilir. Bütün abadlıq-quruculuq işləri şəhərin Baş Planı və gələcək perspektivi nəzərə alınmaqla aparılır. Hər kəs şəhərin tərəqqisinə öz töhfəsini verməyə çalışır.

Şəhərin əsas giriş yolu olan Sülh küçəsi 4,2 kilometr məsafədə hər iki tərəfə xeyli genişləndirilib.  Yolun əvvəlində Bayraq Meydanı tikilib. Bu küçənin yenidən qurulması Bakıdan Sumqayıta və əks istiqamətə nəqliyyatın rahat və maneəsiz hərəkətinə hərtərəfli imkan yaradır. Yolun sağ və sol cinahlarının güllü-çiçəkli çəmənlikləri göz oxşayır.

Sumqayıtın ikinci giriş yolu sayılan Sahil küçəsi də yenidən qurulub, dəniz kənarı ilə Novxanı istiqamətində 7,5 kilometr uzunluğunda yol əsaslı təmir olunub. Üçüncü giriş qapısı – Metallurqlar küçəsi isə abadlaşdırılmağa başlanıb. Şəhərin digər küçələrində də genişmiqyaslı abadlıq işləri aparılır.

Ulu öndərin adını daşıyan parkın ərazisi 8 hektardan 10 hektara qədər genişləndirilib. Burada 200-dən çox müasir işıq dirəyi, oturacaqlar quraşdırılıb, 5 mindən çox ağac və dekorativ gül kolu əkilib, 20 min kvadratmetrdən çox sahədə yaşıllıq zolağı salınıb, 30 min kvadratmetr daş döşənib. Parkda, həmçinin rəngli fontan kompleksi və Bayraq Meydanı tikilib, uşaqlar üçün əyləncə mərkəzi inşa olunub.

Parkın ərazisində ümumi sahəsi 5 min kvadratmetr olan, əzəməti və misilsiz görkəmi ilə seçilən  Heydər Əliyev Mərkəzi inşa edilib və qarşısında ulu öndərin möhtəşəm abidəsi ucaldılıb. Əsl memarlıq əsəri sayıla biləcək dördmərtəbəli mərkəz funksional baxımdan da çox əhəmiyyətlidir. Mərkəzdə ümummilli liderin həyat və fəaliyyətini əks etdirən eksponatlardan ibarət muzey, 400 yerlik iclas, 50 yerlik konfrans, rəqs, sərgi və kompüter zalları, elektron kitabxana, xalçaçılıq dərnəyi, rəsm və linqafon otaqları, smartfon sinfi, foto və videostudiya, gənclər üçün diskussiya zalları fəaliyyət göstərəcək. Bunlardan əlavə, 4-cü mərtəbədə nikah zalı yerləşir. Ailə quran hər bir sumqayıtlı gənc üçün ulu öndərin həyatı böyük örnəkdir. Artıq burada gənclərin ilk nikah mərasimləri keçirilib.

pulvarParkın ərazisində müasir memarlıq üslubunda tikilmiş Şahmat Məktəbi ərazinin gözəlliyinə özünəməxsus çalar qatıb. Uşaqların bu zəka oyununun sirlərinə dərindən yiyələnməsini təmin etmək üçün məktəbdə hər cür şərait yaradılıb. Dərslərin innovativ vasitələrin köməyi ilə keçirilməsinə imkan verən əsas yarış zalı, altı tədris sinfi, müəllimlər otağı, kompüter guşəsi var. Dövlətimizin başçısının burada elə bu məktəbin yetirmələri olan qadınlardan ibarət milli komandanın üzvləri Zeynəb və Türkan Məmmədyarova bacıları ilə görüşməsi, balaca şahmatçılara uğurlar arzulaması hər kəsə xoş duyğular yaşadıb. Onlar deyirlər ki, bu görüşü və dövlət rəhbərinin şahmatçılara xeyir-dua verməsini heç zaman unutmayacaqlar.

Yeni Uşaq İncəsənət Məktəbi isə parkdakı gözəllikləri layiqincə tamamlayır. Bu məktəb əvvəllər  yaşayış binasının birinci mərtəbəsində və əlavə tikilmiş qeyri-yaşayış sahəsində yerləşirdi. Məktəbin zamanın tələbinə uyğun daha müasir binada yerləşdirilməsi qısa müddətdə və yüksək səviyyədə həyata keçirilib. Ümumi sahəsi 2950 kvadratmetr olan bina üçmərtəbəlidir. Məktəbdə 730 şagird təhsil alacaq və 217 müəllim çalışacaq. Buradakı 27 sinif otağının hamısı müasir avadanlıqla, təlim-tədris ləvazimatı ilə təchiz olunub. 120 yerlik akt zalında müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulur. Kitabxana, rəsm otağı və emalatxanalarda dərslərin keçirilməsi üçün bütün imkanlar var. Təntənəli açılış mərasimində Prezident İlham Əliyevin qarşısında məktəb xorunun ifası xüsusilə xoş təəssürat yaradıb.

Bildiyimiz kimi, son dövrlərdə dövlət başçısının tapşırığına əsasən, yeni park və xiyabanların, istirahət guşələrinin yaradılmasına Sumqayıtda da xüsusi diqqətlə yanaşılır. Həmin istiqamətdə reallaşdırılan ən mühüm layihələrdən biri Dənizkənarı bulvarın və şəhər çimərliyinin yaradılmasıdır. Dünyada hökm sürən iqtisadi böhran dövründə ölkəmizdə sosial layihələrin ardıcıl şəkildə həyata keçirilməsi ilk növbədə dövlətimizin qüdrətini göstərir. Burada 160 mindən çox ağac və dekorativ kol, 2 milyon ədəd gül-çiçək əkilib, avtomat suvarma sistemi yaradılıb, 60 min kvadratmetr sahədə çəmənlik salınıb, işıqlandırma sistemi qurulub, yüzlərlə oturacaq qoyulub. Beş yerdə fəvvarə kompleksi tikilib, su təchizatı və kanalizasiya şəbəkəsi yaradılıb. Kompleks boyunca 12 min metr uzunluğunda piyada yolu salınıb, mühafizə kameraları, ­monitorlar quraşdırılıb.

Ümumi sahəsi 106 hektar, uzunluğu 4,2 kilometr olan Sumqayıt Park-Bulvar Kompleksində   kiçik ölçülü gəzinti avtobusları və avtomobil yolu ilə yanaşı, velosiped idmanı ilə məşğul olmaq istəyənlər üçün də 3 metr enində xüsusi hərəkət zolağı salınıb. Bununla yanaşı, 3 kafe-çay evi, istirahət obyektləri, attraksionlar, kinoteatr, tennis kortu, futbol meydançaları, yay musiqi səhnəsi, ticarət və əyləncə mərkəzləri yaradılıb. Ərazidəki 2 uşaq-əyləncə mərkəzində balacalar üçün 10 attraksion quraşdırılıb. Burada ­500-dən çox yeni iş yeri açılacaq.

Səfər zamanı dövlətimizin başçısına bulvar ərazisində inşa edilən “Kristal Abşeron” yaşayış kompleksi barədə də məlumat verilib. Bu `kompleksdə sakinlər mənzilləri 20 illik ipoteka yolu ilə də ala bilərlər.

Bulvar boyunca salınan yeni asfalt yolun eni 16 metrdir. Bundan başqa, 4,2 kilometr uzunluğunda istinad divarı tikilərək mərmərlə üzlənib. Axşamlar park-bulvar kompleksi ecazkar nur selinə qərq olur. Sakinlər gecədən xeyli keçənədək burada istirahət edirlər.

Söhbət etdiyimiz sakinlər cənab İlham Əliyevin Xəzərin sahilindəki bu kompleksi “əsl möcüzə” adlandırmasından hədsiz qürur duyduqlarını söylədilər. Sumqayıt Şəhər Ağsaqqallar Şurasının sədri, Prezidentin fərdi təqaüdçüsü Müzəffər Gülümov fikrini belə ifadə elədi:

-Bu cür layihələrin icrası bir daha sübut edir ki, Sumqayıtın abadlaşdırılması istiqamətində görülən işlər davamlıdır, keyfiyyətlə və vaxtında yerinə yetirilir. Bir sözlə, müasir üslubda, orijinal dizaynda yaradılan həmin istirahət məkanı Sumqayıtın görməli yerlərinə daha bir ünvanın əlavə edilməsi deməkdir. Bu park biz qocalar üçün xüsusilə əvəzsiz hədiyyədir. Böyük diqqət və qayğıya görə möhtərəm Prezidentimizə son dərəcə minnətdarıq.

Prezident İlham Əliyevə Sumqayıt şəhərində istifadə ediləcək yeni sərnişin avtobusları da təqdim edilib. Türkiyədə istehsal olunan “AKİA” markalı bu avtobusların ümumi sərnişin tutumu 72 nəfərdir. Avtobuslarda əlillər üçün yerlər və panduslar quraşdırılıb. Texniki göstəricilərə  mərkəzləşdirilmiş havalandırma sistemi, daxili və xarici müşahidə kameraları da daxildir. Beləliklə, Sumqayıtda sərnişindaşımanı keyfiyyətcə daha yüksək səviyyəyə çatdırmaq mümkün olacaq.

Sumqayıt şəhərində yeni binalar tikilməklə yanaşı, köhnə binaların görkəmi və kommunal şəraiti də diqqətdən yayınmır. Dövlət tərəfindən ayrılmış vəsait hesabına 323  çoxmənzilli yaşayış binasının dam örtükləri yenidən qurulub və hazırda bu işlər davam edir. 200 binanın isə liftləri dəyişdirilib. 250 çoxmənzilli yaşayış binasının istiliklə təmin olunması üçün müvafiq işlər görülüb, qazanxanalar mövsümə tam hazırlanıb. Hazırda 18-ci mikrorayonda 20 yaşayış binası üçün yeni qazanxana tikilir. Şəhərdə daha 600 yaşayış binası istiliklə təchiz olunacaq.

Son bir ildə Sumqayıtda məktəb və uşaq bağçaları ilə bağlı problemlərin aradan qaldırılması məqsədilə də çox iş görülüb. Bir neçə məktəb binası əsaslı təmir olunub, damlar, demək olar ki, tamamilə yenilənib.

İcra hakimiyyətinin başçısı Zakir Fərəcovun qənaətinə görə, uşaq bağçalarında yaşanan sıxlığın aradan qaldırılması üçün Sumqayıtda daha 50 bağçaya tələbat var. Qarşıdakı ildə 10 yeni uşaq bağçasının tikilməsi nəzərdə tutulur. Şəhərin səhiyyə ocaqları da diqqətdən kənarda qalmayıb: cari ildə 5 xəstəxana və poliklinika təmir edilib.

Azərbaycan Prezidenti İlham Əliyev səfər çərçivəsində əsaslı təmir olunaraq yenidən qurulan Sumqayıt Dövlət Dram Teatrının binasına da baş çəkib. Düz 60 il öncə inşa olunmuş bu binada yenidənqurma işlərinə ötən ilin dekabrında başlanıb. Binanın bütün mühəndis-texniki qurğuları yenilənib, 500 yerlik tamaşa və 100 yerlik akt salonu ən müasir avadanlıqla təchiz olunub. Tamaşaları texniki cəhətdən yüksək səviyyədə təqdim etmək üçün 360 dərəcə hərəkət edən səhnə, müasir akustika və işıqlandırma sistemləri quraşdırılıb. Teatrın qarşısındakı meydanda 15 min kvadratmetr sahəyə mərmər döşənib, iki yeni fəvvarə və monitor quraşdırılıb.

Yenidənqurma işləri teatrın 150 nəfərlik kollektivinə işlərini günün tələbləri səviyyəsində qurmaq üçün maksimum şərait yaradır. Yenicə Əməkdar artist fəxri adına layiq görülmüş teatrın aktyoru Cəlal Məmmədov:

-Ümumilikdə, teatrın binasının yenidən qurulması Azərbaycan dövlətinin mədəniyyət sahəsinin inkişafına göstərdiyi yüksək dəstəyi təcəssüm etdirir. Bu layihənin icrası son dövrdə Sumqayıtda gedən sürətli sosial-iqtisadi inkişafa təkan verməklə yanaşı, şəhərin ümumi görünüşünə də əlavə çalarlar qatır. Sevincimiz hədsizdir. Böyük diqqət və qayğıya yeni yaradıcılıq uğurları ilə cavab verəcəyik.

Prezident İlham Əliyevin Sumqayıt ictimaiyyətinin nümayəndələri ilə unudulmaz görüşündə də qeyd edildiyi kimi, hələ qarşıda bir çox həlli vacib məsələlər dayanır. Əhalinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq üçün yaxın dövrdə Kimyaçılar və İnşaatçılar yaşayış massivlərində ötən əsrin 40-50-ci illərində tikilmiş və qəzalı vəziyyətdə olan 100-ə yaxın taxta konstruksiyalı yaşayış binasının sökülməsi və əhalinin köçürülərək yeni mənzillərə yerləşdirilməsi planlaşdırılır. Həmçinin mərhələli şəkildə 100-dən çox yataqxana binasının əsaslı təmiri, 120 kilometr uzunluğunda şəhərdaxili yolların, 1,5 milyon kvadratmetr məhəllə və mikrorayondaxili sahələrin yenidən qurulması, 40 minə yaxın əhalinin yaşadığı ərazidən keçən, camaatın və sənaye müəssisələrinin kanalizasiya xətti kimi istifadə etdiyi 7,5 kilometrlik Acıdərə kanalının boruya alınması kimi işlər görülməlidir. Eyni zamanda, Superfosfat, Alüminium, Kompressorlar zavodlarını, Xovlu iplik fabrikini yenidən işə salmaq, sosial obyektlərin tikintisi üçün şəhər ərazisində fəaliyyətsiz qalmış onlarca idarə və təşkilatın 100 hektarlarla torpaq sahələrindən səmərəli istifadə etmək nəzərdə tutulur.

Nəhayət, onu da qeyd edək ki, dövlət başçısı Sumqayıta səfərinin ertəsi günü şəhərin inkişafını daha da sürətləndirəcək növbəti sərəncam imzalayıb. Bu sərəncama görə, Sumqayıt şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi üçün Prezidentin ehtiyat fondundan 5 milyon manat ayrılmışdır. Bundan başqa, ölkə rəhbərinin 5 oktyabr 2016-cı ildə imzaladığı sərəncamlarla  58 nəfər sumqayıtlı orden və medallarla təltif edilmiş və fəxri adlara layiq görülmüşdür. Bu, böyük etimad və mənəvi stimuldur. Deməli, hər addımı böyük hünər sayılan Sumqayıtın gələcəyi daha gözəl olacaq.

Bəli, son dövrlərdə Sumqayıtda görülən işlər ürərkaçandır. Şəhərin daim yenilik hissi ilə yaşayan, yaradıb-quran sakinləri bu gün çox nikbindirlər. Onlar ­Prezident İlham Əliyevin şəhərə tarixi sentyabr səfərindən və imzaladığı sərəncamlardan daha da ruhlanaraq xariqələrin sayını qat-qat artırmaq əzmindədirlər.

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin
bölgə müxbiri

Facebook Şərhləndirmə:

Şərhinizi yazın