Menu
Geri İrəli

Sumqayıt hadisələri.., Əhməd Əhmədov.., amansız hökm…

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Fevral 2014 • Baxış sayı: 712 dəfə • Şərh yoxdur

sumqayit-olaylari

Keçmiş SSRİ-nin ali hakimiyyət orqanları və erməni agenturasının Sumqayıt şəhərində törətdiyi hadisələrin 26-cı ildönümüdür.

Həmin hadisənin baş verməsində Sumqayıt əhalisi arasına yerləşdirilən və Azərbaycan dilini təmiz bilən ermənilərdən ibarət təxribatçı qruplar xüsusi rol oynayıb.
SSRİ DTK-sının himayə etdiyi həmin qruplar şəhərin müxtəlif yerlərində qətliamlar törədib. Erməni milliyətindən olan 26 nəfərin qətlə yetirilməsini məhz bu dəstələr həyata keçirib. Şəhərə yeridilən general Krayevin rəhbərlik etdiyi ordu hissələri isə bunları kənardan izlədikdən sonra, fevralın 29-da hadisələrə müdaxilə edib. Nəticədə 6 azərbaycanlı tankların tırtılları altında qalaraq şəhid olub, 400 nəfər xəsarət alıb, 200 mənzil talan edilib, 50 mədəni-məişət obyekti dağıdılıb, 40-dan çox avtomobil yararsız hala salınıb.

 

Günahsızların həbsi

 

Azərbaycanın o zamankı rəhbərliyi Sumqayıt hadisələrinin səbəblərini araşdıran istintaq qrupunun ermənilərin xeyrinə işləməsini təkcə susmaqla müşayiət etməyib, ədalətsiz qərara imza atıb. Hadisələrin səbəbini araşdıran keçmiş SSRİ Prokurorluğu və DTK-nın nümayəndələrindən ibarət istintaq qrupu baş verənləri bütövlükdə azərbaycanlıların üzərinə qoymaqla əsl həqiqəti ört-basdır edib. Təəssüf ki, həmin istintaq qrupuna daxil olan Azərbaycanın hüquq-mühafizə orqanlarının nümayəndələri haqsızlığa qarşı çıxmaq əvəzinə günahsız insanların mühakiməsində iştirak ediblər. Nəticədə 3 minə yaxın günahsız Sumqayıt sakini zindanlara doldurulub. Onlardan 400-ü  inzibati məsuliyyətə cəlb edilib, böyük bir qismi rüşvət verməklə canını qurtarıb, 94 nəfər barəsində isə cinayət işi açılıb.

Ölüm hökmü

İstintaq qrupu hadisənin səbəblərini, cinayətin törədilməsinə yarıdılmış şəraiti, əsl təşkilatçıları və qatilləri müəyyənləşdirməyib. Həbs olunan 93 nəfər azərbaycanlı 2 ildən 15 ilədək müddətlərə azadlıqdan məhrum edilib. Hadisələrin təşkilatçısı qismində mühakimə olunan Əhməd İman oğlu Əhəmdova isə SSRİ Ali Məhkəməsinin 1988-ci il 18 noyabr tarixli hökmü ilə güllələnmə kəsilib. Amansız hökm 17 ay sonra icra olunub.

Kim idi Ə.Əhmədov?

O, 1964-cü ildə Sumqayıtda fəhlə ailəsində anadan olub. Orta texniki peşə təhsili olan soydaşımız Sumqayıt hadisələri vaxtı Xovlu-iplik fabrikində fəhlə işləyib. O, həbs olunandan bir müddət öncə nişanlanıbmış. Yaşı 70-i haqlayan təqaüdçü valideynləri 1988-ci ilin yayında Əhmədi evləndirmək niyyətində imişlər. <p”>Ə.Əhmədov ilk dəfə fevralın 29-da axşam saatlarında işdən evə dönərkən şəhərdə keçirilən kütləvi aksiyaya qoşulub, lakin heç bir qətlin törədilməsində iştirak etməyib. 1988-ci il martın 12-də Sumqayıtda günahsız həbslər həyata keçirən prokurorluq nümayəndələri Əhmədgilə də basqın edirlər. Onu vanna otağından yarımçılpaq vəziyyətdə çıxarıb həyətdə gözləyən maşına basırlar… <p”>
Ə.Əhmədov Sumqayıtdakı 41a məhəlləsində 7 erməninin ölümündə təşkilatçı və iştirakçı qismində təqsirləndirilib.  SSRİ Ali Məhkəməsində soydaşımızın günahı sübut olunmasa da, Ə.Əhmdova ən ağır cəza kəsilib.

Əslində isə həmin şəxslərin qətlini Sumqayıtda yaşayan və əvvəllər dəfələrlə həbsdə olmuş E.Qriqoryan təşkil edib. Bu, məhkəmə istintaqı zamanı sübut olunsa da, SSRİ Prokurorluğu əsl həqiqəti ört-basdır edib. Kütləvi iğtişaşlarda iştirak, zorlama, qətl, qarət, milli ədavətin qızışdırılması ittihamları ilə mühakimə olunan E.Qriyqoryana cəmi 12 il cəza verilib.

Ə.Əhmədova güllələnmə hökmü kəsiləndən sonra Azərbaycandan SSRİ-nin ali hakimiyyət orqanlarına yüzlərlə şikayət məkbutu göndərilsə də, onların heç birinə cavab verilməyib. Hətta SSRİ xalq deputatı A.Mnikovun Mixail Qorbaçovdan Əhmədovun işinin yüngülləşdirilməsi xahişinə belə, baxılmayıb.

1989-cu il mayın 27-də Azərbaycan SSR Prokurorluğu Ə.Əhmədovun yaşlı valideynlərinin hislərinə toxunacaq bir hərəkətə yol verib. Prokurorluqdan valideynlərə göndərilən məktubda SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Əhməd Əhmədova verilən güllələnmə cəzasının dəyişdirilərək həbslə əvəz olunduğu bildirilib. Lakin tezliklə bu məktubun həqiqətə söykənmədiyi aşkar olunub. 1990-cı il aprelin 4-də SSRİ Ali Məhkəməsi Ə.Əhmədovun vəkili Y.Məmmədovu təqsirləndirilən şəxsə hüquqi yardım göstərmək üçün Moskvaya dəvət edib. Əhmədovlara oğlanları barədə hökmün dəyişdirilə biləcəyi bildirilib.
Vəkil Y.Məmmədov SSRİ Ali Məhkəməsinə, Prokurorluğuna və ölkə prezidentinə şikayət ərizəsi təqdim etmək üçün Moskvaya çatdıqdan bir gün sonra-aprelin 6-də Ə.Əhmədov güllələnib. Hökmün müəyyən qüvvələrin təzyiqi altında icra olunduğu istisna deyil.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın