Menu
Geri İrəli

Sumqayıt hadisələri: Qriqoryan kim olub? – FAKTLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Fevral 2016 • Baxış sayı: 567 dəfə • Şərh yoxdur

Keçmiş SSRİ hakimiyyəti və erməni xüsusi xidmət orqanlarının Sumqayıt şəhərində törətdiyi hadisələrdən 28 il ötür. 1988-ci il fevralın 27-dən 28-nə keçən gecə Sumqayıt şəhərində baş vermiş iğtişaşlar nəticəsində 32 nəfər həyatını itirdi. Onlardan 26-sı erməni, 6-sı isə azərbaycanlı olub.

Sumqayıt hadisələri əslində Ermənistan xüsusi xidmət orqanlarının həmin dövrdə təşkil etdiyi ssenarinin tərkib hissəsi idi. Bunu sübut edən kifayət qədər faktlar var.
Hadisələrin bilavasitə şahidlərinin ifadələrindən görünür ki, iğtişaşları təşkil edən “qara plaşlı”şəxslər sumqayıtlı olmayıblar. Onlar öz aralarında bəzi hallarda erməni dilində danışıblar, Azərbaycan dilini isə təmiz biliblər və hadisələr zamanı insanlar arasında ermənilər əleyhinə təbliğat aparıblar, camaata spirtli içkilər, güclü təsiredici həblər, dəmir parçaları və s. paylayıblar.

Məlum olduğu kimi, bu hadisələr bir qrup azğınlaşmış dəstə tərəfindən törədilib. Həmin dəstəyə isə “Paşa” ləqəbli Qriqoryan Eduard Robertoviç adlı bir erməni başçılıq edib. Qriqoryanın həmin dəstənin ən fəalı olnası şahid ifadələri əsasında sübut olunub. Həmin hadisələr zamanı öldürülən 26 ermənidən 6 nəfəri məhz Qriqoryanın “payına düşür”.

E.Qriqoryan Sumqayıt hadisələri zamanı 5 ermənini şəxsən özü öldürmüş, 8 erməni qadınını isə zorlamışdır. Bundan başqa onun bir dəstə rəhbəri kimi törədilmiş bütün cinayətlərdə əlinin olduğunu tərtib olunmuş ittiham aktları sübuta yetirir.

Maraqlısı ondan ibarətdir ki, hadisələr zamanı Sumqayıtda yaşayıb separatçıların yaratdıqları “Qarabağ” və “Krunk” təşkilatlarına pul köçürməyən ermənilər qətlə yetirilmişdi. Bu barədə Eduard Qriqoryan ətraflı təlimatlandırılmış və ona Sumqayıtda yaşayan həmin ermənilərin dəqiq siyahısı və ev ünvanları verilmişdi.
Erməni təşkilatları bu cür cinayətlər törətmiş E.Qriqoryanı ağır cəzadan da qurtara bildilər. Məhkəmə azərbaycanlı Əhməd Əhmədov haqda ölüm hökmü çıxardı və hökm dərhal icra olundu. Əsas günahkar Qriqoryana isə 12 il iş kəsildi, lakin bir neçə ildən sonra o, azadlığa buraxıldı.

Sual yaranır:

Kim idi bu erməni? Nəyə görə o, millətinə qarşı cinayətdə iştirak edirdi?

Bu şəxsin kim olduğunu öyrənmək üçün SSRİ istintaq qrupu tərəfindən hazırlanmış ittiham aktlarına nəzər yetirmək kifayətdir. Həmin aktlar Qriqoryanın kimliyi barədə aydın təsəvvür yaradır.

İttiham aktı:


Tərcüməsi:

16 dekabr 1959-cu ildə Azərbaycan SSR-in Sumqayıt şəhərində anadan olmuşdur, milliyyətcə erməni, bitərəf, orta təhsilli, ailəlidir, himayəsində yetkinlik yaşına çatmamış iki uşağı var, Sumqayıt şəhəri, 2-ci mikrorayon, Sülh küçəsi, ev 19/13, mənzil 20 ünvanında pasport qeydiyyatındadır, faktiki olaraq Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 122, mənzil 71 ünvanında yaşayır, Azərbaycan Boru Prokatı zavodunda Stan-140 qurğusunda çilingər işləyir, dəfələrlə məhkum olunmuşdur: 1) 17 dekabr 1976-cı ildə Sumqayıt şəhər Xalq Məhkəməsi tərəfindən Azərbaycan SSR CM-nin 207- ci maddəsinin 3-cü hissəsi ilə 3 il azadlıqdan şərti məhrumetmə cəzasına; 2) 30 yanvar 1981-ci ildə Azərbaycan SSR CM-nin 105-ci maddəsi ilə əmək haqqının 20 faizi tutulmaqla 1 il islah işlərinə; 3) 5 aprel 1982-ci ildə Azərbaycan SSR CM-nin 108-ci maddəsinin 2-ci hissəsi, 143-cü maddəsinin 2-ci hiss əsi, 215-3-cü maddənin 2-ci hissəsi və 215-ci maddəsi ilə 5 il 2 ay 13 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.

Əvvəllər müxtəlif cinayətlərə görə dəfələrlə məhkum olunmuş E.R.Qriqoryan 1988-ci il fevralın 28-də Sumqayıt şəhərinin mikrorayonlarında və məhəllələrində talanlar, dağıntılar, qəsdən yandırmalar və başqa oxşar əməllərlə müşayiət olunan kütləvi iğtişaşlarda bilavasitə iştirak etməkdə, bu iğtişaşların gedişində erməni millətindən olan vətəndaşların şəxsiyyəti və şəxsi mülkiyyəti əleyhinə bir sıra cinayətlər, eləcə də milli düşmənçiliyin və ayrıseçkiliyin qızışdırılmasına yönəlmiş əməllər törətməkdə ittiham edilir.

Qriqoryan zahirən qətiyyən erməni görkəminə malik birisi deyildi. Onu daha çox rusa, ləzgiyə oxşatmaq olardı. Buna görə də yaxın ətrafında olan qısa dairədən başqa hamı onu ləzgi kimi tanıyırdı. Məhz bu səbəbdən, həm də Azərbaycan dilində təmiz danışdığından, onun baş verən cinayətlərdəki aktivliyi heç kimdə şübhə doğurmurdu.

Qriqoryanın həmin Sumqayıt hadisələrini törədən dəstəyə rəhbərlik etməsi istintaq prosesi zamanı üzə çıxırdı. O, dəstə üzvləri arasında xüsusi nüfuza malik idi. Bu nüfuz qorxu səviyyəsinə gəlib çıxmışdı. Belə ki, məhkəmə iclaslarında bəzən təqsirləndirilən şəxslər çarpaz suallara cavab verilərkən, həqiqəti söyləyəndə, Qriqoryan bir baxışı ilə onları dərhal susdurur və dediklərindən imtina etməyə məcbur edirdi. Ümumiyyətlə, təqsirləndirilən şəxslər ifadə verərkən, bir gözləri daim Qriqoryanda olur, mimikasını izləyirdilər və onun mimikasındakı, hərəkətlərindəki hər hansı dəyişiklik onların ifadələrini dəyişməsinə kifayət edirdi.

Sumqayıt hadisələrilə bağlı dövlət ittihamını müdafiə edən prokuror Aslan İsmayılov Qriqoryanla bağlı aşağıdakı fikirləri söyləyir:

“Qriqoryan haqqında verilən xasiyyətnamədə göstərilir ki, o, 10 yaşından atasız böyüyüb, onun tərbiyəsi ilə anası məşğul olub, orta məktəbdə pis oxuyub. Ancaq bu, heç də onun ağıl göstəricisi ilə bağlı deyildi. Çünki məhkəmə dindirmələri zamanı verdiyim çarpaz suallarda təqsirləndirilən şəxslərin hamısı bəzən həqiqəti söyləyirdilər. Qriqoryanı isə bu cür suallarla dolaşdırmaq mümkün deyildi. Ona sualları verəndə, sanki, əvvəlcədən fikrimi oxuyur, 3-4 sual sonra nə soruşacağımı bilirdi. Və bütün çarpaz suallara əvvəl düşünür, analiz edir, sonra cavab verirdi. Məhkəmə boyunca bir dəfə də olsun onun verilən suala dərhal cavab verməsinin şahidi olmadım. Verilmiş suala cavab tapmadıqda, o ya təhqirə keçir, yaxud da gülə-gülə “cavab verməmək mənim hüququmdur” – deyirdi. Ola bilsin, o, yüksək savad sahibi deyildi, ancaq onun ağlı o iş üzrə bütün təqsirləndirilən şəxslərin bir yerdə olan ağlından daha üstün idi. Sanki, o, xüsusi hazırlıq keçmişdi”.

Qriqoryanın özünə arxayınlığı o qədər artmışdı ki, təqsirləndirilən şəxsləri təkcə təklikdə, üzləşmələrdə deyil, məhkəmə prosesində də açıq-aşkar təhdid edirdi. Qalib Məmmədov ifadə verərkən, Qriqoryan bir neçə dəfə heç kimdən çəkinmədən ona “sən prosesdən sonra baş verəcəkləri düşünmürsən?” – deyərək, hədə-qorxu da gəlirdi. Bu cür hədə-qorxular tez-tez bütün təqsirləndirilən şəxslərə qarşı olurdu.

Yuxarıda qeyd etdiyimiz kimi Sumqayıt hadisələrinin əsas “günahkarı” kimi Əhməd Əhmədov adlı azərbaycanlıya ölüm hökmü verildi və hökm dərhal icra olundu. Qriqoryana isə əvvəlcə 12 il həbs cəzası verildi. SSRİ Prokurorluğu əsl həqiqəti ört-basdır etdi. Bir müddət sonra o, cəzasını çəkmək üçün Ermənistana göndərildi və orada azadlığa buraxıldı.

Bəs bu qatil indi haradadır?

Qriqoryan bəzi mənbələrin verdiyi məlumata görə ölmüş hesab olunurdu. Lakin o ölməyib. Bu cəllad hazırda hazırda Rusiyanın paytaxtı Moskvanın yaxınlığındakı Sergiyev Posad şəhərində, beşmərtəbəli yaşayış binasındakı mənzillərdən birində məskunlaşıb. 1991-ci ildə cəza müddətinin çəkilməsi üçün Ermənistana göndərilən Qriqoryan az sonra həbsdən azad olunur və o, Ermənistanda bir müddət qaldıqdan sonra Rusiyaya yollanır. Lakin bu cəllad hələ də layiqli cəzasını almayıb……

Qriqoryanın Rusiyada ən son çəkilmiş fotolarını oxucularımıza təqdim edirik:

Mənbə: Aslan İsmayılov – “Sumqayıt – SSRİ-nin süqutunun başlanğıcı”
Müəllif: Ceyhun Əhmədli

Facebook Şərhləndirmə:

Şərhinizi yazın