Menu
Geri İrəli

Sumqayıt İcra Hakimiyyəti: “Biz heç kimə qadağa qoymamışıq”

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Sentyabr 2014 • Baxış sayı: 921 dəfə • 2 şərh

icraAyaz İmaməliyev: “Belə israfçılıq hallarının qarşısının alınması məqsədi ilə İcra Hakimiyyətindən tövsiyə xarakterli qərar qəbul olunub”

Hacı Rauf: “İslami qaydalara əsasən, insan dünyasını dəyişdikdən sonra bir neçə göstərişin həyata keçirilməsi vacibdir. Bura meyit qüsulu, ölən şəxsin kəfənlənməsi, cənazə namazının qılınması və dəfn edilməsi daxildir. Şəriətin vacib əməlləri burada bitir”

Son zamanlar yas mərasimlərində dəbdəbəli süfrələrin açılmasına qarşı tövsiyə xarakterli hallar bəzən məcburi şəkildə həyata keçir. Bu cür hadisələrin ən çox baş verdiyi bölgələrimizdən biri də Sumqayıt şəhəridir. Demək olar ki, hər gün mediada “Sumqayıtda filan məclis dağıdıldı”, “Sumqayıtda yas sahibi ehsanı internata verdi” və ən maraqlı xəbər isə “Molla və yas sahibi polis bölməsinə aparıldı” kimi xəbərlər yayılır. XeberLent.az informasiya agentliyi olaraq məsələnin aktuallığını nəzərə alıb, yollandıq adıçəkilən gənclər şəhərinə. İlk növbədə, yolumuzu şəhərin İcra Hakimiyyətinə saldıq. İcra Hakimiyyətinin informasiya təminatı və təhlil sektorunun rəhbəri Ayaz İmaməliyevdən yazılanların düz olub-olmamasını soruşduq. Müsahibimiz də açıqlamasında bizlərə bunları dedi:

 “Yas mərasimlərindəki israfçılıqla bağlı vətəndaşlar tərəfindən İcra Hakimiyyətinə dəfələrlə müraciətlər daxil olub. Belə israfçılıq hallarının qarşısının alınması məqsədi ilə İcra Hakimiyyətindən tövsiyə xarakterli qərar qəbul olunub. Biz heç kimə qadağa qoymamışıq. Bu tövsiyə şifahi halda verilib. Yəni israf hallarına yol verilməsə, daha yaxşı olar. Biz insanlar yas mərasimləri olanda çətin vəziyyətdə qalmasınlar deyə onlara tövsiyələr veririk ki, israfa yol verməsinlər”.

 A.İmaməliyev onu da vurğuladı ki, tövsiyə olunan məsələ insanlar və cəmiyyət  tərəfindən çox müsbət qarşılanıb: “Mənzil İstismar Sahəsinin (MİS) əməkdaşları da insanlara bu tövsiyəni çatdırırlar. Bu qadağa deyil. Yas mərasimləri haqqında sərt qadağa qoyulmayıbsa, biz necə qadağalar qoya bilərik? Bu, sadəcə, bir tövsiyədir və ictimaiyyət tərəfindən də müsbət qarşılanıb”.

Daha sonra yollandıq Sumqayıtın “Cümə Məscidi”nə. Məqsədimiz isə axunddan, ümumiyyətlə, yas mərasimlərində dinimizin əsl buyurduqlarını aydınlaşdırmaq və mollaların həbs olunmasını aydınlaşdırmaqdan ibarət idi. Şəhərin Axundu Hacı Rauf da bizi maraqlandıran sualları cavablandıraraq bunları dedi:

“Bağışlayan və Mehriban Allahın adı ilə. Əvvəla, onu qeyd edim ki, islami qaydalara əsasən, insan dünyasını dəyişdikdən sonra bir neçə göstərişin həyata keçirilməsi vacibdir. Bura meyit qüsulu, ölən şəxsin kəfənlənməsi, cənazə namazının qılınması və dəfn edilməsi daxildir. Şəriətin vacib əməlləri burada bitir. İslami baxımdan vəfat edən şəxsin ilk günlərində ehsan vermək, həmçinin əza sahiblərinin yanında nəyisə yemək bəyənilmir. Təbii ki, bunun izahıda var. Əziz insanını itirmiş bir ailə yalnız öz dərdi ilə məşğul olmalıdır. Onun yasa və qəmə düçar olduğu bir vaxtda bazarlıq edib camaata yemək hazırlaması düzgün deyil. Azərbaycanda isə ehsan süfrələrinin açılması ifrat səviyyəyə çatmaqdan əlavə, “qonşudan qalma geri” prinsipi ilə təşkil olunur. Dəfələrlə Qafqaz Müsəlmanlar İdarəsi və Dini Komitə bu cür israfçılığın əleyhinə olduğunu vurğulayıb. Şəhərimizə son gəlişində Dini Komitənin sədri Mübariz müəllim vurğuladı ki, bu cür israfçı yas mərasimlərinin qarşısını almaq üçün heç bir məcburi və zorakılığa yol verilməməlidir. İnsanlar yalnız maarifçiliklə bu işə yönlənməlidirlər. Ümumiyyətlə, Allah israf edənləri sevmir”.

  Hacı, belə bir xəbər yayıldı ki, yas mərasimlərinin birində yas sahibini və sizin məscidin balansında olan bir mollanı dəbdəbəli məclisdə iştirak etdiyi üçün polis bölməsinə aparıblar. Bu, düz xəbərdir? 

  Hacı Rauf gülümsənərək sualımıza bu cür cavab verdi: “Əlbəttə, yox. Məscidimizin qeydiyyatında olan mollaların heç birinin başına bu hadisə gəlməyib, ola bilsin ki, kimsə özü mollalıq edir və dediyiniz hal həmin şəxsin başına gəlib. Həm də qeyd etdiyiniz dəbdəbəli yas mərasimlərinin ləğvi qanunla qadağa olmayıb. Bütün bu sadaladıqlarımız tövsiyə xarakteri daşıyır. Hətta Dini Komitənin sədri Mübariz müəllim də qeyd etdiyiniz zorakılığın və məcburiyyətin əleyhinə olduğunu vurğulayıb”.

 AbbasƏli Hüseyni

XeberLent.az

Facebook Şərhləndirmə:

“Sumqayıt İcra Hakimiyyəti: “Biz heç kimə qadağa qoymamışıq”” yazısına 2 cavab

  1. Rəhman Orxan deyir:

    Abbasəli bəy, bu mühüm mövzuya toxunaraq, əhalini narahat edən müəyyən məsələlərə aydınlıq gətirməyiniz təqdirəlayiqdir. Əlbəttə, bəzi səlahiyyətli adamların tövsiyəni qanun, qadağa kimi qəbul edərək, ifrata varması, onsuz da mərhumun dərd içində qovrulan əzizləri üçün əlavə, lazımsız qanqaraçılığı yaratması düzgün deyil, yolverilməzdir. Yəqin ki, əlaqədar qurumlar və şəxslər qeyd olunanlardan düzgün nəticə çıxara biləcəklər.
    Sizinlə razılşmadığım bir şey varsa, o da mollanın “məscidin balansında” olması fikridir. Yəqin ki, “məscidin ştatında” demək istəmisiniz. Bildiyiniz kimi, balansda adam yox, tikinti obyektləri, maşın-traktor, qurğular, körpülər, yol və s. olur.

  2. Rauf deyir:

    Mene 10000 manat pul lazimdi. O ki qaldi yasdarda israfciliqa goresen olkenin memurrari ozlerine tikdirdikleri ve yaxud aldiqlari evlerin villalarin da tikintisinde bu israfciliqa fikir verirler???

Şərhinizi yazın