Menu
Geri İrəli

Sumqayıt kimya sənayesinin ağır və ən məsuliyyətli sahəsini 52 il çiyinlərində daşımış insan

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Sentyabr 2015 • Baxış sayı: 629 dəfə • Şərh yoxdur
Sumqayıt kimya sənayesinin ağır və ən məsuliyyətli sahəsini 52 il çiyinlərində daşımış insan

Sumqayıt Kimya sənayesi – 70

Qorxmaz Tağıyevlə tanışlığımın tarixçəsi 12 il bundan öncəyə – 2003-cü ilə təsadüf edir. Həmin ildən Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri seçildiyimdən təşkilatın qeydiyyatında olan birlik üzvlərinin hesabatını aparır, kimin hansı sahədə fəaliyyət göstərdiyini saf-çürük edirdim. Məqsədim 60 nəfərdən artıq jurnalisti öz ətrafında birləşdirən təşkilatın məlumat-sorğu kitabçasını hazırlamaq idi. Onu da öyrəndim ki, “Azərikimya” Dövlət Şirkətinin “Azərbaycan kimyaçısı” adında qəzeti nəşr olunur və bu qəzet də ətrafında İbrahim Abdullayev, Bəhmən Abışov, Beydulla Bilalov və Rasim Zamanov (foto-müxbir) kimi tanınmış jurnalistləri birləşdirir. O vaxta qədər Qorxmaz müəllimi tanımırdım. Tanışlığımız da elə təşkilatımızın ofisində – “Möhtəşəm Azərbaycan” qəzetinin redaksiyasında oldu. Əlində SSRİ Jurnalistlər İttifaqının üzvlük vəsiqəsini tutmuşdu. Məlum oldu ki, imkan edib vəsiqəsini dəyişdirə bilməyib. Eşidəndə ki, AJB-nin Sumqayıt şəhər təşkilatı yaradılıb, ona görə də vəsiqəsini yeniləməyə gəlmişdi. İlk baxışdan asta yerişli, aram danışıqlı bu adam mənə qəribə təsir bağışlamışdı. Tanış olandan sonra gördüm ki, bu sakit təbiətli insanın qəlbində hər an püskürməyə hazır olan bir vulkan yatır. Bir neçə saatlıq söhbət əsnasında bunu da anladım ki, Qorxmaz müəllimin gördüyü işləri, çoxşaxəli fəaliyyətini bir insan ömrünə sığışdırmaq qeyri-mümkündür.

***

 Qorxmaz İsrafil oğlu Tağıyev 10 mart 1937-ci ildə Naxçıvan şəhərində anadan olub. Şəhər 1 nömrəli orta məktəbi 1955-ci ildə bitirib. 1956-cı ildə Naxçıvan Energetika texnikumuna daxil olan Qorxmaz Tağıyev bu orta ixtisas məktəbini bitirərək kənd təsərrüfatının elektrikləşdirilməsi və radiolaşdırılması mexaniki ixtisasına yiyələnir. İlk əmək fəaliyyətinə 1959-cu ildə Naxçıvan mülki aeroportunda elektromexanik vəzifəsində çalışmaqla başlamışdır. İlk aylar hər şey normal gedirdi. Zəhməthaqqı da pis deyildi. O illəri Qorxmaz müəllim belə xatırlayır:

“-Mən Naxçıvan mülki aeroportuna işə girəndə heç ağlıma da gəlməzdi ki, qısa bir müddətdən sonra Sumqayıta gedəcəm, taleyimi kimya sənayesi ilə bağlayaraq ömrümün 52ilini bu sahəyə həsr edəcəm. Çünki Naxçıvanda ilk vaxtlar hər şey normal gedirdi. Burada elektrik mexaniki kimi çalışır, gələcək arzularım üçün zəmin hazırlayırdım. Aeroport Naxçıvandan Bakıya gedən sərnişin təyyarələrini yola salır, Bakıdan Naxçıvana gələn təyyarələri qəbul edirdi. Sərnişinləri Böyük Vətən müharibəsindən qalma 37 nəfərlik o qədər də əlverişli olmayan desant təyyarələri daşıyırdı. Buna görə də camaat Bakıya qatarla gedib-gəlməyə üstünlük verirdi. Bu baxımdan işlərin zəifləməsi ilə əlaqədar olaraq aeroportun dərəcəsini aşağı endirdilər. Bu səbəbdən mənim maaşım da xeyli aşağı düşmüşdü. Mən bu zəhməthaqqı ilə burada qalıb işləyə bilməzdim. Çünki Naxçıvan duz mədənində direktor, Nehrəm kəndində kolxoz sədri işləmiş, SSRİ-nin və Azərbaycan SSR Ali Sovetlərinin deputatı olmuş, əməyi Lenin ordeni ilə qiymətləndirilən atam hələ 43 yaşında ikən dünyasını dəyişmiş, müəllimə işləyən anam da atamın vəfatından sonra pedaqoji fəaliyyəti davam etdirə bilməmiş, 50-60 manatlıq yüngül işlərlə kifayətlənməli olmuşdur. Ailədə 6 uşaq olmuşuq. Özümdən başqa 5 nəfərin də təhsili, tərbiyəsi, geyimi-kecimi, dolanışığı da mənim boynumda idi. Bu zəhməthaqqı ilə isə bunların hamısını etmək mümkün deyildi. Təcili bir çıxış yolu tapmalı idim. O vaxtlar Sumqayıtda tikilən kimya zavodları haqqında məlumatım var idi. Onu da eşitmişdim ki, həm tikintisində, həm də işə düşən müəssisələrin özündə işləmək üçün respublikanın hər yerindən gənclər Sumqayıta axışıb gəlir. Ona görə də çox düşünmədən mən də Sumqayıta üz tutmaq qərarına gəldim. Sumqayıtda Naxçıvandan şəxsən tanıdığım çoxlu uşaqlar var idi. Onlardan biri də uşaqlıq və gənclik dostum Faiq Abdullayev idi. Faiq müəllim onda “Neftqazavtomat” Elmi-İstehsalat Birliyində mühəndis işləyirdi.

Burda bir haşiyəyə çıxmaq istəyirəm:

Sonradan “Neftqazavtomat” Elmi-İstehsalat Birliyində direktor müavini işləyən, texnika elmləri doktoru, professor titulu qazanan, akademik rütbəsinə qədər yüksələn Faiq Abdullayevlə bir məhəllədə böyümüşük. Eyni ildə, eyni ayda, eyni gündə bir neçə saat fərqi ilə dünyaya gəlmişik. Həkimlərin və ümumiyyətlə tibb işçilərinin barmaqla sayılacaq qədər olduğu bir zamanda dünya şöhrətli ədibimiz Cəlil Məmmədquluzadənin qızı, o zaman mama-tibb bacısı işləyən Münəvvər xanımın minlərlə körpənin, o cümlədən də bizim dünyaya sağlam göz açmağımızda böyük zəhməti olmuşdur. Naxçıvan şəhərində hamı can atırdı ki, onun xəstəsinə Münəvvər xanım baxsın (Allah böyük ustada və onun övladına qəni-qəni rəhmət eləsin).

Beləcə gəlib Sumqayıta çıxdım. Şəhərə çatan kimi birbaşa zavodlar yerləşən əraziyə yollandım. İlk qapısını döydüyüm müəssisə “Səthi Aktiv Maddələr” zavodu oldu. Onda zavod “Poçtovoy yaşik 240″ adlanırdı. Zavodun bəzi sexləri hərbi strateji əhəmiyyətli ləvazimatlar üçün məhsullar hazırlayır, bəzi sexləri isə kimyəvi məhsullar istehsal edirdi ki, bunlar da zərərli və zəhərli istehsalatlar sayılırdı. Direktorla görüşəndə zavodun digər məsul işçiləri də onun yanında idilər. Mənə zavodda işin ağır, istehsalatların zərərli olduğunu bildirdilər. Dözməyəcəksənsə bəri başdan işimizi bilək dedilər. Mən işdən qorxmadığımı, hansı sahə olursa olsun işləməyə razı olduğumu bildirdim. Təki zəhməthaqqım yaxşı olsun. O razılıqla da ömrümün düz 52 ilini bu zavoda – kimya sənayesinə həsr etdim və uşaqlıqdan bəri ürəyimdə gəzdirdiyim hərbi təyyarəçi olmaq arzusunun da üstündən də beləcə bir xətt çəkdim.”

Qorxmaz Tağıyev SAM zavodunda işə düzəldikdən sonra istehsalatdan ayrılmadan Sumqayıt metallurgiya texnikumunda ikinci təhsilini alır və qaynaq istehsalatı üzrə texnik-texnoloq ixtisasına yiyələnir. Energetika sahəsi üzrə işə qəbul olmasına baxmayaraq bilik və bacarığını, işə məsuliyyətini nəzərə alaraq onu istehsalatın digər – kimya, mexanika, yaşıllaşdırma sahələrindəki problemlərin həllinə də göndərir, müəssisə ərazisinin bədii, yarımstansiyaların isə texniki tərtibatını ona həvalə edirdilər. Bədii tərtibatdan söz düşmüşkən qeyd edim ki, Qorxmaz Tağıyev həm də gözəl rəssamdır. Əvvəllər SSRİ Jurnalistlər İttifaqının, müstəqillik əldə edildikdən sonra isə Azərbaycan Jurnalıstlər Birliyinin üzvü olan Qorxmaz Tağıyev “Kauçuk”, “Metallurq”, o cümlədən “Kommunist Sumqaita”, “Sosialist Sumqayıtı” və “Exo Sumqaita” qəzetləri ilə əməkdaşlıq edib. Bu qəzetlərin səhifələrində onun 100-lərlə plakatları və məqalələri dərc olunub. Uzun illər “Azərbaycan kimyaçısı” qəzetinin və redaksiya heyətinin üzvü olmaqla bu qəzetin bədii tərtibatını verib. Qəzetin hər sayında onun siyasi plakatları, dostluq şarjları və karikaturaları dərc olunub. Bu əsərlərə və bədii tərtibatına görə qəzet respublika üzrə çoxtirajlı qəzetlər arasında 3-cü dərəcəli prizlə mükafatlandırılıb.

İstehsalatdan ayrılmadan Moskva şəhərindəki Nadejda Krupskaya adına İncəsənət Universitetində təhsil alaraq rəsm və boyakarlıq üzrə tam kursları bitirən Qorxmaz Tağıyevin bu illər ərzində Sumqayıt şəhər Dövlət Rəsm Qalareyasında şəhər rəhbərliyi tərəfindən 3 dəfə, eyni zamanda çalışdığı zavodun rəhbərliyi tərəfindən “Kimyaçı” və Səməd Vurğun adına mədəniyyət saraylarında bir neçə dəfə rəsm əsərlərindən ibarət sərgisi təşkil olunmuşdur. O illəri Qorxmaz Tağıyevin özü belə xarakterizə edir:

“-Moskva Dövlət İncəsənət Universitetində təhsil aldığım dövrdə Servillo və Orlov familiyalı iki kurs rəhbərim var idi. İtalyan əsilli olan Servillo mənim əsərlərimi bəyənər və həmişə də ağız dolusu tərifləyərdi. Elə Orlovla da aramız pis deyildi. Bir dəfə dulusçuluq sənəti ilə bağlı təqdim etdiyim əl işlərimə baxan Orlov məmnunluqla başını tərpətdi və “bu əl işləri mənə qədim Ermənistan və Azərbaycan incəsənətini xatırlatdı” – dedi. Əslində, öz aləmində Orlov məni tərifləyirdi. Sadəcə olaraq onun Ermənistanın adını birinci çəkməsi, üstəgəl də onları bizim incəsənətimizə şərik qoşması, düzü, mənim xoşuma gəlmədi. Ona görə də dedim ki, dulusçuluq sənəti azərbaycanlılara məxsusdur, qədim Azərbaycan incəsənətinin tərkib hissəsidir. Ermənilər də bunu bizdən götürüblər. Bu sözüm deyəsən Orlovun xoşuna gəlməmişdi. Bunu sonralar onun mənimlə münasibətindəki müəyyən soyuqluqdan da hiss edirdim.

SAM zavodunda işlədiyi 52 illik bir dövr ərzində Qorxmaz Tağıyevin 400-ə yaxın səmərələşdirici təklifi və onlarca ixtirası istehsalatda tətbiq olunmuş, həm müəssisəyə, həm də respublika büdcəsinə milyonlarla manat xeyir gətirmişdi. Səmərələşdirici təklifləri şəhər və müəssisə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilən Qorxmaz Tağıyev 1987-ci ildə keçirilən səmərəli təkliflər üzrə sosializm yarışının qalibi olmuş, çalışdığı müəssisəyə keçici priz və diplom qazandırmışdır.

Yeri gəlmişkən, bir məsələni xüsusilə qeyd etmək istərdim ki, 1987-ci ildə fəal yaradıcı düşüncələrinə və ideyalarına görə ilin yekunu və işlərin göstəricilərinə əsasənQorxmaz Tağıyev səmərələşdirici təkliflər və ixtiralarına görə şəhərin diplomatı elan olunmuş, diplom və pul mükafatı ilə təltif olunmuşdur. Bütün bunları nəzərə alaraq, Azərbaycan SSR Dövlət Plan Komitəsi Azərbaycan Elmi-Tədqiqat İnstitutu ilə birgə Qorxmaz Tağıyevin qabaqcıl iş təcrübəsini xüsusi buraxılış və bülleten vasitəsilə bütün respublikada yaymışdır. Təqdirəlayiq haldır ki, Qorxmaz müəllim bundan öncə və bundan sonra da dəfələrlə sosializm yarışlarının qalibi olmuş, eyni zamanda səmərələşdirici təklif və ixtiraları ilə çalışdığı müəsisənin adını yüksəltmiş, özü də istər işlədiyi kollektiv arasında, istərsə də şəhər ictimaiyyəti arasında böyük nüfuz qazanmışdır. Təsəvvür edin ki, 52 il fasiləsiz eyni müəssisədə işləməsinə baxmayaraq Qorxmaz Tağıyevə bir əmək kitabçası bəs etməmiş, sonradan ona ikinci əmək kitabçasını açmalı olmuşlar. Bunun da kökündə Qorxmaz Tağıyevin vəzifəsi ilə bağlı dəyişikliklər yox, istehsalatda yaradıcı işinə görə verilən mükafatlar və təltiflər dayanırdı.

O dövr üçün əhəmiyyətlilik dərəcəsini göstərmək üçün istərdim ki, Qorxmaz Tağıyevin səmərələşdirici təkliflərindən birini müəllifin öz dili ilə oxucuların nəzər-diqqətinə çatdırım:

“-Sulfanol istehsalı SAM zavodunun zərərli, eyni zamanda ən çox gəlir gətirən sahələrindən biri idi. Buradan sulfanol tozu ətrafa yayılaraq havada ekoloji gərginlik yaradırdı. Hətta qonşu zavodların da iş rejiminə təsir etdiyindən onlardan da bizə şikayətlər daxil olurdu. Bunun qarşısının alınması üçün bir neçə layihə tətbiq olunsa da problem həll olunmamış, hətta Moskvadan gəlmiş bir qrup alimlərin layihəsi əsasında quraşdırılan “Skrubber” qurğusu da effektsiz olmuşdu. Bununla bağlı mənim də təklifim var idi. Ancaq müəyyən qüvvələrin təsiri ilə mənim layihəmi yaxına buraxmırdılar. Bir gün zavod rəhbərliyi məni çağırıb dedi ki, sənin layihən üçün ayrılmış müddət başa çatdığından biz onu ləğv etməliyik. Mən bu layihənin texnoloji cəhətdən sərfəli, ekoloji cəhətdən səmərəli olduğuna inandırmağa çalışsam da xeyri olmadı. Bununla belə layihənin ləğv olunmasına da imkan vermədim. Zavoda yeni direktor gələndə mən məsələni ona danışdım. Və onu bu layihənin effektivliyinə inandıra bildim. Mexaniki təmir zavodundan xüsusi qrup dəvət olundu. Müzakirələrdən sonra zavod bu qurğunu hazırlamağa başladı. Elə ki, gətirib quraşdırdılar, elə ilk anlardan da öz effektini verməyə başladı. Həm bizim, həm də ətraf zavodların canı bu zəhərli tozdan qurtardı. Bundan sonra vaxtilə layihənin reallaşmasına mane olmağa çalışanlar da bir-bir gəlib mənim əlimi sıxıb təbrik etdilər.”

Təbii ki, haqqında danışdığımız Qorxmaz Tağıyevin yüzlərlə irili-xırdalı səmərələşdirici təkliflərindən biri idi. Maraqlı bir faktı da qeyd etmək istəyirəm ki, o dövrdə kimya müəssisələrinin ərazisində yaşıllıq adında bir kvadrat metr də yer yox idi. Əkilənlərin heç biri də bitmirdi. Ara-sıra bitənlər olurdusa da bir aydan sonra məhv olub sıradan çıxırdı. Hətta Botanika İnstitutundan biologiya elmləri namizədi olan bir alim dəvət etmişdilər. Məqsəd də bu idi ki, bu alim buranın torpağından aparıb, bu torpaqda laboratoriya şəraitində müxtəlif bitkilər yetişdirsin və sonra da zavod ərazisini yaşıllaşdırsın. Bir müddətdən sonra bu alim qadının özü də etiraf etdi ki, bu müəssisələrin ərazisində şorana və küləyə qarşı ən dözümlü bitkilərin toxumları əkilsə belə heç bir müsbət nəticə əldə etmək mümkün deyil. Bundan sonra Qorxmaz Tağıyev məsələyə müdaxilə edir. Zavod rəhbərliyinə müraciət edərək yaşıllıq zolağı yaratmaq üçün eksperiment aparmaq məqsədilə ona müəyyən bir sahənin ayrılmasını xahiş edir. Müraciət müsbət qəbul olunur. Qorxmaz Tağıyev fəaliyyətə başlayır. O, şəhər kənarı ərazilərdən çayır çimlərini müəyyən ölçüdə kvadrat halında kəsdirərək zavoda gətirtdirir. Bu çimləri səliqə ilə həmin əraziyə döşətdirir. Bir müddət suvarılandan və aqrotexniki qulluq göstəriləndən sonra eksperiment sahəsi yamyaşıl bir əraziyə çevrilir. Bun­dan sonra isə zavodun bütün ərazisi bu qayda ilə yaşıllaşdırılır. Bu üsul həm də zavoddaxili ərazilərin torpaqlarının qismən də olsa zəhərli kimyəvi maddələrdən təmizlənməsinə səbəb olur.

Qorxmaz müəllim bir maraqlı məqama da diqqət çəkdi: “O vaxtlar paletləmə, paket­ləmə məsələləri indiki kimi deyildi. Polietilen kisələrin ağzı tikiş maşınları ilə tikildiyindən, yerindən tərpədən kimi kisələrin ağzı sökülür, bu da xeyli məhsul itkisinə səbəb olurdu. Mən qurğunu rekonstruksiya edərək, teflon elektrik dağlama üsulu ilə kisələrin ağzının bağlanmasına nail oldum. Bununla da hər biri 5 milyon manat dəyərində olan iki qurğu istismardan çıxarıldı, hər ay 25 kiloqram tikiş sapına qənaət olundu, eyni zamanda da məhsul itkisinin qarşısı alındı. ”

Qorxmaz Tağıyev deyir ki, SAM zavodunun 60 illik yubileyinə hazırlıq dövründə rəhbərlik məni də yanına dəvət etdi. Daşıdığım vəzifə üzrə yox, rəssamlıq nöqteyi-nəzərindən müəyyən tapşırıqlar verdi. Təsəvvür edin ki, o böyüklükdə zavodun bütün tərtibat işlərini verdim. Ümumilikdə 1000-dən artıq texniki təhlükəsizlik, əməyin mühafizəsi, energetika sahələri ilə bağlı şüarları, xəbərdaredici plakat və işarələri yenidən işlədim. Həmçinin 500-ə yaxın elektrik şitlərinin rənglənməsi və sözlərinin yazılması işlərini təkbaşına həyata keçirdim. Eləcə də yubileyin keçiriləcəyi “Kimyaçı” mədəniyyət sarayının bayram tərtibatını da mən verdim. Bu qəbildən, yəni birbaşa vəzifə səlahiyyətlərimə aid olmayan, ancaq müəssisəmizin mənafeyi naminə icra etdiyim işlərin sayı yüzlərcədir.

Qorxmaz Tağıyev uşaqlıq illərindən idmanın klassik və sərbəst güləş növü ilə məşğul olub. Birinci dərəcəli güləşçi kimi Naxçıvan Muxtar Respublikasının, sonradan isə kimya sənayesinin şərəfini qoruyub. Bir sıra mötəbər yarışlarda uğurla iştirak edərək kuboklara və diplomlara layiq görülüb, pul və qiymətli hədiyyələrlə mükafatlandırılıb. Eyni zamanda güləş üzrə respublikanın üçüncü dərəcəli hakimi kimi bir sıra yerli və regional turnir və yarışları ustalıqla idarə edərək, idman cəmiyyətləri arasında böyük nüfuz qazanıb.

Kimya sənayesində uzun illər səmərəli fəaliyyətinə görə “Kimyasənaye” İstehsalat Birliyinin veteranı adına layiq görülən Qorxmaz Tağıyev istehsalatdan ayrılandan sonra da çoxşaxəli fəaliyyətini davam etdirir. O, hazırda da rəssamlıq sahəsində yeni əsərlər yaradır, bir sıra ədəbi və publisistik kitabların bədii tərtibatını verir, hərdən də 52 il çalışdığı müəssisənin kollektivinin üzvləri ilə – əməkçi dostları ilə görüşərək çay süfrəsi arxasında o illərlə bağlı xoş xatirələrini bölüşür.

Qorxmaz müəllim bu gün ömrünün 78-ci baharını yaşayır. O, ona bəxş edilən bu ömrü kişi kimi mərdi-mərdanə yaşayıb. Ədaləti özünə bayraq edib. Heç vaxt haqqı nahaqqın ayağına verməyib. Ona tapşırılan işi şərəf və vicdanla yerinə yetirib. Bu da həmişə onu ətrafındakılar yanında alnıaçıq, üzüağ və başıuca edib.

Azərbaycan kimya sənayesinin gələcəyinə böyük ümidlərlə baxan Qorxmaz müəllim bu sənayenin hazırda etibarlı əllərdə olduğunu vurğuladı. Onu da bildirdi ki, son 5 ildə “Azərikimya” İstehsalat Birliyində aparılan əsaslı yenidənqurma işləri, həyata keçirilən uğurlu layihələr onu deməyə əsas verir ki, sovetlər dönəmində əsas fikir plan və tapşırıqların yerinə yetirilməsinə yönəlmişdisə, bu gün insan faktoru, onun əməyinin mühafizəsi, sağlamlığının qorunması, iş şəraitinin sağlamlaşdırılması hər şeydən öndə dayanır: “Sevinirəm ki, oğlum İsrafil də taleyini kimya sənayesi ilə bağlayıb. Etilen-polietilen zavodunun Buxar və elektrik enerjisi istehsalatında növbə rəisi işləyir. ”

Ömür-gün yoldaşı, 40 ilə yaxın bir dovr ərzində balalarımızın maariflənməsi, biliklərə mükəmməl yiyələnərək sabahın layiqli vətəndaşları olmaları üçün ömrünü şam kimi əridən, hazırda da Sumqayıt şəhərindəki 11 saylı tam orta məktəbdə tədris işləri üzrə direktor müavini işləyən Fatma müəllimə düz 45 ildir ki, həyatın enişli-yoxuşlu yollarını Qorxmaz Tağıyevlə birgə addımlayır, sevincini, kədərini birgə bölür.

Qorxmaz müəllim Tağıyevi – bu gözəl insanı, səmərələşdirici və ixtiraçı veteran kimyaçını, bir-birindən gözəl əsərlər müəllifini, rəssamı və jurnalisti, iki qız, bir oğlan övladının yolunda gecə-gündüz şam kimi əriyən cəfakeş atanı, beş gül nəvəni ömrünün davamçısı saydığı 78 yaşlı müdrik bir babanı kimya sənayesinin 70 illik yubileyi münasibəti ilə səmimi-qəlbdən təbrik edir, həyatda uzun ömür, möhkəm can sağlığı və sevinc dolu illər arzulayıram.

Rafiq Oday,

Respublikanın Əməkdar jurnalisti

Facebook Şərhləndirmə:

Şərhinizi yazın