Menu
Geri İrəli

Sumqayıt məhkəməsi ərli qadını ərə verib

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Fevral 2013 • Baxış sayı: 154 dəfə • Şərh yoxdur

Redaksiyamıza qəribə bir məktub daxil olub. Hazırda Volqoqrad şəhərində yaşayan Flora Güləmir qızı Babayeva Sumqayıt şəhər İnzibati İqtisadi Məhkəməsinin onun xəbəri olmadan onu ərə verməsindən danışır. DİA.AZ-a daxil olan məktubdan aydın olur ki, Zaur Pirverdiyev adlı hakim 2006-cı ildə əri Babayev Sabitdən boşanaraq başqasına ərə getmiş bu qadını özünün xəbəri olmadan məhkəmə keçirərək əvvəlki ərinə qaytarıb. Flora xanım dünyada bəlkə də bundan əcaib bir hadisə baş vermədiyini bildirir. Oxucuya məsələ tam aydın olsun deyə həmin məktubu nöqtə -vergülünə toxunmadan dərc edirik.

“Yazıb sizə bildiriərm ki, mən 27.12-1991-ci ildə Qusar rayonunda yaşayan Babayev Sabit Əlibala oğlu ilə ailə qurmuşam. Bu nigahdan bizim üç qız övladımız dünyaya gəlib. Maddi çətinlik üzündən 1998-ci ildə Volqaqrad şəhərinə köçmüşük. Orada mənim anam, iki qardaşım, üç bacım yaşayır. Bir müddət onların himayəsində yaşamalı oldum. Yalnız mən işləməyə başlayandan sonra ailə təminatımız müəyyən qədər ödənildi və biz qohumların himayəsindən çıxdıq. Sonralar işimi daha da genişləndirərək ailənin maddi durumunu tam sabitləşdirə bildim. Mən vətənə dönmək arzusu ilə yaşayaraq, durmadan çalışdığım halda, keçmiş ərim – Babayev Sabit Əlibala oğlu nəinki mənə kömək etmir, əksinə, mənim fəaliyyətimi də səbəbsiz olaraq əngəlləyirdi. O, gah qondurma bəhanələrlə evdə dava-dalaş salır, gah zor tətbiq edib məni döyüb-söyür, gah pulları götürüb mənasız yerlərə xərcləyir, gah araq dostlarını kirayədə qaldığımız və üç qız uşağı olan evə gətirərək hay-küylü ziyafətlər qurur, gah da həftələrlə yoxa çıxırdı. O, ailə başçısı deyilmiş kimi, ailənin heç bir ehtiyacını ödəmir və balalarını düşünmürdü.

2006-cı ilin ortalarına qədər davam edən bu anormal həyat tərzi artıq dözülməz həddə yetmişdi. 2006 -cı ildə onun məndən gizli olaraq iş yeri kimi istifadə etdiyim obyekti (qarajı) bir köhnə minik avtomobilinə dəyişməsi nəticəsində mən işimi və ailənin yeganə qazanc yerini itirdim. Bundan sonra ailəmiz yenidən ciddi maddi çətinliklərlə üz-üzə qaldı. Belə bir şəraitdə o məni boşamaqla hədələdi. Mən üç qız övladı ilə nə etmək və necə yaşamaq haqqında düşündüyüm halda o, ümumiyyətlə, Volqoqraddan yoxa çıxdı. Mən bu zaman yad şəhərdən çıxıb Vətənə qayıtmaq istəyirdim. Lakin köhnə SSRİ pasportumun vaxtı keçdiyindən və Azərbaycanın yeni pasportunu almadığımdan, bu istəyimi də gerçəkləşdirə bilmirdim. Təsəvvür edin, üç azyaşlı uşaq qucağımda küçələrdə qalmış, qohumlarıma da üz tuta bilmirdim.

Bir gün, daha dəqiq desəm, 2007-ci il may ayının sonlarında Sabit Babayev mənim gözləmədiyim halda kirayə qaldığım evə gələrək nigahımızın pozulması haqqında şəhadətnaməni üstümə atıb, məni dilə gətirilməsi mümkün olmayan ifadələrlə təhqir edərək, məndən canını qurtardığını bildirdi. Düzünü deyim, 1998-ci ildən sonra bir dəfə Azərbaycanda olmadığım və məhkəmə tərəfindən heç bir çağırış almadığım halda, guya, Qusar rayon Məhkəməsi bizim nigahımızı pozmuş və bizim ayrılmağımız haqqında qərar çıxarmışdı. Bunun necə baş verdiyini bu günədək anlaya anlaya bilmirəm. Çünki o, bildirirdi ki, guya, məhkəməyə müraciət edib və məhkəmə qərarı əsasında Qusar rayon VVAQ idarəsi nigahın pozulması barədə Şəhadətnaməni ona təqdim edib. Doğrudur, bütün bu proseslərin qanunsuz şəkildə olduğunu bilsəm də, məsələni böyütmədim. Sadəcə olaraq, bu rəsmi boşanmadan sonra övladlarımı necə saxlamaq və böyütmək üçün yollar axtarmağa başladım. Çünki bu şəxs (keçmiş həyat yoldaşım Sabit Babayev) övladlarımızın böyüməsində iştirak etməyəcəyini də qəti şəkildə bildirmişdi. Doğrusu, yuxarıda qeyd etdiyim kimi, nigahda olduğumuz vaxtda da bu adamdan heç bir kömək görməmişdim.

Çox acınacaqlı vəziyyət yaransa da, özümü itirmədim, birtəhər ailəmi dolandıra bildim. Lakin 2007-ci ildə tale sanki məni ikinci dəfə sınağa çəkdi. Volqoqradda yaşayan həmyerlim Baqiyev Fariz Əbdülcəlil oğlu ilə tanış oldum və tezliklə o, mənə ailə qurmağı təklif etdi. Biz 7 iyul 2007-ci ildə onunla rəsmi nigaha girdik. Amma təəsüflər olsun ki, o, mənim övladlarıma ögey münasibət bəslədiyi üçün 2010- cu ildə ayrılmalı olduq.

Sabit Babayevlə nigahımızın pozulmasından 7 il keçəndən və mən bu illər ərzində daha bir dəfə nigahda olub ayrıldıqdan sonra adıçəkilən şəxs müəyyən maraqlarını təmin etmək məqsədi ilə məndən xəbərsiz məlum olmayan yollarla nigahımızı bərpa etmək fikrinə düşüb. Özü də bu işi o özü yox, onun qardaşı Babayev Rahib həyata keçirib. Bu dəfə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi Qusar rayon məhkəməsinin yolu ilə gedərək (adıçəkilən məhkəmə bu gün bildirir ki, ümumiyyətlə belə bir işə baxmayıb) mənim rəsmi razılığım və iştirakım olmadan başqa bir şəxslə mülki nigahda olduğum halda təzədən məni Sabit Babayevə “ərə verib”. Daha doğrusu, 2006-cı ildə pozulmuş nigahı bərpa edib.

Məni təəcübləndirən budur ki, Sabit Babayev bu qanunsuz əməlləri məhkəmə yolu ilə necə gerçəkləşdirib. Bir qədər də açıq desəm, məhkəmə ərdə olan qadını necə, hansı maraqla başqasına ərə verir. Həm gülməli, həm də faciəvi haldır. Bu gün mən başqa bir dövlətin vətəndaşıyam. Elə bu mövqedən çıxış edərək mən Sumqayıt İnzibati-İqtisadi Məhkəməsindən soruşmaq istəyirəm: Mən başqa bir dövlətin – Rusiya Federasiyasının vətəndaşı olduğum halda və mənə heç bir xəbərdarlıq olunmadığı bir vəziyyətdə siz məni necə başqa bir şəxsə “ərə verirsiniz”? Onu da bildirirəm ki, mənim artıq yetkinlik yaşına çatmış övladlarım da məhkəmə tərəfindən mənim hüquqlarımın pozulmasına etiraz edirlər. Vaxtilə Sabit Babayevin mənə qarşı törətdiyi əməlləri görən qızlarım hətta rəsmi şəkildə onların şəxsiyyət vəsiqəsindən bu adamın adının və soyadının götürülməsini tələb edirlər. Mənim günümü qara, arzularımı puç edən, sağlamlığımı əlimdən alan bir adamla hansı hakim və hansı qanunla məni məcburi yaşamağa vadar edə bilər? Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin hakimi Zaur Pirverdiyev bu addımı atanda nə düşünüb? Axı, məhkəməni bu şəkildə oyuncağa çevirmək olmaz!

Hörmətli redaksiya, sizdən çox xahiş edirəm, mənim hüquqlarımın bərpasında, mənə dəymiş maddi və mənəvi ziyanın ödənməsində mənə yardımçı olasınız. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin hakimi Zaur Pirverdiyevin yol verdiyi səhvləri düzəldəcəyinə inanmaq istəyirəm! İstəyirəm inanım ki, Azərbaycann hüquq mühafizə orqanları ayrı-ayrı şəxslərin əlində oyuncaq deyil.
Flora Babayeva
Volqoqrad şəhəri,
(Üç uşaq anası)”

Facebook Şərhləndirmə:

Şərhinizi yazın