Menu
Geri İrəli

SUMQAYIT MƏHKƏMƏSİ DÖVLƏT ORQANINIIN VƏKİL SORĞUSUNU CABALANDIRMAQDAN İMTİNASINI QANUNSUZ SAYIB

Müəllif: sumqayitxeber.com • Tarix: 19 May 2010 • Baxış sayı: 334 dəfə • Şərh yoxdur

anar-qasimov-31Məhkəmə vəkilin dövlət rüsumu kimi ödədiyi 2 manatı cavabdehdən tutub ona qaytarıb, amma mənəvi ziyana görə istədiyi 1 manatı isə verməyib

monitoring.az saytının verdiyi məlumata görə Sumqayıt Şəhər Məhkəməsində maraqlı bir işə baxılıb. İddiaçı qismində Vəkillər Kollegiyasının üzvü çıxış edib. O, peşə fəaliyyətinin icrası ilə bağlı lazımi məlumatların ona verilməsindən imtina edən dövlət orqanına qarşı məhkəmədə mülki iddia qaldırıb.

Anar Qasımov 2009-cu ildən Vəkillər Kollegiyasının üzvüdür və Sumqayıt Şəhər Hüquq Məsləhətxanasında çalışır. Peşə fəaliyyəti ilə bağlı bağlı tez-tez müxtəlif dövlət və qeyri-dövlət orqanlarına müraciət edir, vəkil sorğuları göndərir. Mənzil mübahisələri və digər daşınmaz əmlaklarla bağlı mülki işlərin aparılması ilə bağlı tez-tez cavabdeh təşkilata – Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Şəhər Ərazi İdarəsinə vəkil sorğusu verir, müxtəlif daşınmaz əmlaklar barəsində arayışlar verilməsini xahiş edir. Hər dəfə cavabdeh təşkilatdan aldığı cavablarda göstərilib ki, bu cür məlumatların vəkilə verilməsi qanunvericilikdə nəzərdə tutulmayıb.

A.Qasımov dövlət orqanının bu qərarını qanunsuz saydığı üçün ondan Sumqayıt Şəhər Məhkəməsinə şikayət verib. Şikayətdə göstərilb ki, cavabdeh təşkilatın qanunsuz olaraq onun tərəfindən verilmiş vəkil sorğularını icra etməməsi onun işgüzar nüfuzuna xələl gətirir, tərəfindən göstərilən hüquqi yardımın keyfiyyətinə mənfi təsir edir.

İşə Sumqayıt Şəhər Məhkəməsinin hakimi Vladimir Ruvinovun sərdliyi ilə baxılıb. Məhkəmə prosesində iddiaçı – vəkil A.Qasımov vurğulayıb ki, əksər hallarda müştəri ilə razılaşmalarına uyğun olaraq vaxt itkisinin qarşısını almaq üçün sorğuları müştərilər özləri cavabdeh təşkilata şəxsən təqdim etmişlər. Dəfələrlə cavabdeh təşkilatın işçiləri qeyri-etik davranışa yol verərək sorğunu onu təqdim edən şəxslərin üstünə ataraq, təmsil etdiyi qurumun və onun bir vəkil kimi işgüzar nüfuzuna xələl gətirirlər, halbuki Vəkillər və vəkillik fəaliyyəti haqqında Qanunun müddəalarına görə vəkil zəruri sənədləri idarə, təşkilat və müəssisələrdən tələb etmək hüququna malikdir. Cavabdeh təşkilatın qanunsuz hərəkətləri ona öz vəkillik vəzifələrini yerinə yetirməkdə mane olur və işgüzar nüfuzuna xələl gətirməklə ona mənəvi zərər vurur. Hətta gələcəkdə ona maddi ziyan dəyməsi də qaçılmazdır, çünki müştəri vəkilinin cavabdeh təşkilatdan verdiyi sorğuya cavab almaq imkanının olmadığını görüb müqaviləni ləğv edə bilər. Hələlik belə bir halla rastlaşmadığına görə cavabdehə qarşı maddi ziyan tələbi irəli sürmür. Lakin işgüzar nüfuzuna xələl gətirməsi nəticəsində ona dəymiş zərəri rəmzi olaraq l manat məbləğində qiymətləndirir.

Cavabdeh – Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi isə məhkəmədə bildirib ki, Daşınmaz əmlakın dövlət reyestr haqqında Qanunun tətbiqi ilə əlaqədar dəyişikliklər və əlavələr edilməsi barədə 21 aprel 2006-cı il tarixli Qanununa və Mülki Məcəllənin 148.1-ci maddəsinə görə, daşınmaz əmlakın təsviri dövlət qeydiyyatına alınmış hüquqlar və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış qanunla müəyyən edilmiş qaydada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə və qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. Əvvəlki redaksiyasından fərqli olaraq, qüvvədə olan qanunvericilik normalarına görə sözügedən daşınmaz əmlak üzərində dövlət qeydiyyatına alınmış hüquqlar barəsində arayış almaq hüququ olmasını təsdiq edən sənəd təqdim edilmədikdə arayış verilməsi haqqında müraciətlər təmin edilmir. Bu əsasa görə iddianı əsassız hesab edir və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi.

Məhkəmə iddianın qismən təmin edilməsi barədə qərar verib. O, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Şəhər Ərazi İdarəsinin vəkil sorğularını icra etməkdən imtinasını qanunsuz sayıb və gələcəkdə bu cür hərəkətləri həmin quruma qadağan edib. Vəkilin dövlət rüsumu kimi ödədiyi rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməsini qət edib. Lakin hakim vəkilin sorğusunun cavablandırılmaması ilə bağlı ona dəyən mənəvi ziyanın əvəzi kimi cavabdehdən 1 AZN kompensasiya tutulması barədə tələbini rədd edib.

monitoring.az

Sumqayıt Şəhər Məhkəməsi
QƏTNAMƏ

28 aprel 2010-cu il, Sumqayıt şəhəri

Hakim Ruvinov Vladimir Yefimoviçin sədrliyi
Məhkəmə iclas katibi Həsənli Mehriban Hüseyn qızının katibliyi
İddiaçı Qasımov Anar Elman oğlunun
Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi Mirzəyev Vüsal Qiyas oğlunun iştirakları ilə
İddiaçı Qasımov Anar Elman oğlunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri. Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsinə qarşı vəkil sorğusunun icra edilməməsinin qanunsuz sayılması və vurulmuş mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq,

müəyyən etdi:

İddiaçı Qasımov Anar Elman oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsinə göndərdiyi vəkil sorğularının icra olunmamasının qanunsuz sayılması, qeyd olunan əsaslarla vəkil sorğusunun icra olunmamasının cavabdeh təşkilata qadağan olunması və dəymiş mənəvi zərərə görə rəmzi olaraq 1 (bir) manat məbləğində pulun və 3 (üç) manat məbləğində dövlət rüsumunun cavabdeh təşkilatdan tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Məhkəmədə iddiaçı iddianı müdafiə edərək göstərdi ki, o, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür. 2009-cu ilin sentyabr ayından Sumqayıt Şəhər Hüquq Məsləhətxanasının vəkili vəzifəsində çalışır. Öz vəkil vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar olaraq tez-tez müxtəlif dövlət və qeyri-dövlət orqanlarına müraciət edir, vəkil sorğuları göndərir. Mənzil mübahisələri və digər daşınmaz əmlaklarla bağlı mülki işlərin aparılması ilə əlaqədar olaraq tez-tez cavabdeh təşkilata – Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin Sumqayıt Şəhər Ərazi İdarəsinə vəkil sorğusu verir, müxtəlif daşınmaz əmlaklar barəsində arayışlar verilməsini xahiş edir. Hər dəfə cavabdeh təşkilatdan eyni məzmunlu cavab alır. Cavablarda göstərilir ki; «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 148.1-ci maddəsinə görə, daşınmaz əmlakın təsviri dövlət qeydiyyatına alınmış hüquqlar və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış qanunla müəyyən edilmiş qaydada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə və qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. Qanunvericilik normalarına görə sözü gedən daşınmaz əmlak üzərində dövlət qeydiyyatına alınmış hüquqlar barəsində hüququnuzun olmasını təsdiq edən sənəd təqdim edilmədiyindən arayış verilməsi haqqında müraciət təmin edilmir». Hesab edir ki, qeyd olunan formada vəkil sorğularının icrasından imtina edilməsi tamamilə qanunsuz və əsassızdır. Azərbaycan Respublikasının Konstitusiyasının 61-ci maddəsinə görə hər kəsin yüksək keyfiyyətli hüququ yardım almaq hüququ vardır. «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Azərbaycan Respublikası qanununda göstərilir ki, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vəkillik vasitəsilə təmin olunur. Lakin cavabdeh təşkilat vəkil sorğularının icrasından imtina etdiyi üçün hər kəsin Konstitusiyada nəzərdə tutulmuş yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ pozulur. Bunlardan əlavə cavabdeh təşkilatın vəkil sorğusunu icra etməməsi ümumilikdə vəkilliyi, vəkillər kollegiyasının, hüquq məsləhətxanalarının, hər bir vəkilin mənafeyinə xələl gətirir.

Azərbaycan Respublikasında hüquq müdafiə fəaliyyətini həyata keçirmək hüququ olan bir vəkil kimi hesab edir ki, cavabdeh təşkilatın qanunsuz olaraq onun tərəfindən verilmiş vəkil sorğularını icra etməməsi onun işgüzar nüfuzuna xələl gətirir, tərəfindən göstərilən hüquqi yardımın keyfiyyətinə mənfi təsir edir. Əksər hallarda müştəri ilə razılaşmalarına uyğun olaraq vaxt itkisinin qarşısını almaq üçün sorğuları müştərilər özləri cavabdeh təşkilata şəxsən təqdim etmişlər. Dəfələrlə cavabdeh təşkilatın işçiləri qeyri-etik davranışa yol verərək sorğunu onu təqdim edən şəxslərin üstünə ataraq, təmsil etdiyi qurumun və onun bir vəkil kimi işgüzar nüfuzuna xələl gətirirlər, halbuki «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Azərbaycan Respublikası qanununun müddəalarına görə vəkil zəruri sənədləri idarə, təşkilat və müəssisələrdən tələb etmək hüququna malikdir. Cavabdeh təşkilatın qanunsuz hərəkətləri ona öz vəkillik vəzifələrini yerinə yetirməkdə mane olur və işgüzar nüfuzuna xələl gətirməklə ona mənəvi zərər vurur. Hətta gələcəkdə ona maddi ziyan dəyməsi də qaçılmazdır, çünki müştəri vəkilinin cavabdeh təşkilatdan verdiyi sorğuya cavab almaq imkanının olmadığını görüb müqaviləni ləğv edə bilər. Hələlik belə bir halla rastlaşmadığına görə cavabdehə qarşı maddi ziyan tələbi irəli sürmür. Lakin işgüzar nüfuzuna xələl gətirməsi nəticəsində ona dəymiş zərəri rəmzi olaraq l(bir) manat məbləğində qiymətləndirir. Göstərilənlərini nəzərə alaraq iddianın təmin edilməsini xahiş etdi.

Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi iddianı qəbul etmədi və izahat verərək göstərdi ki, təmsil etdiyi təşkilat Azərbaycan Respublikası Mülki Məcəlləsinin 148.1-ci maddəsinə tam uyğun olaraq iddiaçıya verilmiş sorğulara cavablar vermişdir. «Daşınmaz əmlakın dövlət reyestr haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 21 aprel 2006-cı il tarixli Qanunu ilə Mülki Məcəllənin 148.1-ci maddəsinə görə, daşınmaz əmlakın təsviri dövlət qeydiyyatına alınmış hüquqlar və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış qanunla müəyyən edilmiş qaydada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə və qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. Əvvəlki redaksiyasından fərqli olaraq, qüvvədə olan qanunvericilik normalarına görə sözügedən daşınmaz əmlak üzərində dövlət qeydiyyatına alınmış hüquqlar barəsində arayış almaq hüququ olmasını təsdiq edən sənəd təqdim edilmədikdə arayış verilməsi haqqında müraciətlər təmin edilmir. Bu əsasa görə iddianı əsassız hesab edir və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi.

Məhkəmə iddiaçını, cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

Belə ki, iş materiallarında olan və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Sumqayıt şəhər Hüquq Məsləhətxanası tərəfindən verilmiş 30 mart 2010-cu il tarixli arayışda göstərilir ki. Qasımov Anar Elman oğlu həqiqətən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür və 2009-cu ilin sentyabr ayından Sumqayıt Şəhər Hüquq Məsləhətxanasında vəkil vəzifəsində işləyir.

İş materiallarında olan və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən Sumqayıt Şəhər Hüquq Məsləhətxanasına ünvanlanmış 31 oktyabr 2009-cu il tarixli 14/879 nömrəli, 12 mart 2010-cu il tarixli 14/624 nömrəli, 30 mart 2010-cu il tarixli 14/704 nömrəli məktublarda göstərilir ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 148.1-ci maddəsinə görə, daşınmaz əmlakın təsviri dövlət qeydiyyatına alınmış hüquqlar və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış qanunla müəyyən edilmiş qaydada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə və qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. Qanunvericilik normalarına görə sözügedən daşınmaz əmlak üzərində dövlət qeydiyyatına alınmış hüquqlar barəsində arayış almaq hüququnuzun olmasını təsdiq edən sənəd təqdim edilmədiyindən arayış verilməsi haqqında müraciət təmin edilmir».

Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.

Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.

Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsinə əsasən hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək. ötürmək. hazırlamaq və yaymaq azadlığı vardır.

Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik. icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinə əsasən, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsindən irəli gəlməklə onu inkişaf etdirən «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Azərbaycan Respublikası qanununa əsasən, yüksək keyfiyyətli hüquqi yardım göstərilməsi məhz vəkilin üzərinə qoyulur. Həmin qanunun 3-cü maddəsində göstərilir ki, vəkilliyin əsas vəzifələri fiziki və hüquqi şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsindən və onlara yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsindən ibarətdir. Həmin qanunun 7-ci maddəsində göstərilir ki, təşkilati formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlar vəkillərə öz peşə borclarmı yerinə yetirərkən yardım etməyə borcludurlar. Həmin qanunun 15-ci maddəsində göstərilir ki, vəkillər peşə fəaliyyətini həyata keçirməklə əlaqədar müstəqil araşdırmalar aparmaq, sənəd toplamaq, hüquqi yardım göstərmək üçün zəruri olan arayışları və digər sənədləri idarə, təşkilat və müəssisələrdən tələb etmək, onlarla tanış olmaq və həmin sənədlərin surətlərini çıxarmaq hüququna malikdirlər.

Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsində nəzərdə tutulmuş fiziki və hüquqi şəxslərə yüksək keyfiyyətli hüquqi yardım göstərmək üçün vəkil zəruri və yetərli məlumatlan əldə etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 147-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikasının Konstitusiyası birbaşa hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsasıdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.2-ci maddəsinə əsasən, məhkəmə işə baxarkən normativ hüquqi aktlar arasında ziddiyyət-aşkar edərsə, o, daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt əsasında qərar qəbul edir.

«Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirilməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.

Həmin Qərarının 8-ci bəndində göstərilir ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

Məhkəmədə iddiaçı onun mənəvi sarsıntılar keçirməsini, bunların cavabdehin məhz hansı qanunsuz hərəkət və hərəkətsizliyi nəticəsində baş verməsi və bu hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirini təsdiq edən mötəbər və təkzibolunmaz sübutları məhkəməyə təqdim etmədi, halbuki Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları

Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məBləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsinə. əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hallan sübut etməlidir.

Azərbaycan Respublikası MPM-inin 217-cı maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Yuxandakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin.

Qasımov Anar Elman oğlunun Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Şəhər Ərazi İdarəsinə göndərdiyi vəkil sorğularının icra olunmaması qanunsuz sayılsın. Qeyd olunan əsaslarla vəkil sorğusunun icra olunmaması cavabdeh təşkilata qadağan olunsun. 2 (iki) manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Şəhər Ərazi İdarəsindən tutulub Qasımov Anar Elman oğluna verilsin.

Qalan hissədə iddia rədd edilsin.

Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Vladimir Ruvinov

Facebook Şərhləndirmə:

Şərhinizi yazın