Menu
Geri İrəli

Sumqayıt məktəbliləri polietilen paketlərə “YOX!” deyirlər

Müəllif: sumqayitxeber.com • Tarix: 19 May 2011 • Baxış sayı: 223 dəfə • Şərh yoxdur
Share Button

ARDNŞ-ın “Azərikimya” İstehsalat Birliyinin akt zalı  Sumqayıtın gənc ekoloqlarının öhdəsinə verilmişdi. Burada “EkoSfera” Sosial-Ekoloji Mərkəzi QHT-nin himayəsi ilə “Polietilen paketlərə “YOX” deyək!” aksiyası çərçivəsində “Azərikimya” İB ilə birlikdə plastik tullantılarla mübarizəyə həsr olunmuş tədbir keçirilmişdir.
Bir neçə saat ərzində şəhərin 11, 21, 23 nömrəli məktəblərinin və “Təfəkkür” liseyinin şagirdləri Bakının 160 nömrəli gimnaziyasından gəlmiş qonaqlarla birlikdə öz layihələrini təqdim etmişlər. “EkoSfera” supermarketlər və mağazalarda polietilen paketləri ekoloji çantalarla əvəz etmək təklifini irəli sürür. Sumqayıt məktəblilərinin aksiyası Beynəlxalq Yer Günü çərçivəsində Bakı məktəbləri arasında keçirilmiş analoji təşəbbüsün davamıdır.
“Azərikimya” İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev gənc ekoloqları salamlayaraq aksiyaya start vermişdir.
Birinci mərhələdə məktəblərin komandaları ekoloji çantaların dizaynını hazırlamışlar. Bu çantalar təbii, yaxud bioloji yolla çürüyən materiallardan hazırlanır.
Münsiflər heyəti təqdimatları 5 meyar, o cümlədən ideya, komandanın həmrəyliyi, loqotipin yaradılması, ekoçantanın hazırlanması və s. meyarlar üzrə qiymətləndirmişdir. ARDNŞ Ekologiya İdarəsinin rəhbərləri, şəhər Ekoloji Tərbiyə Mərkəzinin əməkdaşları və jurnalistlərdən ibarət münsiflər heyəti gənc ekoloqların təqdim etdikləri torbanı bəyənmişlər.
Komandalar əsas məqsədlərinə çatmış – ictimaiyyətin diqqətini planetin çirklənməsi ideyasına cəlb edə bilmişlər. Belə ki, hər il dünyada təxminən 1 trilyon plastik paket istehsal olunur və onlar təkrar emal edilə bilir. Ekoloqların hesablamalarına görə, plastik kütlə yalnız 400 ildən sonra tamamilə çürüyüb yox olur. Hər il minlərlə heyvan və balıq polietilen paketləri udaraq məhv olur.
Təşkilatçılar uşaqlara rəsm ləvazimatları təqdim etmişlər. Gənc ekoloqlar mahnılar, şeirlər, mətnlər yazmış, slaydlardan istifadə etmişlər. Bütün bunlar təqdimatı daha parlaq və maraqlı etmişdir.
Münsiflər heyətinin rəyi elan olunduqdan sonra aksiya iştirakçılarına sertifikatlar və “Azərikimya” İB-dən hədiyyələr təqdim olunmuşdur.
Tədbir iştirakçıları ətraf mühitin mühafizəsi haqqında qətnamə qəbul etmişlər. Qətnamənin məqsədi polietilen paketlərin ekoçantalarla əvəz olunmasına diqqəti cəlb etməkdir.
İdeyanın müəllifi, “EkoSfera” mərkəzinin sədri Firuzə Sultanzadə deyir: “Sevindirici haldır ki, Sumqayıt məktəbliləri bu mühüm təşəbbüsü həvəslə dəstəkləmiş, aksiya çərçivəsində təkliflərini irəli sürmüşlər. Ümidvarıq ki, sumqayıtlıların iştirakı ölkənin digər bölgələrinin də aksiyaya qoşulmasına zəmin olacaqdır”. F.Sultanzadə məktəblilərin ekoloji tərbiyəsinin innovasiya sistemini yaratmış “Azərikimya” İB-nin rəhbərliyinə təşəkkürünü bildirmişdir. Məsələn, il ərzində İstehsalat Birliyi şəhərin təhsil şöbəsi ilə birlikdə 20-dən çox ekoloji layihə həyata keçirmişdir.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın