Menu
Geri İrəli

Sumqayıt ölkə mətbuatında – “Yeni Sumqayıt tikilir”

Müəllif: sumqayitxeber.com • Tarix: 26 May 2016 • Baxış sayı: 5,684 dəfə • Şərh yoxdur

“sumqayitxeber.com” Sumqayıt şəhəri ilə bağlı  “Azərbaycan” qəzetində  dərc olunan məqaləni təqdim edir:

Bu gün istənilən şəhər və rayonumuzun timsalında Azərbaycanın son illər nail olduğu yüksəlişi görmək mümkündür. Yenidən qurulan və abadlaşan bölgələrimiz inkişafın Azərbaycan modelinin bariz nümunələridir. Ölkəmizin ümumi tərəqqisinə hər birinin böyük töhfəsi olan şəhərlərimizin sırasında Sumqayıtın yeri tamamilə başqadır. Hələ sovet dövründə Azərbaycanın əsas sənaye mərkəzi statusuna sahib olan Sumqayıt indi bu şərəfli adı daha da layiqincə daşıyır. Son illər şəhərdə yeni müəssisələrin yaradılması, bir sıra ənənəvi istehsal sahələrinin fəaliyyətinin canlandırılması bunu təsdiq edir. Bu mənada gənclər şəhəri olan Sumqayıt bir çox istiqamətlər üzrə qazandığı nailiyyətlərlə fərqlənir.

Möhtəşəm quruculuq meydanı

abe0406f50b14f5db978f32e510287fb

Sumqayıtın inkişaf tarixində bir sıra əlamətdar hadisələr var. Bu sırada şəhərin müəyyən dövrlərdə əsl tikinti meydanını xatırlatması xüsusilə diqqəti çəkir. Sumqayıt ötən əsrin 40-cı illərində salınsa da, məhz ulu öndər Heydər Əliyevin birinci dəfə ölkəmizə rəhbərliyi illərində ona yeni nəfəs verildi. Məhz 70-ci illərdə Sumqayıt nəhəng tikinti meydanına çevrilmişdi. Şəhərə gələn qonaqlar, xarici nümayəndələr burada aparılan nəhəng quruculuq prosesinin miqyası və vüsətinə heyran qalırdılar. O dövrdə şəhərdə hər il 80 min kvadratmetr mənzil sahəsi tikilib istifadəyə verilirdi. Hazırda fəaliyyət göstərən istehsalat sahələrinin çoxu, 40-dan artıq ümumtəhsil məktəbi, uşaq tərbiyə müəssisələri, saysız-hesabsız mədəniyyət, məişət xidməti, ticarət obyektləri, səhiyyə ocaqları məhz ümummilli liderin o dövrdəki məqsədyönlü siyasətinin bəhrələridir.
Son 12 ildə Prezident İlham Əliyevin uğurlu iqtisadi və sosial siyasətinin nəticəsində möhtəşəm nailiyyətlər əldə edilib. Regionların sosial-iqtisadi inkişafına dair birinci və ikinci dövlət proqramlarının uğurlu icrası, habelə üçüncü Dövlət Proqramı çərçivəsində qarşıya qoyulan vəzifələrin reallaşdırılması Sumqayıt şəhərini də dinamik inkişaf yoluna çıxarıb. Ölkənin makroiqtisadi göstəricilərində bu şəhərin xüsusi çəkisi yüksəlib, sahibkarlığın inkişafının daha da sürətləndirilməsi, istehsal və emal müəssisələrinin fəaliyyətinin bərpası və genişləndirilməsi, iqtisadi və sosial-mədəni infrastruktur obyektlərinin yenidən qurulması istiqamətində uğurlu nəticələr qazanılıb.
Qeyd etdiyimiz kimi, Sumqayıt müəyyən dövrlərdə əsl tikinti meydanını xatırladıb. Elə son aylarda şəhərdə həyata keçirilən kompleks abadlıq və quruculuq işləri, möhtəşəm infrastruktur layihələri, şəhər təsərrüfatının müasirləşdirilməsi burada tamamilə yeni ab-hava yaradıb. Sumqayıt sanki yenidən tikilir, qurulur…
Hazırda şəhərin bütün ərazilərində tikinti-quruculuq işlərinin şahidi olmaq mümkündür. Bu işlər ünvanlı, konkret və məqsədyönlüdür. Diqqəti çəkən məqam ondan ibarətdir ki, abadlıq və quruculuq işlərinə daha çox şəhərin ucqarlarından, girişlərindən başlanılıb. İndi hansı istiqamətdən şəhərə girsən, binaların üzlənməsinin, dam örtüklərinin vurulmasının, mövcud dam örtüklərinin yenilənməsinin, yolların genişləndirilməsinin şahidi olarsan.

IMG_3735

Şəhərdə reallaşan layihələrdən biri Sumqayıtın əsas giriş yolunun genişləndirilməsidir. Sürətlə inkişaf etməsi və nəqliyyat vasitələrinin sayının artması səbəbindən şəhərin əsas giriş yolunun da yenidən qurulmasına və genişləndirilməsinə ciddi ehtiyac yaranmışdı. Digər tərəfdən, istənilən yerdə ilk təəssüratı onun giriş yolu yaradır. Sumqayıtın əsas giriş yolunun genişləndirilməsi və abadlaşdırılması sahəsində ötən aylar ərzində mühüm işlər görülüb. Şəhərin girişindən avtomobil yolu hər iki istiqamətdə 5 metr genişləndirilib. Əvvəllər 4 zolaqlı olan yol indi 6 zolaqlı olacaq. Ona görə əvvəllər bu yolda asfalt örtüyü 48 min kvadratmetr olduğu halda, genişləndirmə işlərindən sonra 67200 kvadratmetr olacaq. Layihəyə əsasən bu küçədə 6840 kvadratmetrlik səki salınacaq. Sülh küçəsi adlanan giriş yolu həm də hər iki tərəfdən abadlaşdırılır. Yolun sağ və sol istiqamətlərində parkın salınması, istinad divarlarının tikilməsi, modern işıq dirəklərinin quraşdırılması, eləcə də yaşıllaşdırma işləri həyata keçirilir. Yolda yağış sularının qəbuledici xətləri, su-kanalizasiya, həmçinin kommunikasiya xətləri çəkilib. İşlərin demək olar ki, əsas hissəsi başa çatıb.
Bu işlər yalnız şəhərdə deyil, Sumqayıtın digər hissələrində də geniş vüsət alıb. Belə ki, 7,5 kilometr uzunluğu olan Sahil küçəsinin genişləndirilməsi prosesi hazırda uğurla davam edir. Yolun qədim yaşayış məskənlərindən sayılan Corat qəsəbəsindən keçən hissəsində sakinlərin istirahəti məqsədilə də işlər həyata keçirilir.
Sumqayıtda həllini gözləyən problemlərdən biri də məhəllədaxili yolların yararsız halda olması ilə bağlı idi. Şəhərin yol infrastrukturunun yenilənməsinin tərkib hissəsi olaraq 1, 3, 6, 9, 13, 17 və 18-ci mikrorayonlarda, 19, 21, 45, 47, 48-ci məhəllələrdə daxili yollar yenilənib. Bağlar massivinə gedən 17 və 18 nömrəli marşrutların yolları əsaslı təmir olunub, yeni asfalt örtüyü salınıb. Ümumilikdə 300 min kvadratmetrdən çox sıradan çıxmış asfalt örtüyü yenilənib.

uzlenen_bina1Sumqayıtda şəhərin simasını daha da gözəlləşdirəcək digər layihələrin də həyata keçirilməsinə start verilib. Bu işlərin intensiv aparılması nəticəsində şəhərin görkəmi dəyişməyə başlayıb. Sumqayıtın əsas prospektləri olan Heydər Əliyev və Azərbaycan prospektlərində uzun illərdən bəri miskin görünüşü ilə şəhərin ümumi mənzərəsinə xələl gətirən binaların görkəminin dəyişdirilməsi ilə bağlı görülən işlər sakinlər tərəfindən böyük razılıq və minnətdarlıqla qarşılanır. Binalar yüksək keyfiyyətli aqlay üzlüklərlə və şəhərin ümumi memarlıq üslubu gözlənilməklə üzlənib.

renglenen_binaXüsusilə qeyd etmək istərdik ki, keçən əsrin ortalarında tikilən evlərin fasadında olan naxış və ornamentlər yenidən aqlay daşı üzərində oyularaq bərpa edilir. Bu da şəhərin memarlıq üslubunun bərpası və qorunması istiqamətində atılan mühüm addımlardan biridir. Bundan əlavə, 9 mərtəbəli binaların üz fasadlarının yenidən rənglənməsi və dam örtüklərinin fransız mansardları ilə yenidən qurulması işləri aparılıb. İndiyə qədər görülən abadlıq işlərinin nəticəsində Heydər Əliyev və Azərbaycan prospektləri tamamilə yeni və gözəl görünüş alıb. Ümumilikdə isə hazırda şəhərdə 200 binanın dam örtüyü dəyişdirilir.

Yeni bulvar Sumqayıtın simasını daha da müasirləşdirəcək

bulvar1Şəhər rəhbərliyinin diqqət yetirdiyi əsas məsələlərdən biri də dənizkənarı bulvarın salınmasıdır. Ötən ilin son aylarından bu layihənin həyata keçirilməsinə başlanılıb. Sahil zolağı göz önündə günbəgün simasını dəyişir. Eyni zamanda, Nəsimi adına dənizkənarı mədəniyyət və istirahət parkı Sumqayıtda əsaslı quruculuq və yenidənqurma işlərinə başlanıldığı ünvanlardan biridir. Çünki bu park bulvarın əsas hissələrindən birini təşkil edəcək. Park həm ərazisinə, həm də landşaftına görə ölkəmizdə mövcud əksər parklardan seçilir. Azərbaycandakı ən böyük parklardan biri olması ilə yanaşı, burada birbaşa çimərliyə çıxışın olması onu Bakı bulvarından fərqləndirir.
Hazırda Nəsimi adına dənizkənarı mədəniyyət və istirahət parkı ilə birlikdə 186 hektar ərazini əhatə edən yeni bulvarda işlər sürətlə aparılır. Ərazidə dənizə qarşı hündürlüyü 1,6 metr, uzunluğu isə 4200 metr olan istinad divarı tikilib başa çatıb. Gənclər şəhəri üçün böyük əhəmiyyət kəsb edən bulvar ərazisi yenidənqurmadan sonra daha geniş olacaq.
Sumqayıt sakinlərinin, eləcə də qonaqların asudə vaxtlarının səmərəli təşkili üçün yeni bulvarda bir neçə istiqamətdə çox maraqlı və müasir iaşə obyektləri də inşa olunur. Burada müasir tələblərə cavab verən ticarət və əyləncə mərkəzləri, kinoklub, idman qurğusu fəaliyyət göstərəcək. Abadlaşacaq park və salınacaq bulvar şəhər sakinlərinin və qonaqların ən çox üz tutduğu istirahət məkanlarından biri olacaq.
Sumqayıtda təhlükəsiz şəkildə velosiped idmanı ilə məşğul olmaq istəyənlər də yaxın zamanlarda arzularını reallaşdıra biləcəklər. Çünki dənizkənarı bulvar layihəsində velosiped həvəskarlarının istəkləri nəzərə alınıb: onlar üçün eni üç metr olan xüsusi hərəkət zolağı salınır. Bulvarda şəhər sakinlərinin piyada gəzintisi, kiçikölçülü gəzinti avtobusları yolu nəzərdə tutulur. Burada çimərlik zonasında da əsaslı işlər görüləcək. Sahil hissədə estakadalar qurulacaq və şəhərin akvatoriyasında gəzinti gəmilərinin hərəkəti təmin olunacaq.
Bütövlükdə Sumqayıt bulvarı özünəməxsus gözəlliyi ilə hər kəsin diqqətini cəlb edəcək. Nəsimi adına mədəniyyət və istirahət parkında aparılan abadlıq və quruculuq işləri və yeni bulvarın yaradılması yaxın vaxtlarda başa çatacaq. Sumqayıtlılar əmindirlər ki, onların bulvarı Bakı bulvarına rəqib olacaq. Yeni bulvar Sumqayıtın simasını dəyişəcək, daha modern və yaraşıqlı şəhərə çevirəcək.
Prezident İlham Əliyevin diqqət və qayğısı böyük uğurların zəminidir

yasilliqAzərbaycanın dinamik sosial-iqtisadi inkişafı, ölkəmizin dünya birliyində öz yerini daha da möhkəmləndirməsi Heydər Əliyevin zəngin siyasi-ictimai irsinin davam etdirilməsinin, ideyalarının yaşamasının, siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir. Heydər Əliyevin zəngin siyasi və ictimai irsinin, dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliğ olunması bütün Azərbaycan xalqının ümdə istəyidir.
Sumqayıtda Heydər Əliyevin irsi layiqincə öyrənilir və təbliğ edilir. Hazırda şəhərdə yeni inşa olunan Heydər Əliyev Mərkəzi bu işdə əsas istinadgah olacaq. Mərkəz həm özünün unikallığı, həm də böyüklüyü ilə seçiləcək, şəhərə xüsusi yaraşıq verəcək. Ümummilli liderin adını daşıyan parkda tikilən mərkəzin binası 4 mərtəbədən ibarətdir. Ulu öndərin uca adına layiq olan, milli və müasir memarlıq ənənələrini əks etdirən möhtəşəm mərkəz artıq indidən əzəməti ilə diqqət çəkir. Burada 400 nəfərlik akt zalı, nikah mərasimlərinin keçiriləcəyi zal, gənclər üçün müzakirə və diskussiya zalları, elektron kitabxana da yaradılacaq. Möhtəşəm görünüşü ilə hər kəsi heyran edəcək mərkəzdə linqafon, internet və rəssamlıq otaqları, fotostudiya və rəqs zalı da fəaliyyət göstərəcək. Yaxın zamanlarda mərkəzin qarşısında ümummilli liderin abidəsi ucaldılacaq.

sahmat2

Sumqayıtın simasına gözəllik qatacaq yeni ünvanlardan biri də inşası tamamlanmaq üzrə olan yeni Şahmat Mərkəzi olacaq. Müasir standartlara cavab verəcək mərkəz 9-cu mikrorayonda tikilir. İkimərtəbəli binada yarış zalı, sinif otaqları, kompüter və elektron kitabxana otağı, oyunların canlı izlənməsi zalı və digər otaqlar yaradılacaq.
Şəhərin “Şərq bazarı” yaxınlığında uzun illərdən bəri yarımçıq qalmış tikili sökülüb və həmin ərazidə yeni, müasir musiqi məktəbi inşa olunur. Məktəbin layihəsi diqqətçəkəndir. Artıq işlərin əksər qismi yerinə yetirilib və yaxın zamanlarda incəsənət ocağı istifadəyə verilməyə hazırlanır. Burada yaradılan tədris və məşq otaqları, kitabxana və akt zalı Sumqayıtın istedadlı yeniyetmə və gənclərinin ixtiyarına veriləcək. Üçmərtəbəli binada müəllimlər otağı, ayrıca inzibati otaqlar da yerləşəcək.

musiqi_2
Sumqayıt Dövlət Dram Teatrı isə başdan-başa əsaslı təmir olunmaqdadır. Bərpa işləri başa çatandan sonra teatrın əsas zalının tutumu 650 nəfərə qədər artacaq. Əsaslı şəkildə yenidən qurulan bina müasir səhnə avadanlıqları, işıqlandırma sistemləri ilə təmin olunacaq. Təmir-tikinti işləri teatr kollektivinin yaradıcılıq prosesinə mane olmadan həyata keçirilir. Sənət ocağının yaradıcı heyəti məşqlərini davam etdirir, yeni tamaşalar hazırlayır.

Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu layihələrin uğurla həyata keçirilməsi üçün müvafiq sərəncamlarla zəruri maliyyə vəsaitləri ayırması görülən işlərin səmərəli nəticələr verməsinə, yeniliklərin hər bir şəhər sakininin həyatında daha qabarıq hiss olunmasına imkan yaratmışdır. Bu sərəncamlardan biri Sumqayıt şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi ilə bağlıdır. Cənab Prezidentin ötən il dekabrın 15-də imzaladığı sərəncamda deyilir: “Son illərdə Sumqayıt şəhərində geniş abadlıq-quruculuq işləri aparılmış, o cümlədən şəhərin mərkəzi küçələrinin asfalt örtüyü, işıqlandırma sistemi yenilənmiş, parklar salınmış, çoxmənzilli binaların sakinlərini narahat edən problemlərin aradan qaldırılması istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, lift təsərrüfatının yenidən qurulması sahəsində müəyyən işlər görülmüşdür”.

Sərəncama əsasən bu istiqamətdə tədbirlərin davam etdirilməsinin vacibliyini nəzərə alaraq, şəhərin mənzil fonduna daxil olan 100 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsi və zəruri təmir işlərinin həyata keçirilməsi məqsədilə Sumqayıt Şəhər İcra Hakimiyyətinə 2015-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 5 milyon manat ayrılıb.
Ötən il oktyabrın 13-də Prezident İlham Əliyev “Sumqayıt şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, son illər Sumqayıt şəhərində çoxmənzilli binaların sakinlərinin yaşayış şəraitinin yaxşılaşdırılması, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, o cümlədən lift təsərrüfatının yenidənqurulması sahəsində müəyyən işlər görülmüşdür. Bu istiqamətdə tədbirlərin davam etdirilməsinin vacibliyini və əhalinin müraciətlərini nəzərə alaraq, Sumqayıt şəhərində lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi, Dövlət Mənzil Fonduna aid olan çoxmənzilli binalarda istismara yararsız liftlərin yeniləri ilə əvəz edilməsi məqsədilə sərəncama əsasən Sumqayıt Şəhər İcra Hakimiyyətinə 2015-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 3,7 milyon manat ayrılıb. Bununla bağlı işlər geniş vüsət alıb. Sumqayıt şəhərindəki 594 liftdən 200-ü yararsız vəziyyətdə idi. Artıq bu liftlərin 140-ı dəyişdirilib.

uzlenen_bina_2
Prezident İlham Əliyevin “Sumqayıt şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 3 mart 2016-cı il tarixli sərəncamı ilə isə Sumqayıtda çoxmənzilli binalarda zəruri təmir işlərinin davam etdirilməsi məqsədi ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinə 2016-cı ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 9 milyon manat, o cümlədən çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi üçün 6,5 milyon manat, lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün 2,5 milyon manat ayrılıb.
Sumqayıt yeniləşmə mərhələsini yaşamaqdadır. Bu mərhələni fərqləndirən əsas amil görülən işlərin ölkə Prezidenti İlham Əliyev tərəfindən xüsusi diqqətdə saxlanılmasıdır. Bu, sumqayıtlıları daha da məsuliyyətlə işləməyə sövq edir. Şəhərin siması isə gündən-günə gözəlləşir və görülən bütün işlər zövqlə, ölkə başçısının tələb etdiyi kimi yüksək standartlara uyğun həyata keçirilir.
Rəşad CƏFƏRLİ,
“Azərbaycan”

Facebook Şərhləndirmə:

Şərhinizi yazın