Menu
Geri İrəli

Sumqayıt Şəhər gününü qeyd etdi

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Sentyabr 2011 • Baxış sayı: 280 dəfə • 1 şərh

Respublikanın müxtəlif şəhərlərindən və xarici ölkələrdən Sumqayıta gəlmiş qonaqlar onun sakinləri ilə birlikdə əzəmətli, maraqlı və gözəl bir mərasimin – Şəhər günü bayramının şahidi olmuşlar. Bir gün əvvəl şəhərin bütün küçələrini və yaşayış massivlərini gəzib dolaşmış milli geyimli çaparlar dəstəsi, habelə dəvə karvanı, atlı süvarilər, idman avtomobilləri Sumqayıt sakinlərini və qonaqları tədbirə səsləyən digər görüntülər bayram və şənlik mühiti yaratmışdı.
Sentyabrın 16-da səhər Sumqayıt İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, hüquq mühafizə orqanlarının, sənaye müəssisələrinin rəhbərləri, habelə ictimaiyyətin nümayəndələri ümummilli lider Heydər Əliyevin abidəsi önündəki meydanda toplaşmışdılar. Abidənin önünə tər çiçəklər qoyuldu.
Bayram qədim Corat kəndinin qala divarı qarşısından başlandı. Hazırda Sumqayıtın bir hissəsinə çevrilmiş müasir qəsəbənin improvizə edilmiş meydanında qala divarı tikilmişdir. Tamaşa burada yaradılmış bazar meydanında və böyük gəmidə göstərilirdi. Bütövlükdə bütün səhnədə 2 min ildən çox tarixi olan qədim Coratın ab-havası yaradılmışdı. Bayrama gələnlər Azərbaycanın qədim adət və ənənələri, məişət və mərasimləri, xalq sənəti ustalarının nəsildən-nəslə keçən folklor nömrələri, habelə məxsusi bayram üçün uzunluğu 2,4 metr olan Corat qutabını hazırlamış aşpazların məharətinə heyran qalmışdılar.
Qədim topdan açılan atəş böyük Roma sərkərdəsi Pompeyin öz ordusu ilə birlikdə bayrama gəlməsini xəbər verdi. Ədəbi-bədii kompozisiyanın iştirakçıları bir çox maraqlı səhnələrə, o cümlədən Sumqayıt şəhərinin adının tarixindən bəhs edən səhnələrə tamaşa etdilər.
Sonra respublika hökuməti üzvlərinin, Milli Məclisin deputatlarının, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin, bir sıra rayonların icra hakimiyyəti başçılarının, qardaşlaşmış şəhərlərin nümayəndə heyətlərinin və başqalarının iştirak etdikləri şəhər bayramı Sumqayıtda Kimyaçıların Üzeyir Hacıbəyli adına Mədəniyyət Sarayı qarşısındakı böyük meydan da davam etdirildi.
Burada bayram yürüşü – parad oldu. Hərbi orkestrin ifa etdiyi marşın sədaları altında əsgərlər Azərbaycanın böyük dövlət bayrağını meydana gətirdilər. Motosikletçilər Federasiyası və respublika Fövqəladə Hallar Nazirliyi nümayəndələrinin çıxışı çox maraqlı oldu. Onlar idman motosiklet texnikasının burada nümayiş etdirilən müxtəlif növləri ilə çox çevik hərəkət edirdilər. Motosikletlərdə, kartinqlərdə və kvadrosikllərdə göstərilən tryuklar, dalğalar, virajlar tamaşaçıları heyran qoydu.
Bayramın iştirakçıları Sumqayıtın idman qəhrəmanlarını gurultulu alqışlarla qarşıladılar. Dünya və Avropa çempionatlarının mükafatlarına layiq görülmüş 100-dən çox idmançı meydandan keçdi iki dəfə paralimpiya çempionu olmuş “Şöhrət” ordenli İlham Zəkiyev, olimpiya mükafatçıları Fuad Aslanov və Şahin İmranov, dünya və Avropa çempionu Niyaməddin Paşayev və digərləri kimi məşhur sumqayıtlılar Azərbaycan idmanının şöhrətini artırmışlar.
Bayram yürüşündə qonaqlar – Sankt-Peterburqdan gəlmiş təbilçilər qrupu, Türkiyənin “Mehtep” qrupu, Dağıstanın “Ləzginka” xalq kollektivi, Qaxın “Şvidkatsa” xor kollektivi, İsmayıllı rayonunun İvanovka kəndinin folklor qrupu, Qusarın “Ləzginka” rəqs qrupu, Lənkəranın “Bacılar” folklor qrupu, Salyan rayonunun “Cəngi” xalq kollektivi, Şamaxının “Şirvan” nəfəsli alətlər ansamblı, Şəkinin “Zorxana” rəqs qrupu, Masallının “Halay” folklor qrupu da iştirak etmişlər. Raritet avtomobillərin paradı olmuşdur. Aeromenlər və böyük kuklalar uşaqların diqqətini cəlb edirdi.
“Şahin” respublika hərbi idman oyununun qalibləri olmuş məktəblilərdən, habelə şəhərin orta məktəblərinin şagirdlərindən və məktəbəqədər tərbiyə müəssisələrinin yetirmələrindən ibarət dəstələr son dərəcə gözəl görünürdü.
Bayram kütləviliyi və al-əlvanlığı ilə, adamı valeh edirdi. Bütün bayram ərzində meydanın üzərində səmada ümummilli lider Heydər Əliyevin portretinin təsviri olan böyük aerostat dalğalanırdı və o, Azərbaycanın ən yeni tarixində liderin misilsiz xidmətlərini xatırladırdı.
Buradakı 100 manqalda bişirilən ətirli kababdan bayrama gələnlərin hamısı daddı.
Axşam meydanda quraşdırılmış böyük səhnədə respublikanın və xaricdən gəlmiş incəsənət ustalarının bayram konserti oldu. Şəhər günü Sumqayıtın gecə səmasını bəzəyən son dərəcə gözəl atəşfəşanlıqla başa çatdı. AzərTac, Ətrabə Rzayeva

Facebook Şərhləndirmə:

“Sumqayıt Şəhər gününü qeyd etdi” yazısına bir cavab

  1. Elman deyir:

    Ondansa ora xərclənən pullara evlərin dam örtüyünü, zirzəmilərin təmizlənməsini, daxili və ara küçələrini və səkilərin asfaltlanması və yaxud isitmə xətləri ilə məşğul olardılar. Buna özünü gözə soxan şoudan başqa ad vermək olmaz.

Şərhinizi yazın