Menu
Geri İrəli

Sumqayıt şəhər icra hakimiyyəti elektron müraciətə neçə gün ərzində cavab verib?

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Oktyabr 2012 • Baxış sayı: 370 dəfə • 4 şərh

İcra Hakimiyyətləri aylarla elektron müraciətə cavab vermirlər
Bir neçə günlük apardığımız araşdırmalar göstərdi ki, bir çox Rayon İcra Hakimiyyətləri aylarla elektron müraciətə cavab vermirlər

Ötən ayın ortalarında Rayon İcra Hakimiyyəti (RİH) orqanlarının internet ünvanlarına e-mail vasitəsilə məktub ünvanladıq. Məktubda özümüzü jurnalist kimi təqdim edərək rayonların rəsmi saytlarına necə nəzarət edildiyini, vətəndaşlarla iş qabiliyyətini və s. yoxlamaq məqsədimizi bildirdik.
Bölgələrin rəsmi internet ünvanlarına göndərdiyimiz sorğuya təsadüfü seçmə yolu ilə 27 rayon cəlb elədik. Onlardan üçünün – Kürdəmir, Bərdə və Lənkəranın rəsmi e-mail ünvanları aktiv olmadığından məktubumuzun çatmadığı bildirildi. Yerdə qalan digər 24 rayona isə sorğumuz çox rahatlıqla göndərildi. İcra Hakimiyyəti orqanlarından gələn və gəlməyən cavablara keçməzdən əvvəl istərdik ki, bir balaca qanunvericiliyə nəzər salaq:
Qanunda nəzərdə tutulanlar…–Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinin birinci hissəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir.–“Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununda isə göstərilib ki, Dövlət hakimiyyəti orqanları müraciətlərin qəbul edilməsi və cavablandırılması işini elektron formada da həyata keçirə bilər. Eyniadlı qanunun 10-cu maddəsində isə müraciətə baxılma müddəti göstərilir: “Qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, müraciətə, qanunvericiliklə başqa müddət nəzərdə tutulmamışdırsa, 1 ay müddətinədək, əlavə öyrənilməsi və yoxlanılması tələb edilməyən müraciətə ən gec 15 gün ərzində baxılmalıdır. Əgər məlumatın verilməsi barədə müraciətə yuxarıda göstərilən müddətlərdə baxılması nəticəsində lazım olan məlumat öz əhəmiyyətini itirə bilərsə, həmin müraciətə dərhal, bu mümkün olmadıqda isə, 24 saatdan gec olmayaraq baxılmalıdır”.

Elə bizə lazım olan da yuxarıdakı abzasın son cümləsidir. Çünki, bir halda ki, bizim sorğumuzun mahiyyəti dövlət orqanın internet ünvanına nəzarətin operativliyini yoxlamaqdırsa, deməli bu, həmin qurum üçün vacib müraciətdir. Yəni, onlar bir Kütləvi İnformasiya Vasitəsinin (KİV) müraciətinə nə qədər gec cavab verərsə, onların operativliyi də o qədər əhəmiyyətini itirər. Ona görə də, biz bir KİV olaraq, göndərdiyimiz bu sorğunu çox əhəmiyyətli hesab edirik. RİH-lərə ünvanladığımız sorğunun nəticəsindən isə belə çıxdı ki, əksər rayonların elektron ünvanlarına nəinki nəzarət olunmur, bəlkə də aylarla baxılmır. Çünki, 27 rayonun 17-dən ümumiyyətlə, məktubumuza cavab gəlməyib. Daha ətraflı məlumatı aşağıda qruplaşdırdığımız nəticələrdən görə bilərsiniz:

Məktub göndərilib – 19 sentyabr 2012 il, saat 17:00 radələrində

Məktubumuza cavab verən RİH-lər: 
1. Qəbələ – dərhal cavab gəlib
2. Qazax – dərhal cavab gəlib
3. Qusar – 21 sentyabr 08:55
4. Tovuz – 21 sentyabr 14:05
5. Sumqayıt – 22 sentyabr 10:37
6. Lerik – 22 sentyabr 11:14
7. Masallı – 22 sentyabr 14:42
8. Salyan – 24 sentyabr 14:28
9. Şəki – 25 sentyabr 18:23
10. Qax – 26 sentyabr 16-30

Məktubumuzu cavablamayan RİH-lər: 
1. Neftçala
2. Şamaxı
3. Yardımlı
4. Xaçmaz
5. Astara
6. Sabirabad
7. Kürdəmir
8. Ucar
9. Biləsuvar
10. Goranboy
11. Quba
12. Zaqatala
13. Gəncə
14. Yevlax
15. Bərdə
16. Tərtər
17. Lənkəran

Rayonlar cavab olaraq nə yazıb? 

Nəticələrdən göründüyü kimi, cəmi iki rayondan – Qəbələ və Qazaxdan operativ reaksiya olub. Sorğumuza cavab verən rayonlardan bir neçəsi hətta öz xidmətləri barədə məlumat da verməyə çalışdılar. Əvvəlcə Qəbələ rayonundan gələn cavaba nəzər salaq: “Salam Elgün müəllim.
Məlumat uçun bildiririk ki, Qəbələ rayon İcra Hakimiyyətinin elektron poçt ünvanlarına göndərdiyiniz məktub tərəfimizdən qəbul olunmuşdur. Sizi maraqlandıran əlavə sual, təklif və tövsiyələri bizə göndərə bilərsiniz”.

Tovuz rayonundan isə işlərimizə uğurlar diləyərək, apardığımız sorğu üçün minnətdarlıqlarını ifadə etdilər. Qusar, Sumqayıt, Lerik, Masallı, Salyan və Qaxdan da münasib cavablar aldıq. Onlar da öz növbəsində internet üzərindən e-mail ünvanlarına daim nəzarət olunduğunu bildirdilər.

Şəkidən aldığımız məktubda isə bildirildi ki, Şəki Şəhər İcra Hakimiyyətinin rəsmi internet səhifəsi 2008-ci ildən fasiləsiz olaraq fəaliyyət göstərir: “Bu müddət ərzində veb-səhifəmiz vasitəsilə bir çox məsələlər işıqlandırılır, şəhərimizin sakinlərinə bir sıra interaktiv xidmətlər göstərilir. Hər bir şəxsin İcra Hakimiyyətinin istənilən struktur vahidi ilə birbaşa əlaqə yaratmaq imkanlarının yaradılması nəticəsində bir sıra problemlər öz lazımı həllini tapıbdır. Veb-səhifə ard-arda NETTY 2008, 2009, 2010 milli internet mükafatının “Dövlət saytları” nominasiyası üzrə ilin nominantı adına layiq görülübdür”.

Təəssüflər olsun ki, hər zaman yaxşıların sayı pislərdən az olur. Bu, RİH-lər arasında apardığımız araşdırmada da özünü göstərdi. Məlum oldu ki, qloballaşan və elektronlaşan cəmiyyətimizdə hələ də müəyyən boşluqlar var. Bu boşluqlar isə ya məsuliyyətsizlikdən, ya da kimsənin öz üzərinə düşən vəzifəsini dərk etməməyindən irəli gəlir. Ümid edirik ki, bu boşluqların doldurulmasında İcra Hakimiyyətləri də öz səylərini əsirgəməyəcək və bu yazıdan nəticə çıxaracaqlar.

Bir sözlə, rəsmi elektron ünvanlarına baxmaq sizdən, mövzunu diqqətdə saxlamaq bizdən…Mənbə: Kaspi qəzeti

Facebook Şərhləndirmə:

“Sumqayıt şəhər icra hakimiyyəti elektron müraciətə neçə gün ərzində cavab verib?” yazısına 4 cavab

  1. Əyyub deyir:

    Sumqayıt şəhər İcra hakimiyyətinə sentyabrın 28-də emaillə məktub yazmışam. Hələ bir xəbər yoxdur. Mən neçə gün gözləməliyəm? Bəlkə məktubu sizə göndərim, siz çatdırın. Deyəsən sizin məktubu daha tez cavablandırırlar..

  2. mahur deyir:

    daydayin varsa ver ona gondersin

  3. Vüqar deyir:

    Mən sumqayıt şəhər icra hakimiyyətinə 1 il əvvəl elektron müraciət etmişəm ancaq cavab almamışam. Bundan başqa yazılı surətdə bir ədəd informasiya sorğusu vermişəm yenə cavab verilməyib. azərbaycan qanunlarının nə Sumqayıt şəhər icra hakimiyyətinə hə də Sumqayıt şəhər Memarlıq və şəhərsalma idarəsinə aidiyyatı yoxdur. bunların öz qanunları var, özüdə hər başçı dəyişildikcə başçının kimliyinə və xarakterinə uyğun olaraq binadaxili qanunlar da dəyişilir.

  4. Ramiz deyir:

    Sumqayıt Şəhər Icra Hakimiyyətinin saytı bir həftədir ki
    aktiv deyil. Elektron müraciətlərə isə cavab verilmir və yaxud çox səthi baxılır. Keçın il göndərdiyimiz 8 müraciətə heç bir cavab alamamışıq.

Şərhinizi yazın