Menu
Geri İrəli

Sumqayıt şəhərində qətl törətmiş şəxs tutulmuşdur

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Yanvar 2012 • Baxış sayı: 183 dəfə • Şərh yoxdur

Ötən il dekabrın 30-da saat 18:00 radələrində Rzayeva Raya Əziz qızının yaşadığı Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 575 c ünvanında üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilmişdir.
Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, faktla bağlı həmin tarixdə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Sumqayıt Şəhər Prokurorluğu, Sumqayıt Şəhər Polis İdarəsi, Milli Təhlükəsizlik Nazirliyinin Sumqayıt Şəhər İdarəsi və Abşeron Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Cəfərov İntiqam Akif oğlu yanvarın 7-də tutularaq istintaqa cəlb edilmişdir.
İstintaqla müəyyən olunmuşdur ki, İntiqam Cəfərov dekabrın 30-da saat 11:00 radələrində oğurluq məqsədilə Raya Rzayevanın yaşadığı evə daxil olduqda sonuncu ona mane olmaq istəmişdir. Bu zaman İntiqam Cəfərov üstündə gəzdirdiyi bıçaqla onun boyun nahiyəsinə, eyni zamanda təpik və daşla isə başının sifət və digər nahiyələrinə çoxsaylı zərbələr vuraraq qəsdən öldürmüşdür. Bundan sonra, İ.Cəfərov zərərçəkmişin üstündə olan iki ədəd qızıl üzüyü və sırğaları, habelə evdə olan “Nokia” markalı mobil telefonu götürərək hadisə yerindən qaçmışdır.
İntiqam Cəfərova Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın