Menu
Geri İrəli

Sumqayıt – sabaha inamla boylanan şəhər

Müəllif: sumqayitxeber.com • Tarix: 19 May 2016 • Baxış sayı: 13,228 dəfə • 1 şərh

zakir fereceov4343Bu gün Sumqayıt ən dinamik inkişaf edən şəhərlərdən biridir. Ötən hər ay, hər il özü ilə bu şəhərə yeni, mütərəqqi dəyişikliklər gətirir. Son aylarda Sumqayıtda yaranan canlanma, təkamül özünü xüsusilə qabarıq göstərir. Ötəri bir baxışla da hiss olunur ki, abadlıq, inkişaf hər hansı bir ayrıca sahədə getmir, məhz çoxcəhətli xarakterə malikdir. Sənaye, sosial sfera, infrastruktur və digər sahələrdə sürətli tərəqqi paralel şəkildə gedərək bir-birini tamamlayır. Elə bu da Sumqayıtın inkişafında hərtərəfli modernləşmənin təmin olunmasında əsas rol oynayır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkənin dinamik inkişaf konsepsiyasını ardıcıl reallaşdırır, zamanın çağırışlarına adekvat olan yeni əlavələrlə zənginləşdirir. Dövlət başçısının təkcə Sumqayıt şəhərinin inkişafına göstərdiyi diqqətin miqyasları yetərincə geniş və hərtərəflidir. Hər bir sumqayıtlı doğma şəhərə gündəlik dövlət qayğısından ruhlanır və sabaha daha böyük inamla baxır.

Sumqayıtda əvvəlki dövrlərdə də abadlıq-quruculuq işləri aparılıb. Regional inkişaf üzrə Dövlət Proqramında nəzərdə tutulan tədbirlər gənclik şəhərindən yan ötməyib. Ancaq ötən ilin sentyabrında  quruculuq sahəsində yetərli təcrübəsi olan Zakir Fərəcov şəhərə icra hakimiyyəti başçısı təyin edildikdən sonra Prezidentin tapşırığı ilə bu işlər daha da sürətlənib. Abadlıq yürüşü bütün cəbhəboyu aparılmağa başlanıb. Bir neçə istiqamətdə çox gözəl, müasir infrastruktur layihələrin icrasına start verilib. Ayrı-ayrı təsərrüfat sahələri üzrə zəruri addımlar atılır, əsas problemlər həllini tapır. İndi şəhərdə abadlıq-quruculuq işlərinin həyata keçirilmədiyi meydan, küçə yoxdur, – desək, mübaliğə etmiş olmarıq.

Bildiyimiz kimi, dövlətimizin başçısı tez-tez bölgələrdə  olur, mühüm sosial-iqtisadi obyektlərin açılışını edir, əhalinin bütün zümrələri ilə görüşlər keçirərək onların problemlərini bilavasitə özlərindən öyrənir. Cənab Prezident Sumqayıta 15 dəfə səfər edib, şəhərin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlərlə bağlı 14 fərman və sərəncam imzalayıb. Ötən il oktyabrın 25-də Sumqayıta səfər edən Prezident İlham Əliyevin iştirakı ilə etilen-polietilen zavodunda yeni qurğuların işə salınması, yüksək sıxlıqlı polietilen zavodunun təməlinin qoyulması, texniki avadanlıqlar zavodunun açılması bu şəhərin ölkəmizin sənaye mərkəzinə çevrildiyini bir daha təsdiq edir.

zakir feecov-prezident

Sumqayıtlılar deyirlər ki, icra hakimiyyətinin başçısı vəzifəsinə Zakir Fərəcovun təyin olunması   şəhərdə müsbət qarşılanıb. Nikbinliyi artıran amil onun məhz bu şəhərin yetirməsi olmasıdır. Əmək fəaliyyətinə 45 il öncə Sumqayıtda fəhlə kimi başlayan Zakir müəllim bu şəhərdə pillə-pillə ucalıb. Sumqayıt Bələdiyyəsinin sədri, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı kimi nümunəvi fəaliyyəti ilə seçilib. Yeri gəlmişkən, dövlət başçısının 26 dekabr 2012-ci il tarixli sərəncamına əsasən, Abşeron rayonun sosial-iqtisadi inkişafındakı xidmətlərinə görə Zakir Fərəcov “Şöhrət” ordeni ilə təltif olunub.

Şəhər rəhbərliyi yol infrastrukturunun yenilənməsi istiqamətində də mühüm tədbirlər görür. İcra başçısının ilk göstərişlərindən biri şəhərin əsas giriş yolunun – Sülh küçəsinin genişləndirilməsi ilə bağlı olub. Hazırda şəhərin girişindən dəniz kənarındakı “Göyərçin” abidəsinə qədər avtomobil yolunun hər iki istiqamətdə 5 metr genişləndirilməsi həyata keçirilir. Şəhər haqqında müsafirlərdə ilk təəssürat formalaşdıran bu yol altı zolaqlı olacaq. Avtomobillərin təhlükəsiz hərəkəti təmin ediləcək. Eyni zamanda, Sülh küçəsinin abadlaşdırılması ilə bağlı tapşırıq uğurla həyata keçirilir. Yolun sağ və sol istiqamətində parkın salınması, istinad divarlarının tikilməsi, modern işıq dirəklərinin quraşdırılması və eləcə də yaşıllaşdırma işləri həyata keçirilir. Sülh küçəsində mövcud asfalt örtüyü 48 min kvadratmetr olduğu halda, genişləndirmə işlərindən sonra şəhərin əsas küçəsində həmin örtük 67200 kvadratmetr olacaq. Layihəyə əsasən bu küçədə 6840 kvadratmetrlik səki salınacaq. Yolda yağış sularının qəbuledici xətlərinin, su-kanalizasiya, həmçinin kommunikasiya xətlərinin çəkilməsi də reallaşdırılacaq.

merkez2Bir neçə aydır ki, Sumqayıtda böyük qədirşünaslıqla, müasir üslubda yeni Heydər Əliyev Mərkəzinin tikintisinə başlanıb. Heydər Əliyev Parkında ulu öndərin uca adına layiq olan, milli və müasir memarlıq ənənələrini əks etdirən 4 mərtəbəli   möhtəşəm mərkəz artıq indidən öz əzəməti ilə diqqət çəkir. Aşkar görünür ki, bu mərkəz həm unikallığı, həm də böyüklüyü ilə seçilərək şəhərə xüsusi yaraşıq verəcək. Burada işlər yüksək zövqlə, sürət və keyfyyətlə aparılır. Heyrətamiz gözəlliyə malik mərkəzin birinci mərtəbəsində ümummilli liderin büstü, dahi şəxsiyyətin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotoguşə və muzey olacaq. Burada  400 nəfərlik akt zalı nəzərdə tutulur ki, ən böyük ümumşəhər tədbirləri məhz orada təşkil edilsin. Nikah mərasimləri  salonu, gənclər üçün müzakirə və diskussiya zalları, elektron kitabxana yaradılacaq.  Linqafon, internet və rəssamlıq otaqları, fotostudiya və rəqs zalı da fəaliyyət göstərəcək. Yaxın zamanlarda mərkəzin qarşısında ümummilli liderin abidəsi ucaldılacaq.

Prezident İlham Əliyev Sumqayıt şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi, dövlət mənzil fonduna aid olan çoxmənzilli binalarda istismara yararsız  liftlərin yeniləri ilə əvəz edilməsi məqsədilə Sumqayıt Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 3,7 milyon manat ayrılması ilə bağlı 13 oktyabr tarixli sərəncam imzalayıb. Bununla bağlı  işlər geniş vüsət alıb.  Sumqayıt şəhərindəki 594 liftdən 200-ü yararsız vəziyyətdə idi. Artıq bu liftlərin çoxu dəyişdirilib. Bir çox binalarda liftlər yenilənərək sakinlərin istifadəsinə verilib. Ümumilikdə 140 ədəd liftin 3 ay ərzində dəyişdirilərək əhalinin istifadəsinə verilməsi reallaşdırılır.  Yerdə qalan 60 lift isə növbəti aylarda yenilənəcək.

ferecov-aliyev

Prezident İlham Əliyev dekabr ayında  Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında fərman imzaladı. Sərəncamla Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi yaradılıb. Müəyyən edilib ki, Sumqayıt şəhərinin inzibati ərazisində “Pilot layihə” çərçivəsində sərnişin daşınmasının inkişafı sahəsində tədbirlər görülməsi, sərnişin daşıyan avtomobil nəqliyyatı subyektləri tərəfindən normativ hüquqi aktlara riayət olunmasına nəzarət edilməsi, sərnişin daşınmasının təşkili və bu sahədə dövlət sifarişinin formalaşdırılması, vahid norma və qaydalar əsasında təhlükəsiz yerinə yetirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görülməsi Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilsin.  Tezliklə Sumqayıtda elektrik sərnişindaşıma vasitələrini də görmək mümkün olacaq.

Sumqayıtlılar şəhər təsərrüfatını canlandırmağa hesablanmış kadr islahatının ilkin nəticələrini  çox gözləməli olmayıblar. Bir çox idarə və müəssisələrin rəhbərliklərində dəyişiklik baş verib. Məhz Sumqayıtda təcrübə toplamış mütəxəssislər vəzifələrə layiq görülüblər. Artıq xidmət sahələrinin fəaliyyətində keyfiyyət dəyişiklikləri də görünür.

BeFunky CollageYeni rəhbərliyin ilk gündən diqqət yetirdiyi əsas məsələlərdən biri də məhz şəhərin dənizkənarı bulvarının yenidən qurulması oldu. Hazırda dənizkənarı parkla birlikdə 186 hektar ərazini əhatə edən bulvarda işlər sürətlə həyata keçirilir. Sahil zolağı göz önündəcə günbəgün simasını dəyişir. Nəsimi adına   Mədəniyyət və İstirahət Parkı həm ərazisinə, həm də landşaftına görə ölkəmizdə mövcud olan əksər parklardan seçilir. Bu parkın ərazicə çox böyük olması ilə yanaşı, çimərliyə birbaşa çıxışının olması onu Bakı bulvarından fərqləndirir. Hazırda Xəzərin ləpədöyənində genişmiqyaslı tikinti və yaşıllaşdırma tədbirləri paralel aparılır.

Layihədə gənclər şəhəri üçün böyük əhəmiyyət daşıyan bulvar ərazisinin daha da genişləndirilməsi   nəzərdə tutulub. Ərazidə dənizə qarşı hündürlüyü 1 metr 60 santimetr, uzunluğu isə 4200 metr olan istinad divarı, demək olar ki, tikilib qurtarıb. Burada müasir tipli otellər, ticarət mərkəzi, kinoklub, uşaqlar üçün əyləncə məkanları, kafe, restoran və çoxmərtəbəli yaşayış binalarının tikintisi nəzərdə tutulur. Sumqayıtda tam təhküləsiz şəkildə velosiped idmanı ilə məşğul olmaq istəyənlər də yaxın zamanlarda bu arzularını reallaşdıra biləcəklər. Axı, Dənizkənarı Bulvar layihəsində velosiped həvəskarlarının istəkləri nəzərə alınıb: onlar üçün eni üç metr olan xüsusi hərəkət zolağı salınır. Bulvarda şəhər sakinlərinin piyada gəzintisi, kiçikölçülü gəzinti avtobusları və avtomobil yolu nəzərdə tutulur. Çimərlik zonasında da əsaslı işlər görüləcək. Sahil hissədə estakadalar qurulacaq və şəhərin akvatoriyasında gəzinti gəmilərinin hərəkəti təmin olunacaq.

 Onu da deyək ki, bu işlər yalnız  şəhərdə deyil, Sumqayıtın qəsəbələrində də geniş vüsət alıb.  Belə ki, 7,5 kilometr uzunluğu olan Sahil küçəsinin genişləndirilməsi prosesi hazırda uğurla davam edir. Yolun qədim yaşayış məskənlərindən sayılan Corat qəsəbəsindən keçən  hissəsində sakinlərin istirahəti məqsədilə də işlər həyata  keçirilir.

Sumqayıtda həllini gözləyən problemlərdən biri də məhəllədaxili yolların yararsız halda olması ilə bağlı idi. Şəhərin yol infrastrukturunun yenilənməsinin tərkib hissəsi olaraq 1, 3, 6, 9, 13, 17 və 18-ci mikrorayonlarında, 47, 48-ci məhəllələrində daxili yolların yenilənməsinə başlanıldı.

Nəzərəçarpan keyfiyyət dəyişikliklərindən biri də budur ki, kompleks tikinti-quruculuq işlərinin bir hissəsini ictimai yaşayış binalarının təmiri və yenidən qurulması təşkil edir. Heydər Əliyev, Azərbaycan prospektləri və 20 Yanvar küçəsi boyunca yaşayış binalarının fasad və dam örtükləri əsaslı təmir olunur, çöl divarları müasir formada aqlayla üzlənərək sanki ikinci gəncliyinə qovuşur. Binaların aşınmaya məruz qalmış elementləri yenilənir və piyadalar üçün təhlükə yaradan amillər aradan qaldırılır. Təqdirəlayiq haldır ki, fasadlama işləri zamanı binaların tarixi memarlıq elementlərinə, əzəli dizayn və ornamentlərinə toxunulmur.

IMG_3476

Sumqayıt şəhərində illərdən bəri həllini gözləyən məsələlərdən biri də məktəbəqədər tərbiyə   müəssisələrinin vəziyyəti idi. Şəhərdəki mövcud uşaq bağçalarının dam örtüyünün dəyişdirilməsinə, istilik sizsteminin bərpa olunmasına ciddi ehtiyac duyulurdu. Zakir Fərəcov şəhərdə rəhbər kimi fəaliyyətə başladığı ilk gündən məktəbəqədər tərbiyə ocaqlarının qısa müddətdə təmir olunması göstərişini verdi.  Qış ayları ərəfəsində mövcud 56 uşaq bağçasından 48-i qısa müddətə əsaslı təmir edildi, dam örtükləri yeniləndi və istilik sistemi bərpa olundu. Şəhər rəhbəri, eyni zamanda, uşaqların keyfiyyətli qidalanması məsələsinə nəzarəti artırdı. Sözsüz ki, bütün bunlar bağça kollektivlərinin daha yaxşı işləməsinə və uşaqların təlim-tərbiyəsi işinin yaxşılaşdırılmasına, gələcək nəslin sağlam böyüməsinə xidmət kimi qiymətləndirilməlidir.

Statistikaya görə, Sumqayıtda adambaşına düşən yaşıllıq sahəsi ümumölkə göstəricisindən çoxdur və 26,5 kvadratmetr təşkil edir. Şəhərin hakimiyyət orqanları bu rəqəmi 50 kvadratmetrə çatdırmaq niyyətindədirlər. Buna görə də şəhərdə yaşıllıq yürüşləri davamlı xarakter daşıyır.

“ Xəzərin zümrüd boyunbağısı” adlandırılan Sumqayıtın dənizkənarı parkında, Heydər ƏliyevParkında, küçə və yaşayış ərazilərində kütləvi şəkildə ağaclar əkilir, yaşıllıqlar qayğı ilə əhatə olunur. Şəhər yaşıllaşdırma idarəsinin bağbanları daim yaşıllıq zolaqlarına qulluq edirlər. Bununla bərabər, ərazilərin yaşıllaşdırılması şəhər təsərrüfatının strukturları arasında bölüşdürülüb. Əkin yerlərinə su xətlərinin çəkilməsi, torpaqların hamarlanması, çalaların qazılması intensiv aparılır. İməciliklərə hər kəs həvəslə qoşulur. Ötən payız-yaz əkin mövsümündə Sumqayıtda 50 min həmişəyaşıl ağac əkilib. Yaz gələndən işlərin həcmi daha da artıb. Belə ki, 100 min qızılgül kolu, 1,5 milyon mövsümi gül əkilib, 25 min kvadrat-rulon çəmənlik salınıb. Bundan başqa, yeni əkilmiş 600-ə yaxın yeni palma şəhərin küçə və bağlarına yaraşıq verir.  Bir o qədər də dekorativ Hollandiya leylandrası ərazilərə köçürülüb. Əsas işlər şəhərin girişində, “Sülh” küçəsində, mərkəzi xiyabanlarda aparılır. Hazırda Koroğlu, Çerkassı küçələrində geniş iş cəbhəsi açılıb. Heydər Əliyev və Lüdviqshafen parkları, ulu öndərin adını daşıyan prospekt, Azərbaycan, N.Nərimanov, S.Vurğun küçələri yeni yaşıllıqları, gülü-çiçəyi ilə baxanları heyran qoyur.

Sumqayıtlılar “yaşıl marafon”un təşkilinə hamılıqla dəstək verir və iməciliklərdə fəallıq göstərirlər. Təkcə “Azərikimya” İstehsalat Birliyinin kollektivi  sənaye ərazilərində iməciliklər zamanı minlərlə çinar, nar, meliya, sərv, şam, əncir, ərik, gilənar, badam və xurma ağacı əkib. Mövsümün əvvəlindən ayrı-ayrı təşkilatlar “Bu gün əkdiyimiz ağac, sabah aldığımız nəfəsdir” devizi altında genişmiqyaslı yaşıllaşdırma aksiyaları keçirib. Aparılan işlər müxtəlif parkları və yolkənarı əraziləri əhatə edib. Məqsəd ölkədə ekoloji mühitin mühafizəsinə töhfə vermək və təbiətə qayğı hissini gücləndirməkdir.

DSC_0311

Elə ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə ağacəkmə aksiyasında da sumqayıtlılar elliklə iştirak ediblər. Heydər Əliyev parkından başlayaraq Sülh, Çerkassı, Koroğlu küçələrində, yeni yaradılan bulvarda, Nəsimi parkında, təhsil, səhiyyə və mədəniyyət ocaqlarının, sənaye zonalarının qarşısında 23 minə yaxın ağac tingi, 300 min mövsümi gül, 90 min qızılgül əkilib. Bundan başqa sonra Nəriman Nərimanov küçəsində “Nizami” kinoteatrının qarşısındakı yeni park istifadəyə verilib. Açılış mərasimində bildirilib ki, burada tikinti qaydalarına uyğun olmayan, inzibati, mədəni obyektlərin qarşısını kəsən obyektlər sökülüb, park salınıb. Ərazidə 10 minə yaxın müxtəlif növ gül, yüzlərlə ağac əkilib, 1000 kvadratmetr sahəyə qazon döşənib. Ərazi bütövlükdə abadlaşdırılıb.

Sumqayıtın simasına özəl rəng qatacaq yeni ünvanlardan biri də inşası tamamlanmaq üzrə olan yeni  Şahmat Mərkəzi olacaq. Müasir standartlara cavab verəcək mərkəz şəhərin 9-cu mikrorayonunun ərazisində tikilir. İkimərtəbəli binada yarış zalı, sinif otaqları, kompüter və elektron kitabxana otağı, oyunların canlı izlənməsi zalı və digər otaqlar yaradılacaq.

Şəhərin “Şərq bazarı” yaxınlığında uzun illərdən bəri yarımçıq qalmış tikili sökülüb və həmin ərazidə yeni, müasir musiqi məktəbi inşa olunur. Məktəbin layihəsi diqqətçəkəndir. Artıq  işlərin əksər qismi yerinə yetirilib və yaxın zamanlarda incəsənət ocağı istifadəyə verilməyə hazırlanır. Burada yaradılan  tədris və məşq otaqları, kitabxana və akt zalı Sumqayıtın istedadlı yeniyetmə və gənclərinin ixtiyarına veriləcək. Üçmərtəbəli binada müəllimlər otağı, ayrıca inzibati otaqlar da yerləşəcək.

Sumqayıt Dövlət Dram Teatrı isə başdan-başa əsaslı təmir olunmaqdadır. Bərpa işləri başa çatandan sonra teatrın əsas zalının tutumu 650 nəfərə qədər artacaq. Əsaslı şəkildə yenidən qurulan bina müasir səhnə avadanlıqları, işıqlandırma sistemləri ilə təmin olunacaq. O da diqqətəlayiqdir ki, təmir-tikinti işləri teatr kollektivinin yaradıcılıq prosesinə mane olmadan həyata keçirilir. Sənət ocağının yaradıcı heyəti məşqlərini davam etdirir, yeni tamaşalar hazırlayır.

…Rusiyalı həvəskar bəstəkar Yaroslav Semyonov uzaq Kareliyanın Kostomukşa şəhərinin sakinidir. 22  yaşına qədər Sumqayıtda yaşayıb. Buradakı S.Vurğun adına mədəniyyət sarayında özfəaliyyət kollektivinin üzvü olub. Atası azərbaycanlı, anası isə rus olub. Sumqayıta son səfərində şəhərin inkişafına heyranlığını gizlətməyib. Dənizkənarı parkdakı “Yaşıl teatr”da həmvətənləri qarşısında parlaq çıxışı ilə yadda qalıb. O, həmçinin AzTV-nin “Mədəniyyət” kanalının qonağı olub, “Xəzər” Universitetində, “Atatürk” liseyində  konsertlər verib. Azərbaycana, Sumqayıta sevgilərini musiqi dili ilə gözəl ifadə edə bilir.  Maraqlıdır ki, Yaroslav Semyonov doğulub-böyüdüyü və ömürlük sevdiyi şəhər haqqında 20-dən artıq mahnı yazıb hər yerdə böyük həvəslə ifa edir. İndi ancaq xatirələrdə qalan köhnə Sumqayıt tramvayları, minlərlə sakinin hər gün gedib-gəldiyi Sumqayıt – Bakı yolu, hətta Nizami küçəsi haqqında  ayrıca mahnıları var. Bu baxımdan  bəlkə o, Ginnesin Rekordlar Kitabına da düşə bilər.

Bəli, ölkəmizdəki böyük yüksəliş Sumqayıtın da timsalında aydın görünür. Daim inkişafda olan bu şəhər hələ çox mahnılarda, şeirlərdə vəsf olunacaq.

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”

 

 

Facebook Şərhləndirmə:

“Sumqayıt – sabaha inamla boylanan şəhər” yazısına bir cavab

  1. Adil m. deyir:

    Biz Sumqayıtda uzaq da yaşayanlar da sizlərin sevincinizə sevinirik. Deməli bu xalqın Zakir Fərəcov kimi işləyən oğulları vardır.Belə oğulları meydanə çıxartmaq lazımdır.
    Zakir müəllim daha böyük ruhla işləyin.Təkcə onu qeyd etməyi özümə borc bilirəm deyim ki, seçdiyiniz kadrlar da sizə dayaq və layiqli köməkçilərdir.Bunlarla dağı-dağ üstə qoymaq olar!
    Sizlərə yeni-yeni və daha yüksək uğurlar allahdan diləyirəm.

Şərhinizi yazın