Menu
Geri İrəli

“Sumqayıt şəhərində, Şəbnəmin öz ata-anasının qəbrinin üstündə başını kəsmişəm”

Müəllif: sumqayitxeber.com • Tarix: 15 Aprel 2014 • Baxış sayı: 950 dəfə • Şərh yoxdur

Həyat yoldaşını iki yumruqla öldürən kişi başına gələnləri danışdı

 Həyat yoldaşını qətlə yetirməkdə ittiham olunan Lerik rayonu Zərukuməco kənd sakini, 1988-ci il təvəllüdlü Əliyev Şahin Mirsəməd oğlunun məhkəmə istintaqı başa çatıb. Sözügüdən qətl hadisəsi ötən ilin ən səs-küylü cinayətlərindən hesab olunub.

Virtualaz.org saytının müxbirinin verdiyi xəbərə görə, hadisə 17 sentyabr, 2013-cü ildə Yeni Suraxanı ərazisindəki qəbiristanlıqda baş verib.

Şahin Əliyev faktiki nikahda olduğu həyat yoldaşı, 1991-ci təvəllüdlü Şəbnəm Namazovanın boğazından yapışaraq onu boğub. Qadının öldüyünü görəndən sonra isə cinayətin izini itirmək məqsədilə meyiti yaxınlıqdakı su kanalına atıb.

Məhkəmədə ifadə verən Şahin Əliyev ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, ifadəsində Şəbnəmlə 2010-cu ildə ailə qurduğunu, birgə nikahdan bir övladları olduğunu deyib: “Bir müddət Lerikdə, valideynlərimin yanında yaşadıq. Amma Şəbnəm kənd həyatına öyrəşə bilmədiyinə görə Bakıya köçməli olduq. Kirayədə qalırdıq. 2013-cü ilin əvvəllərindən Şəbnəmlə münasibətlərimizdə gərginlik yaranmışdı. İş o yerə çatmışdı ki, hətta Şəbnəm uşağı mənim yanımda qoyaraq evdən qaçmışdı. Dəfələrlə mobil telefonuna zəng vursam da cavab vermirdi. Hər gün Şəbnəmi axtarırıdım. Sentyabrın 16-da işlədiyim avtoyuma məntəqəsində olarkən gizli nömrədən zəng vuraraq uşağı istədi. Ona “oğlumu sənə verməyəcəyəm” dedikdə telefonu qapatdı. Həmin gün gecə saat təxminən 22:00 radələrində yenidən zəng vuraraq Yeni Suraxanı qəsəbəsindəki qatar yolunun yanında olduğunu, oğlumu da götürüb onun yanına gəlməyimi xahiş etdi. Uşağı evdə qoyub həmin yerə tək getdim. Şəbnəm oğlumu soruşduqda ona yalandan uşağın kənddə olduğunu bildirdim. Şəbnəm səhər tezdən işə gedəcəyini dedi və dayanacağa qədər ötürməyimi xahiş etdi. Yolda ondan harada qaldığını soruşsam da yaşadığı ünvanı məndən gizlətdi”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, Şəbnəm ertəsi gün onunla görüşəcəyini deyərək taksiyə minib. Şahin isə qadının arxasınca düşərək onu izləyib və qaldığı yeri müəyyənləşdirib: “Şəbnəm həmin evə girdikdən sonra ona zəng vursam da telefonuna zəng çatmadı. Bir qədər keçmiş  bir kişi mənə zəng vuraraq Şəbnəmin rəfiqəsinin əri olduğunu və qadının onlarda qaldığını dedi. Həmin şəxsdən küçəyə çıxmasını xahiş etdim və onların qapılarını döyməyə başladım. Adını sonradan bildiyim Elşad Əzimov qapını açıb məni içəri dəvət etdi. Həyətdə Elşadla oturdum, onun arvadı Aysel də bizim yanımız gəldi. Amma Şəbnəm evdən çölə çıxmadı. Elşad gec olduğunu deyərək onlarda qalmağımı təklif etdi. Gecəni onlarda qaldım.

Ertəsi gün səhər tezdən Aysellə Şəbnəm işə gedərkən avtobus dayanacağında onlara yaxınlaşdım. Şəbnəmdən işə getməməsini xahiş etdim. Şəbnəm də mənimlə razılaşdı. Birlikdə piyada Əmircana tərəf getdik. Yolda avtoyuma məntəqəsinin sahibi maşınla yanımızdan keçərkən bizi görüb maşını saxladı. Onunla birlikdə avtoyuma məntəqəsinə gəldik. Hər ikimiz maşından düşüb məntəqəsinin qapısını açdıq, Şəbnəm isə maşında qaldı. Bir qədər keçmiş maşına yaxınlaşanda Şəbnəmin kiminləsə telefonla danışdığını gördüm. Yaxınlaşıb dedim ki, işimə yaxın yerdə kirayə ev tapmışam, gəl yenə bir yerdə yaşayaq. Amma imtina elədi. Bundan sonra Şəbnəmlə birlikdə 104 saylı marşruta minib Yeni Suraxanıya getdik. Sonuncu dayanacaqda – qəbiristanlığın yanında düşüb, söhbət edə-edə qəbiristanlığa girdik”.

Şahin Əliyevin sözlərinə görə, Şəbnəm ona Elnur adlı şəxslə ailə qurduğunu, onunla rəsmi nikaha daxil olduğunu dedikdə əsəblərini cilovlaya bilməyib: “Arvadım mən dura-dura ərə getdiyini deyəndə dözə bilmədim. Özümü saxlaya bilməyib Şəbnəmin boğaz nahiyəsinə iki dəfə yumruqla vurdum. Zərbənin təsirindən yerə yıxılaraq xırıldamağa başladı. Dərhal əyilib başını qucağıma aldım. Bir neçə dəqiqə sonra səsi tamamilə kəsildi. Əlimi ürəyinin üstünə qoyanda ürəyinin döyünmədiyini görüb özümü itirdim, nə edəcəyimi bilmədim. Çantasını açıb içindən telefonunu götürdüm. Meyitin üstünü ətrafdan götürdüyüm tullantılarla örtüb qəbiristanlıqdan uzaqlaşdım. Hadisə barədə heç kimə bir söz demədim. Özümü yandırmaq qərarına gəlmişdim.

Axşamüstü işdən çıxıb yanacaqdoldurma məntəqəsinə getdim. İki litr benzin alıb qəbiristanlığa gəldim. Meyiti qəbiristanlıqdan çıxarıb boş sahəyə apardım. Özümü yandırmaq istərkən gözüm yaxınlıqdakı su kanalına sataşdı. Fikrimdın daşındım və meyiti su kanalına atdım.

Hadisədən sonra iki gecə Şəbnəmin rəfiqəsi Ayselgildə qalmışam. Həm Ayselə, həm də onun ərinə Şəbnəmi öldürdüyümü demişəm.

Şəbnəmin telefonuna açıb ona gələn mesajları oxudum. Mesaj yazanın oğlan  olduğunu yəqin edib zəng vurdum, amma telefona qız cavab verdi. Həmin qıza Şəbnəmin öldürdüyümü dedim və telefonu söndürdüm. Sentyabrın 20-də həmin qız mənə zəng vuraraq “Koroğlu” metrosunun yanında görüşməyi təklif etdi. Onun hadisə barədə artıq polisə məlumat verdiyini başa düşsəm də ora getdim. Yaxınlıqdakı kafelərin birində oturan zaman polis əməkdaşları gələrək məni şöbəyə apardılar”.

Mərhumun bacısı Gözəl Abbasovanın sözlərinə görə, Şəbnəm 2010-cu ilin mart ayında Şahinlə ailə qurub, əvvəllər mehriban yaşasalar da sonradan münasibətləri pisləşib. Bacısının qətlə yetirilməsini isə hadisədən 5 gün sonra polis əməkdaşlarından eşidib.

Şahid qismində məhkəmədə ifadə verən Elşad Əzimov Şahinin gecə saatlarında onlara gəldiyini göstərib: “Şahin mobil telefonda Şəbnəmə gələn SMS-ləri, zəngləri mənə göstərərək Elnur adlı şəxsi tapıb öldürəcəyini bildirdi. Mən Şahindən Şəbnəmin harada olduğunu soruşduqda “Sumqayıt şəhərində, Şəbnəmin öz ata-anasının qəbrinin üstündə başını kəsmişəm” dedi. Onun bu sözündən sonra Şahini döymək istədim, arvadım Aysel imkan vermədi və onu evdən qovdu”.

Məhkəmənin hökmü ilə Şahin Əliyev cəzasını ümumi rejimli cəzaçəkmə məntəqəsində çəkməklə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İnarə Rafiqqızı

Virtualaz.org

Facebook Şərhləndirmə:

Şərhinizi yazın