Menu
Geri İrəli

Sumqayıt şəhərindəki kinoteatrların vəziyyəti necədir? – ARAŞDIRMA

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Fevral 2015 • Baxış sayı: 1,138 dəfə • 3 şərh

kino_5464dsaBu gün dünya kinematoqrafına milyonlarla pul xərclənilir. Elə ondan az olmayan miqdarda da pullar qazanılır. Ancaq Sumqayıt sakinləri həmin proseslərə heç kənardan da baxa bilmirlər. Çünki bir zamanlar şəhərdə mövcud olmuş kinoteatrlar ya avtomobil salonuna, ya ucuz pivəxanaya, ya da ki restorana çevrilib.

Burada sevgililərin, gənc ailələrin və ya mədəni istirahət arzusunda olanların məkanları nə olsa da, kinoteatr olmadığı gün kimi aydındır. Çünki şəhərdə belə mədəni istirahəti təşkil etmək üçün yerlər olduqca azdır – cəmi iki ədəd.

Milli.Az-ın əməkdaşı Sumqayıt şəhərindəki kinoteatrların fotolarını çəkib. Görüntülərə baxdıqca, şəhərdəki mədəni həyatın nə qədər miskin olduğu görünür.

Başlayaq “Qarabağ” kinoteatrından. Bir zamanlar şəhərin ən müasir mədəniyyət ocağı kimi tikilən bu məkanın ömrü elə də uzun olmayıb. Çox qısa müddətdə fəaliyyət göstərdikdən sonra Qarabağ müharibəsi başlayıb. Dağlıq Qarabağın acı taleyini Sumqayıtdakı eyni adlı kinoteatr da yaşamalı olub. Gənclərin döyüşlərdə həlak olduğu zamanda heç kimin kino kimi əyləncələrə vaxt sərf etmək həvəsi olmayıb.

Qara taleyini yaşayan “Qarabağ” kinoteatrı:

Dağlıq Qarabağ ermənilərin işğalına məruz qaldığı bir vaxtda, “Qarabağ” kinoteatrı isə Sumqayıtdakı işbazların ilhaqına məruz qalıb. 1990-cı illərin sonunda Dünya Televiziyasının (DTV) ofisinə çevrilərkən artıq uzun müddət idi ki, kinoteatrda heç bir film göstərilmirdi, qapıları qonaqların üzünə qapanmışdı. 2006-cı ildən özəlləşdirildikdən sonra isə profili tamamilə dəyişib. Kinoteatr hazırda ikinci əl avtomobillərin satış mərkəzidir. Bəzi otaqları isə dərzi sexi, Dairə Seçki Komissiyası kimi fəaliyyət göstərir. Bundan başqa, kinoteatrın otaqlarından biri də polis idarəsinə icarəyə verilib.


“Qarabağ” kinoteatrının foyesi:


Baş çəkdiyimiz ikinci məkan “Vaqif” kinoteatrıdır. Bu məkan Sumqayıtın bünövrəsi təzə-təzə qoyulan illərdə inşa edilib. Sovet illərində şəhər gənclərinin ən sevimli məkanlarından biri idi. Kinoteatrın şəhərin mərkəzində yerləşməsi, ətrafının gözəl park olması onu daha da cazibədar edirdi. Mədəni istirahətə gələnlər kino bitdikdən sonra da şam ağaclarının əhatəsində, təmiz havada gəzişirdilər.

İndi isə “Vaqif” kinoteatrı restoran olub. Bir zamanların məşhur mədəniyyətli insanların sevimli məkanı indi mədə niyyətlilərin məkanına çevrilib.

Köhnə “Vaqif” kinoteatrı:

Şəhərdəki acınacaqlı vəziyyətdə olan digər kinoteatr isə “Cırtdan” uşaq kinoteatrıdır. Həmin kinoteatrın da binası özəlləşdirilib. İndi həmin binada ucuz pivələr satılır. Bir zamanlar isə bu məkan məktəblilərin ən sevimli məkanı idi. Uşaqlara sevinc bəxş edirdi. Bu məqalənin müəllifinin və uşaqlığı 80-90-cı illərə düşən hər bir Sumqayıt sakininin “Cırtdan” kinoteatrı ilə bağlı nostalji xatirələri var. Özləri isə övladlarını aparmağa kinoteatr tapa bilmirlər.

“Cırtdan” uşaq kinoteatrı:

Sadaladığımız çatışmazlıqlarla yanaşı yolun sonunda işıq da görünür. Çünki şəhərdə kino mədəniyyəti hələ tam məhv olmayıb. Çünki yeni özəl kinoteatrlar da fəaliyyətə başlayıb. Bunlardan biri şəhərin Səməd Vurğun küçəsində açılan “Cinema City” kiçik kino mərkəzidir.
“Cinema City” kinoteatrı:

Şəhərdə müasir standartlara az da olsa, cavab verən “Cinema Lux”kinoteatrdır. Burada dünya prokatına çıxan yeni filmlər nümayiş olunur.

Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi Namiq QaffarovMilli.Az-a bildirib ki, yuxarında adıçəkilən kinoteatrlar artıq uzun müddətdir ki, idarənin balansında deyil. Həmin obyektlər 2006-cı ildə özəlləşdiriliblər.

“Cinema Lux” kinoteatrı üçün icarəyə verilən “Nərimanov” klubu:

Qurum rəhbəri bildirir ki, şəhərin “Nərimanov” klubu kinoteatr kimi istifadə etmək üçün özəl şirkətə icarə əsasında verilib. Lakin şəhər sakinləri həmin kinoteatrda film nümayişinə elə də maraq göstərmirlər. Açılandan bəri yalnız bir-iki filmin baxış sayı yetərli olub. Əksər hallarda kinoteatra film izləməyə gələnlərin sayı az olur.

Bütün bunlardan görünür ki, müasir kinonun Sumqayıta qayıtmağı üçün hələ çox işlər görülməlidir. Uzun müddət kinoteatrların işləməməsi haradasa zənciri qırıb. Həmin zənciri bərpa etmək isə çətin məsələdir. Acınacaqlısı isə budur ki, ölkənin əksər şəhərlərində və rayonlarında vəziyyət eynidir.

Facebook Şərhləndirmə:

“Sumqayıt şəhərindəki kinoteatrların vəziyyəti necədir? – ARAŞDIRMA” yazısına 3 cavab

  1. Sadiq deyir:

    Sumqayitin yarali yerlərindən biri, dovlet ozu de maraq gostermelidir. Valideynlər de ushaqlara bunu ashilamalidir. Teatrlara heves de azalıb.

  2. Teymur deyir:

    Medeni inkishaf yaxshi getmediyinden kinoteatrlarda da insanlarin sayi az olur. men cinemalux da her defe olanda ya tek oluram ya da maksimum 3 nefer olur.bele getse qorxuram cinemalux da baglanacaq.mence sumqayit icra hakimiyyeti ve yamedeniyyet ve turizm idaresi cinemalux u oz tabeciliyine goturmelidi baglanma tehlukesi olarsa

  3. Emin deyir:

    Chox gozel veziyyetde olan Evvel ki Vaqif kinoklubu . chox beyenirem hetda film olmadan yemek de yeye bilirsen

Şərhinizi yazın