Menu
Geri İrəli

Sumqayıt şəhərindəki sənaye parklarına infotur təşkil olunub

Müəllif: sumqayitxeber.com • Tarix: 4 İyul 2014 • Baxış sayı: 591 dəfə • Şərh yoxdur

İqtisadiyyat və Sənaye Nazirliyinin təşəbbüsü ilə iyunun 3-də Sumqayıt şəhərindəki bir neçə sənaye parkına məlumat turu təşkil edilmişdir.
AzərTAc xəbər verir ki, Azərbaycan Prezidentinin 2014-cü il 12 mart tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq, İqtisadiyyat və Sənaye Nazirliyi KİV nümayəndələrinin yerli sənaye müəssisələrinin fəaliyyəti və istehsal prosesi ilə yaxından tanış olmaları üçün müxtəlif müəssisələrə infoturlar təşkil etməyi planlaşdırır. Jurnalistlərin ilk belə səfəri Sumqayıt şəhərinə olmuşdur.
Media nümayəndələrinə ilk olaraq “Gilan” Tekstil Parkı (GTP) haqqında ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, 2012-ci ildən fəaliyyətə başlayan bu tekstil parkı 8 fabrik və 3 istehsal xəttindən ibarətdir. Parkdakı 3 fabrikin tikintisinə İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 15 milyon manat güzəştli kredit ayrılmışdır. Burada yüksək keyfiyyətli Azərbaycan pambığından ən müasir standartlara cavab verən tekstil məhsulları istehsal edilir.
İstehsalat rəhbəri Ramil Məhərrəmov “Gilan” Tekstil Parkına daxil olan müəssisələrin ən son Avropa texnologiyaları əsasında qurulduğunu diqqətə çatdıraraq demişdir: “Hazırda parkda müxtəlif növ parça, yataq dəstləri, yorğan, yastıq, trikotaj məhsulları, həmçinin müxtəlif təyinatlı odadavamlı, sukeçirməz xüsusi formalar, hərbi və idman geyimləri istehsal olunur. Bu məhsullar “GİLTEX” markası ilə Rusiya, Ukrayna və Gürcüstana ixrac edilir. Məhsulların tələbata və təyinata uyğun boyanması məqsədilə kompleksin tərkibində ayrıca fabrik fəaliyyət göstərir ki, burada istifadə edilən boya insan orqanizmi üçün zərərsizdir. Parkda hazırda min nəfərə yaxın işçi çalışır”.
Məlumat turu çərçivəsində KİV nümayəndələri Sumqayıt Kimya Sənaye Parkında da olmuşlar. Burada parkın fəaliyyətinə dair təqdimat keçirilmiş, film nümayiş etdirilmişdir. Məlumat verilmişdir ki, Sənaye Parkı 2011-ci ildə yaradılmışdır. Azərbaycanda yüksək texnologiyalara əsaslanan, rəqabətqabiliyyətli sənaye istehsalını inkişaf etdirmək, qeyri-neft sektorunun davamlı inkişafına töhfə vermək, sahibkarlığı dəstəkləmək, ölkə iqtisadiyyatının ixrac və rəqabət qabiliyyətini artırmaq, investisiyalar və müasir texnologiyalar cəlb etmək məqsədilə yaradılan park üçün 295,5 hektar sahə ayrılmışdır. Ərazi iki hissədən – inzibati-sosial və sənaye zonalarından ibarətdir. Sənaye Parkının inzibati-sosial zonası inzibati bina, peşə tədris mərkəzi, tədris emalatxanası, sərgi-konfrans salonu, laboratoriya tədqiqat mərkəzi, açıq və qapalı idman zalları, uşaq bağçası və otel-yataqxana komplekslərindən ibarət olacaqdır. Sənaye zonası isə polimerlər, inşaat, elektronika və avtomobil sənayesi, kənd təsərrüfatı, məişət və tibbi kimya kimi alt sahələrə bölünəcəkdir. Parkda 35-40 müəssisənin yerləşdirilməsi, 10 minə qədər daimi iş yerinin açılması gözlənilir. Sumqayıt Kimya Sənaye Parkının rezidentləri 7 il müddətinə mənfəət, torpaq, əmlak vergilərindən, parka istehsal məqsədilə gətirilən avadanlıq və texnologiyalar isə əlavə dəyər vergisindən azaddır.
Sonra KİV nümayəndələri ərazidə aparılan tikinti işləri, eləcə də Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Azertexnolayn” MMC-nin Polad Boru Zavodu ilə tanış olmuşlar.
“Azərsun Sənaye Parkı”nda fəaliyyət göstərən yağ emalı fabrikində KİV nümayəndələrinə bildirmişlər ki, inşaat işləri zamanı dövlətin güzəştli kreditlərindən də istifadə olunmuşdur. Xam yağ qəbulu və rafinləşdirmə bölmələrindən, marqarin paketləmə, duru yağ qablaşdırma, əridilmiş yağın qablaşdırılması və metal qablaşdırma sahələrindən ibarət müəssisə bu sahədə zəngin təcrübəyə malik şirkətlərin müasir avadanlığı ilə təchiz edilmişdir.
Fabrikdə müxtəlif növ yağlar istehsal olunur. Müasir texnologiyaların və avadanlığın hesabına burada hazırlanan məhsullar ekoloji cəhətdən təmizliyi və rəqabətə davamlılığı ilə seçilir. Məlumat turu zamanı KİV nümayəndələrinə xam yağın qəbulu, rafinləşdirmə bölmələri, marqarin paketləmə və digər sahələr barədə geniş məlumat verilmiş, Bakı Qida və Yağ Fabriki tərəfindən istehsal edilən qida yağlarının artıq ölkə hüdudlarından kənarda da böyük rəğbət qazandığı bildirilmişdir.
Sumqayıtın sənaye parklarına təşkil edilmiş ilk məlumat turu KİV nümayəndələri tərəfindən maraqla qarşılanmış, onların müəssisələrlə bağlı sualları ətraflı cavablandırılmışdır.
“Sənaye ili” çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən digər sənaye müəssisələrinə də infoturların təşkili nəzərdə tutulur.

1404399150 1404399189 1404399212

Facebook Şərhləndirmə:

Şərhinizi yazın