Menu
Geri İrəli

Sumqayıt səhiyyəsindən “Azadlıq”a reaksiya

Müəllif: Sumqayitxeber.com • Tarix: 9 Sentyabr 2015 • Baxış sayı: 633 dəfə • 1 şərh

Səhiyyə şöbəsində qazini müayinə ediblər və əməliyyata ehtiyacı olduğunu bildiriblər.
Bu yaxınlarda “Azadlıq”a müraciət etmiş Sumqayıt şəhər sakini, Daşaltı döyüşlərində 28 güllə yarası almış, Ağdam morquna yerləşdirilərək, sonradan dirilmiş, I qrup Qarabağ qazisi Məcidov Malik Qardaş oğlu bildirirdi ki, mədə və bədənində olan qəlpə yaralarının törətdiyi fəsadla bağlı bir neçə dəfə İran Islam Respublikasının xəstəxanalarında müalicə olunmasına baxmayaraq kəskin ağrılardan hələ də əziyyət çəkir.
Yazıda Sumqayıt şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Vaqif Əliyevin dönəmində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən M.Məcidova veriləcək evin qarşılıqlı anlaşma nəticəsində satılaraq Heydər Əliyevin ad günü və Gül bayramına xərcləndiyi bildirilirdi.
M.Məcidov illərlə ev davası etməsinə baxmayaraq heç nəyə nail ola bilməmişdi. O, dəfələrlə Sumqayıt İH-nin başçısı (artıq keçmiş – red.) Eldar Əzizovun qəbuluna yazılsa da, başçı onu qəbul etməmişdi. O, bundan sonra intihara əl atmışdı. Üstündə gəzdirdiyi plastik qabda olan benzini üzərinə tökərək od vurmaq istəmişdir.
Sumqayıt İH-ni mühafizə edən polislər tərəfindən bədbəxt hadisənin qarşısı alınmışdı. Hadisədən xəbər tutan Sumqayıt İH-nin başçısı E.Əzizov Qarabağ qazisi M.Məcidovu Sumqayıt şəhər Ruhi Əsəb Dispanserində məcburi qaydada 10 günlüyə “müalicə”yə göndərmişdi.
Yazıda daha sonra bildirilirdi ki, Malik Məcidov işlədiyi Sumqayıt şəhər İşıq idarəsində 6 aylıq əmək haqqını ala bilmir. Daha sonra onun müvəqqəti yaşadığı ünvana bildiriş göndərərək bildiriblər ki, onun 200 manatlıq maaşı 50% azaldılmışdır.
M.Məcidovun Sumqayıt şəhər Səhiyyə Şöbəsindən də şikayəti əks olunmuşdu. Yazıda ona qarşı laqeydlikdən də bəhs edilirdi. Qarabağ qazisinin şikayətinin “Azadlıq”da dərcindən sonra Sumqayıt şəhər Səhiyyə Şöbəsinin müdiri Ələkbər Tağıyev (məşhur bəstəkar Ələkbər Tağıyevin nəvəsi) M.Məcidovu Səhiyyə Şöbəsinə dəvət edərək konsilium keçirib, bütün epikrizləri toplatdıraraq onun cərrahi əməliyyatının yalnız özəl klinikalarda (Neftçilər xəstəxanası və ya Mərkəzi klinikada) mümkün olduğunu bildirib.
Hazırda onun hansı klinikada əməliyyat olunacağı barədə Sumqayıt şəhər Səhiyyə Şöbəsində müzakirələr aparılır.
Facebook Şərhləndirmə:

“Sumqayıt səhiyyəsindən “Azadlıq”a reaksiya” yazısına bir cavab

  1. dilqəm deyir:

    Səhiyyə Şöbəsinin müdiri Ələkbər Tağıyev hardan bəstəkar Ələkpər Tağıyevin Nəvəsi oldu? Niyə ağlınıza gələni doğru kimi camata sırıyırsınız …

Şərhinizi yazın