Menu
Geri İrəli

Sumqayıt stansiyası niyə dondu? – Fotolar

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Mart 2015 • Baxış sayı: 579 dəfə • Şərh yoxdur

534397

Bir zamanlar Sumqayıt tək Azərbaycanın deyil, dünyanın qüdrətli dövləti olan Sovetlər Birliyinin də ən iri sənaye mərkəzlərindən idi. İttifaqın bütün bölgələrindən gənclər yeni həyat qurmaq, işləmək və yaşamaq üçün Gənclər şəhərinə gəlirdilər.

milli.az saytı şəhərin bugünkü durumunu əks etdirən reportaj hazırlayıb. Yazıda qeyd olunur ki, bu şəhərin dəmir yolu stansiyası da şəhərin ən gur yerlərindən biri idi. İndi isə bu stansiyada gur olan yalnız küləkdir. Burada artıq yel vurub yengələri də oynatmır. Çünki yengələrin artıq uzun zamandır ki, buraya yolu düşmür. Sumqayıtın Dəmir Yolu Stansiyası artıq uzun müddətdir ki, tənha qalıb. Burada saatlar da donub. İllərdir ki, saatlar 09:50-ni göstərir:

İstirahət günlərində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Sumqayıt Sərnişin stansiyasına getdik. Orada olduğumuz saat yarım ərzində bir qatara da rast gəlmədik. İnsanlar da burada nadir hallarda görünürlər. Stansiyada məskunlaşan Qubadlı qaçqınları da öz otaqlarına çəkiliblər və çöldə görünmürlər.

Sumqayıt boyda şəhərin dəmir yolu nəqliyyatından kənar qalması, sözsüz ki, üzücüdür. Bu stansiyanın inşası üçün vaxtilə az vəsait sərf olunmayıb. Görünür, bina inşa edilərkən bura ilə bağlı böyük planlar var imiş. Ancaq hər şey yarımçıq qalıb. Bu gün stansiyaya baş çəkən gündə iki dəfə Bakı-Sumqayıt yolunda hərəkət edən köhnə elektrik qatarlarıdır. Bilənlər bilirlər ki, uzun illər boyu sakinlərə xidmət göstərən həmin qatarlar da artıq son nəfəsini verməkdədir.

1993-cü ildə Qubadlı rayonu Ermənistan tərəfindən işğal olunduqdan sonra həmin rayondan olan məcburi köçkünlər bu stansiyada məskunlaşıblar. Onlar da vəziyyətin pisliyindən şikayətlənirlər. Deyirlər ki, 8 nəfərlik ailə beş metr uzunluğu, 4 metr eni olan otaqlarda yaşayır. Onlar stansiyanın ümumi ayaqyolunda həm çimir, həm paltar və qab-qacaq yuyur, həm də aidiyyatı üzrə istifadə edirlər.

Stansiyada qatarların hərəkət cədvəli də artıq uzun zamandır ki, yenilənmir. Biz stansiyada olarkən qatarların 2014-cü il üçün olan hərəkət qrafikinin divardan asıldığını gördük.

Ancaq martın əvvəlində bu stansiyanın tənhalıqdan qurtulacağı ilə bağlı ümid işığı yandı. Bir neçə gün öncə Sumqayıt sakinlərini sevindirəcək xəbər yayıldı. Martn 3-dən etibarən Bakı-Xırdalan-Sumqayıt dəmir yolu xəttində təmir işlərinə başlanıldığı deyildi.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaydığı məlumatda deyilirdi ki, Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 km uzunluğunda baş yolların əsaslı təmirinə start verilib. Təmir işlərinə Güzdək stansiyasından başlanacaq. Rekonstruksiya işləri ümumilikdə Bakı stansiyasından başlamaqla Keşlə, Biləcəri, Xırdalan, Güzdək və Sumqayıt stansiyalarını əhatə edəcək. Təmir işləri çərçivəsində Sumqayıt baş stansiyasına daxil olmadan Sumqayıt stansiyasına hərəkət etmək üçün yeni birləşdirici yol tikiləcək. Bu isə sərnişinlərin mənzil başına daha tez çatmasına imkan yaradacaq.

Bakıdan qatara minənlərin son mənzili uzun illərdir, tənhalığın yükünü çiyinlərində daşıyan Sumqayıt sərnişin stansiyası olacaq. Bəlkə, ondan sonra bu stansiyanın illər boyu yığılmış donu açılar

 748143

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın