Menu
Geri İrəli

Sumqayıt sürətli inkişaf yolundadır

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Fevral 2017 • Baxış sayı: 528 dəfə • Şərh yoxdur

DSC_0076Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində 2016-cı ildə Sumqayıt şəhərində də qarşıya qoyulmuş tapşırıqlar uğurla yerinə yetirilib, il yaddaqalan hadisələrlə zəngin olub.

İlin yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş geniş şura iclasında şəhərdə başlanmış zəfər yürüşünün uğurlu nəticələri qeyd olunmuş və cari ilin perspektivlərinə nəzər salınmışdır. İcra hakimiyyətinin başçısı Zakir Fərəcov tədbiri açaraq vurğulamışdır ki, sentyabr ayında Prezident İlham Əliyevin Sumqayıta səfəri, şəhərin sosial – iqtisadi və mədəni inkişafında böyük əhəmiyyəti olan bir neçə obyektin açılışında iştirakı, şəhər ictimaiyyəti ilə keçirdiyi səmimi görüş, şəhərin sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslərin fəxri adlarla təltif edilməsi haqqında imzaladığı sərəncam hər bir sumqayıtlının xatirəsində silinməz izlər buraxıb. Bu səfər bir daha təsdiqləyib ki, dövlətimizin başçısı Sumqayıtın inkişafını, əhalinin qayğılarının həllini daim diqqət mərkəzində saxlayır.

Sonra illik hesabat məruzəsi təqdim olunmuşdur. Qeyd edilmişdir ki, respublikada həyata keçirilən davamlı iqtisadi siyasət nəticəsində hesabat ilində Sumqayıtın iqtisadiyyatı sürətlə inkişaf etmiş, aparıcı sahələrdə irəliləyişlərə nail olunmuşdur. Şəhər üzrə ümumdaxili məhsul istehsalı və xidmətlərin həcmi 1 milyard 178 milyon manat təşkil etmiş, əvvəlki illə müqayisədə 148 faiz və ya 382 milyon manat çox məhsul istehsal olunmuş və xidmət göstərilmişdir. Sənaye məhsulunun istehsalı 802,2 milyon manat təşkil etmişdir. Ümumi daxili məhsulun tərkibində qeyri – dövlət sektorunun payı 80 faiz həddini ötmüşdür. Şəhər üzrə bütün maliyyə mənbələri hesabına ayrı-ayrı sahələrin inkişafına 350 milyon manat vəsait yönəldilmış, artım tempi 146 faiz olmuşdur. Şəhərdə tikinti – quraşdırma işlərinin həcmi 156 faizə çatmışdır.

“Azərbaycan Respublikası regionlarının 2014 – 2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramında Sumqayıt şəhəri üzrə nəzərdə tutulan 16 bənddən ibarət tədbirlərin mərhələ-mərhələ həyata keçirilməsi üçün lazımi şərait yaradılıb. Hesabat dövründə “AzərSun” Sumqayıt Sənaye Parkında “Tara” fabrikinin, kənd təsərrüfatı üçün zəruri olan azot gübrəsi istehsal edəcək “Karbamid” zavodunun, “Kimya – Sənaye” Parkında polietilen və polipropilen, kənd təsərrüfatında bitkiçilik üçün dərman istehsalı, sürtkü yağları, müxtəlif birləşdiricilər, tikinti materialları qatqıları, fibro sement lövhələri, şüşə vərəqələrin, mühərrik və sənaye yağları istehsalı üzrə zavodların tikintisi davam etdirilib.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 2018-ci ildə təxminən 2 milyard dollarlıq investisiya ilə Sumqayıt Kimya Sənaye parkında bir sıra zavodlar açılacaq. Həmin layihələrin icrası nəticəsində iki mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Azərboru ASC-nin ərazisində cari ildə dəyəri 1 milyard 225 milyon avro olan beş müasir metallurgiya müəssisəsinin inşasına başlanacaq. Tikintinin üç il müddətində başa çatdırılması nəzərdə tutulur. Kompleksin tikintisi zamanı 4 minə yaxın, fəaliyyətə başladıqdan sonra 1200 nəfər işlə təmin olunacaq. Şəhər icra hakimiyyətinin dəstəyi ilə Məşğulluq Mərkəzi əhalinin işlə təmin olunması, onun sosial müdafiəsinin gücləndirilməsi sahəsində müvafiq tədbirlər həyata keçirmişdir. Məşğulluq Mərkəzində 11306 nəfər işaxtaran kimi qeydiyyata alınmış və 6149 nəfər işlə təmin edilib.

Möhtərəm cənab Prezident İlham Əliyevin tapşırığı və yaxından köməkliyi sayəsində Sumqayıt şəhərində abadlıq, quruculuq, yaşıllaşdırma sahəsində iri miqyaslı layihələrin icrasına başlanılmış və səkkiz – on ay ərzində uğurla başa çatdırılmışdır. Şəhərin əsas giriş yolu olan Sülh küçəsi 4,2 kilometr məsafədə hər iki tərəfə genişləndirilərək zəruri infrastruktur yaradılmışdır. Burada 100 min kvadratmetr sahəyə yaşıl örtük salınıb, ərazidə 120 mindən çox ağac və dekorativ kollar əkilib, 16 min kvadratmetr hasar çəkilib, müasir işıqlandırma sistemi quraşdırılıb və Bayraq Meydanı tikilib.

Sumqayıtın ikinci giriş yolu Sahil küçəsi 7,5 kilometr uzunluğunda yenidən qurulub və yolun eni 13 metrə çatdırılıb, 5 kilometr uzunluğunda istinad divarı, piyada yolu, kommunikasiya xətləri çəkilib və 7 min kvadratmetr sahəyə səki daşları döşənib, işıqlandırma sistemi yenidən qurulub. Corat qəsəbəsindən keçən hissədə sakinlərin istirahəti üçün park salınmışdır.

Dəniz kənarında uzunluğu 4,2 kilometr, sahəsi 106 hektar olan müasir Bulvar yaradılmışdır. Burada 55 hektar sahədə yaşıllıq zolağı, 160 mindən çox ağac və dekorativ kol, 2 milyon ədəd gül və çiçək əkilib, avtomat suvarma sistemi yaradılmışdır. Sumqayıt Dövlət Dram Teatrı əsaslı təmirdən sonra istifadəyə verilib. 500 yerlik tamaşa, 100 yerlik akt zalları, iş otaqları, işıqlandırma sistemi müasir üslubda yenidən qurulub, binanın qarşısındakı meydana 15 min kvadratmetr qranit daş döşənib, burada iki fəvvarə və monitor quraşdırılmışdır.

Ulu öndərin adını daşıyan parkda yenidənqurma işləri aparılmış, ərazi 8 hektardan 10 hektara qədər genişləndirilmişdir. Müasir işıqlandırma sistemi qurulub, yeni ağaclar əkilib, yaşıllıq zolağı salınıb, geniş həcmdə abadlıq işləri aparılıb, rəngli fəvvarələr kompleksi və Bayraq Meydanı tikilib. Eyni zamanda uşaqlar üçün əyləncə mərkəzi inşa olunmuşdur.

Heydər Parkında sahəsi 5 min kvadratmetr olan 4 mərtəbəli Heydər Əliyev Mərkəzi inşa edilib, önündə ulu öndərin ağ mərmərdən heykəli ucaldılmışdır. Mərkəzdə dahi rəhbərin həyat və fəaliyyətini əks etdirən muzey, 420 yerlik iclas, 50 yerlik konfrans, rəqs, sərgi və kompüter zalları, elektron kitabxana, xalçaçılıq dərnəyi, rəsm və linqafon otaqları, smart sinfi, foto və videostudiya, gənclər üçün diskussiya zalları fəaliyyət göstərir. Nikah evi burada yerləşdirilib.

Parkda müasir memarlıq üslubunda 4 mərtəbəli Uşaq İncəsənət məktəbi tikilmişdir. 2 mərtəbəli Şahmat məktəbi də tikilərək müasir avadanlıqla təchiz edilib. Eyni zamanda Sumqayıtda Məhkəmə Kompleksinin, şəhər prokurorluğunun, Milli Bankın Ehtiyat Fondu üçün binaların tikintisi davam etdirilir. Nizami kinoteatrının qarşısındakı ərazi qanunsuz tikililərdən təmizlənib, orada xiyaban salınmışdır. Koroğlu və Çerkassi küçələrində təmir – bərpa, abadlıq işləri aparılıb.

Şəhər küçələrinin işıqlandırılması sahəsində əhəmiyyətli işlər görülmüşdür. 13 mikrorayon və 2 məhəllədaxili ərazilər tam işıqlandırılmışdır. Sülh və Sahil küçələrində, Sumqayıt Bulvarında yeni müasir işıqlandırma sistemi, Heydər Parkında, Nizami kinoteatrının və Dram Teatrının qarşısındakı meydanların işıqlandırma sistemi yenidən qurulmuşdur. Prezident sərəncamlarına əsasən ayrılmış vəsait hesabına 350 yaşayış binasının dam örtüyü yenidən qurulub, istismar müddətini ötmüş 200 ədəd lift dəyişdirilərək yenisi ilə əvəz olunub, 77 binanın fasadı yenidən qurulub. Heydər Əliyev və Azərbaycan prospektlərində 21 bina aqlay daşları ilə üzlənib, 325 binanın zirzəmisi çirkab sulardan təmizlənib, qəzalar aradan qaldırılıb, zirzəmilər dezinfeskiya olunub, yaşayış binalarının girişləri işıqlandırılıb.

Son bir ildə İtaliya və Türkiyədən 250 mindən çox ağac, 2 milyona yaxın gül gətirilərək küçə və prospektlər boyunca əkilib, 400 min kvadratmetr sahəyə yaşıl zolaq salınmışdır. Nəsimi adına mədəniyyət və istirahət parkının suvarma sistemi bərpa olunmuşdur. Ölkə başçısının tapşırığına əsasən “Acı dərə” kanalının boruya alınması ilə əlaqədar “Azərsu” ASC tərəfindən işə başlanılmışdır.

Elektrik enerjisinə artan tələbatı nəzərə alaraq 14 yeni transfarmator quraşdırılıb, 70 kilometrdən çox hava xətti və kabel çəkilmişdir. Əhalinin qaz təchizatının yaxşılaşdırılması məqsədi ilə xeyli işlər görülmüşdür.

Şəhərin təhsil müəssisələrində tədrisin keyfiyyətinin və əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin yaxşılaşdırılması, maddi-texniki bazanın möhkəmləndirilməsi daim diqqətdədir. Hesabat dövründə mədəniyyət müəssisələri əsaslı və cari təmir olunub, maddi-texniki baza möhkəmləndirilib, mədəni-kütləvi tədbirlərin sayı və keyfiyyəti xeyli artıb.

Məruzə ətrafında müzakirələrdə çıxış edənlər təmsil etdikləri sahələrdə görülmüş işlərdən, cari ildə nəzərdə tutulan tədbirlərdən danışmışlar. “Azərikimya” İstehsalat Birliyi Müşahidə şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev və Prezident Administrasiyasının məsul əməkdaşı Vəfadar Bağırov ilin yekunlarını yüksək dəyərləndirmiş və ölkə rəhbərliyinin qarşıya qoyduğu vəzifələrə dair fikirlərini bildirmişlər. Açıq mikrofon vasitəsilə fikirlərini bildirən şəhər sakinləri isə uğurları təqdir etməklə bərabər, onları narahat edən məsələlərlə bağlı təkliflərini irəli sürmüşlər.

Şura iclasına icra hakimiyyətinin başçısı Zakir Fərəcov yekun vurmuşdur. Sonda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilmişdir.

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin bölgə müxbiri 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın