Menu
Geri İrəli

Sumqayıt Təlim, Tədris Mərkəzində buraxılış imtahanı keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 25 İyul 2014 • Baxış sayı: 999 dəfə • Şərh yoxdur

telim-tedris-2ARDNŞ-nin Təlim-Tədris və Sertifikatlaşdırma İdarəsinin  Sumqayıt Təlim, Tədris Mərkəzində buraxılış imtahanı keçirilmişdir

İyulun 24-də  Sumqayıt Təlim, Tədris Mərkəzində 10 aylıq təhsildən sonra növbəti buraxılış imtahanı keçirilmişdir.  Ölkənin neft-kimya sənayesi üçün ixtisaslı fəhlə kadrların hazırlanması məqsədilə yaradılmış Sumqayıt Təlim, Tədris Mərkəzində 2013-2014-cü tədris ilində aparatçı, elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik  montyoru, kompressor qurğularının maşinisti, nasos qurğularının maşinisti, təmirçi-çilingər, nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər və elektrik-qaz qaynaqçısı üzrə təhsil almış 85 nəfər gələcəyin ixtisaslı gənc fəhlə kadrı 8 aylıq təhsil və 2 aylıq praktiki təcrübədən sonra son hesabatlarını vermişlər.

ARDNŞ-nin xüsusi təyin olunmuş İmtahan Komissiyası, həmçinin  “Azərikimya” İstehsalat Birliyi aparatının və Etilen-polietilen zavodunun təcrübəli mütəxəssisləri tərəfindən həyata keçirilən imtahanda məzunlar 10 ay ərzində əldə etdikləri nəzəri və praktiki bilikləri hər biri 10 balla dəyərləndirilməklə dörd peşə sınağı üzrə nümayiş etdirmişlər.

Təhsil müddətində aylıq təqaüd, xüsusi geyim və gündəlik naharla təmin olunan, təhsillərini uğurla başa vuraraq, buraxılış imtahanında yüksək göstəricilər əldə edən  şagirdlər “Azərikimya” İstehsalat Birliyinin idarə və müəssisə­lərində müvafiq işlə təmin olunacaqlar.

İmtahan günü müsahibə götürdüyümüz müəllim və məzunların bir neçəsinin fikirlərini sizinlə bölüşürük:

 Fərhadov Şahin Ərdəşir oğlu (Nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər ixtisası üzrə müəllim):

- «Azəri­kimya» İstehsalat Birliyinin Etilen-polietilen zavodu ərazisində 2012-ci ildə Sumqayıtda ilk dəfə olaraq yüksək stan­dartlar səviyyəsində ikimərtəbəli tədris korpusuna, geniş, işıqlı, ixtisaslaşmış auditori­yalara malik, peşə təhsili üzrə müasir tədris vasitələri və texniki avadanlıqlarla – müxtəlif ixtisaslar üzrə maşın-mexanizmlər, qurğu və dəzgahlarla təchiz edilmiş yeni Təlim Tədris Mərkəzinin  yaradılması ARDNŞ tərəfindən sumqayıtlı gənclərə göstərilən diqqət və qayğının bir nümunəsidir. Üç il ərzində 300 nəfərə yaxın gəncin ixtisaslı fəhlə kadrı kimi təhsilə cəlb edilməsi elə-belə məsələ deyil. Burada şagirdlər STTM-in ixtisaslaşmış emalatxanaları ilə yanaşı mütəmadi olaraq «Azərikimya» İB-nin sex və istehsalatlarında əmək təcrübəsi keçirlər. Bu təhsil-zavod əlaqələrini gücləndirməklə yanaşı, gələcək fəhlə kadrların istehsalata daha tez alışmasında, seçdikləri peşələr üzrə elə ilk günlərdən təcrübə qazanmalarında, əmək vərdişlərinə daha səylə yiyələnmələrində mühüm rol oynayır.    

Rzayev Rəşad Nadir oğlu (Nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər):

- Tədris və təlim otaqları geniş, səliqəli, işıqlıdır. Lazım olan bütün müasir avadanlıqlarla təchiz olunub. Müəllim və təlim ustalarımız isə «Azərikimya» İB-nin istehsalatlarında on illərlə çalışmış və yüksək təcrübəyə malik insanlardır. Ona görə də burada təhsil almaq da, istehsalat təcrübəsi keçmək də, buraxılış imtahanını müvəffəqiyyətlə verərək sərbəst əmək fəaliyyətinə başlamaq da xoş və qürurvericidir.

 Rəcəb Müstəcəb oğlu Bəkirov (aparatçı ixtisası üzrə müəllim):

- Bu gün buraxılış imtahanı verən şagirdlər Sumqayıt Təlim-Tədris Mərkəzində 10 ay təhsil almaqla həm yüksək nəzəri, həm də praktiki bilikləri mənimsəyiblər. Gələcəyin gənc fəhlə kadrları Birliyin sex və istehsalatlarında 2 ay ərzində təcrübəli ustalardan seçdikləri peşələrin sirlərinə praktiki olaraq daha dərindən yiyələnə biliblər və artıq istehsalatın müxtəlif sahələrində sərbəst işləmək vərdişlərinə sahibdirlər. Ona görə də şagirdlərin bugünkü imtahandan da müvəffəq nəticələr əldə edəcəklərinə inanıram.

 

Absəlimova Xatun Şirinbala qızı (aparatçı):

- Sevindirici haldır ki, Mərkəzdə bizə seçdiyimiz ixtisaslar üzrə nəzəri və praktiki biliklər verilməklə yanaşı, kompüter proqramları və xarici dil də tədris olunmuşdur. Hər birimizin əmə­yimizin mühafizəsi və texniki təhlükəsizlik qaydalarını mükəmməl öyrənməyimiz üçün Təlim-Tədris Mərkəzində xüsusi təd­ris otağı da fəaliyyət göstərir ki, burada da bizə bu mühüm sahə­lər üzrə, həmçinin ilk tibbi yardım üsulları ilə bağlı geniş və dolğun təlimatlar verilir. İnanıram ki, burada öyrəndiklərimiz bizim sərbəst fəaliyyət göstərə bilməyimizdə çox faydalı olacaqdır.

 telim-tedris33

Abbasova Məltəm Aslan qızı (aparatçı):

- Sumqayıt Təlim-Tədris Mərkəzində təhsil almağımla fəxr edirəm. 10 aylıq təhsil müddətində müasir texniki avadanlıqlarla təchiz edilmiş geniş, işıqlı və səliqəli tədris və təcrübə otaqları bizim ixtiyarımızda olmuş, özümüz isə aylıq təqaüd, gündəlik yemək və xüsusi geyim vasitə­ləri ilə təmin olunmuşduq. Bu gün mənim ən sevincli günlərimdən biridir, çünki burada təhsil almaqla, aparatçı kimi həmişə ehtiyac duyulan bir peşəyə yiyələndim və bugünkü imtahanlardan sonra, inşallah arzusunda olduğum ARDNŞ-nin «Azərikimya» İstehsalat Birliyinin müəssisələrinin birində işləmək nəsibim olacaq.

 

Əliyev Siyafər Nobatəli oğlu (Kompressor qurğularının maşinisti ixtisası üzrə müəllim):

- Şagirdlərimiz 8 ay müddətində Təlim-Tədris Mərkəzində yüksək səviyyədə təhsil almış, iki aylıq təcrübə dövründə isə 1-ci, 2-ci kaskad və «buster» kompressorlarının iş prinsipi ilə yaxından tanış olmuş, gündəlik iş prosesində bir çox vacib məqamları, kompressorların normal işinin təmin olunması üçün hansı rejimlərə üstünlük verilməsini, təhlükəli hallardan qaçılması qaydalarını diqqətlə öyrənmişlər. Kompressorlar quruluş və iş prinsipi etibarilə mürəkkəb olsa da, gənclər təcrübəli ustaların köməyi ilə bu işin öhdəsindən layiqincə gəlmişlər.  Bu baxımdan «Azərikimya»nın müəssisələrində yüksək səviyyədə təcrübə keçən şagirdlərin bugünkü imtahandan yüksək qiymətlər alacağına inanır, sabahın ixtisaslı fəhlə kadrları kimi fəaliyyətə başlayacaq şagirdlərimə uğurlar arzulayıram.

 

Məmmədova Fəridə Əlövsət qızı (Kompressor qurğularının maşinisti):

- Özümə arxayın olsam da bir az həyəcanlıyam. Axı, necə olsa da imtahan veririk. Bununla belə yüksək bal toplayacağıma əminəm. Bütün bunlara görə müəllimlərimə, peşə təlimi ustalarıma dərin minnətdarlığımı bildirirəm. Çalışacağam ki, nə bugünkü imtahanda, nə də gələcək fəaliyyətimdə onların zəhmətlərinin hədər getməsinə imkan verməyəm. Fürsətdən istifadə edib, 10 ay müddətində bizim qayğımıza qalan, bizi sərbəst həyata hazırlayan insanların hər birinə dərin minnətdarlığımı bildirirəm.

Orucova Zöhrə Orucbəy qızı (Kompressor qurğularının maşinisti):

- Mən də həm ixtisas yoldaşım, həm də rəfiqəm Fəridənin fikirlərinə qoşuluram. Buradakı 10 aylıq təhsil bizə çox şeyi – dostluğu, kollektivçiliyi, məsuliyyət hissini, dəqiqliyi, hər hansı bir məsələyə vicdanlı münasibəti və s.  öyrətdi. Bunlar isə hər bir insana bütün ömrü boyu lazım olan məqamlardır. Bunun üçün Sumqayıt Təlim-Tədris Mərkəzinə, buradakı insanlara borcluyuq. 

 

İsmayılov Cəlil Qasım oğlu (Elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik  montyoru ixtisası üzrə müəllim):

- Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına sürətlə inteqrasiya etdiyini və gələcəkdə bu prosesdə gənc mütəxəssislərin də fəal iştirak edəcəyi əsas götürülərək, Sumqayıt Təlim-Tədris Mərkəzində şagirdlərə xarici dil də tədris olunur. Təlim-tədris mərkəzi zəngin elmi-texniki ədəbiyyata malik kitabxana, müşavirə otağı, təlim ustaları və nəzəri tədris mütəxəssisləri üçün xüsusi otaqlarla təmin edilmişdir. Təhsil müddətində gələcək mütəxəssislər TTM-in ixtisaslaşmış emalatxanaları ilə yanaşı «Azəri­kimya»nın müəssisələrində də istehsalat təlimi keçirlər ki, bu da sonradan onların sərbəst fəaliyyət göstərə bilmələri üçün zəmin yaradır.

 

telim-tedris-43Malikov Malik Vaqif oğlu (Elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik  montyoru):

- Təlim Tədris Mərkəzinə sənəd verməzdən öncə çox götür-qoy etmişdim. Çünki Sumqayıtdakı mövcud peşə məktəbləri haqqında müəyyən təsəvvürüm vardı. Fikirləşirdim ki, bu da həmin məktəblər kimi olar yəqin. Məktəbi öz gözlərimlə görəndən, tədris otaqları və emalatxanalarla tanış olandan sonra elektron müraciət formasını doldurdum, hələ bir neçə dostumu da dəvət etdim. Artıq 10 aylıq tədris və təcrübə dövrü arxada qalıb. Bu gün hesabat veririk. İnanıram ki, bu imtahandan da uğurla çıxıb, neftçilər ailəsinin bərabərhüquqlu üzvü kimi bu yaxınlarda əmək fəaliyyətinə başlamaq nəsibimiz olacaq.

Hüseynov Rövşən Məmməd oğlu  (Nasos qurğularının maşinisti ixtisası üzrə müəllim):

- Öncə bunu qeyd edim ki, Sumqayıtda peşə ixtisasları üzrə müasir standartlara cavab verəcək şəkildə yaradılmış Təlim Tədris Mərkəzində ötən il müxtəlif peşələr üzrə yüksək dərəcəli fəhlə ixtisaslarına yiyələnmiş 100 nəfər gənc artıq «Azərikimya» İB-nin müəssisələrində daimi işlə təmin olunaraq müvəffə­qiyyətlə çalışırlar.

Bu il isə ehtiyac duyulan peşələr üzrə təhsil alan 85 nəfər gənc 10 ay ərzində bu təhsil ocağının imkanlarından bəhrələnmişlər. Mərkəzdə təhsil alan gənclər təhsil boyunca fərdi geyim, xüsusi mühafizə vasitələri, pulsuz yemək və aylıq təqaüdlə təmin olunmuşlar. Bu gün isə buraxılış imtahanı verirlər. Qısa müddətdən sonra isə kimyaçılar ailəsinin bərabərhüquqlu üzvünə çevriləcəklər. Hər birinə uğurlar arzulayıram.

 

Məmmədova Dürdanə Qalib qızı (Nasos qurğularının maşinisti):

- Sumqayıt Təlim-Tədris Mərkəzində təhsil aldığım 10 ayı ömrümün ən mənalı anlarından hesab edirəm. Aylıq təqaüd, gündəlik yemək, xüsusi geyimlərlə təminat, peşəkar müəllimlər və istehsalat təlimi ustaları, mükəmməl tədris, nəzəri biliklərin praktikada tətbiqi, mehriban və səmimi kollektiv, təhsili başa vurduqdan sonra «Azərikimya»nın müxtəlif sex və istehsalatlarında işlə təmin olunma – adamın inanmağı gəlmir. Burada hər şey çox gözəldi. Bu şəraiti bizə yaradanlara səmimi təşəkkürümü bildirirəm…

 

Salmanov Fərəc Şakir oğlu (Elektrik-qaz qaynaqçısı):

- Bu gün buraxılış imtahanı veririk. Bir məsələni tam əminliklə deyə bilərəm ki, Sumqayıt Təlim-Tədris Mərkəzi burada təhsil alanların hər birinin həyatında, o cümlədən mənim həyatımda bir dönüş nöqtəsi oldu. Artıq bilirəm ki, qısa müddətdən sonra mənim daimi, etibarlı, müqaviləli, sığortalı iş yerim olacaq. Dostlarıma, ali məktəbə qəbul ola bilməyən tanışlarıma, daimi iş axtarışında olan gənclərə məsləhət görərdim ki, yollarını bu Mərkəzdən salsınlar. İnanıram ki, peşman olmayacaqlar.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın