Menu
Geri İrəli

“Sumqayıt Texnologiya Parkı SSRİ-də gördüyüm zavodların hamısından bəlkə 50 dəfə üstündür”

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Oktyabr 2013 • Baxış sayı: 222 dəfə • Şərh yoxdur

Nizami Süleymanov: “Növbəti 5 ildə İlham Əliyevdən başqa Azərbaycanı irəli apara biləcək ikinci bir namizəd görmürəm”

nizami

Azərbaycanda keçiriləcək prezident seçkilərinə bir həftə qalıb. Ötən seçki mübarizəsində, teledebatlarda və mitinq-görüşlərdə opponentlərin bir-birinə qarşı sərt ittihamları, tənqidi fikirləri, bəzi namizədlərin həqarətlərə yol verməsi birmənalı qarşılanmır. Azərbaycanın müstəqillik tarixində iki dəfə prezidentliyə namizəd olmuş akademik Nizami Süleymanovla seçkilərlə bağlı söhbətləşdik.

- Nizami müəllim, sizin də qatıldığınız ötən prezident seçkiləri ilə budəfəki seçki prosesi arasında hansı fərqlər var?
- 1992-ci il prezident seçkilərində mənə cəmi iki dəfə televiziyada çıxış etmək imkanı yaradıldı: bir dəfə tək, bir dəfə də teledebatda. Teledebata da mərhum Elçibəy gəlmədi. Mən orda sual etdim ki, niyə Elçibəy gəlmir? Dedilər, Müdafiə Şurasındadır. Bildirdim ki, Müdafiə Şurasında rəsmi vəzifəsi yoxdur, çünki Müdafiə Şurasına prezident səlahiyyətlərini icra edən İsa Qəmbər rəhbərlik edirdi. O zaman heç bir mitinqə-filana da icazə verilmirdi, odur ki, seçki və nəticələrindən mən çox narazı qaldım. Müxalifət bunu süngü ilə qarşılayır, amma mən onda səslərin böyük əksəriyyətini toplamışdım. Hesab edirəm ki, o seçkinin demokratiyaya aidiyyəti yox idi. 1998-ci il seçkilərində isə bizə hər cür şərait yaradılmışdı, deyərdim ki, hətta normadan da artıq. Namizədlərin sayı az olduğundan həftədə 2-3 dəfə yarım saatlıq çıxış üçün efir imkanı yaradılmışdı və mitinqlərə də izn verilmişdi, mən bir sıra mitinqlər keçirmişdim. Budəfəki seçkilərə gəldikdə, təşkilati nöqteyi-nəzərdən MSK böyük işlər görüb, müasir informasiya texnologiyaları nailiyyətlərindən geniş istifadə olunur. MSK-nın özünü neytral apardığı da görünür. Mən dövlətin seçkiyə müdaxiləsini də görmürəm. Namizədlərə də bərabər efir vaxtı ayrılıb. Mitinq üçün təklif olunan ünvanlar da münasibdir. Xoşuma gələn odur ki, mitinqdən sonra hansısa qarşıdurma, hansısa qüvvələr tərəfindən təxribat olmur, dövlətin güc strukturları nizam-intizamın təmin olunması üçün əlindən gələn edir. Sevinirəm ki, seçki prosesində iqtidar və ya müxalifət tərəfindən hər hansı qarşıdurma baş verməyib. Düzdür, bəzi namizədlərin şikayətləri də olur, bu da təbiidir, belə hallara hər zaman, istənilən ölkədə rast gəlinir.
- Bu ərəfədə seçki prosesində iştirak etmək istəyi yaranmadı ki?
- Yox, artıq mənim yaşım keçib. 60 yaşdan sonra mən fəal siyasətdən aralanmışam, heç bir vəzifəyə, işə iddialı deyiləm, belə fikrim də yoxdur. Çünki bu yaşdan sonra bu, gülməli görünər.
- Teledebatlarda bir sıra hallarda təhqirlərə yol verilməsi hallarına ziyalı, alim olaraq münasibətiniz necədir? Qarşıdakı günlərlə bağlı tərəflərə bir sözünüz, təklifiniz varmı?
- Çox istərdim ki, teledebatlarda şəxsi təhqirlərə yol verilməsin. Təəssüf ki, bizdə də xaricdən nümunələr götürülür. Çox ölkələrin parlamentlərində, teledebatlarında qarşılıqlı hücumlar baş verir, qara piara əl atılır və bu, seçkidə adi hal sayılır. Amma bizim xalqın mentalitetinə zidd olduğuna görə xalq bunu qəbul etmir. Yaponiya, Türkiyə, Ukrayna, Gürcüstan parlamentlərində vaxtaşırı düşən dava-dalaş çoxlarına tanışdır. Amma təbii ki, biz pis yox, yaxşı şeyləri nümunə götürək. Çox istərdim ki, bu teledebatlar intellektual yarışa çevrilsin, söyüş yarışına yox. Mən o biriləri qınamaq istəməzdim, çünki hər kəs təcrübəsinə, yaşına, başına görə danışa bilər. Amma alim həmkarım məndən inciməsin, istəməzdim ki, o, hər bir hücuma eyni şəkildə cavab versin. Yəni professor, doktor adını daşıyan insanların təxribata çəkilsə belə, o səviyyəyə enməsini qəbul etmirəm. Mən özüm də seçkilərdə iştirak edərkən o qədər təhqirlərə, əcaib-qəraib ittihamlara, suallara tuş gəlmişəm ki. 1993-cü ildə Göyçayda görüş keçirərkən polis olmasaydı təxribat nəticəsində orada qan tökülə bilərdi. Təxribatçı ünvanımıza elə söyüşlər söyürdü ki, mən onu dilə gətirə bilmirəm. Yəni mən belə şeyləri çox görmüşəm, amma qan tökülməməsi üçün çıxış yoluna əl atmışam. Mənim başım belə şeyləri çox çəkib. Ona görə də Cəmil Həsənliyə də məsləhətim o olardı ki, hətta təhqir olunduğunu hesab edirdisə belə, gərək belə şeylərə getməyəydi, öz səviyyəsini qorumalıydı. Çox təəssüf ki…Yəqin bu da təcrübəsizlikdən irəli gəlir. Mən bilirəm ki, orda İsa Qəmbər, ya qeyrisi otursaydı, özünü daha təmkinli, sakit aparardı.
- Siz bir alim, ziyalı olaraq həmkarlıq prinsiplərinə əsaslanıb Cəmil Həsənliyə səs verərsinizmi?
- Yox, mən Cəmil Həsənliyə səs verə bilmərəm. Hətta bir il əvvəldən bəri çıxışlarımda da demişəm. Mən böyük həyat yolu keçmişəm. Üstəlik də ağır sənayeni, metallurgiya və maşınqayırmanı təmsil edən bir alim kimi keçmiş SSRİ dönəmində 10 min zavodla müqavilə əsasında çalışmışam. Yeganə azərbaycanlı idim ki, SSRİ Elmlər Akademiyası işlərimin elmi mahiyyətinə görə Rəyasət Heyətində akademik Patonun müraciəti əsasında elmi müzakirə açıldı və mənim işlərim müzakirə olundu, müvafiq qərar qəbul olundu. Mən bu sahənin adamıyam və həmişə arzulayırdım ki, bu cür inkişaf Azərbaycanda da olsun. Son 10 ildə addımbaaddım bu inkişafı izləyirəm, bəzi müəssisələrə də şəxsən getmişəm. Tək Sumqayıt Texnologiya Parkı SSRİ-də gördüyüm bütün o nəhəng zavodların hamısından bəlkə 50 dəfə üstündür. Orda 30 zavod tikilməlidir, 17-si hazırdır. Bir il əvvəl də getmişdim, bu il də getdim. Bu gün təkcə kabel zavodunda 2500 adda kabel buraxılır. Azərbaycan həm özünü təmin edir, həm də xaricə göndərir. Çox sevindirici haldır ki, oranın icraçı direktoru da professordur, alim həmkarımızdır. Mən həmin texnoparkın boru zavodunda da oldum, kiçik borulardan tutmuş diametri 8 metrə qədər olan metal və plastik borular buraxılır. “Eurovision” üçün tikilən “Bakı Kristal Zalı”nın metal konstruksiyalarını həmin Sumqayıt texnoparkı istehsal etmişdi. Sevindirici hal odur ki, MDB ölkələrindəki azərbaycanlı mütəxəssisləri də ora cəlb ediblər. Mən vaqon istehsal edən zavodda və metallurgiya kompleksində də oldum, bir metallurq olaraq qürur duydum. Bu günə qədər biz bunu Rusiya və digər ölkələrdən baha qiymətə alırdıq. Bəlkə də əksəriyyət bilmir ki, Azərbaycanda artıq vaqon istehsalına başlanılıb. Hər bir ölkə inkişaf etmək istəyirsə, onun A qrupu, yəni ağır sənayesi inkişaf etməlidir. Tikilən, qurulan millətə qalır. Necə ki, Hacı Zeynalabdin Tağıyevin tikdikləri qalıb. Heç kim bunları özü ilə qəbirə aparmır. İstər AXC, istər YAP iqtidarı olsun. Allah hər birimizə çox qısa ömür verib, mən bu gün 68 yaşın içindəyəm, düşünürəm ki, bu illər necə tez keçir. Tikilənlər bu millətə, bu dövlətə qalacaq. Son 5-10 ildə aparılan abadlıq, quruculuq işləri, xüsusən də sənayenin və yol nəqliyyat sektorunun inkişafı məni sevindirir. Mən ona görə İlham Əliyevin hakimiyyətdə qalmasının tərəfdarıyam ki, başladığı işləri davam etdirsin. İlham Əliyev nə mənim qohumum deyil, nə vəzifədə deyiləm, bundan sonra təklif etsələr də, heç bir vəzifəyə gedən deyiləm, övladlarım da öz yolumun davamçılarıdır, heç biri də məmur vəzifəsində çalışmır, elmi sahədə çalışırlar. Mən bir alim, sənayeçi-istehsalçı, həm də siyasətçi kimi hesab edirəm ki, daha düzgün olar bu işləri bacaran və ona rəhbərlik edən İlham Əliyev prezident seçilsin, nəinki auditoriyada dərs deyən – amma hörmətlə yanaşıram, o da xalqımıza, millətimizə çox lazımdır, gözəl tarixçi alimdir, Cəmil Həsənli. Bu, Cəmil Həsənlinin işi deyil. Bəli, tənqid edir, deyir. Biz bilirik ki, ölkədə  çatışmazlıqlar var, amma bunlar bir gündə həll olunası məsələ deyil.
- Bütün normal ölkələrdə hakimiyyətlər qurur, yaradırlar, amma növbəti hakimiyyət gəlir, yaxşı işləri davam etdirir. Elə isə biz dəyişiklikdən niyə çəkinirik? Cəmil Həsənli prezident olsa, o müəssisələri dağıtmayacaq ki.
- Sizinlə razıyam, amma müxalifətin namizədi İlham Əliyevdən layiqli namizəd olsaydı və inansaydım ki, ondan güclüdür və bu işləri daha da uğurla davam etdirəcək, açıq deyirəm, mən ona səs verərdim. Amma mən bunu görə bilmirəm və dəyişiklik naminə olan dəyişikliyə səs verilməsinə razı deyiləm.
- Seçkidən sonrakı situasiyanı necə təsəvvür edirsiniz, sizcə, gərginlik artacaq, yoxsa proseslər səngiyib axarına düşəcək? 
- Proseslər öz axarına düşəcək. Çünki Azərbaycanın başında duran adam çox təcrübəli bir adamdır. Şübhəm də yoxdur ki, İlham Əliyev seçiləcək. O, 10 illik hakimiyyəti zamanı kifayət qədər təcrübə toplayıb və Azərbaycanı bütün bəlalardan qoruya-qoruya gedib. İstəyir şimaldan, istəyir qərbdən, başqa yerlərdən gələn bəlalardan hifz edib. Unutmayaq ki, bu gün dostum, həmkarım Rəşid Mahmudov demişkən, düşmənlərimiz tətiyi çəkib durublar. Mən müxalifətə də, iqtidara da üzümü tutub onları dialoqa getməyə çağırıram. Ancaq növbəti 5 illik üçün 10 namizədin içərisində ən layiqli namizəd olaraq İlham Əliyevi görürəm. Tək mən yox, bütün alim dostlarım da bu fikirdədir. Ən azı qarşıdakı 5 ildə ölkəni İlham Əliyev idarə etməlidir. Qoy müxalifət öz içərisindən elə bir adam yetişdirsin ki, İlham Əliyevdən güclü olsun. Əgər güclü olarsa, mən gedib ona səs verərəm. Ancaq mən iki dəfə prezidentliyə namizəd olan, rəsmi rəqəmlərə görə, bir seçkidə 33 faiz, digərində 8 faiz səs toplamış şəxsəm və cəmiyyətdə kifayət qədər tərəfdarlarım var. Mən sizin qəzet vasitəsilə bütün Azərbaycan xalqına müraciət edirəm ki, mənə inananlar İlham Əliyevə səs versinlər. Növbəti 5 ildə İlham Əliyevdən başqa Azərbaycanı irəli apara biləcək ikinci bir namizəd görmürəm.. musavat.com
Facebook Şərhləndirmə:

Şərhinizi yazın