Menu
Geri İrəli

Sumqayıt Universitetinin həyətində şəhid tələbələrin xatirəsinə bağça salınmışdır

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Yanvar 2012 • Baxış sayı: 297 dəfə • Şərh yoxdur

20 Yanvar faciəsinin növbəti ildönümü ərəfəsində Sumqayıt Dövlət Universitetində Xatirə Bağçasının açılışı olmuşdur. Şəhərdəki bu yeganə ali məktəbin yenidən abadlaşdırılmış həyətində Universitetin tələbələri olmuş beş şəhidin şərəfinə Xatirə Parkı salınmış, parkda abidə qoyulmuşdur. Universitetin kollektivi bu cəsur vətənpərvər tələbələrin – Mehdi Mehdiyev, Fuad Əhmədov, Namiq Hüseynov, Həmzə Adıyev və İbrahim Tağıyevin adlarını əbədiləşdirməklə, onların xatirəsinə sonsuz ehtiramlarını bildirmişlər.
AzərTAc xəbər verir ki, tədbirdə Sumqayıt İcra Hakimiyyətinin və şəhər bələdiyyəsinin rəhbərləri, Milli Məclisin deputatları, respublika Təhsil Nazirliyinin və şəhər ictimaiyyətinin nümayəndələri, habelə şəhidlərin ailə üzvləri iştirak etmişlər.
Əvvəlcə universitetin foyesində ümummilli lider Heydər Əliyevin büstü önünə qızıl güllər qoyulmuşdur.
Sonra Xatirə Bağçasının açılış mərasimi başlanmışdır. Mərasim iştirakçıları 20 Yanvar faciəsinin qurbanlarının işıqlı xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Universitetin rektoru, professor Nadir Qəhrəmanov tədbiri açaraq qeyd etmişdir ki, 22 il bundan əvvəl, 1990-cı il yanvarın 20-nə keçən gecə sovet qoşunları Bakının dinc əhalisinə divan tutmuşlar. Bu amansız, qəddar aksiya nəticəsində yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış, itkin düşmüşdür. Qanlı qırğının qurbanları arasında uşaqlar və qadınlar da vardı. O vaxtdan Azərbaycan dövləti və bütün xalqımız ölkəmizin ərazi bütövlüyü, azadlığı uğrunda canlarından keçmiş şəhidləri daim xatırlayır, bu kədəri unutmur. Rektor qeyd etmişdir ki, Vətənin müdafiəsinə qalxmış cəsur oğlanlar arasında bizim universitetin beş vətənpərvər tələbəsi də vardı. İndi o cəsur tələbələrin xatirəsinə ehtiram əlaməti olaraq salınmış bağça universitetin bəzəyi olacaqdır.
Sumqayıt İcra Hakimiyyəti başçısının müavini Elgin Həbibullayev çıxışında demişdir: “Amansızlığına və qəddarlığına görə misli görünməmiş bu faciədən, dinc sakinlərə divan tutulmasından keçən illər bizim kədərimizi və şəhidlərin qəhrəmanlığının əhəmiyyətini azaltmamışdır. Yüzlərlə oğul və qızlarımız bütün dünyaya sübut etdilər ki, onlar təpədən dırnağa qədər silahlanmış sovet ordusunun qarşısına əliyalın çıxa bilərlər. O gün hərbi, siyasi və mənəvi təcavüzə məruz qalmış xalqımız öz qəhrəmanlıq ənənələrinə sadiq olmasını bir daha sübut etdi”.
E.Həbibullayev daha sonra dedi ki, 20 Yanvar təkcə xalqımızın tarixinin kədərli səhifələri barədə xatırlatmaq deyil, həm də xalqımızın şərəf və qürur günüdür. Ölkədə qarmaqarışıqlıq, hərc-mərclik hökm sürdüyü dövrdə ümummilli lider Heydər Əliyev bu qanlı hadisələri birinci olaraq pisləyənlər sırasında olmuşdur. Yalnız 1993-cü ildə ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdandan sonra 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi və hüquqi qiymət verilmiş, xalqımıza qarşı törədilmiş bu ağır cinayətin səbəbləri araşdırılmış, cinayətkarların adları göstərilmişdir.
Natiq vurğuladı ki, universitetin həyətində belə bir bağçanın salınması dərin rəmzi məna daşıyır. Bundan sonra universitetin qapısından daxil olan hər bir tələbə şəhidlərin qranit üzərində əbədiləşdirilmiş çöhrələrinə baxaraq yadda saxlayacaqdır ki, həyatda igidlik və vətənpərvərlik üçün həmişə imkan vardır. Universitetdə bu abidənin qoyulması təkcə şəhidlərin xatirəsinə hörmət əlaməti deyil, həm də böyüməkdə olan nəsil üçün xalqa ləyaqətlə xidmət etməyin gözəl nümunəsidir.
Tədbirdə çıxış edənlər – Yeni Azərbaycan Partiyası şəhər təşkilatı sədrinin müavini Orucəli Allahverdiyev, universitetin qocaman müəllimi, professor Həsən Sadıqov vurğuladılar ki, müstəqillik ideyasından ruhlanan əliyalın gənc, cəsur oğlanlar sovet imperiyasının hərb maşını qarşısında qəhrəmancasına dayanmaqla misilsiz şücaət və qəhrəmanlıq nümunəsi göstərmiş, Azərbaycan xalqının tarixinə daha bir parlaq səhifə yazmışlar. Natiqlər Sumqayıtda aparılan genişmiqyaslı yaradıcılıq işini, bu işin nəticəsində şəhərin simasının sürətlə dəyişməsini də vurğulamışlar.
Şəhid Həmzə Adıyevin bacısı mərasimdə çıxış edərək dövlətimizin başçısı İlham Əliyevə onun şəhid ailələrinə göstərdiyi daimi diqqət və qayğıya görə təşəkkürünü bildirmişdir.  Ətrabə Rzayeva, Ətrabə Rzayeva

Facebook Şərhləndirmə:

Şərhinizi yazın