Menu
Geri İrəli

Sumqayıt yolunda tıxac probleminin həll yolu tapıldı

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Mart 2016 • Baxış sayı: 754 dəfə • Şərh yoxdur

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-11-ci kilometrlik hissəsində yaranan tıxacların aradan qaldırılması məqsədilə yolun “Xırdalan dairəsi” istiqamətində yerləşən yerüstü piyada keçidinin dayaqlarının sökülməsi planlaşdırılır. Bu barədə fins.az-a “Azəryolservis” ASC-nin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, artıq bu istiqamətdə işlərə başlanılıb və yeni dayaqların tikintisi aparılır. Yeni dayaqların tikintisi başa çatdıqdan sonra mövcud keçidin yeni dayaqlara doğru tikilərək uzadılması, yeni giriş hissənin inşası nəzərdə tutulub. Bununla da həmin hissədə yol 5-6 metr genişlənəcək və 4 hərəkət zolağına çatdırılacaq.

Daha sonra yolun “Xırdalan dairəsi”nə doğru olan hissəsinin də bir hərəkət zolağı enində genişləndirilməsi işləri aparılacaq. Sözügedən işlər 1200 metrlik ərazini əhatə edəcək. Aparılacaq təmir-tikinti işləri çərçivəsində yol kənarlarında səth sularının normal kənarlaşdırılması üçün suötürücülər də tikiləcək.

Yerüstü piyada keçidinə çatmamış yolun kənarında təqribən 150 metr uzunluğunda, 10-15 metr enində olan süni təpəciyin sökülməsi işləri də tam olaraq yekunlaşdırılıb. Hazırda sökülən süni təpəciyin yerində yeni yol əsası tikilir. İşlər başa çatdıqdan sonra bu hissədəki yol daha 2 hərəkət zolağı enində genişləndiriləcək.

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 9-11-ci kilometrlik hissəsində aparılan işlər yekunlaşdıqdan sonra anoloji işlərin əks istiqamətdə, yəni “Xırdalan dairəsi”ndən Bakı şəhərinə doğru zəruri olan hissələrində də aparılması nəzərdə tutulub.

Vətəndaşların təhlükəsizliyi nəzərə alınaraq “Azəryolservis” ASC tərəfindən yolun 6-11-ci kilometrlik hissəsində yol ayrıcında quraşdırılmış əyri xətli dəmir tirlərin sökülərək, beton arakəsmələrlə əvəzlənməsi işləri də davam etdirilir. Artıq yolun 3 kilometrlik hissəsində bu işlər icra olunub. Sözügedən işlər zamanı da yolun hərəkət hissəsi 3 metrə qədər genişlənir.

Xatırladaq ki, bundan öncə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-9-cu kilometrlik hissəsində “Azəryolservis” ASC tərəfindən aparılmış yenidənqurma işləri çərçivəsində yol 2-4 hərəkət zolağı enində genişləndirilib. Bu isə həmin ərazidə yaranan avtomobil tıxacının xeyli azalmasına gətirib çıxarıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın