Menu
Geri İrəli

Sumqayıtda 10 manata görə qonşusunu öldürən şəxsə ağır cəza

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Aprel 2015 • Baxış sayı: 615 dəfə • Şərh yoxdur

37494Vüsal Toğruldan onu başqa uşaqların yanında alçaltmamasını və söyməməsini xahiş edib.

Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt ş. sakini Vüsal Xəlilovun (1986-cı il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb.

Sumqayitxeber.com oxu.az-a istinadən xəbər verir ki, ötən il dekabrın 8-nə keçən gecə, saat 01.30 radələrində Sumqayıt ş., 41-ci məhəllə, Bakı küçəsindəki 2 saylı yataqxananın arxasında, üzərində zorakılıq əlamətləri ilə Laçın rayon sakini Toğrul Astanovun (1990-cı il təv.) meyiti tapılıb, həmin gecə cinayəti törədən Vüsal Xəlilov könüllü olaraq 3-cü polis bölməsinə gələrək, təslim olub.

İstintaqla müəyyən olunub ki, dekabrın 7-si axşam saat 23 radələrində məhəllədə fəaliyyət göstərən çayxanada Vüsalla Toğrul arasında 10 manata görə mübahisə yaranıb. Belə ki, Xəlilov bir müddət əvvəl Astanova borc verib və həmin gecə pulunu geri istədikdə, sonuncu borcunu qaytardığını iddia edib, əvvəl çayçıda, sonra isə küçədə yumruq və təpik ataraq, ona dərəcələri təyin olunmayan xəsarətlər yetirib. Vüsal evə qalxaraq, məişət təyinatlı bıçağı götürüb və geri qayıdıb. O, Toğrula münasibətlərinə aydınlıq gətirməyi təklif edib və birlikdə avtomobil yollarının arasında yerləşən xiyabana gəliblər. Orada Xəlilov qəflətən Astanovun sol döş nahiyəsinə bir zərbə endirərək, sonuncunu qəsdən həyatdan məhrum edib.

Məhkəmə prosesində Vüsal Xəlilov elan olunan ittiham üzrə özünü tam təqsirli bilərək, ifadəsində həmin axşam çayxanada bir neçə bokal pivə içdiyini və baş verən sonrakı hadisələri tam yadında saxlamadığını göstərib. Ondan sonra ora gələn Toğrul ona sataşmağa başlayıb, belə ki, Astanov ondan aldığı 10 manatı qaytardığını bildirib və başqa uşaqların yanında bunu onun boynuna qoymaq istəyib, amma Xəlilov onun pulu qaytarmadığını deyib. Bu səbəbdən Toğrul var-yox söyüşü söyüb, ondan fiziki cəhətdən güclü olduğu üçün Vüsal cavab verməyib və uşaqların yanında çox pərt olub.

Çayxananın sahibi dava-dalaş olacağından ehtiyatlandığına görə obyekti bağlayıb. Çölə çıxdıqda Astanov ona əl-qol ataraq, xəsarətlər yetirib, əsəbiləşən Xəlilov evə qalxıb, anası yatdığı üçün, keçib mətbəxdən bıçağı götürüb və aşağı düşüb. Toğrulla yataqxananın arxasına çəkildikdə Vüsal Toğruldan onu başqa uşaqların yanında alçaltmamasını və söyməməsini xahiş edib, cavab olaraq sonuncu yenə də ona qarşı söyüş söyüb. Bu sözləri götürə bilməyən Xəlilov gödəkçəsinin altından çıxardığı bıçaqla Toğrulun ürək nahiyəsinə qüvvətli zərbə endirib və kəsici aləti tullayaraq, 3-cü polis bölməsinə gedib.

Zərərçəkən Cəmşid Astanov bildirib ki, dekabrın 7-si gecə 2 radələrində Ramin adlı qardaşı zəng edərək Toğrulun “Emil market”in qarşısında bıçaqlandığını deyib, dərhal ora gəldikə o təcili yardım işçilərini görüb. Sinəsindən yaralanan qardaşını həkimlərlə birlikdə xəstəxanaya çatdırsalar da, növbətçi həkim onun artıq keçindiyini bildirib.

Məhkəmənin hökmü ilə V.Xəlilov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 13 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın