Menu
Geri İrəli

Sumqayıtda 9 ayın yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Oktyabr 2017 • Baxış sayı: 8,914 dəfə • Şərh yoxdur
Share Button

DSC_0078

Oktyabrın 17-də 2017-ci ilin 9 ayında Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələri haqqında şəhər İcra hakimiyyətinin yığıncağı keçirilib.

Tədbiri giriş sözü ilə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov açaraq bildirib ki, hesabat dövrü Sumqayıt şəhəri üçün uğurlu olub.

Qeyd olunub ki, 2017-ci ilin ötən dövrü ərzində qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsi istiqamətində əhəmiyyətli işlər görülmüşdür. 9 ayda şəhər üzrə ümumdaxili məhsul istehsalı və xidmətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 30,0 % artmışdır. Ümumdaxili məhsulun həcmi 837,3 milyon manatdan 1 milyard 62 milyon manata çatmışdır.

Sənaye məhsulunun həcmi 246,0 milyon manat artaraq 790,0 milyon manat, artım tempi 45,0 %. ümumdaxili məhsulun tərkibində qeyri-neft sektorunun payı 85 %-dən çox təşkil etmişdir. İstehsal olunan məhsulun 90 faizindən çoxu istehlakçılara göndərilmişdir.

Bütün maliyyə mənbələri hesabına şəhərdə investisiya  qoyuluşu 35,0 % artmaqla 285,0 milyon manat təşkil etmişdir.

Cari ildə 256 milyon manatlıq tikinti-quraşdırma işləri həyata keçirilmiş, artım tempi 124,0 faiz həcmində olmuşdur.

Əhalinin real pul gəlirlərini əks etdirən göstəricilərdən biri olan ticarət dövriyyəsinin həcmi 365 milyon manat olmaqla 146,0 %, əhaliyə göstərilən pullu xidmət 170 milyon manat olmaqla  102,0 % təşkil etmişdir.

Sərnişin daşınmasında 10 milyon manat olmaqla 3,0 %, rabitə xidməti 6 milyon manat olmaqla 30,0 % artım əldə olunmuşdur.

Vurğulanıb ki, həyata keçirilən tədbirlər nəticəsində 5594 yeni iş yerləri açılmışdır. Onlardan 5190-nı daimi iş yerləridir. İşləyənlərin orta aylıq əmək haqqı 2,2 % artmaqla 403,0 manat təşkil etmişdir .

Dövlətin diqqət və qayğısı sayəsində Dövlət Proqramında Sumqayıt şəhəri üzrə nəzərədə tutulan tədbirlərin mərhələ-mərhələ həyata  keçirilməsi sayəsində bu gün şəhərimizin siması dəyişir, müasirləşir, gözəlləşir, insanların yaşayıb-yaratması üçün lazımi  şərait yaradılır. Hazırda bir çox infrastruktur layihələrin icrası davam etdirilir. Müasir sosial obyektlərin, qabaqcıl texnologiyalar əsasında istehsal sahələrinin tikintisinə böyük diqqət göstərilir.

İşsizliyin aradan qaldırılması ilə bağlı mövcud sənaye xarakterli istehsal sahələrinin genişləndirilməsi, metallurgiya, kimya sənayesi, yüngül və  yeyinti  sahələrinin  inkişafına dəstək verilir.

Sumqayıt Kimya Sənaye parkında hazırda sənaye sahələri üzrə ixtisaslı kadrların hazırlanması üçün müasir tipli Peşə Tədris Mərkəzi, 5 rezident tərəfindən müxtəlif məhsullar o cümlədədn, polipropilen, yüksək sıxlıqlı polietilen tikinti materialları üçün qatqı, ferroərintilər, yüksək təzyiqə davamlı birləşdiricilər və kənd təsərrüfatında ziyanvericilərə qarşı pesdisidlər istehsal ediləcək müəssisələrin tikintisi davam etdirilir. Eyni zamanda 4 rezident isə yeni istehsal sahələrinin yaradılması üçün layihələndirmə işlərinə başlamışdır.

“Baku Steel Company” və İtaliyanın “Danieli” şirkətləri arasında dəyəri 1,2 milyard avro olan müqaviləyə əsasən Azərboru ASC-nin ərazisində tikiləcək 5 müəssisədən ibarət metallurgiya kompleksinin təməl qoyulmasına hazırlıq işləri aparılır.

Yuxarıda qeyd olunan müəsisələrin tikintisinə təqribən 2,3 milyard ABŞ dolları  investisiya qoyulucaqdır. Burada 2 mindən çox yeni iş yerlərinin açılması nəzərdə tutulur.  İstehsal olunacaq məhsullar bu gün respublikamızda bütünlüklə xaricdən idxal olunur. Əminliklə deyə bilərik ki, yaxın gələcəkdə Sumqayıtın ixracı əvəz edəcək və ixracyönümlü məhsulların istehsalı, yeni istehsal sahələrinin yaradılması və ölkənin qeyri-neft sektorunun inkişafı istiqamətində xüsusi rolu və çəkisi olacaqdır.

Şəhər İcra hakimiyyətinin dəstəyi ilə Məşğulluq Mərkəzi əhalinin işlə təmin olunması, onların sosial müdafiəsinin gücləndirilməsi sahəsində müvafiq tədbirlər həyata keçirmişdir. Mərkəzə 4915 nəfər işaxtaran müraciət etmiş və onlardan 1914 nəfər işlə təmin olunmuş, 764 nəfərə işsizlik müavinatı təyin edilmiş və 88 nəfər peşə kurslarına cəlb olunmuş, 40 nəfər özünəməşğulluq proqramı çərçivəsində aktivlərlə (mal-materiallarla), 37 nəfər kuvota üzrə işlə təmin olunmuşlar. Ölkə rəhbərinin tapşırığına əsasən Sumqayıt şəhərində 1010 ictimai iş yerləri açılmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində bu gün qaçqın və məcburi köçkünlər ölkəmizdə dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunublar. Onların mənzil-məişət problemlərinin həlli istiqamətində müvafiq işlər həyata keçirilir. Artıq Sumqayıt şəhərində məskunlaşmış məcburi köçkünlər üçün 12-ci mikrorayonda 936 mənzildən ibarət yaşayış binalarının tikintisinə başlanılıb.

Hesabat yığıncağında qeyd olunub ki, möhtərəm cənab Prezident İlham Əliyevin tapşırığı və yaxından köməyi sayəsində Şəhər İcra Hakimiyyəti Başçısının rəhbərliyi ilə Sumqayıtda abadlıq-quruculuq, yaşıllaşdırma işləri, yeni sosial obyektlərin tikintisi və təmiri, şəhərin memarlıq və dizaynı baxımından müasir görkəmini saxlamaq şərti ilə  iri miqyaslı layihələr icra olunmuş və bu işlər hesabat dövründə də aparılmışdır. Hazırda geniş miyasda davam etdirilir.

Hesabat dövründə Zülfi Hacıyev küçəsində Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər Təşkilatı üçün üç mərtəbəli yeni binanın, “Sumqayıt Bulvar”ı ərazisində Bayraq Muzeyinin və 500 metr uzunluğunda gəmi tərsanəsinin tikintisi, Milli Bankın Ehtiyyat Fondunun inzibati binasının və Kimyaçılar Mədəniyyət Sarayının əsaslı təmiri başa çatdırılmışdır.

Şəhər Məhkəmə Kompleksinin və Şəhər Prokurorluğunun inzibati binlarının tikintisi davam etdirilir.

Yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması və abadlıq işlərinin görülməsi istiqamətində Metallurq Y.Məmmədov küçəsi Sülh küçəsindən başlayaraq sənaye zonasından  keçməklə Bakı-Quba yoluna qədər 4,0 km uzunluğunda yenidən kompleks şəkildə əsaslı təmir olunur. Yolun hərəkət hissəsi genişləndirilir, hasarlar, piyada yolları kommunikasiya xətləri yenidən qurularaq yaşıllaşdırma işləri aparılır. Həmin küçədə “Acı Dərə” kanalının məcrasının dəyişdirilməsi ilə əlaqədar  1800 p/m məsafədə yeni su ötrücü kanalizasiya xətti çəkilir.

Novxanı-Sumqayıt yolunun əsaslı təmiri ilə əlaqədar “Bağlar” zonasında yolun genişləndirilən hissəsində hasarların, piyada yolların təmiri işləri başa çatdırılmışdır. Bağlar zonasında “Qurd Dərəsi” yaşayış massivində şəhər bələdiyyəsinin köməyi ilə 2,5 km uzunluğunda yol hər iki tərəfə genişləndirilərək yolun eni 8 metrə çatdırılmış və asfalt örtüyü təmiri edilmişdir.

Koroğlu küçəsinin asfalt örütüyünün əsaslı təmiri başa çatdırılmış, 4 km uzunluğunda məsafəyə 140,0 min kv.metr yeni asfalt örtüyü salınmış, küçənin qazonlaşdırılması və abadlaşdırılması işləri yekunlaşdırılır. Səməd Vurğun küçəsi 9 km uzunluğunda asfalt örtüyü əsaslı təmir olunur, küçə yenidən qurulur. 120 min kv metr sahəyə asfalt döşənəcəkdir. İlin sonuna qədər Metallurq və Çerkassi küçələrinin asfalt örtüyünün təmir olunması nəzərdə tutulmuşdur.

Hesabat dövründə Heydər Əliyev, Üzeyir Hacıbəyov, Zülfü Hacıyev, Niyazi, İsmət Qayıbov, Babək, Bakı, Kamran Hüseynov, R. Qəhrəmanov, Nizami, Azərbaycan, C.Məmmədquluzadə, Mehmandarov və 20 Yanvar küçələrində, 14 məktəb, 12 uşaq bağçasının həyətyani ərazisində asfalt  örtüyünün cari təmir işləri aparılmış, ümumilikdə 550 min kvadrat metr asfalt örtüyü dəyişdirilmiş, 7300 p/m qranit, 4 min p/m beton bardur qoyulmuşdur. Küçə və yollarda sıradan çıxmış 450 p/m səki daşları yeniləri ilə əvəzlənmişdir.

Şəhərin 1-ci, 5-ci, 8-ci, 9-cu, 11-ci mikrorayonlarında, 3-cü, 4-cü və 14-cü məhəllələrin ərazisində asfalt örtüyünün təmir işləri aparılmış, 240 min kvadrat metr asfalt örtüyü salınmış, 940 p/m beton bardur qoyulmuşdur.

Hesabat dövründə mənzil fondunun saxlanılması, dam örtüyünün yenidən qurulması, fasadların təmiri sahəsində xeyrli işlər görülmüşdür:

9-cu; 10-cu;11-ci, 12-ci və 13-cü mikrorayonlarda 100 yaşayış binasında dam örtüyü yenidən qurulmuş, metal-kirəmitlə  əvəz edilmiş və 10 binada işlər davam etdirilir. Hazırda 300-dən artıq binanın dam örtüyü yenidən qurularaq əsaslı təmirinə ehtiyac vardır.

34-cü; 45-ci məhəllələrdə və 9-cu mikrorayonda 42 yaşayış binasında 100 min kv.metrdən çox fasad hissə təmir olunaraq rənglənmişdir. Bundan əlavə 16 yaşayış binasında 4300 kvadrat metr şifer, 25 binada 24630 kv.metr yumşaq dam örtüyü təmir edilmişdir.

Azərbaycan və N. Nərimanov küçələrində 4 yaşayış binasında 3765 kv.metr fasad “Aqlay daşı” ilə üzlənmişdir.

537 yaşayış binasının pilləkən qəfəsləri əsaslı təmir edilmiş, 137 binada işlər davam edir.

369 binanın zirzəmisi məişət tullantılarından, 115-i çirkab sulardan, 11-i isə qurunt sularından təmizlənmişdir.

İlin əvvəlindən 74,0 min ağac, 400,0 mindən çox gül əkilmiş, 8,0 min kvadrat metr sahəyə qazon salınmışdır.

“Acı Dərə” kanalının boruya salınması ilə əlaqədar onun məcrasının bir hissəsinin dəyişdirilməsi istiqamətində işlər aparılır.

Şəhər rəhbərliyinin ciddi tələbkarlığı sayəsində məişət tullantılarının yığılması və zərərsizləşdirilməsi sahəsində mütəmadi tədbirlər keçirilmiş və xeyli işlər görülmüşdür.

Cari ilin sonuna kimi bir çox yaşayış sahələrində elektrik enerjisinin fasiləsizliyini təmin etmək məqsədi ilə dairəvi elektrik təchizatı sistemi yaradılır.

Əhalinin qaz təchizatının yaxşılaşdırılması istiqamətində xeyli işlər görülmüşdür.

Hesabat dövründə qazanxanaların təmiri, yenidən qurulması, modernləşdirilməsi və yenilərinin tikintisi, məhəllədaxili və binadaxili istilik təchizatı sistemlərinin əsaslı təmiri və bərpası üzrə işlər davam etdirilmiş, 18-ci mikrorayonda 24 yaşayış binası və 2 uşaq bağçasını istiliklə təmin edəcək qazanxana tikilmişdir.

Payız-qış mövsümündə həmin qazanxana vasitəsilə 24 yaşayış binası – 1098 mənzil istiliklə təmin edilməsi nəzərdə tutulmuşdur.

12-ci mikrorayonda 18 yaşayış binasını və bir məktəbi istiliklə təmin edəcək yeni qazanxananın tikilməsinə başlanmışdır.

Lift Servis Birliyi tərəfindən şəhərin Mənzil Fonduna aid hündürmərtəbəli binalarda olan 594, səhiyyə ocaqlarında 11 ədəd liftə texniki xidmət göstərilmiş, 48 ədəd lift əsaslı, 64 ədəd lift isə cari təmir olunmuşdur. Məlumat üçün bildirirəm ki, 2016-cı ildə 200 ədəd istismar müddətini keçmiş liftlər yenisi ilə əvəz edilmişdir.

Ölkə rəhbərinin yaxından köməyi sayəsində şəhərdə əhaliyə göstərilən nəqliyyat xidmətinin yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülmüş, şəhərdaxili mövcud xırda tutumlu, istismara yararsız, ekoloji baxımdan primitiv 120 ədəd nəqliyyat vasitəsi xətlərdən çıxarılmış, sərnişinlərin rahatlığı üçün Türkiyə istehsalı olan müasir 75 ədəd avtobuslar gətirilərək xətlərə buraxılmışdır. Şəhərdə yeni müasir tipli dayanacaqlar quraşdırılır. Bu sahədə işlər davam etdirilir.

Sumqayıt şəhərində təhsilə dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Qeyd etmək istərdim ki, gündəlik qayğılarımızın ödənilməsi, problemlərimizin həlli və tədris prosesinin normal aparılması üçün şəhərimizdə münbit şərait vardır. Buraxılış imtahanlarında iştirak etmiş 2600 nəfər 11-ci sinif şagirdindən 2234 nəfəri yəni 86 %-i müvəffəq qiymət almışdır. Bu respublika üzrə yaxşı göstərici olmaqla yanaşı şəhərin ötən ilki göstəricilərinə nisbətən 3 faiz  yuxarıdır. Məzunlarının 69 %-i qəbul imtahanlarında müvəffəqiyyətlə iştirak edərək tələbə adını qazana bilmişdir.  Ötən ilin səviyyəsi ilə müqayisədə 6 % yüksək olmuşdur.

Hesabat dövründə uşaq bağçalarında aparılan metodik işlərin vəziyyəti, uşaqların təlim-tərbiyəsi və ərzaq təminatı məsələsi ciddi nəzarətdə saxlanılmış, bağçalarda istilik sistemi tam bərpa olunmuş və onlar isti su ilə təmin edilmişdir. Təmirə ehtiyacı olan 44 bağçada Şəhər İcra Hakimiyyətinin yaxından köməyi və daxili imkanlar hesabına təmir işləri aparılır. Təmir işləri əsasən qida bloku, sanitar qovşaqları, elektrik naqilləri, avadanlıqlar, musiqi otaqları və digər yerlər  nəzərə alınmaqla bütün bağçanı əhatə edir.

Hesabat dövründə tibbi xidmətinin bütün sahələr üzrə yaxşılaşdırılması, xəstəliklərin profilaktikası, əhaliyə, eləcə də ana və uşaqlara göstərilən təcili və təxirəsalınmaz tibbi xidmətin keyfiyyətinin artırılması, əlilliyin azaldılması və reabilitasiyası sahəsində müvafiq tədbirlər həyata keçirilmişdir.

Tibb müəssisələrinin maddi – texniki bazasının möhkəmləndirilməsi, şöbə və struktur bölmələrin təchizatının yaxşılaşdırılması, bina və həyətyanı sahələrdə abadlaşdırma işlərinin aparılması sahəsində tədbirlər görülmüşdür.

Şəhər İcra Hakimiyyətinin yaxından köməyi və dəstəyi ilə Onkoloji Xəstəxananın və Uşaq Xəstəxanasının infeksion korpusunun əsaslı təmiri başa çatdırılmış, 1,2,3,4 nömrəli, Təcili Tibbi Yardım, Uşaq, Oftomoloji, Vərəm Əleyhinə, Psixiatriya Xəstəxanalarında, 1 və 2 nömrəli Doğum evlərində, Təcili Tibbi Yardım Stansiyasında, Uşaq stomotoloji poliklinikasında və şəhərin digər 8

poliklinikalarında cari və əsaslı təmir işləri aparılmış və bu gün də işlər davam etdirilir.

Hesabat dövründə mədəniyyət müəssisələrinin əsaslı və cari təmiri, maddi-texniki bazasının möhkəmləndirilməsi, mədəni – kütləvi tədbirlərin sayının və keyfiyyətinin artırılması diqqət mərkəzində saxlanılmışdır.

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən gənclər siyasəti xətti ilə 88 və ümumilikdə 167 müxtəlif tədbirlər keçirilmişdir.

Şəhərdə 28 idmаn növü üzrə 288 şəhər birinciliyi, çеmpionаtı, kütləvi bədən tərbiyəsi və idman tədbirləri kеçirilmişdir. Respublika və Bеynəlхаlq səviyyəli yаrışlаrdаn 645 mеdаl əldə еdilmişdir ki, bunlаrdаn 223-ü qızıl, 183-ü gümüş, 239-u isə bürünc mеdаl olmuşdur.

Məruzə və çıxışlarda qazanılmış uğurlardan, həyata keçirilən layihələrdən söhbət açılıb, payız-qış fəslinə hazırlıq işləri gündəmə gətirilib. İşdə yol verilən nöqsanlar təhlil edilib, mövcud problemlərlə bağlı təkliflər səsləndirilib.

Sonda yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilib.

DSC_0008 DSC_0019 DSC_0020 DSC_0038 DSC_0050 DSC_0053 DSC_0060 DSC_0066 DSC_0070 DSC_0087 DSC_0109 DSC_0116

 

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın