Menu
Geri İrəli

Sumqayıtda Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının ümumi yığıncağı olub

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Aprel 2011 • Baxış sayı: 221 dəfə • Şərh yoxdur

Sumqayıtda kimyaçıların Üzeyir Hacıbəyli adına mədəniyyət sarayının konfrans zalında Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının (AŞBMA) illik ümumi yığıncağı keçirilmişdir. Yığıncaqda dövlət qurumlarının nümayəndələri və 67 şəhər bələdiyyəsinin sədrləri iştirak etmişdir.
Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri professor Əbülfəz Babayev hesabat məruzəsi ilə çıxış etmişdir. O, ölkə iqtisadiyyatının yüksək sürətlə və sabit inkişafını, bu inkişafın əhalinin maddi rifah səviyyəsinə müsbət təsirini qeyd edərək vurğulamışdır ki, 1999-cu ildə ümummilli lider Heydər Əliyev tərəfindən yaradılmış bələdiyyələr bu gün sürətlə inkişaf edir, bələdiyyə üzvləri arasında qadınların və gənclərin sayı artır.
Ə.Babayev bildirmişdir ki, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyası 2006-cı ildə yaradılmışdır. Respublikanın 67 şəhərinin bələdiyyə qurumlarını könüllülük əsasında birləşdirən müstəqil qeyri-kommersiya təşkilatı olan bu Assosiasiya ölkənin şəhər əhalisinin 60 faizdən çoxunu təmsil edir.
Məruzəçi Assosiasiyanın fəaliyyətinin bütün aspektlərini konkret faktlar və rəqəmlər əsasında açıqlayaraq onun işini hərtərəfli təhlil etmişdir. Ə.Babayev demişdir ki, yerli özünüidarəetmənin inkişafı, vətəndaş cəmiyyətinin yaradılması, habelə demokratik prinsiplərin təbliğatında təşkilatın rolunun artması assosiasiyanın fəaliyyətinin prioritet istiqamətidir.
Assosiasiyanın rəhbəri son bələdiyyə seçkilərində şəhər bələdiyyələri sədrlərinin tərkibinin nəzərəçarpacaq dərəcədə yeniləşməsini nəzərə alaraq illik hesabat çərçivəsindən kənara çıxan ən mühüm layihələr barəsində də məlumat vermişdir. Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin, Avropa Şurasının Baş katibinin Azərbaycandakı nümayəndəsi Denis Bribosiyanın və başqalarının iştirak etdiyi bələdiyyə sədrlərinin birinci və ikinci ümumrespublika toplantıları bu tədbirlər sırasındadır.
Assosiasiyanın “Bir bələdiyyə – azı bir layihə” təşəbbüsü çərçivəsində qabaqcıl təcrübəni öyrənmək və geniş yaymaq məqsədilə üç “dəyirmi masa”, habelə “Bələdiyyə: yeni forma, yeni məzmun” mövzusunda respublika konfransı keçirilmiş, konfransın sənədləri kitab şəklində dərc edilmiş, “Bələdiyyə: yerli özünüidarəetmənin yeni mərhələsi” adlı sənədli film çəkilmiş, bir sıra başqa tədbirlər həyata keçirilmişdir. Bu təşəbbüs çərçivəsində ümumi məbləği 63 milyon manat olan 11.500-ə yaxın layihə reallaşdırılmışdır. Assosiasiyanın keçirdiyi ən mühüm tədbirlər sırasında keçən ilin oktyabr ayında respublika Gənclər və İdman Nazirliyi ilə birlikdə əvvəlcə Lənkəranda, daha sonra Bərdədə “Azərbaycanda dövlət gənclər və idman siyasətinin həyata keçirilməsində bələdiyyələrin rolu” mövzusunda zona konfranslarının, Fövqəladə Hallar Nazirliyi ilə birlikdə tematik aylıqlar, həftələr və “dəyirmi masalar” keçirilməsi qeyd edilmişdir.
AŞBMA sədri Assosiasiya xətti ilə keçirilmiş sosial, mədəni və idman yönümlü çoxsaylı tədbirlər üzərində dayanmışdır. O, həyata keçirilmiş layihələrdən bəhs edərkən ən fəal bələdiyyələrlə yanaşı, öz yaxalarını bu işlərdən kənara çəkən passiv bələdiyyələri də göstərmişdir. Məruzədə qeyd edilmişdir ki, Milli Məclisin regional məsələlər üzrə daimi komissiyası, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ) və QHT-lərlə sıx əməkdaşlıq edilir. Sədr bələdiyyə sisteminin optimallaşdırılması mövzusuna toxunaraq müasir informasiya texnologiyalarından istifadə edilməsinin zəruriliyini xüsusi vurğulamış, həmkarlarını elektron məlumatlar sistemini daha fəal tətbiq etməyə çağırmışdır.
Assosiasiyanın nəzarət-təftiş komissiyasının məruzəsini Xırdalan bələdiyyəsinin sədri Eldar Əhmədov təqdim etmişdir.
Sonra yığıncaq iştirakçıları Assosiasiyanın 2011-ci il üçün büdcəsini müzakirə etmişlər.
Yığıncaqda çıxış edənlər – Naxçıvan, Ağdaş, Qusar, Bakının Binəqədi rayonu, Naftalan, Gədəbəy bələdiyyələrinin, Sumqayıt məhəllə komitəsinin sədrləri və başqaları Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının fəaliyyətini qənaətbəxş qiymətləndirmiş, özünüidarəetmə orqanlarının uğurlu fəaliyyəti ilə əlaqədar bir sıra mühüm məsələlər qaldırmışlar. Açıq dialoq formatında, konstruktiv və işgüzar şəraitdə keçən ümumi yığıncaqda bələdiyyələrlə dövlət hakimiyyəti orqanlarının qarşılıqlı münasibətlərinin tənzimlənməsi ilə əlaqədar bir sıra aktual məsələlər qaldırılmışdır.
Sonda Respublika Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə və Prezident Administrasiyasının sektor müdiri Ramiq Həşimov çıxış edərək dövlətimizin başçısı İlham Əliyev tərəfindən ölkə vətəndaşlarının həyatının keyfiyyətini yaxşılaşdırmaq üzrə qarşıya qoyulmuş məsələlər və bununla bağlı artan bələdiyyələrin rolunu yığıncaq iştirakçılarına xatırlatmışlar. Onlar yerli özünüidaəretmə orqanlarının peşəkarlığını qeyd etmiş, Azərbaycan bələdiyyə sisteminin effektivliyinin və fəallığının artırılmasının vacibliyini vurğulamışlar. M.Səlimzadə və R.Həşimov şəhər bələdiyyələrinin sədrlərinin suallarını cavablandırmış, onlara konkret tövsiyələr vermişlər.AzərTAc

Facebook Şərhləndirmə:

Şərhinizi yazın