Menu
Geri İrəli

Sumqayıtda doğuş zamanı dünyasını dəyişən ananın ailəsindəki yasdan REPORTAJ

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Oktyabr 2013 • Baxış sayı: 331 dəfə • Şərh yoxdur
“Məni qurtara bilmirsinizsə, heç olmasa uşağı xilas edin!”
 pervine
Doğuşdan bir neçə gün sonra oktyabrın 25-i xəstəxanada daha bir ana həyatını itirdi. Dünyasını dəyişən “ANS”in əməkdaşı Afət Telmanqızının qardaşının həyat yoldaşı Pərvinə Hüseynova olub. Hafta.az-ın əməkdaşı dəfndən sonrakı gün yas mərasimi keçirilən Sumqayıt şəhər, 10-cu mikrorayonda olub. Mərhumun ailəsi, doğmaları ilə söhbətləşməyə, hadisənin təfərrüatları ilə yaxından maraqlanmağa çalışıb. Əlbəttə, bu vəziyyətdə mərhumun yaxınlarını danışdırmaq çətindir, amma nə qədər ağır olsa da, onlardan bəziləri özlərində güc tapıb bizimlə söhbətləşiblər…
“Ata, artıq gözüm görmür!”
47-ci bina, 13-cü “blok”un qarşısına toplaşan insanlar hadisədən danışır, hələ “şok”da olduqlarını dilə gətirirlər. Nə qədər qəribə görünsə də, insanlar bu vaxta qədər heç bir yerindən şikayət etməyən gənc xanımın vəfat etdiyinə inanmaq istəmirlər. Binanın qarşısında toplaşanlar arasında Pərvinənin atası Məhəmməd əmi də var, amma dinmir, danışmır…
Birtəhər onunla söhbətləşməyə çalışırıq. Məhəmməd əmi çətinlik çəksə də, hadisə haqqında fikrini belə ifadə edib: “Əvvəldən axıra qədər qızımın keşiyində durdum, 15 gün gecə-gündüz “Respublikanski”də oturacaqlarda qaldım. Əlbəttə, bu mənim atalıq borcumdur. Ümid edirdim ki, qızım sağ-salamat evinə qayıdacaq. Amma belə olmadı. Qızımla əməlli-başlı danışa da bilmədim. Ömrüm boyu yadımdan çıxmayacaq bir kəlməsi yadımda qalıb: “Ata, artıq gözüm görmür! (Bu arada gözü dolur – A.S)”.
Yaşadığı ağır faciəyəyə rəğmən Məhəmməd əmi özünü çox təmkinli, alicənab aparır. O, “Respublikanski”nin həkimlərindən də narazı deyil. Deyir ki, həkimlər əllərindən gələni etdilər, amma qızının həyatını xilas etmək mümkün olmadı: “Neyləyək, mənim də qızımın taleyi belə yazılıbmış”.
Tələsik qərar, şübhəli məqamlar…
Pərvinənin bacısı Qərənfil xanımın dediyindən məlum olur ki, hadisədən bir az qabaq Pərvinənin 3 saylı poliklinikadakı həkimi Xuraman xanım evə zəng edərək bacısının vəziyyətini soruşub və deyib ki, müayinə etmək lazımdı: “Getdik və bacımı müayinə etdilər. Dedilər ki, Pərvinənin təzyiqi var. Sonra Pərvinəni Sumqayıtdakı 1 saylı doğum evinə apardıq və vəziyyəti danışdıq. Orda dedilər ki, Pərvinə mütləq əməliyyat olunmalıdır. Əslində uşağın olma vaxtı oktyabrın 11-i idi. Ancaq biz Pərvinəni oktyabrın 4-də aparmışdıq. Orda isə təzyiqi aşağı salmamış əməliyyata qərar verdilər”.
Dediyinə görə, Sumqayıtdakı 1 saylı doğum evində əməliyyatda şöbə müdiri Məmməd Cəfərov, Nüşabə xanım, Sevda Xanbutayeva və bir də adını xatırlamadığı narkoz verən iştirak edib.
Beləliklə, Pərvinə xanımı əməliyyat ediblər və uşaq dünyaya gəlib. Bacısı deyir ki, əməliyyat zamanı onlara hələ də qaranlıq qalan məqamlar yaşanıb və nə baş verdiyini isə onlara deməyiblər: “Saat 8-də uşaq dünyaya gəldi. Saat 12-də isə əməliyyatı başa çatdırıblar. Belə olan halda narahat olduq və soruşduq ki, içəridə nə baş verir. Bu zaman otaqdan çöldə olan narkoz verən xanım dedi ki, heç bir narahatçılıq yoxdur və belə olmalıdır. Bundan sonra otaqdan bir qadın çıxdı və bizə dedi ki, içəridə kimsə “Məni qurtara bilmirsinizsə, heçolmasa uşağı xilas edin!”deyərək qışqırır. Elə bu zaman daha da narahat olduq və bildik ki, içəridə vəziyyət yaxşı deyil”.
…Günahkar xəstəxananın baş həkimidir”
Şöbə müdiri isə ailəyə bildirib ki, xəstə əməliyyat zamanı 80 faiz qan itirib və 30 faiz qanı qalıb. Elə buna görə də xəstə əməliyyatdan çıxa bilmir. Çox çətinliklə olsa da əməliyyat başa çatıb və 3 gün reanimasiyada qalıb. Üç gündən sonra xəstənin reanimasiyada qalmasına, yoxsa palataya köçürülməsinə qərar vermək zamanı gəlib və qərarın verilməsi isə tərəddüdlü olub: “Gah dedilər palataya köçürək, gah da reanimasiyada qalmağı məsləhət gördülər. Nəsə bu qərardan sonra da bizdə şübhələr yarandı və nəhayət palayata köçürdülər. Bacımın vəziyyəti pisləşdi və yenidən reanimasiyaya apardılar. Bu zaman soruşduq ki, xəstənin vəziyyət pisləşir niyə tədbir görmürsünüz. Şöbə müdir dedi ki, xəstəni burdan belə halda çıxara bilmərik, bu, xəstəxananın adına ləkədir və Səhiyyə Nazirliyi ilə də problemlər yarana bilər. Şöbə müdiri belə bir söz də işlətdi ki, baş verənlərin günahkarı xəstəxananın baş həkimi İmmə Ələkbərzadədir”.
Vəziyyətin daha da pisləşdiyinin səbəbini öyrənmək üçün yenidən doğum şöbəsinin müdirinin yanına gediblər. Bu dəfə şöbə müdirinin cavabı gözlənilməz olub: “Mən əməliyyatda iştirak etməmişəm. Nə edə bilərəm?”.
Vəziyyətin ağırlaşmasına səbəb nə olub?
Ailəyə sonradan məlum olub ki, əməliyyat zamanı xəstə xeyli qan itirib və bunun qarşısını almaq çətin olub. Odur ki, əməliyyat zamanı həkimlər özləri də təşvişə düşüblər. İçəridə həm də cift qalıb. İçəridə qalan qalıqlar sidik kanalına dolub. Beş gün xəstəxanada qalan Pərvinənin həyatı üçün təhlükə də elə ordan başlayıb. Nəhayət, Səhiyyə Nazirliyinin müdaxiləsindən sonra oktyabrın 10-u xəstəni Respublika Klinik Xəstəxanasına gətiriblər. “Respublikanski”yə gələndən sonra məlum olub ki, xəstənin bədəninin 70 faiz zəhərlənib. Belə ki, bədənin zəhərlənməsi kəskin böyrək çatışmazlığının yaranmasına səbəb olub. Beləliklə, təzyiq yüksəlib və beyində qansızma olub.
A.Telmanqızı “Respublikanski”dəki həkimlərin çalışdığını və xəstənin həyatını xilas etmək üçün səy göstərdiyini deyib. Amma onun narazı qaldığı məqamlar da var. O bildirib ki, Pərvinəyə narkoz verməklə iki dəfə lazer əməliyyatı vasitəsilə içəridəki qalıqları təmizləyiblər. Bu zaman xəstə hətta 8 gün narkozdan ayılmayıb. Amma həkimlər xəstənin narkozdan ayılmamasını təhlükə hesab etməyiblər. Deyilib ki, onlar üçün əsas xəstənin böyrəyinin fəaliyyətini bərpa etməkdir.
Nəhayət, 8 gündən sonra xəstə narkozdan ayılıb və oktyabrın 21-də Pərvinəni tomoqrafiya ilə müayinə ediblər: “Müayinəyə aparanda gəlin həkimlərin yanında əlini başına atıb və “başıma nəsə isti şey axdı”deyib. Buna əhəmiyyət verməyiblər. Müayinədən sonra həkimlər deyib ki, xəstənin alın nahiyyəsinin sol payında “Gematoma”, yəni qansızma var. Oktyabrın 22-23-ü isə həkimlər xəstənin valideynlərinə deyib ki, vəziyyəti müsbətə doğru dəyişir və qorxu yoxdur. Böyrək də fəaliyyətə başlayıb. Ancaq baş yaddan çıxıb”.
“Həkim mənə söz vermişdi ki…”
Vəziyyətin qənaətbəxş olmadığını görən A.Telmanqızı başqa xəstəxanadan mütəxəsis dəvət edib. Onlar isə deyiblər ki, böyrək probleminin başa aildiyyatı yoxdur. Çünki böyrək onsuz da dializ edilir. Problemə səbəb bədənin zəhərlənməsi olub. Zəhərlənmə isə böyrək çatışmazlığına və qansızmaya səbəb olub. Bildiriblər ki, əsas problem xəstənin başında olub və baş vaxtında müalicə olunmalıydı: “Gətirdiyim həkimlər onu da bildirdilər ki, ayın 21-də olan tomoqrafik müayinədən sonra xəstənin başı hər gün müayinə olunmalı və nəzarətdə saxlanılmalıydı ki, qansızmanın artdığı, yoxsa vəziyyətin sabit olduğunu bilmək mümkün olsun. Hətta dəvət etdiyim həkimlər əməliyyat etməyin mümkün olub-olmadığını öyrənmək üçün xəstənin yenidən tomoqrafik müayinə olunmağını da məsləhət gördülər. Amma xəstəxananın həkimləri razılıq vermədi və dedilər ki, xəstəni tərpətmək olmaz. Nəisə, dəvət etdiyim həkimlərdən sonra xətəxanının həkimi çıxıb dedi ki, xəstəni burda saxlamağın mənası yoxdur. Halbuki, həkim mənə söz vermişdi ki, oktyabrın 26-sı xəstə tomoqrafik müayinə olunacaq”.
Və yarımçıq arzular
Beləliklə, ailənin və həkimlərin səyinə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmadı. Həyatla vidalaşan Pərvinə xanımın dünyaya gələcək uşağı ilə bağlı arzuları olub. Ali təhsilli, Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu olmuş və hadisəyə qədər Sumqayıtda kolleclərin birində kadrlar şöbəsində çalışmış Pərvinə xanımın noyabrın 7-si toylarının 1-ci ildönümü, 22-si isə özünün doğum günü olacaqdı. Pərvinə xanımın ailə qurmasından hələ bir il keçməmişdi. Toy mərasiminin 1 illiyi münasibətilə ilə bağlı xəyallar qurubmuş Pərvinə xanım. Arzulayırmış ki, sağ-salamat övladını dünyaya gətirəndən sonra noyabrın 7-si təmətəraqlı mərasim keçirəcək. Həm uşağın dünyaya gəlməsi, həm də evliliklərinin bir illiyi gününü qeyd edəcək. Amma nə biləymişki ki, arzularını realaşdırmağa ömür vəfa etməyəcək.
Allah rəhmət eləsin!
publika.az
Facebook Şərhləndirmə:

Şərhinizi yazın