Menu
Geri İrəli

Sumqayıtda doqquz ayın yekunları müzakirə olunub

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Oktyabr 2014 • Baxış sayı: 557 dəfə • Şərh yoxdur

photo_49512

Doqquz aylıq hesabata həsr olunmuş toplantıda Sumqayıtın sosial-iqtisadi inkişafının başlıca aspektləri hərtərəfli sərf-nəzər edilib və qarşıda duran vəzifələr müəyyənləşdirilib.

Şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov tədbirdə vurğuladı ki, hər rübün sonunda görülmüş işlər barədə hesabat verilməsi Azərbaycan rəhbərliyinin sərgilədiyi demokratiya nümunəsi kimi diqqətəlayiqdir. Gələcəyə daha optimal baxış formalaşdıran bu örnək dövlətimizin başçısı cənab İlham Əliyevin böyük şəxsiyyət fenomeni ilə əlaqələndirilməlidir. Artıq Azərbaycanda nail olunan iqtisadi inkişaf dünya çapında etiraf edilir və yüksək dəyərləndirilir. Fərəhli haldır ki, ölkəmiz  bu gün özünün dönməz iqtisadi müstəqilliyinə qovuşub. Bütövlükdə respublika üzrə qazanılan nailiyyətlər  ayrı-ayrı şəhər və rayonlarımızın göstəricilərində təsdiqini daha aydın tapır. Elə Sumqayıtda reallaşan işlər – abadlıq-quruculuq tədbirləri, iqtisadiyyatın genişləndirilməsi, əhalinin rifahının yüksəlməsi gerçək tərəqqi dinamikasından soraq verir.

Sumqayıtda doqquz ay ərzində ümumi daxili məhsul istehsalı 10 faiz artıb. Üç ildə yeddi dəfə buraya səfər edən dövlətimizin başçısı böyük sənaye potensialı olan şəhərdən diqqət və qayğısını əsirgəmir.

Şəhər icra hakimiyyəti başçısının müavini – sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Lalə Hacıyeva məruzəsində bildirdi ki, həyata keçirilən tədbirlər nəticəsində hesabat dövründə şəhər üzrə istehsal və xidmətlərin həcmi 564,9 milyon manat təşkil edib. Sənaye sektorunda istehsal 340 milyon manat olub. İşçilərin orta əmək haqqı 480 manata yüksəlib. Sumqayıtın idarə və müəssisələrində, sahibkarlıq obyektlərində hamısı daimi olmaqla 5059 yeni iş yeri açılıb.

“Sənaye ili” ilə əlaqədar fevralda Azərbaycan kağız və karton istehsal kombinatının, Sumqayıt yağ fabrikinin və mis emalı zavodunun açılışı olub. Həmin tədbirlərdə dövlətimizin rəhbəri şəxsən iştirak edib. Regional inkişaf proqramının icrası nəticəsində Sumqayıt Texnologiyalar Parkında 14 zavod, “Gilan Tekstil Kompleksi”nin 3 fabriki, Azgüntex zavodunda Günəş modulları istehsalı xətti, “Sağlam qida” Aqrar-Sənaye Kompleksi yaradılıb, “İnter-Tekstil” ASC-nin iplik istehsalı fabrikinin fəaliyyəti bərpa edilib, Sumqayıt Kimya Sənaye Parkında “Azərtexnolayn” MMC-nin boru zavodu istifadəyə verilib. Hazırda STP-də kabel qülləsi, sendviç panelləri, silindr, vaqon və kanalizasiya boruları istehsalı zavodlarının tikinti-quraşdırma işləri yekunlaşmaq üzrədir.

Prezident fərmanına əsasən, sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili ilə bağlı Sumqayıtda da işlər gedir. Şəhərdə belə məhəllələrin yaradılması iş prosesinin təşkilində infrastruktur xərclərin azalmasına, kooperasiya əlaqələrinin güclənməsinə, kiçik və orta sahibkarlığın inkişafına müsbət təsir edəcək.

Sumqayıtda abadlıq işləri geniş vüsət alıb. İlin əvvəlindən şəhərdə 80 min kvadratmetrdən çox asfalt döşənib. Üzlük tamet, səki daşları vurulması nəticəsində küçə, meydan, xiyaban, park və piyada yolları nümunəvi görkəm alıb. Heydər Əliyev parkı ərazisində aparılan kompleks yenidənqurma, abadlıq və yaşıllaşdırma işləri tamamlanıb. Nəsimi parkında bu tədbirlər davam edir. “Şəhidlər xiyabanı” abadlaşdırılır. Şəhərin bir sıra küçələrinə baxan binaların fasad və dam hissələrinin müasir tələblərə uyğun yenilənməsi səngimir.

Sumqayıt  əhalisinin elektrik enerjisi ilə fasiləsiz təchizatına nail olunub. Qaz təchizatı yaxşılaşdırılıb. İçməli su və kanalizasiya təsərrüfatı da işlərini günün tələbləri səviyyəsində qurur. Telekommunikasiya qovşağı tərəfindən bütün avadanlıqların dayanıqlı və qəzasız işləməsi üçün təmir və profilaktik işlər həyata keçirilib. Dövlət mənzil fondunun balansında olan 594 liftə yüksək texniki xidmət göstərilir.

Məruzədə təhsil, səhiyyə, mədəniyyət sahələrində baş verən yeniliklər, inkişaf meyilləri də qeyd edildi. Gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin daim diqqətdə olduğu vurğulandı. Ali məktəblərə qəbul imtahanlarının fərəhli nəticələrlə müşayiət edildiyi   nəzərə çatdırıldı.

Sentyabr ayında keçirilmiş “Şəhər günü”nün Sumqayıtın 65 illiyi ilə əlaqədar daha əhatəli və sanballı şəkildə baş tutduğu xüsusi qeyd olundu. Bayram tədbirlərinin möhtəşəmliyi nəzərə çatdırıldı. “Şəhər günü” münasibətilə Azərbaycan Prezidentinin sərəncamı ilə 14 nəfər sakinin fəxri adlara layiq görüldüyü məmnuniyyətlə xatırlandı.

Sumqayıt idmançılarının uğurları xüsusilə böyük olub. Mötəbər yarışlarda medallar qazanılması artıq bu şəhərin atletləri üçün adi normaya çevrilib. Eyni zamanda, Sumqayıtda da saysız idman tədbirləri, kütləvi yarışlar, turnirlər təşkil olunur.

Toplantıda nailiyyətlər təqdir edilməklə bərabər, daha ciddi diqqət yetiriləsi məsələlər də qabardıldı və inam ifadə edildi ki, sumqayıtlılar cari ili böyük uğurlarla sona çatdırmaq əzmindədirlər.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın