Menu
Geri İrəli

Sumqayıtda dövlətin müəllimlərə verdiyi ərazidə hərbi hissə tikildi

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Noyabr 2013 • Baxış sayı: 266 dəfə • Şərh yoxdur

herbi

Ölkədə 39 müəllim sözün əsl mənasında torpaq uğrunda savaşa qalxıb. Özü də Müdafiə Nazirliyi ilə…

Vaxtilə sovet hökumətinin müəllimlərə Yaşma ərazisində bağçılıq təsərrüfatı üçün ayırıb verdiyi torpaqlar onların əllərindən alınıb. Həmin ərazidə hərbi hissə tikilib. Müəllimlər də daş atıb başlarını tuturlar ki, ya hərbi hissə sökülsün, torpaqlar boşaldılıb onlara qaytarılsın, ya da onlara əvəzində başqa yerdən torpaq verilsin.

Sumqayıtdakı orta məktəblərdən birinin müəlliməsi Nüşabə Əşrəfovada torpaqsız qalanlardan biridir: “O torpaqlar bizə 1987-ci ildə o vaxtkı Nazirlər Sovetinin qərarı ilə verilmişdi. Bakı-Rostov yolu boyunca kollektiv bağçılıq təsərrüfatını inkişaf etdirmək üçün dövlət fondundan ayrılmış 750 hektar torpaq sahəsi idi. Ümumilikdə 1000-dən artıq müəllimə həmin sahədən torpaq ayrılmışdı. 2000-ci ildə bu ərazilərin hamısını ümumi şəkildə hasara aldılar. 2 il sonra da bizimlə razılaşdırmadan, xəbərdarlıq etmədən, başqa yerdə torpaq sahəsi ayırmadan, qəflətən bizim əraziləri də hasarladılar. Bir uzun müddət hasarın kim tərəfindən çəkildiyini aydınlaşdırmağa çalışdıq. Bir söz deyən yox idi. Sonra məlum oldu ki, Müdafiə Nazirliyi burada hərbi hissə tikməyi planlaşdırırmış”.

Buna qədər bağ sahibləri ərazidə evlər tikib, yol, su, işıq xətləri çəkib, minlərlə ağac əkibmiş. Amma ağır texnika bir göz qırpmında hamısını məhv edib.

Müəllimə Nüşabə Əşrəfova sözünə belə davam edir: “Biz 2001-ci ildən ta 2008-ci ilədək yerli bələdiyyəyə bağ torpaqlarının rüsumunu da ödəmişdik. Amma rüsumunu ödədiyimiz, işığını, suyunu, yolunu çəkdiyimiz torpaqlara yaxın da düşə bilmədik. Hər dəfə halal torpaq sahəmizə yaxınlaşmaq istəyəndə əsgərləri üstümüzə töküb gözümüzü qorxutdular. Biz torpaq sahəmizə gəlmək istəyəndə əsgərlər sanki işğal altında olan torpaqlardan düşmən çıxarırdı. Bizi sürüyüb ərazidən kənara atdılar”.

İndi müəllimlər onlara vaxtilə ömürlük istifadəyə verilmiş torpaqların əvəzini tələb edirlər. Deyirlər, 5 ildən artıqdır ki, Müdafiə Nazirliyinə, yerli bələdiyyəyə, yerli icra hakimiyyətinə müraciət etsələr də problem həllini tapmayıb.

Hüquqşünas Namizəd Səfərov isə düşünür ki, yerli icra orqanları ilə həllini tapmayan mübahisəni mütləq hüquq müstəvisinə çıxarmaq lazımdır: “Əslində o adamlar bu neçə ildə qurumlara şikayətlər ünvanlamaqla vaxt itiriblər. Belə məsələlər məhkəmələrdə mübahisələndirilməlidir”.

Hüquqşünas torpaqlarını tələb edən müəllimlərin yerli məhkəməyə kütləvi şikayət etməsini daha effektiv sayır: “Müxtəlif vaxtlarda, tək-tək ərizə versələr, inandırıcı deyil ki, nəyəsə nail ola bilsinlər. Ancaq məhkəməyə kütləvi şikaləyətlə diqqəti çəksələr, problemi ictimailəşdirə bilərlər. Əlbəttə, əgər ərazidə artıq hərbi hissə tikilibsə, onu heç kəs sökməyəcək. Ancaq qanun deyir ki, vətəndaşın torpağını əlindən almısansa, ona əvəzli torpaq sahəsi ver”.

İnarə

Virtualaz.org

Facebook Şərhləndirmə:

Şərhinizi yazın