Menu
Geri İrəli

Sumqayıtda fəaliyyət göstərən “Reduco” Tədris Mərkəzinin müəllimlərindən faydalı məsləhətlər

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Aprel 2015 • Baxış sayı: 517 dəfə • Şərh yoxdur



reduco43Qəbul imtahanlarına hazırlaşanlar üçün Sumqayıtda fəaliyyət göstərən “Reduco” Tədris Mərkəzinin müəllimlərindən faydalı məsləhətlər

 Ali məkətəblərə qəbul imtahanlarına elə də çox qalmayıb – odur ki, bu günlər abituriyentlərin hazırlığının ən ciddi, ən gərgin dövrüdür. Ancaq fakt odur ki, bir çox abituriyentlər bu dönəmdə necə davranmalı olduqlarını, hazırlıq prosesini necə keçib, necə başa çatdırmalı olduqlarını dəqiq müəyyən edə bilmirlər. Üstəgəl, valideynlərin təzyiqi – vəziyyət bir az da qəlizləşir.

Odur ki, bunu nəzərə alıb, hazırlıq prosesinin əslində necə aparılmalı olması ilə bağlı bir material hazırladıq. Öz dəyərli tövsiyələrini sizlərlə “Reduco” Tədris Mərkəzinin müəllimləri bölüşürlər:

 reduco4

Günay Əlizadə (Azərbaycan dili və ədəbiyyatı müəllimi):

- Məktəbdən sonrakı həyatın planlaşdırılmasında peşə seçimi mühüm rol oynayır. Bu mərhələdə abituriyenti hədəfə motivasiya etmək, psixoloji gərginliyini aradan qaldırmaq biz müəllimlərin qarşısında duran ən mühüm məsələlərdən biridir. Hər bir abituriyent hər şeydən öncə qarşısına konkret məqsəd qoymalı və bu məqsədə çatmaq yolundakı məsuliyyətini dərk etməlidir. Çox təəssüf ki, bugünün reallığında bəzi abituriyentlər qarşılarına heç bir xüsusi məqsəd qoymur və imtahan sonrası yığdıqları bala müvafiq ixtisas seçimi edirlər. Bu da yekun nəticədə universitetlərdən ixtisasını sevməyən kadrların məzun olmasına gətirib çıxarır. Bu problemin kökündə də Azərbaycan cəmiyyətində mövcud olan bəzi stereotiplər durur. Bu stereotiplər sırasında “mən mütləq universitetə daxil olmalıyam, sevdiyim sənətə yiyələnməkdənsə, hansısa nüfuzlu universitetdə oxusam, daha yaxşı olar” kimi fikirlər dayanır. Belə yanlış düşüncə tərzinin aradan qaldırılmasında, abituriyentlərə sevdikləri və bacaracaqları bir sənətə yiyələnməyin təsadüfi bir sənətə yiyələnməkdən daha vacib olduğu fikrinin aşılanmasında valideyn və müəllimlər birgə səy göstərməlidirlər. Vaxtın düzgün idarə edilməsi, gərgin zehni əməklə yanaşı istirahətə də vaxt ayırmaq, abituriyent yoldaşları ilə sağlam rəqabət mühitində təhsil almaq abituriyentin nəticələrinə müsbət təsir göstərəcəkdir. Bütün bunlardan əlavə müəlimlərin tapşırıqlarının dəqiqliklə yerinə yetirilməsi, əgər qavramada çətinlik varsa, oxuduqlarının konspekləşdirilməsi və hər dəfə dərsə hazırlaşarkən yenidən həmin konspektlərin təkrarlanması uğur əldə etməyinizə səbəb olacaqdır.

Arzu Həsənova (Biologiya müəllimi):

- Abituriyentlərə bir pedaqoq kimi məsləhətim odur ki, əsasən sevdikləri fənləri seçsinlər, gələcəkdə hansı ixtisasa sahib olmaq istədiklərini dəqiq fikirləşsinlər, valideynlərinin istəklərindən əvvəl öz istəkləridir. Çünki gələcək onlarındır.

Dərslərini oxuyarkən diqqətli olsunlar. Fikirlərini tam toplayaraq oxumaqları vacibdir. Əsasən zamanı düzgün seçsinlər. Gecə yuxusuz qalmaq heç də düz deyil. Belə ki, beynin istirahət saati əsasən gecə saat 4 kimi olur. Zehnin açıq olması üçün yorğun olmamalıdırlar.

Müəllimlərindən çəkinməməli və fikirlərini, suallarını aydın qeyd etməlidilər. Başa düşmədikləri mövzuları gecikdirməyib,  həmin vaxtda soruşub, dəqiq öyrənməlidirlər. Hər mövzuya aid test tapşırıqlarını sonacan etmələri vacibdir.

Qidalanmaya çox fikir versinlər. Ayaqüstü yeməklərdən uzaq durmaları məsləhətdir. Qidalarında kişmiş, qoz, badam və ağartı məhsullarını üstün tutmaları onların zehninin qüvvətli olmasına dəstək olacaq.

Sonda, bütün 2014-2015-ci il abituriyentlərinə ugurlar arzu edirəm.

Eldəniz Nəsibli (İngilis dili müəllimi):

- Abituriyentlərə uğur qazanmaları üçün bu təklifləri irəli sürərdim :

1. Hədəfinizi  müəyyənləşdirin.

Universitetə hazırlaşan bir gəncin özünə verməli olduğu ilk sual “Həyatda məqsədim nədir?”  olmalıdır. Cəmiyyətimizdə müvəffəq olanların hər biri məqsədini bilən, hədəflərini müəyyən etmiş fərdlərdir. Ümidsizliyin, bezginliyin, çarəsizliyin ən əsas səbəbi də məhz məqsədsizlikdir. Bu səbəbdən də ilk öncə “məqsədim nədir” sualına tam cavab verməlisiniz.

2. Planlaşdırma

Hədəf müəyyənləşməsindən sonrakı mərhələ görəcəyiniz işi planlaşdırmaqdır. Yaxşı olar ki, günlük planınız olsun. Gün ərzində nə qədər asudə vaxtınız olur və bu vaxtın nə qədərini istirahətə, nə qədərini dərslərə ayıracağınıza qərar verin.

3.İzləmə

İzləmə mərhələsində artıq hədəf  bəlirlənib, günlük dərs saatlarınız və istirahət saatlarınız bölüşdürülmüş formada olmalıdır. Bu andan etibarən izləmə mərhələsində bolüşdürdüyünüz saatların nə dərəcədə effektiv olub-olmadığını təhlil edəcəksiniz. Məs: Əgər saatlarınızı planlaşdırmağa rəğmən hələ də dərslərinizdə yaxşı deyilsinizsə,hazırladığınız plana yenidən nəzər salın və gün ərzində dərslərə ayırdığınız vaxtı nə qədər ədalətli şəkildə bölüşdürdüyünüzü müəyyənləşdirin.Yox əgər dərsləriniz qaydasındadırsa, lakin fiziki cəhətdən özünüzü hər gün çox yorğun hiss edirsinizsə istirahət saatlarını artırmaqda fayda var. Təbii ki,istirahətinizi də dəyərli şəkildə etməlisiniz.

4. Sağlamlığa nəzarət

Qeyd olunmalı ən əsas şeylərdən biri də nə olur olsun, sağlığınızı qorumaqdır, əziz abituriyentlər. Deyək ki, hər şeyi planlaşdırmısızınız, amma tez-tez xəstələnir və nəticədə ya dərslərə gedə bilmir, ya da dərslərə gedirsiz, lakin fikrinizi bir işə cəmləyə bilmirisiniz. Nəticədə, hazırlığınızın keyfiyyəti çox aşağı düşür, digər dostlarınızdan geri qalır və ən əsası, məqsədinizə çatmaqda çətinlik çəkirsiniz. Bu səbəbdən özünüzü çox qorumalısınız.

5. Sizi yavaşladan nədir?

Bütün səylərinizə rəğmən hələ də dərsləriniz yaxşı deyilsə və ya sınaqlarda istədiyiniz nəticəni əldə edə bilmirsinizsə, demək ki, kifayət qədər dərslərə köklənmirsiniz. Bu halda sizə gün ərzində vaxtınızı ən çox alan məşğuliyyətlərin siyahısını tutmağı  məsləhət görərdim.

Bax belə, əziz dostlar. Ümid edirik ki, müəllimlərin tövsiyələrini nəzərə alacaq və yüksək nəticələr göstərəcəksiniz. Uğur çox istəyənin və əzmlə çalışanlarındır!

Hazırladı: Vüsal

reduco3

 

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın