Menu
Geri İrəli

Sumqayıtda həsəd aparılan sinif, xalça üzərində dərs… (FOTO)

Müəllif: sumqayitxeber.com • Tarix: 9 İyun 2016 • Baxış sayı: 1,392 dəfə • Şərh yoxdur

saglam_heyat_sinifi_070616_10Artıq iki ildir ki, Azərbaycanın bəzi məktəblərində bizi ənənəvi sinif otaqlarından ayıran xüsusi otaqlar qurulub. Təhsil Nazirliyinin “Sağlam təhsil – sağlam millət” layihəsi çərçivəsində yaradılan bu otaqların öz adları da var – “Sağlam təhsil” sinifləri.

Otaqların özünəməxsusluğunu onun girişindən hiss edirsən. Adi sinif otaqlarından tamamilə seçilən “Sağlam təhsil” siniflərinin ilk fərqləndirici cəhəti odur ki, bu siniflərə ayaqqabı ilə daxil olunmur. Yeri xalça ilə döşənmiş sinif otaqlarına (yalnız hündür masalar olan otaqlara xalça sərilir, yarısı hündür, yarısı alçaq masaların olduğu otaqlara isə xalça sərilmir) müəllim və şagirdlər ayaqyalın, xalça sərilməyən sinif otaqlarına isə ev başmağı ilə daxil olur, beləliklə də özünü sanki evdə imiş kimi tam sərbəst hiss edirsən.

Bu siniflərdə öyrəşmədiyimiz bir ənənə da var – şagirdlər dərsləri ayaqüstə keçirlər, lakin ayaq üstə dayanmaqdan yorulduqda onlar xalca üzərində də əyləşib müəllimlərinə qulaq asırlar.

“Sağlam təhsil” sinfində təhsil alan I sinif şagirdlərinin tədris mühitinə adaptasiyası nəzərə alındığından onların yarısı əyləşərək, yarısı isə ayaqüstə dayanaraq dərsə qulaq asır, müəllimin verdiyi tapşırıqları yerinə yetirir. Ayaqüstə dayanan şagirdlərin ayaqlarının altında isə onların ayaqlarının yorğunluğunu alan xüsusi masaj döşəkçələri qoyulub. Şagirdlərin yorulmaması üçün dərs ərzində iki dəfə onların yeri dəyişdirilir, yəni hər 15 dəqiqədən bir şagirdlər yerlərini dəyişməklə oturaq iş vəziyyətindən ayaqüstü işə və əksinə keçirlər. Şagirdlərin əksəriyyəti üçün isə əyləşmək deyil, ayaqüstə dayanmaq daha xoşdur.

Maraqlı cəhətlərdən biri bu sinif otaqlarının küncsüz olmasındadır. Siniflərin bu quruluşu alimlərin apardığı araşdırmalara əsasən, tərtib edilib. Araşdırmalar isə göstərir ki, xətlərin kəsişdiyi nöqtə uşaqlarda psixoloji stress yaradır, onlarda psixoloji gərginliyi artırır. Bu səbəbdən də “Sağlam sinif”lərdə düz xətlərin kəsişmə nöqtələri yoxdur. Oval formada olan otaqların divarlarının kəsişdiyi yerlərdə xüsusi panorama effekti yaradılıb, kəsişmə nöqtələrində olan ağaclar, quşlar, buludlar sinifdə sərbəst mühit yaradıb, bunun sayəsində də uşaq özünü fərqli məkanda hiss edir.

Otağın tavanında isə şagirdlərin gözlərinin yorğunluğunu alan, onun dayaq-hərəkət sistemini hərəkət etdirən xüsusi, 3 rəngli dairələr – Dr. Bazarnının “Universal Simvollar Sxemləri” çəkilib. Sinifdə quraşdırılmış xüsusi aparatın hər 15 dəqiqədən bir verdiyi siqnal səsindən sonra uşaqlar 2- 2,5 dəqiqə ərzində göz “trenajoru” ilə işləyirlər. Bu göz “trenajoru” həm uşaqların görmə qabiliyyətini tənzimləyir, həm də onların bütün vücudlarının hərəkət etməsinə imkan yaradır. Bu da öz növbəsində uşaqlarda onurğa sütunundakı patoloji dəyişiklərin səbəbi olan skolioz, kifoz kimi xəstəliklərin profilaktikasına kömək edir.

Otaqlar Günəş işığı effektini verən xüsusi lampalarla işıqlandırılır. Şagirdlərin “reaksiya vermək” bacarığını inkişaf etdirmək üçün isə otağın 4 iki qarşı divarlarının künclərindən üzərində şəkillər olan plafonlar asılıb. Bunların “yanıb-sönmə” anını vaxtında tutmalı olan uşaqlar bu hərəkəti edərkən başlarını da çevirdiklərindən onların vücudları demək olar ki, hərəkətli olur.

saglam_heyat_sinifi_070616_06Otaqların bir tərəfində qoyulmuş xüsusi turniklər isə oğlanların daha sağlam böyüməsinə imkan verir.

Sinifdəki hündür iş masaları da adi partalardan fərqlənir. Yazı-oxu rejimi üçün işçi səthinin mailliyi 16 dərəcə olan, şagirdlərin boyuna uyğun tənzimlənən istənilən masanın arxasında istənilən şagird dayana bilməz. Məsələn, hündürboylu uşaq alçaq masanın, alçaq boylu uşaq isə hündür masanın arxasında dayana bilməz. Hər bir masa boya uyğun gəlməli olduğundan əvvəlcə şagirdlərin boyları sinif divarında asılmış metrə ilə ölçülür, daha sonra isə onlar boylarına uyğun olaraq, masalar arxasına yerləşdirilirlər. Uşaqlar müəllimin verdiyi tapşırıqları da bu masa arxasında ayaqüstə yerinə yetirirlər.

“Sağlam təhsil” siniflərində hər bir şagirdə düşən otaq sahəsinin sayı 2-2,5 metrdən az olmamalı olduğundan 48 m2sahəsi olan sinif otağnda yalnız 24 şagird təhsil ala bilər. 25-ci şagirdin bu sinifdə təhsil alması bütün hallarda yolverilməzdir.

Məncə, “Sağlam təhsil” sinifləri mənim kimi bütün valideynlərdə həsəd yaratdı. Şəkillərə baxaraq, “Ana, mən də burada oxumaq istəyirəm” deyən oğlumun nədən belə sağlam mühitdə təhsil ala bilməməsinə ancaq təəssüf etdim…

Azərbaycanda 68 “Sağlam təhsil” sinfi var

2014-cü ildən başlanılan “Sağlam təhsil – sağlam millət” layihəsi həmin il 6 məktəbin 15 sinfində icra edilib. Hazırda isə ölkədə 35 orta məktəbdə 68 (onlardan 4-ü Sumqayıtda, qalanları isə Bakıdadır) “Sağlam təhsil” sinfi fəaliyyət göstərir. Yeni tədris ilində bu layihəyə cəlb olunan siniflərin sayının artırılması, Bakıda əlavə olaraq 50 Sumqayıtda 4, Gəncədə 4, Xırdalanda 1 “Sağlam təhsil” siniflərinin açılması nəzərdə tutulur.

saglam_heyat_sinifi_070616_08Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin Pilot layihələr iş sektorunun aparıcı məsləhətçisi Afət Süleymanova Trend-ə bildirib ki, uşaqlar oturaqlığa adət etdiyindən layihənin birdən-birə daha yuxarı siniflərdən başlanılmasına ehtiyatla yanaşılır. Buna görə də layihənin icrasına 1-ci siniflərdən başlanılıb. Hazırda layihə yalnız 1-2-ci sinif şagirdlərini əhatə edir. Həmin şagirdlər 11-ci sinfə çatanadək onların “Sağlam təhsil” siniflərində təhsil alması nəzərdə tutulur. Qeyd edək ki, “Sağlam təhsil” siniflərinin neçənci sinfədək davam edəcəyi valideynləri də çox maraqlandıran suallardandır.

“11-ci sinfi bitirdikləri zaman şagirdlərin 40-50 faizinin görmə qabiliyyəti zəifləyir”

A.Süleymanova deyib ki, bu layihə həyata keçirilməmişdən əvvəl Azərbaycanda peşəkar tibb işçiləri, psixoloqlar cəlb edilməklə təhsilalanların sağlamlıq vəziyyəti və bunun onların təlim nailiyyətlərinə necə təsir göstərdiyi öyrənilib. ABŞ, Avropa ölkələrinin, eləcə də Azərbaycan alimlərinin apardığı araşdırmalar göstərib ki, hipodinamiya, səmərəsiz qidalanma, streslər və zərərli vərdişlər uşaq və gənclərin sağlamlığında ciddi problemlər yaradır: “Məktəbyaşlı uşaqlar oyaqqalma müddətinin 25%-ni sinifdə oturaq vəziyyətdə keçirirlər. Belə hərəkət məhdudiyyəti ilə ümumi təhsilini başa vuran yeniyetmələrdə qamət, fiziki inkişaf, görmə pozğunluqları və digər sağlamlıq problemlərinin yaranmasına səbəb olur. Elmi araşdırmalar göstərir ki, məktəbi bitirənlərin yalnız 3-4%-i tam sağlam olur. Qeyd edilən problemlərin aradan qaldırılması məqsədi ilə son on ildə ayrı-ayrı ölkələrdə müxtəlif xarakterli dövlət proqramları həyata keçirilir”.

Aparılan ilkin monitorinqlər göstərmişdir ki, yeni məktəbə gələn uşaqların 25 faizində görmə problemi olursa, 11-ci sinfi bitirənlərdə bu göstərici 40-50 faizə qalxır.

saglam_heyat_sinifi_070616_07“Məktəb xəstəlikləri” 50-80% artıb

Azərbaycan Dövlət Statistika Komitəsinin 2007-2013-ci illər üçün verdiyi 14-17 yaşlı yeniyetmələr arasında rast gəlinən xəstələnmə hadisələrinin təhlili göstərir ki, bu illər ərzində onların xəstələnmə halları 1,9 dəfə artıb və hər 10 min yeniyetməyə düşən xəstələnmə hadisəsi 2007-ci ildə 993,1-dən 2013-cü ildə 1886,1-ə çatıb. XIX əsrdən başlayaraq “məktəb xəstəlikləri” kimi adlandırlan xəstəliklərin təhlili göstərir ki, bu illər ərzində onların artım tempi 50-80%-i təşkil edir: “Məsələn, görmə patologiyaları, sinir sistemi xəstəlikləri üzrə artım 66,5%, eşitmə patologiyaları – 59,4%, sümük-əzələ sistemi patologiyaları – 76,9%, qan dövranı sistemi – 53,3% təşkil edir. Məktəblilərin sağlamlıq vəziyyətinin məktəbdaxili mühitdən və tədris formasından yüksək dərəcədə asılılığı son illərin gigiyenik müayinələrində dəqiqliklə müşahidə olunub”.

A.Süleymanova deyib ki, bu gün qapalı mühitdə, oturaq şəraitdə və dərsliklərdən istifadə etməklə təlim gənc nəslin fiziki-psixi sağlamlığı və intellektual inkişafı baxımından məqsədəuyğun və səmərəli hesab edilmir.

Oğlanların 40 faizi normal fiziki inkişafdan geri qalır

Layihə başlamazdan əvvəl aparılan ilkin müayinələrin nəticələrinə görə, 11-ci sinifdə oğlanların 40 faizi normal fiziki inkişafdan geri qaldığı aşkar edilmişdir, qızlarda isə bu rəqəm 2 dəfə azdır.

Layihə tətbiq edilən dərs ili ərzində aparılan monitorinqlər göstərir ki, “Sağlam təhsil sinif”lərində təhsil alan oğlanlarda tədris ili ərzində fiziki inkişaf səviyyəsi yaxşılaşmağa doğru dəyişilib. Belə ki, bu tədris ilinin əvvəlində normal fiziki inkişaflı oğlanların sayı 12,2% artıb, ənənəvi siniflərdə isə cüzi artım (1,3%) qeyd edilib. “Sağlam təhsil sinif”lərində bədən kütləsi defisiti olan oğlanların sayı ilin əvvəlində 12,5% olub, bu tədris ilinin əvvəlində isə belə oğlanların sayı 3,2 dəfə azalaraq 3,3% təşkil edib: “Hətta görmə problemi ilə məktəbə gələn elə uşaqlar olub ki, eynəklərini yerə qoyublar”.

saglam_heyat_sinifi_070616_01Əvvəl bu, bizə çətin gəlirdi, fikirləşirdik ki…”

Yəqin ki, hər kəsi bu sual maraqlandırır: Uşaqların ayaqüstə dərs keçməsi nəyə lazımdır? Məgər biz oturaq vəziyyətdə bilik ala bilməmişikmi?

2014-2015-ci tədris ilindən “Sağlam Təhsil – Sağlam Millət” layihəsində iştirak edən Sumqayıt şəhər 31 saylı orta məktəbin “2 b” sinfinin müəllimi Mehri Məmmədova əvvəlcə bu layihəyə çox tərəddüdlə baxdıqlarını deyib: “Əvvəl bu, bizə çətin gəlirdi. Belə fikirləşirdik ki, ayaqüstə dərs keçmək davamlı ola bilərmi? Şagirdlər yorulmaz ki?! Amma gördük ki, əksinə, bu, şagirdlərin daha da diqqətli olmasına, öz fikirlərini sərbəst deməsinə mühüm rol oynayır. Bu layihənin şagirdlərin fiziki sağlamlığında, zehni inkişafında rolu çox böyükdür”.

Azərbaycanda uşaqların ailədən və bağçadan oturaqlığa vərdiş etdirildiyini deyən A.Süleymanovanın sözlərinə görə, tibbi müşahidələr göstərir ki, “Sağlam təhsil” siniflərində uşaqlar dərs vaxtı hər 15 dəqiqədən bir vəziyyətlərini dəyişdiklərindən onların qan dövranında intensivlik baş verir. Bu, ayağa qalxan uşaqların beyninin qanla daha çox təmin olunmasına və qavramanın artmasına gətirib çıxarır: “Müşahidə etmisinizsə, dərs vaxtı uşaqlar tez-tez ayağa qalxır, müəllim də ona “əyləşin” deyir. Hərəkət etmə inkişafda olan uşağın ehtiyacıdır. Biz isə onu məcbur edirik ki, əyləş. Bu, uşağın həm fiziki, həm də psixoloji inkişafı baxımından yanlış yanaşmadır. Belə dərslrədə uşaqlar emosional baxımdan daha həssas, fiziki baxımdan daha yorğun olurlar”.

Araşdırmalar göstərir ki, oturaq həyat tərzi sürən insanlarda ürək-damar xəstəliklərinə 2 dəfə çox rast gəlinir. Oturaq həyat tərzi beyində qan dövranının zəiflədir, müxtəlif patoloji vəziyyətlərin, o cümlədən baş ağrıları, yaddaşın zəifləməsi və s. kimi problemlərin yaranmasına səbəb olur oturaq həyat tərzi insult kimi ağır xəstəliyin inkişafına da yol açır.

Bir sinifdə 12 stul, 24 şagird var

“Sağlam sinif”lər yalnız görünüşləri ilə fərqlənmirlər. Bu otaqların içərisindəki tədris mühiti də tam fərqlidir. “Bir gün bir nağıl” prinsipi ilə öz işlərini quran “Sağlam sinif”lərin müəllimləri həmin gün ərzində keçirilən bütün fənləri şagirdlərə eyni nağıl əsasında, müxtəlif vəsaitlərdən istifadə etməklə başa salırlar.

saglam_heyat_sinifi_070616_03Maraqlı hallardan biri budur ki, “Sağlam təhsil” sinfində stulların sayı şagirdlərin sayına uyğun deyil.

M.Məmmədova deyib ki, sinifdə 24 şagird olsa da, 12 stul var: “Şagirdlər dərs zamanı yorulduqda hər 10 dəqiqədən bir yerlərini dəyişməklə əyləşirlər. Bütün masalar hündür olan siniflərdə isə şifahi sorğu aparılırsa, nağıl danışılarsa, uşaqlar xalça üzərində də əyləşə bilirlər. Bu, uşaqların həm fiziki, həm də psixoloji inkişafında mühüm rol oynayır”.

30 illik iş təcrübəsi olan, “1 b” sinfinin müəllimi Faidə Məmmədova isə bildirib ki, bu sistem tədris ilinin ilk on günündə bir qədər çətinliklər yaradırdı. Çünki uşaqlar yorulduğundan tez-tez oturmaq istəyirdilər. Ancaq sonradan bu problem aradan qalxdı.

“Sağlam təhsil sinif”lərini tədris mühiti baxımından daha üstün sayan F.Məmmədova bu sinfin uşaqlarının daha çevik olduğunu da söyləyib.

Balaca Zəhra artıq eynəyə ehtiyacının olmadığını, valideyn isə övladının daha aktiv olduğunu deyir

Məktəb şagirdləri ilə söhbətdən belə məlum oldu ki, qeyri-ənəvi olan bu üsul – ayaqüstə dərs keçmək onların çox xoşuna gəlir.

saglam_heyat_sinifi_070616_0431 saylı orta məktəbin “2 b” sinfinin şagirdi olan Mustafayeva Xədicə ayaqüstə dərs keçməkdən daha çox xoşu gəldiyini, bundan yorulmadığını deyir. Bu balaca qız hətta nədən ayaqüstə dərs keçmələrinin mənasını da başa düşür: “Mən bu sinfi çox sevirəm. Çünki bura “Sağlam təhsil” sinfidir. Burada hər şey gözəldir, yerə xalça sərilib, istəyəndə otururuq, istəyəndə ayaqüstə dayanırıq. Amma biz daha çox ayaqüstə dayanırıq. Çünki ayaqüstə dayananda sağlam oluruq. Oturmaq da yaxşıdır, amma oturaq həyat tərzi çox olmaz. Çünki bu, bir sıra xəstəliklərə səbəb olur. Ona görə də biz ayaqüstə dayanmağa üstünlük veririk”.

“1 c” sinfinin şagirdi Zəhra Məmmədxanlı isə bildirib ki, məktəbə gələndə gözləri zəif gördüyündən eynək taxırdı. Lakin məktəbdə edilən hərəkətlər nəticəsində artıq eynək taxmasına ehtiyac qalmayıb.

Həmin sinfin digər şagirdi Jalə Bəşirli isə bildirib ki, əvvəl skolioz xəstəliyinə götə belində ağrılar olurdu, lakin artıq beli ağramır.

“Sağlam təhsil” sinfində təhsil alan şagirdlərdən birinin anası olan İbrahimova Zülfünaz bildirib: “Uşağı məktəbə qoyanadək “Sağlam sinif” haqqında məlumatlı deyildim. Ancaq sonradan müəllim və direktor tərəfindən məlumatlandırıldım. Uşağın “Sağlam təhsil” sinfində təhsil aldığından çox sevinirəm”.

Digər valideyn Bayramova Ülkər isə bildirib ki, “Sağlam təhsil sinfi” onun övladını daha aktiv edib: “Sağlam təhsil” sinfi mənim uşağımın xarakterinə uyğundur, bu təhsil mühiti bizim üçün göydəndüşmə oldu. Çünki uşaqda tənbəllik vardı, hərəkət etmək istəmirdi. Bu təhsil mühiti sayəsində onda irəliləyiş gördük, uşaq daha aktiv olub. Əvvəl ünsiyyət qurmaq istəmirdi, ancaq indi ünsiyyətcildir”.

saglam_heyat_sinifi_070616_02“Sağlam təhsil” sinfinə necə qəbul olmaq olar?

Layihə üçün pilot seçilmiş Sumqayıt şəhər 31 saylı orta məktəbin direktoru Xanım Əhmədova bildirib ki, “Sağlam təhsil” sinfinə daxil olmaq üçün valideynlərin ərizələri əsas götürülür. Ərizə verən ilk 24 şagird bu sinfə daxil edilir.

Direktorun sözlərinə görə, bu sinifdə sağlam da, zəif də uşaq olur.

X.Əhmədova deyib ki, bu sinifdəki uşaqlar həm özlərinin intellektual üstünlüklərinə, həm də boylarına görə fərqlənirlər. Belə ki, “Sağlam sinif”də təhsil alan uşaqların boyu digər siniflərdə təhsil alanların boyundan 1-3 sm çox olur.

X.Əhmədova deyib ki, “Sağlam təhsil” siniflərinin tədris proqramı adi siniflərin tədris proqramları kimidir: “Amma burada dərs proqramı çox maraqlı olur. Uşaqlar üçün yeni dərslər oyun şəklində keçirilir”.

Müəllim M.Məmmədova isə deyir ki, I sinfə gələnlərin hamısının ürəyindən “Sağlam təhsil”də oxumaq keçir: “Sağlam təhsil”də təhsil alan uşaqların digər siniflərdə təhsil alan uşaqlardan fərqli cəhətləri çoxdur. İlk vaxtlar məktəbə gəldikdə gözündə zəiflik olan uşaqların bu gün gözlərində ciddi irəliləmə var. Onların bədən orqanlarının inkişafında da bu sistemin rolu böyükdür”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın